Hasan Oktay: Yaxın Şərqdə yeni mərhələ: “Terrorsuz Türkiyə” konsepsiyası işə düşdü
“Terrorsuz Türkiyə” konsepsiyası ölkə daxilində və sərhədlərdən kənarda fəaliyyət göstərən terror təşkilatlarının tam şəkildə zərərsizləşdirilməsinə yönəlmiş təhlükəsizlik siyasətidir. Bu yanaşma Türkiyənin milli təhlükəsizliyini təmin etməklə yanaşı, PKK və onun Suriyadakı qolu olan PYD-nin regionda yaratdığı risklərin aradan qaldırılmasını hədəfləyir.
Son regional proseslər və terror təşkilatlarının xarici dəstək imkanlarının azalması bu strategiyanın həyata keçirilməsini zəruri edib. Habelə yaxın zamanda bununla bağlı hesabat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim olunub.
Mövzu ilə bağlı türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay EDnews-a şərhində qeyd edib ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdə qüvvələr nisbəti əhəmiyyətli dərəcədə dəyişib:
“‘Terrorsuz Türkiyə’ konsepsiyası çərçivəsində Ankara bir tərəfdən ölkə daxilində PKK terror təşkilatını tamamilə zərərsizləşdirməyi, digər tərəfdən isə onun Suriyadakı uzantısı olan PYD-ni nəzarət altına almağı hədəfləyir. Bununla da Türkiyə həm də Suriyanın ərazi bütövlüyünə yönələn təhdidlərin qarşısını almağa hesablanmış bir prosesi başladıb. Hələlik bu addımın nəticələri tam şəkildə ortaya çıxmasa da, gözləntilər yüksəkdir və prosesin müsbət nəticələr verəcəyi ümid edilir.
1082440780-5257ff3af0aa5c7754b03df618f262c887c20e63a1a5cd614d2cd9eb2f6514db-d.jpg
Türkiyədə terrorun sona çatması və bununla da ictimai sabitliyin təmin olunması əsas məqsəddir. Lakin eyni zamanda İraq və Suriyada sabitliyin bərqərar olması baxımından da Türkiyənin mövqeyi xeyli güclənəcək. Hazırda İran, İraq, Suriya, Livan və hətta İsraildə sistem dəyişikliklərinin gözlənildiyi bir mərhələ yaşanır. İsrailin təhlükəsizlik narahatlıqlarını əsas gətirərək PYD-ni Türkiyəyə qarşı hərəkətə keçirmə ehtimalını aradan qaldırmaq məqsədilə Ankara bu prosesi başladıb. Nəticə etibarilə, İran, İraq, Suriya, Livan və İsraildə baş verə biləcək sistem dəyişiklikləri Türkiyənin “Terrorsuz Türkiyə” siyasətinin regional əksi kimi Yaxın Şərqə sülh, qardaşlıq, təhlükəsizlik və sabitlik gətirə bilər”.
Aytac Kərimova | EDnews
https://ednews.net/az/news/analytical-wing/708612-yaxin-serqde-yeni-merhele-terrorsuz



Yorum gönder