Anar Esedli: Turana romantizmin qalığı kimi baxmaq
Bu gün Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşünün xüsusi əhəmiyyətə malik tərəflərinin olacağı artıq müşahidə olunmaqdadlr. TDT Baş katibi Ömüralıyevin Qəbələ sammitində “TDT+” formatının təsis ediləcəyi haqda məlumatı diqqətləri yetərincə çəkə bildi.
Mənim isə toxunmaq istədiyim mövzu başqadır.
İllərdir yazaraq, danışaraq deyirdik ki, Turana romantizmin qalığı kimi baxmaq siyasətdən xəbərsiz olmaqdır. Cəmiyyətimizə doğru mesajlar ötürməliyik.
Turan bir qrup fanatik türkçünün ortaya atdığı romantik ideya deyil. Əksinə, kapitalizmin labüd etdiyi birləşib güc olmaq və ya indiki məşhur ifadə ilə desək, “Biz birlikdə güclüyük” praktik ideyasından doğan vacib nəticədir.
Turan etniküstü, hərbi, siyasi, iqtisadi dövlətlər birliyidir. Turanın qurulmasını labüd edən zamandır. Yəni, bu dövlətlərdə dövlət başçısının dəyişməsi Turana gedən yolları qapatmayacaq.
TDT-nin inkişafı artıq təkcə mədəni romantizm deyil, birbaşa geosiyasi zərurətin nəticəsinə çevrilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan,Özbəkistan və Türkmənistan kimi dövlətlər Qərb–Çin–Rusiya arasında sıxışmış bir coğrafiyada iqtisadi və təhlükəsizlik baxımından bir-birinə arxalanmaq məcburiyyətindədirlər. Buna görə inteqrasiya artıq ritorikadan çox, infrastruktur və enerji yönümlü real layihələrlə irəliləyir: Orta Dəhliz nəqliyyat marşrutu, Bakı–Tiflis–Qars xətti, Xəzər üzərindən təbii qaz layihələri və s.
Lakin bu dinamikanın xalqlarda eyni səviyyədə qarşılıq tapmaması diqqət çəkir. Xalqların gündəliyində sosial rifah və gündəlik yaşayış var, dövlətlərin gündəliyində isə geosiyasi risklər və təhlükəsizlik. Bu uyğunsuzluq Turan ideyasının kütlələr tərəfindən coşqu ilə mənimsənilməsini məhdudlaşdırır.
Qarşıdakı 2-3 il ərzində TDT mədəni birlik arzusu mərhələsini keçərək, müdafiə sənayesi əməkdaşlığı, enerji inteqrasiyası və rəqəmsal dəhlizlər üzərindən daha praqmatik bir quruma çevriləcək.
Bu prosesi xalqların milliyyətçi duyğuları deyil, dövlətlərin geosiyasi hesabları və iqtisadi məcburiyyətləri sürətləndirəcək.
Lakin biz çalışmalıylq ki, bu həm də xalqların dəstəklədiyi bir prosesə çevrilsin. Milli şüur olmadan, milli ideoloji ruhda siyasi tərbiyə almayan cəmiyyətlər demokratik hərəkat baxımından da məğlubiyyətə məhkümdür
Anar Esedli
Share this content:
Yorum gönder