Şimdi yükleniyor

Mirza Rashad Orbey: Anar Əsədli yenə saxlanıldı

Ölkədə daha bir siyasətçi azadlıqdan məhrum edilib.

Bu dəfə də həbsin motivi siyasidir. Bunu Anar Əsədlinin vəkili də bizim də iştirak etdiyimiz məhkəmədə ciddi hüquqi arqumentlərlə əsaslandırdı. Hər şey gözümüzün qabağında baş verdi. Bu barədə hüquqi açıqlamar ictimaiyyətə bildiriləcək.

Həbs-qətimkan tədbirinin seçilməsi, əslində, hamı üçün sürpriz oldu.

Maraqlı olan həm də o idi ki, hətta dövlət ittihamçısı belə, Anar Əsədlinin həbsini tələb etmədi, əksinə, bu məsələnin baxılmasını məhkəmənin mülahizəsinə buraxdı.

Onu da bildirək ki, bu işə bir dəfə artıq xitam verilmişdi. Amma görünur, Anar Əsədli faktoru siyasi dairələri o qədər narahat etməyə başlayıb ki, bir sifarişli düymə ilə işi yenidən aktivləşdirdilər.

Anar Əsədli ilə bağlı həbs-qətimkan tədbirinin seçilməsinin siyasi olduğunu ortaya qoyan ciddi əsaslar var.

Birincisi, adını belə ağzıma almağa xəcalət çəkdiyim “zərərçəkmiş” qismində olan adamların borcla baglı iddialarını darmadağın edən ekspert rəyi var. Yəni borc dedikləri şeyin artıq olmadığını sübut edən rəy! Burada dələduzluqdan söhbət gedə bilməz!

Aralarında işbirliyi olmuş, hətta “zərərçəkmiş” şəxs bu iş birliyindən gəlir belə götürmüş, qalan pul məbləğinin əvəzində isə ona notarial qaydada Qəbələ rayonunda yerləşən 34 sot torpaq sahəsi verilmişdir ki, iş materiallarinda olan rəsmi ekspert rəyi ilə də həmin torpaq sahəsinin dəyərinin borc kimi qalan pul məbləğindən daha artıq olması təsdiq olunur.

Maraqlıdır ki, bütün bunlar məhkəməyə təqdim olunub və seçilmiş həbs-qətimkan tədbiri bu fakt nəzərə alınmadan çıxarılıb. Bu da, çox qəribə və təəccüblü bir hal oldu.

Çünki, axı sənədlərlə Anar Əsədlinin borcun təminatı olaraq “zərərçəkənin” adına keçirdiyi torpaq sahəsinin dəyərinin borcdan daha artıq olduğu sübut olunub. Bu fakt niyə nəzərə alınmadı?

Eyni zamanda, burada münasibət mülki xarakterlidir və hər hansı bir cinayətdən söhbət gedə bilməz. Elə buradan da, o qənaət formalaşır ki, Anar Əsədlinin həbsində siyasi çalarların inandırıcılığı çox güclüdür.

İkincisi, məhkəmə iclasında həbsin siyasi qərar olduğunu sübut edən başqa bir hadisə də baş verdi. Belə ki, “zərərçəkmiş” qismində çıxış edən şəxs bildirdi ki, Anar Əsədli son vaxtlar sosial şəbəkələrdə və mediada fəaldır və ciddi surətdə ictimai-siyasi təbliğatla məşğuldur və elə buna görə də barəsində həbs-qətimkan tədbiri seçilməlidir.

Məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, “zərərçəkmiş” şəxs qismində çıxış edən adam cəmiyyətə özünü müxalifətçi kimi təqdim edir. İndi ortaya belə bir anormal sual çıxır: Anar Əsədlinin sosial şəbəkələrdə və mediada olan aktivliyi niyə bir müxalifətçini narahat etsin?! O dərəcədə ki, bunu həbs-qətimkan tədbirinin seçilməsi üçün vəsatət olaraq məhkəmədən tələb edir?

Ümumiyyətlə, Anar Əsədlinin siyasi fəallığının “zərərçəkmiş” qismində olan adamın borcuna nə aidiyyatı var? Aydın olur ki, “zərərçəkmiş” şəxsləri və onların söykəndiyi dairələri “borc pul məbləği” yox, Anar Əsədlinin siyasi fəallığı bərk qorxudub.

Beləliklə də, məhkəmə iclasında bu adamlar özləri şüurlu və ya şüursuz olaraq, tamamilə mülki ola biləcək bir işə siyasi motiv verdilər.

Məhkəmə iclasında “zərərçəkmiş” qismində danışan şəxslərin vermiş olduğu vəsatətlərin hüquqi əsasının olmamasını və qanunvericiliyin tələblərinə cavab verməməsini Anar Əsədlinin vəkili Hikmət Əliyev də çox ciddi hüquqi arqumentlərlə əsaslandırdı və hakim heyətindən ədalətli qərar çıxarılmasını xahiş etdi.

Lakin işi aparan hakimlərin qərarı nə ədalətli oldu, nə də hüquqa söykəndi. Qərarın sırf siyasi sifariş əsasında qəbul olunduğunun şübhə doğurmadığı buradan da aydın olur. Bir daha öyrəndik ki, Azərbaycanda müstəqil məhkəmə-hüquq sistemi yoxdur və hakimlər sistemin “ipli kukla”larıdır.

Məndə, eyni zamanda artıq bu qənaət də möhkəmlənməyə başlayır ki, siyasi hakimiyyət Anar Əsədlini növbəti mərhələlərdə hakimiyyətə alternativ siyasi lider kimi qiymətləndirərək, onun həbsinə belə tələm-tələsik qərar verib. Hələlik görünən budur.

Qeyd edim ki, işlə bağlı növbəti məhkəmə iclası 28 noyabra təyin olunub və o vaxta qədər Anar Əsədli qanunsuz olaraq həbsdə saxlanacaq.

#AnarƏsədliniAzadEdin

Share this content:

Yorum gönder