KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Karabağ savaşının öğrettiği ders

Karabağ savaşının öğrettiği ders

Hasan Oktay Hasan Oktay - - 7 dk okuma süresi
424 0

Azərbaycanlıların torpaq sevgisi və ya “suiti yağı” niyə yalnız bir dəfə effektli olur?
ken
Aprel döyüşləri bir çox tərəfdən analiz olunsa da, bu savaşda ən önəmli bir faktor – azərbaycanlıları torpağa çox bağlı olduğu göründü. Uzun illər bütün sosial sorğularda azərbaycanlılar problemləri siyahısında başda “Qarabağ problemini” yazırdı, bu əməliyyatlarda isə bunu əyani sübut etdi. Bizim xalqın ən böyük problemi torpaq itkisi olub.

Bunu bir dəfə yazmışdım, bizim alt şüurumuzda bir “qəbir kultu” var. Ömrünün böyük hissəsini Rusiyada, uzaq Sibirdə yaşayan azərbaycanlı öləndə cənazəsinin Azərbaycana – öz doğma kəndinə aparılıb dəfn olunmasını vəsiyyət edir. Halbuki Azərbaycandan çox, yaşadığı o torpaqlara aid olub vaxtı ilə, amma beyninin hansı küncündəsə gizli bir vətən torpağında dəfn olunmaq inancı yatır.

Son olaylar sübut etdi ki, bu təkcə qəbrinin “yad ellərdə” qalacağı qorxusundan qaynaqlanmır. Azərbaycanlını sözün birbaşa mənasında “torpaq çəkir”. Məlum olur ki, 20 ildir bütün sorğularda “əsas problemi” qrafasına “Qarabağ” yazan azərbaycanlı səmimi imiş. Bu savaşın ortaya çıxardığı ən böyük həqiqət bu idi. Qarabağda lokal əməliyyatların başlaması ilə (hər halda savaş elan olunmadı, səfərbərlik başlamadı – K.R) bütün Azərbaycan Qarabağa fokuslandı. Bank kreditləri, borc problemləri, devalvasiya, işsizlik və sair sosial problemlər bir anda unuduldu. Hüquqşünas Mehman Muradlı yazmışdı, mən də sayta baxıb yoxladım.

Aprelin 1-i ilə 2-si (yəni artıq savaş başladığı gün) arasında ölkədə cinayət hadisələrinin sayı ikiqat azalmışdı. Bu barədə 90-cı illərin əvvəllərində eşitmişdim, deyəsən 20 yanvar, ya da Qarabağ mitinqləri zamanı Bakıda oğurluq hadisəsi baş verməmişdi.

Atəşkəsdən 22 il sonra məlum oldu ki, azərbaycanlılar Qarabağı nəinki unutmadılar, əksinə, daha da dərin bir bağlılıq yarandı. Bu, əslində ermənilər üçün də bir siqnal olmalıdır, nə qədər uzansa da, bu xalq torpaqlardan vaz keçməyəcək. Azərbaycan insanı Qarabağ, işğal olunmuş torpaqların qaytarılması naminə hər şeydən vaz keçməyə hazır olduğunun mesajını verdi. İllərdir müxalif olduğu hakimiyyəti dəstəkləməyə, hətta onun ətrafında birləşməyə, bütün incikliyi bir kənara qoymağa hazır olduğunu sübut etdi. Bütün sosial, iqtisadi problemlərini unuda biləcəyini əyani olaraq nümayiş etdirdi.

Hakimiyyət, ölkə prezidenti haqqında ən yumşaq tənqidi yazıların altındakı şərhlərə baxdım, bir müsbət fikrə rast gəlmədim. Hamı iqtidarı dəstəkləməyə çağırırdı. Mənə dedilər ki, döyüşlər başladıqdan az sonra Tərtərdə bir kəndli qoyun kəsib əsgərlərə kabab çəkib. Bu, gündəlik norma deyil, xalqın savaş səfərbərliyinin təzahürüdür. Hər kəs “şorbada duzumuz olsun” prinsipi ilə əlindən gələni etməyə çalışırdı. Bura cəbhə bölgəsinə gedib orduya yazılmaq istəyən, hərbi komissarlıqlara üz tutanları əlavə edəndə ümummilli xalq səfərbərliyi mənzərəsi tam olaraq ortaya çıxır.

Vaşinqtonda, Berlində, Parisdə və başqa şəhərlərdə Ermənistan əleyhinə aksiyalar, həmçinin dünyanın fərqli ölkələrində Azərbaycana verilən dəstək yalnız siyasət və ya diplomatiya məsələsi deyildi. Bu, Azərbaycana, azərbaycanlıların vətən, torpaq sevgisinə verilən reaksiya idi. Mən əminəm ki, o savaş günlərində dünyanın hər hansı yerində olan azərbaycanlının ürəyi Qarabağla döyündü, hər kəs olduğu yerdə, öz ətrafında Qarabağdan danışdı. Hələ Təbriz, İraq türkmənlərinin Azərbaycana dəstək çağırışları heç unudulacaq mənzərə deyil.

Azərbaycan xalqının bu hərəkəti həm də hakimiyyətə mesajdır. Xalq demək istədi ki, torpaqları geri alacaq hakimiyyətin arxasında durmağa, dəstək verməyə hazırdır. Eyni zamanda “qırmızı xətti”ni də göstərdi, torpaqların alınması üçün hər şeyini qurban verməyə hazır olan xalq, Qarabağ məsələsində istənilən növ güzəşti qəbul etməyəcək. Aydın oldu ki, artıq kiçik lokal əməliyyatlar xalqı məmnun etmir, bir sonrakı əməliyyat xalqı küçələrə tökə bilər.

Qədim dənizçilərin “suiti yağı” fəndində olduğu kimi, bir sonrakı dalğa həmişə təhlükəli olur. Qədimdə dənizçilər gəmilərdə bir neçə çəllək suiti yağı ehtiyat saxlayırmışlar. Çox şiddətli fırtınalar zamanı gəmini parçalayacaq dalğalardan yayınmaq üçün yağı dənizə boşaldır və bu zaman qatı yağ bir neçə dəqiqəlik dəhşətli dalğaları durdururmuş. Lakin bu fəndin qızıl qaydasına görə, növbəti dalğaya qədər gəmi o ərazidən uzaqlaşmalıymış, çünki bir sonrakı dalğa əvvəlkindən qat-qat güclü olur və gəmini parçalaya bilərmiş.

Azərbaycan xalqının durumunu da buna bənzətmək olar. Kiçik lokal əməliyyatlar bir dəfə effektiv ola bilər, amma son olaylar göstərdi ki, xalq kor-təbii olaraq səfərbər olmaq, torpaqları geri almaq üçün qığılcıma bənddir. Kiçik lokal əməliyyatlar dalğanın üzərinə tökülən “suiti yağıdır”, bir sonrakı dalğa daha şiddətli ola bilər.

Son günlər sosial şəbəkələrdə kəskin müzakirələr, qarşılıqlı ittihamların arxasında savaş olacağına yaranan ümidlərin itməsindən doğan məyusluq yatır. İnsanlar növbəti atəşkəsi ümidsizliklə qarşıladılar və bu özünü sosial şəbəkələrdəki müzakirələrdə büruzə verdi. Virtual və reallıq arasında isə məsafə bir addımdan da qısadır.

Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir