KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Rövşənoğlu: Qarabağda növbəti qarşıdurma riski artır

Kənan Rövşənoğlu: Qarabağda növbəti qarşıdurma riski artır

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
33 0

Moskva Aİ-nin təşəbbüsü ələ almasına qarşı hansı ssenariyə əl ata bilər?
Brüssel görüşü və ardınca Rusiya XİN başçısı Sergey Lavrovun Minsk Qrupu həmsədrləri ilə bağlı bəyanatı göstərdi ki, münaqişənin həlli ilə bağlı vəziyyət sahədə olduğu qədər diplomatik cəbhədə də Azərbaycanın xeyirinədir. Əlbəttə, hələ necə deyərlər, yolun əvvəlidir, qarşıda uzun və çətin bir proses var.

Bu həftənin ilk günlərində baş verən telefon diplomatiyası danışıqlar prosesinin sürətləndiyini göstərirdi. Dünən Azərbaycan XİN rəhbəri ilk dəfə erməni həmkarı ilə telefonla danışdı. Danışıqlar zamanı tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Artıq prosesin təşəbbüsçüsü olan Avropa İttifaqı Azərbaycan və Ermənistan XİN başçılarının ilk telefon danışığını alqışlayıb. Çünki bu, bir tərəfdən danışıqlar prosesinin sürətlənməsi baxımından müsbət hadisədir, ikinci tərəfdən isə Avropa İttifaqının Ermənistan-Azərbaycan danışıqlarında təşəbbüsü ələ alması baxımdan əhəmiyyətlidir. Lavrovun Ermənistan XİN başçısına Minsk Qrupu ilə bağlı şikayətinin fonunda Aİ-nin təşəbbüskarlığı indi, necə deyərlər, gözə girir. Artıq Avropa danışıqlar prosesində təşəbbüsü Rusiyadan qoparıb və Brüssel Qafqazda aktivləşməyə başlayıb.

Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu Yenisabah.az

Amma bu o demək deyil ki, Rusiya artıq oyundan çıxıb. Moskva Qarabağda silahlı gücü olan və hər iki tərəfə ciddi təsir mexanizmi olan əsas vasitəçi statusunu qoruyub saxlayır. Son günlər baş verənlərin kontekstindən baxanda saxlamağa çalışır.

Lakin görünən odur ki, diplomatik cəbhədə Rusiya təşəbbüsü böyük ölçüdə əldən verib. Çünki birincisi, Rusiyanın başı Ukraynada qarışıb, Qərbin ciddi siyasi, diplomatik, iqtisadi sanksiyaları altındadır. Bu da Moskvanın manevr imkanlarını məhdudlaşdırır. Lavrovun məlum açıqlamasından belə aydın olur ki, Kreml Qərb ölkələrinin, yəni ABŞ və Fransadan olan həmsədrlərin də dəstəyi ilə Minsk Qrupu formatında danışıqlar prosesini diriltmək və Qarabağda siyasi-diplomatik prosesi uzatmağı düşünürmüş. Lakin Ukrayna məsələsi Moskvanın bu planını pozub, ABŞ və Fransa faktiki olaraq Moskva ilə əməkdaşlığı dayandırıb. Bununla da kifayətlənməyib, özü danışıqları təşkil etməyə başlayıb. İlk təşəbbüs də uğurlu olub.

Mənzərədən belə aydın olur ki, faktiki olaraq Qarabağ məsələsində Moskva təklənib. Azərbaycan və Ermənistan rəhbərliyinin Brüsseldə ilkin razılaşma əldə etməsi göstərdi ki, hər iki ölkə prosesin Aİ egidası altında davam etməsinə razıdır. Qalır Moskvanın bundan sonrakı hərəkətlərini və ya bu hərəkətlərin törədəcəyi fəsadları nəzarətdə saxlamaq.

Aydın məsələdir ki, Moskva təşəbbüsün ondan alınması ilə barışmayacaq. Tezliklə yenidən danışıqlar prosesindəki rolunu bərpa etmək, əsas vasitəçi rolunu geri qaytarmaq üçün addımlar atacaq. Lakin Moskvanın indi manevr imkanları xeyli dardır. ATƏT Minsk Qrupunun digər üzvləri onunla əməkdaşlıq etmir, üstəlik hazırda bütün diqqət və fəaliyyət Qərblə qarşıdurmaya və Ukrayna müharibəsinə sərf olunub. Moskvanın əlində proseslərə təsiri bərpa etmək üçün yeganə “ənənəvi” metodu qalır: yerdəki separatçılar.

Çox güman ki, yaxın vaxtlarda Qarabağdakı erməni separatçıları iki istiqamətdə fəallaşacaq. Birincisi, siyasi-diplomatik “cəbhədə”, yəni İrəvanda sülh danışıqlarını pozmaq üçün Paşinyan hakimiyyətinə təzyiqlər başlayacaq. Bu gün Ermənistan parlamentindəki bayraq qalmaqalı bunun ilk və belə demək olarsa zəif cəhdi idi. Amma yaxında bu daha da qüvvətlənəcək.

İkinci əsas istiqamət Qarabağdakı silahlı erməni separatçılarıdır. Güman ki, onlar Bakı və İrəvan xəttindəki danışıqları pozmaq üçün silahlı təxribat törədəcəklər.

Azərbaycan tərəfində hərbi komandanlığın son göstərişləri və cəbhə xəttinə səfərləri mümkün təxribata qarşı Bakının da hazırlıqlı olduğunu göstərir. Lakin indi vəziyyət elədir ki, ruslar Qarabağda Azərbaycanla kəskin qarşıdurmaya getmək istəməyəcək.

Qarabağda nə baş verir? – BBC News Azərbaycanca

Çünki birincisi, hazırkı gərgin qlobal siyasi vəziyyətdə Azərbaycan kimi qonşusu ilə ipləri tamamilə qoparmaq Moskvanın ziyanına ola bilər. Bu halda Bakını tamamən itirə və Qərbin Qafqazda möhkəmlənməsi üçün şərait yaratmış olar.

İkincisi, Ermənistan hakimiyyəti Rusiyanın təxribatına dəstək verməyəcək və Qarabağda baş verəcək silahlı qarşıdurma son nəticədə Rusiyanın “əlində partlamış” olacaq.

Üçüncüsü, Türkiyə amili. Rusiya indiki vəziyyətdə Türkiyə ilə münasibətləri tamamilə qoparmaq istəmir.

Ehtimal ki, Rusiya Qarabağda vəziyyətin gərginləşməsinə şərait yarada və Azərbaycan qüvvələrinin yenidən irəliləyib daha bir neçə iri yaşayış məntəqələrini nəzarətə götürməsinə göz yuma bilər. Bu halda Moskva bir neçə tərəfdən uduşlu olacaq.

Birincisi, cəbhədə vəziyyət gərginləşdiyi üçün Rusiyanın hərbi-siyasi vasitəçiliyinə ehtiyac yaranacaq. Moskva yaranmış gərginliyin fonunda tərəflərə təsir imkanı əldə edəcək.

İkincisi, Moskva yeni əraziləri nəzarətə götürən Bakı ilə münasibətləri qaydaya salacaq. Nəhayət, üçüncüsü, Avropa İttifaqı hərbi qarşıdurma fonunda Rusiyanın rolunu qəbul etməli olacaq.

Göründüyü kimi, bütün mümkün variantlar Qarabağda gərginliyin artması ehtimalını yüksəldir. Yaxın günlərdə Qarabağda gərginliyin artması hərbi gərginlik riski var. Lakin bütün hallarda hazırkı hərbi-siyasi və diplomatik şərtlər Azərbaycanın xeyirinədir.

Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.