Şimdi yükleniyor

Hasan Oktay: Nüvə mövzusu Tehran və Təl-Əvivdə daxili siyasətin əsas alətidir

İranın nüvə proqramı və nüvə silahı əldə etməyə yönəlmiş səyləri İsrail tərəfindən ictimai rəyə təsir göstərmək məqsədilə gündəmə gətirilir”.

Bu fikirləri EDnews-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay bildirib.

H. Oktayın sözlərinə görə, ABŞ və İran arasında nüvə danışıqlarının beşinci mərhələsi başa çatıb, altıncı mərhələyə keçid zamanı İsrail tərəfindən İrana qarşı hərbi hücum həyata keçirilib. Bu hücum 12 gün davam edib və nəticədə ABŞ da prosesə müdaxilə edərək İranın nüvə obyektlərini bombalayıb. Lakin bu bombalamaların qalıcı zərər verib-vermədiyi hələ də tam müəyyən edilməyib:

“ABŞ və İsrail nüvə obyektlərinin sıradan çıxarıldığını iddia etsə də, İran rəsmiləri ‘istədiyimiz an nüvə silahı istehsal edə bilərik’ bəyanatı ilə bu iddiaları təkzib edir və nüvə təhdidini canlı saxlayır. Bu, həm dostlara inam, həm də düşmənlərə qarşı çəkindirici təsir yaratmaq məqsədi daşıyır”, – deyə H. Oktay vurğulayıb.

Ekspert əlavə edib ki, İran rəsmiləri dini liderin “nüvə silahı haramdır” fikrinə istinad edərək, bu istiqamətdə uğursuzluq baş verərsə, məsuliyyətdən yayınmaq üçün ideoloji əsas formalaşdırır.

Hasan Oktayın fikrincə, prezident İbrahim Rəisinin ölümündən sonra İranda sistem dəyişikliyi prosesi başlayıb və bu çərçivədə ABŞ-la danışıqlara start verilib. Lakin bu danışıqlar ölkə daxilindəki radikal qüvvələri narahat edib və ciddi fikir ayrılıqları yaradıb:

“İsrail, xüsusilə Suriya, Livan və Yəməndə özünə təhlükə hesab etdiyi İran İnqilab Keşikçilərinə qarşı hücumlarını intensivləşdirib. Bu hücumlar nəticəsində İranın bir sıra hərbi mövqeləri məhv edilib. Bu isə əslində İranda sistem dəyişikliyi üçün daha əlverişli şərait yaradıb”, – deyə politoloq bildirib.

O qeyd edib ki, İran İsrailin iddialarına baxmayaraq, 12 günlük hücumlara daxili sabitliyi pozmadan cavab verə bilib və bu prosesi öz siyasi və institusional transformasiyası üçün fürsətə çevirib. Hazırkı prezidentin ətrafında yeni bir sistemin qurulması istiqamətində addımlar atılacağı gözlənilir:

“İran nüvə silahı kartını yalnız xarici siyasətdə deyil, daxili siyasi dinamikanı formalaşdırmaq və sistem dəyişikliyini həyata keçirmək üçün də istifadə edir. Bu səbəbdən nüvə məsələsini daim gündəmdə saxlayır”, – deyə Hasan Oktay fikrini tamamlayıb.

AYNUR

https://ednews.net/az/news/expert-opinion/699928-nuve-movzusu-tehran-tel-evivde

 

Share this content:

Yorum gönder