KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hörmüz boğazının əsl sahibi kim olacaq?

Hörmüz boğazının əsl sahibi kim olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
382 0
basra körfezi

ABŞ və İran dünya neftinin 30 faizinin daşındığı boğaz uğrunda mübarizəyə başlayır, Avropa və Rusiya da prosesə qarışır…
ABŞ administrasiyası Hörmüz boğazını açıq saxlayacaq və Oman körfəzində ticarəti qorumaq üçün Avropa ölkələri, xüsusən də Böyük Britaniya ilə əməkdaşlıq edəcək. Bu barədə açıqlamanı ABŞ dövlət katibi Mayk Pompeo verib.

Dövlət katibi deyib ki, hazırda Vaşinqton Britaniya tankerinin azad edilməsi, eləcə də körfəzdə digər tankerlərin həbs olunmasının qarşısını alacaq mexanizm qurmaq üçün İngiltərə baş naziri ilə birgə çalışırlar.

Eyni zamanda Pompeo şikayətlənib ki, İran xarici işlər naziri Cavad Zəirf rahat şəkildə ABŞ-a səfər edib müsahibələr versə də, İran hakimiyyəti onun Tehrana səfərinə mane olub. Pompeo Obama administrasiyasının İranın Yaxın Şərq regionunda nüfuzunu və hərbi gücünü yaymağa imkan verməkdə ittiham edib. O, Tehranı regionda terrorun əsas sponsoru adlandırıb. Dövlət katibi onu da bildirib ki, ölkəsi Livanda “Hizbullah”ın, İraqda İranın dəstəklədiyi silahlı qrupların məhv edilməsi, Yəməndə isə husilərin Səudiyyə Ərəbistanına hücumlarının qarşısını almaq üçün çalışdığını bildirib. ABŞ dövlət katibi deyib ki, hazırda ABŞ-ın İrana qarşı sanksiyaları yaxşı işləyir, sanksiyalar nəticəsində İranın neft ixracı 95 faiz azalıb. Pompeoya görə, İran və husilər Yəməndə münaqişənin siyasi həllinə mane olmağa davam edib etməyəcəklərinə qərar verməlidir. Husilər ya İranla davam etməli, ya da böhranı sona çatdıracaq həll yolunu tapmağı seçməlidir.

Bu arada Səudiyyə Ərəbistanı mediası ötən həftə ABŞ respublikaçı senatoru Rand Paulun Müdafiə Nazirliyi və Dövlət Departamentinin iki əməkdaşı ilə birlikdə Tehrana səfər etdiyini yazıb. Ərəb mediasının iddiasına görə, Tehrana gələn Paul burada ali dini liderin ofisində və Sepah qərargahında yüksək rütbəli rəsmilərlə görüşlər keçirib.

Bundan sonra ABŞ-a qayıdan Paul burada prezident Tramp tərəfindən qəbul olunub. İddialara görə, amerikalı senator İranda yalnız nüvə proqramı deyil, həmçinin ballistik raket proqramı və həmçinin İranın Yaxın Şərqdəki silahlı qruplara dəstəyi mövzularını da müzakirə edib.

Ancaq belə məlum olur ki, Hörmüz boğazında gərginlik daha da yüksələcək. Çünki ABŞ-ın körfəzdə gəmilərin qorunması ilə bağlı hazırlıqlarına cavab olaraq İran hərbi dəniz qüvvələri də hərbi təlimlərlə cavab verir. Özü də yalnız deyil, Rusiya ilə birlikdə. Belə ki, İRNA Agentliyinin məlumatına görə, Rusiya və İran hərbi dəniz gücləri Hind okeanının şimalında, eləcə də körfəzdə və Hörmüz boğazında birgə hərbi-dəniz təlimləri keçirəcək.

Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadi deyib. Onun sözlərinə görə, təlimlərin koordinasiyası və planlaşdırılması məqsədilə yaxın zamanlarda tərəflər arasında görüş keçiriləcək. Təlimlərin isə ilin sonuna doğru keçirilməsi planlaşdırılır.

ABŞ administrasiyası isə Böyük Britaniya ilə yanaşı digər Avropa ölkələrini də Hörmüz boğazına cəlb etməyə çalışır. Vaşinqton Almaniya hökumətinə də müraciət edərək Hörmüz boğazında keçiriləcək əməliyyata qatılmasını istəyib. ABŞ-ın Almaniyadakı səfirliyinin sözçüsü bildirib ki, Vaşinqton Almaniyanın Britaniya və Fransa ilə birlikdə Hörmüz boğazında təhlükəsizliyin qorunması və İranla mübarizədə iştirakını istəyir.

Belə görünür ki, yaxın ayların əsas gərginlik mənbəyi Hörmüz boğazı olaraq qalacaq. Bir tərəfdən ABŞ hökuməti Britaniya, Fransa və körfəz ərəb ölkələrini ətrafına toplamaqla körfəzdə İranın təsirini azaltmağa çalışır, digər tərəfdən İran Hörmüzün əsl sahibi olduğu iddiasını qoruyub saxlamağa çalışır. Tehran bunun üçün Rusiyanı da bölgəyə dəvət edib birgə manevrlər keçirmək fikrindədir. Çünki son Britaniya tankerinin həbs olunması hadisəsindən sonra faktiki olaraq Hörmüz uğrunda mübarizə başlayıb. Çünki İran ordusunun hərəkəti göstərdi ki, onlar istənilən zaman boğazda gəmilərə maneə yarada bilər. Bu isə neft bazarı və region ölkələrinin iqtisadi maraqlarına zərbədir. İndi isə qarşıda boğaza əsl sahiblik mübarizəsi baş verəcək.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir