Hasan Oktay: Avropa ilə Rusiya arasında gərginliyin daha da artmasına səbəb oldu
“Bu vəziyyət Avropa ilə Rusiya arasında gərginliyin daha da artmasına səbəb oldu”
“Donald Tramp həm seçki kampaniyası dövründə, həm də hakimiyyətə gəldikdən sonra Ukrayna böhranını bitirəcəyini bəyan etmişdi. Lakin aparılan görüşlər göstərdi ki, əsas məqsəd Ukrayna böhranının həllindən daha çox Rusiya–ABŞ münasibətlərinin normallaşdırılması və bu böhranın tədricən Avropa Birliyi ilə Rusiya arasında qarşıdurmaya çevrilməsidir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib:
“Ola bilsin ki, Trampın ilkin hesablaması bu olmayıb, amma mövcud mərhələdə proses artıq ABŞ–Rusiya böhranından çıxaraq sürətlə Avropa Birliyi–Rusiya qarşıdurmasına doğru yönəlir.
Bu prosesdə ABŞ-ın əsas gözləntisi həm Avropa Birliyinin, həm də Rusiyanın zəifləməsi, eyni zamanda Vaşinqtonun Çinlə apardığı böyük geosiyasi mübarizədə nə Avropanın, nə də Rusiyanın Pekinin yanında yer almasının qarşısını almaqdır. ABŞ bu məqsədlə tərəflərin bir-birini yıpratmasına hesablanan strateji xətt ortaya qoyub.
Rusiya–Ukrayna müharibəsi fonunda İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi də ciddi müzakirə predmetinə çevrildi. Türkiyə bu iki ölkənin NATO-ya qəbulunu Türkiyə–Rusiya münasibətləri baxımından mümkün qədər əngəlləməyə çalışdı. Lakin siyasi və geosiyasi gərginliklər, eləcə də Türkiyədə keçirilən prezident seçkiləri fonunda Ankara bu prosesi yalnız müəyyən müddət ləngidə bildi və nəticədə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü təsdiqləndi.
Bununla da Baltik dənizi faktiki olaraq NATO-nun nəzarətində olan bir məkana çevrildi və Rusiya bu bölgədə ciddi şəkildə kənarda qaldı. Bu vəziyyət Avropa Birliyi ilə Rusiya arasında gərginliyin daha da artmasına səbəb oldu. Sonrakı mərhələdə Ukrayna–Rusiya böhranının Baltik dənizi üzərindən, yoxsa Qara dəniz istiqamətindəmi dərinləşəcəyi sualı gündəmə gəldi.
Avropa Birliyi Baltik dənizində daha böyük risklərlə üzləşəcəyini nəzərə alaraq, prosesin tədricən Qara dənizə yönəlməsinə üstünlük verdi”.
Hasan Oktay qeyd edib ki, NATO vasitəsilə ABŞ-ın da bu prosesə daha aktiv şəkildə cəlb olunması ilə son dövrlər Qara dənizdə gərginlik artıb, gəmi hücumları, mənşəyi məlum olmayan pilotsuz uçuş aparatlarının fəaliyyəti intensivləşib:
“Bu kontekstdə Avropa Birliyinin Qara dənizi bir növ “gərginlik zonasına” çevirməklə diqqəti Rusiya–Türkiyə münasibətlərinə yönəltmək istədiyi ehtimal olunur. Mənşəyi bəlli olmayan PUA-ların Avropa kəşfiyyat strukturları vasitəsilə Türkiyə istiqamətində hərəkətə gətirilməsi və bunun nəticəsində Rusiya–Türkiyə arasında gərginlik yaradılması cəhdləri istisna edilmir.
Çünki Türkiyə həm NATO üzvü, həm də Rusiya ilə yüksək səviyyəli münasibətləri olan mühüm balans ölkəsidir. Bu səbəbdən Türkiyəni fakt qarşısında qoyaraq Rusiya qarşısında Avropa Birliyinin yanında mövqe tutmağa məcbur etmək, Ukrayna müharibəsi kontekstində Türkiyəni Avropanın tərəfdaşı kimi prosesə cəlb etmək istəyi açıq şəkildə hiss olunur”.
Şəbnəm Rəhimova
“Bu vəziyyət Avropa ilə Rusiya arasında gərginliyin daha da artmasına səbəb oldu”



Yorum gönder