İsrailin Suriyanın şimal-qərbində, İdlib ətrafında yerləşən Əbu əl-Duhur hərbi aviabazasına hava zərbələri endirməsi regionda təhlükəsizlik gündəmini yenidən aktuallaşdırıb. Hücum nəticəsində aviabazanın infrastrukturuna zərər dəydiyi, insan tələfatının olmadığı bildirilib. ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barrak hücumu “regional sabitliyi irəli aparmayan lazımsız eskalasiya” kimi qiymətləndirib. Vaşinqtonun bu açıqlaması Türkiyənin Suriyanın gələcəyi ilə bağlı təhlükəsizlik narahatlıqları ilə müəyyən dərəcədə üst-üstə düşür. Ankara Suriyada yeni hakimiyyətin möhkəmlənməsini, dövlət institutlarının bərpasını və ölkənin ərazi bütövlüyünün qorunmasını regional təhlükəsizliyin əsas şərtlərindən biri hesab edir. İsrailin Suriyadakı hərbi əməliyyatlarının davam etməsi isə yeni administrasiyanın dövlət quruculuğu və ölkədə sabitliyin təmin edilməsi səylərinə təsir göstərə biləcək amil kimi qiymətləndirilir. Eyni zamanda Türkiyə üçün Suriyanın şimalında yaranan istənilən yeni hərbi qarşıdurma ölkənin cənub sərhədlərində təhlükəsizlik vəziyyətinə birbaşa təsir edə bilər. Ankara hesab edir ki, regiondakı təhlükəsizlik problemlərinin yalnız hərbi üsullarla həlli davamlı nəticə verməyəcək və siyasi-diplomatik mexanizmlərin önə çıxarılması vacibdir. Bu baxımdan, ABŞ-ın İsrailin hücumunu “lazımsız eskalasiya” adlandırması Vaşinqton və Ankara arasında Suriya məsələsində müəyyən ortaq mövqenin formalaşdığını göstərən siqnal kimi də qiymətləndirilə bilər. Xüsusilə İsraildə oktyabr ayında keçiriləcək seçkilər ərəfəsində Suriya istiqamətində baş verən proseslər Türkiyə-İsrail münasibətlərinə mümkün təsirləri baxımından da diqqət çəkir və yaxın perspektivdə birbaşa Türkiyə-İsrail qarşıdurmasının baş verməsi ehtimalı yüksək görünmür.
Musteqil.az mövzu ilə bağlı türkiyəli politoloq Həsən Oktay ilə həmsöhbət olub.
— İsrailin Suriyanın şimal-qərbindəki İdlib ərazisində yerləşən Əbu əl-Duhur hərbi aviabazasına zərbəsi və ABŞ-ın bu hücumu “lazımsız eskalasiya” kimi qiymətləndirməsi Türkiyə baxımından yalnız Suriyadakı lokal hadisə deyil, həm də Ankaranın təhlükəsizlik və xarici siyasət prioritetlərinə birbaşa təsir edən strateji hadisə kimi qiymətləndirilə bilərmi?
— Türkiyənin bu hadisəyə yanaşması üç əsas istiqamətdə nəzərdən keçirilə bilər.
Birincisi, yeni Suriya administrasiyasının sabitliyi və ölkənin ərazi bütövlüyüdür. Əsəd rejiminin devrilməsindən sonra Ankara Suriyada mərkəzi hakimiyyətin yenidən qurulmasını, dövlət institutlarının gücləndirilməsini və ölkənin ərazi bütövlüyünün qorunmasını regional təhlükəsizliyin əsas şərtlərindən biri hesab edir. Əbu əl-Duhur hərbi aviabazasının hədəfə alınması bu çərçivədə yeni Suriya ordusunun imkanlarını inkişaf etdirmək və hərbi infrastrukturunu yenidən qurmaq səylərini pozan suverenlik pozuntusu kimi qiymətləndirilir.
Yeni Suriya administrasiyasının birbaşa qarşıdurmaya əsaslanan siyasət yürütməkdən və proksi qüvvələr vasitəsilə regional nüfuz yaratmaqdan çəkinərək dövlət institutlarını yenidən qurmağa çalışdığı bir dövrdə həyata keçirilən bu cür hücumlar Suriyanın yenidən qurulması və daxili sülh axtarışını zəiflətmək potensialına malik təxribatçı addımlar kimi qiymətləndirilir.
İkincisi, Türkiyənin Suriya siyasəti və sərhəd təhlükəsizliyidir.
Türkiyə sərhədindən təxminən 70 kilometr məsafədə yerləşən hərbi obyektin hədəfə alınması Ankara baxımından yalnız Suriyanın suverenliyi ilə bağlı məsələ deyil. Hücum Türkiyənin cənub sərhədindəki təhlükəsizlik mühitinə, sərhəd xəttindəki hərbi balanslara və Suriyada sabitlik yaratmaq səylərinə birbaşa təsir göstərir.Türkiyə baxımından Suriyada əsas məqsəd sərhədin dərhal o biri tərəfində yeni qarşıdurma zonalarının yaranmasının qarşısını almaq və dövlət hakimiyyətinin ölkənin bütün ərazisində yenidən bərqərar olmasını təmin etməkdir.Bu məqamda Ankaranın daha geniş regional yanaşması əhəmiyyət qazanır. Suriya, Türkiyə və İsrail kimi birbaşa və ya dolayı şəkildə eyni təhlükəsizlik sistemində yer alan aktorların qarşılıqlı təhlükəsizlik narahatlıqlarının yalnız hərbi üsullarla idarə edilməsi davamlı həll yaratmayacaq.
Bu səbəbdən Türkiyə baxımından davamlı sabitliyin yolu birtərəfli hərbi müdaxilələrdən deyil, regional aktorların təhlükəsizlik narahatlıqlarını nəzərə alan hərtərəfli siyasi razılaşmadan keçir.İsrailin birtərəfli hərbi əməliyyatları isə belə bir diplomatik zəminin formalaşmasını çətinləşdirir.
Üçüncüsü, regional təhlükəsizlik balansları və Vaşinqtonla ortaya çıxan mövqelərin üst-üstə düşməsidir.
ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barrakın hücumları “regional sabitliyi irəli aparmayan lazımsız eskalasiya” kimi qiymətləndirməsi Ankaranın narahatlıqları ilə diqqətçəkən dərəcədə üst-üstə düşür.
Bu açıqlama Vaşinqtonun da Suriyada yeni balansların davamlı hərbi müdaxilələrlə pozulmasının ABŞ-ın regional maraqları baxımından risk daşıdığını qiymətləndirməyə başladığı kimi şərh edilə bilər.
Ankaranın əsas narahatlığı isə daha geniş çərçivəyə malikdir. Türkiyə İsrailin bütövlükdə Yaxın Şərqdə həyata keçirdiyi ekspansionist və gərginliyi artıran hərbi yanaşmanın müxtəlif qarşıdurma zonalarını bir-biri ilə əlaqələndirərək regionu yeni qeyri-sabitlik spiralına sürükləyə biləcəyi barədə xəbərdarlıq edir.
Bu səbəbdən Ankara baxımından hərbi əməliyyatların və proksi müharibələrin əvəzinə diplomatik kanalların açıq saxlanılması, birbaşa danışıqlar mexanizmlərinin işə salınması və regional təhlükəsizlik problemlərinin siyasi razılaşmalar yolu ilə həll edilməsi daha dayanıqlı variant hesab olunur.
Bu çərçivədə Əbu əl-Duhur hücumu yalnız Suriyadakı yeni administrasiyanın gələcəyi ilə məhdudlaşan hərbi hadisə deyil. Eyni zamanda bu, Suriyanın yenidən dövlətləşməsi, Türkiyənin cənub sərhədinin təhlükəsizliyi, İsrailin regional hərbi strategiyası və Vaşinqtonun Suriyaya dair yeni yanaşması arasındakı münasibətlərin yenidən formalaşdığını göstərən hadisədir.
Xüsusilə ABŞ-ın hücumu “lazımsız eskalasiya” kimi qiymətləndirməsi mühümdür. Çünki bu ifadə Türkiyənin uzun müddətdir müdafiə etdiyi “Suriyada yeni qarşıdurma dövrünə deyil, dövlət quruculuğuna və diplomatik həllə ehtiyac var” yanaşması ilə Vaşinqton arasında müəyyən ortaq zəminin yaranmağa başladığını göstərir.
Bu səbəbdən Ankara baxımından əsas məsələ artıq yalnız “İsrail Suriyaya niyə hücum etdi?” sualı deyil.
Əsas sual budur: Suriyada yeni dövlət quruluşunun yaradılmasına imkan veriləcək, yoxsa regional aktorların birtərəfli hərbi müdaxilələri Suriyanı yenidən proksi müharibələrin mərkəzinə çevirəcək?Türkiyənin strateji seçimi ikinci variantın qarşısının alınması və Suriyanın ərazi bütövlüyü, mərkəzi dövlət quruluşu və regional razılaşma əsasında yenidən formalaşdırılması istiqamətindədir.
Oktyabr ayında İsraildə keçiriləcək seçkilər ərəfəsində Suriya məsələsi Türkiyə ilə İsrail arasında gərginliyin əsas səbəblərindən biri kimi qiymətləndirilir. Bununla belə, qısa müddətdə Türkiyə ilə İsrail arasında birbaşa qarşıdurmanın baş verməsi o qədər də mümkün görünmür.
Sahile Cabbarova
ABŞ İsrailin Suriyaya hücumunu “lazımsız eskalasiya” adlandırdı

