Ganimat Zahid: İran savaşı Türkiyə və Azərbaycanı necə ayırır?
Azərbaycan cəmiyyətində İranla bağlı təsəvvürlər tarixi yaxınlıq və siyasi ziddiyyətlərin qarışıq nəticəsidir. İran nə tam yad, nə də tam doğma ölkə kimi qəbul olunur.
O, daha çox tanış, lakin ehtiyatla və bəzi məqamlarda potensial düşmən olaraq yanaşılan qonşu kimi görünür.
Və görünür ki, region dəyişdikcə bu mürəkkəb münasibətlərin xarakteri də dəyişməyə davam edəcək. Bəri başdan deyim ki, İrandan da baxanda Azərbaycanı belə görənlərin sayı həm çoxdur, həm də İranın rəsmi siyasətini və ritorikasını müəyyən edəcək qədər təsirlidir.
Azərbaycan cəmiyyətində İranla bağlı təsəvvürlər də məhz bu çoxqatlı reallığın nəticəsidir. İran bir tərəfdən tarixi yaddaşda və mədəni coğrafiyada tanış və yaxın ölkə kimi görünür. Digər tərəfdən isə onun siyasi sistemi, regional siyasəti və təhlükəsizlik kontekstindəki davranışı Azərbaycanda müəyyən ehtiyatlı və tənqidi münasibətin formalaşmasına səbəb olub.
Bu səbəbdən İran Azərbaycan ictimai rəyində nə tam düşmən, nə də tam müttəfiq kimi qəbul olunur. O, daha çox mürəkkəb və bəzən ziddiyyətli, problemlər yaradan qonşu kimi görünür.
İlk arqument dünyəvilik və teokratiya arasında hiss edilən sərhədlərdir.
Azərbaycan və İran arasındakı əsas fərqlərdən biri onların siyasi sistemlərindədir. İran İslam Respublikası dini legitimliyə əsaslanan siyasi model üzərində qurulub və dövlət hakimiyyətinin mühüm hissəsi dini institutların təsiri altındadır.
Azərbaycan isə dünyəvi dövlət modelini seçib. Bu modeldə dövlət idarəçiliyində dini institutların rolu məhdud saxlanılır. Məhz bu fərq iki ölkə arasında bəzən görünməyən, lakin kifayət qədər real ideoloji sərhəd yaradır.
Çox təəssüf ki, İrandakı teokratiya ilə Azərbaycandakı dünyəvi diktatura rejimlərinin oxşar idarə arqumentləri də həm çoxdur, həm də cəmiyyət üçün ağrılı nəticələrinə görə qohumdur.
İran cəmiyyətində tətbiq olunan bir sıra sosial və dini qaydalar, xüsusilə rəsmi geyim, ictimai davranış və mədəni fəaliyyətlərlə bağlı məhdudiyyətlər Azərbaycan cəmiyyətinin böyük hissəsi üçün cəlbedici görünmür. Bu da İranın sosial modelinə münasibətdə müəyyən məsafə yaradır.
İranın daxili həyatında yaşayan milyonlarla azərbaycanlı iki ölkə arasında münasibətlərin ən həssas mövzularından biridir. Bu icma İranın ən böyük etnik qruplarından biridir və onun mövcudluğu iki ölkə arasında tarixi və mədəni bağların canlı, amma həm də təhlükəli zolaq kimi qalmasına səbəb olur.
Eyni zamanda dil və mədəni hüquqlarla bağlı müzakirələr Azərbaycan ictimai rəyində tez-tez gündəmə gəlir. Bu mövzu bəzən emosional çalar alır və iki ölkə arasındakı münasibətlərin yalnız diplomatik deyil, həm də identiklik və mədəniyyət məsələsi olduğunu göstərir.
Azərbaycanın təhlükəsizlik diskursunda İranın regiondakı fəaliyyətləri ilə bağlı narahatlıqlar da mövcuddur. Rəsmi Bakı zaman-zaman İran xüsusi xidmət strukturlarının Azərbaycanda təsir imkanları yaratmağa çalışdığını bəyan edib.
Bu fəaliyyətlərin bəzən dini faktor üzərindən həyata keçirildiyi iddia olunur. Nəticədə İran Azərbaycanda təkcə qonşu dövlət kimi deyil, həm də regional təsir aktyoru kimi qəbul edilir. Etiraf etmək lazımdır ki, rəsmi Tehran üçün də Azərbaycan ərazisi həm də kəşfiyyat poliqonu kimi nəzərdə tutulan bir ərazidir.
Azərbaycan ictimai rəyində İranla bağlı skeptik münasibətin formalaşmasında Qarabağ münaqişəsi dövründəki regional siyasət də mühüm rol oynayıb.
Azərbaycan ərazilərinin işğalı illərində İranın Ermənistanla iqtisadi və Ermənistanın güclənməsində mühüm rol otynayan digər strateji əlaqələri davam etdirməsi Azərbaycanda ciddi narazılıq doğurmuşdu. Bu fakt uzun müddət ictimai yaddaşda qaldı və İranın regional siyasətinə ehtiyatlı yanaşmanı gücləndirdi.
Doğrudur, pozitiv faktorlar da var, onları da mütləq qeyd etmək lazımdır.
İran Azərbaycan üçün sadəcə geosiyasi rəqib deyil. İran həm də regionun tarixi və mədəni inkişafında mühüm rol oynamış ölkədir.
Orta əsrlərdən başlayaraq müxtəlif dövlətlər, ticarət yolları və mədəni əlaqələr bu coğrafiyada yaşayan xalqlar arasında dərin bağlar yaradıb. Bu tarixi yaxınlıq bu gün də iki cəmiyyət arasında humanitar əlaqələrin davam etməsinə şərait yaradır.
İranda milyonlarla azərbaycanlının yaşaması da bu əlaqələrin canlı qalmasına təsir edən mühüm amildir. Fakt budur ki, İran ərazisi Azərbaycan tarixinin olduqca böyük bir parçasını zənginləşdirən proseslərin məkanıdır.
Bütün hallarda isə Azərbaycan cəmiyyətində İrana qarşı münasibətin neqativ çalarlarının güclənməsinə gətirib çıxaran arqumetlərin və prosesilərin çəkisi daha artıqdır. Bu məsələdə İranın beynəlxaql aləmdəki obrazının təsirləri də mühümdür.
İran beynəlxalq hüquq sistemində də maraqlı və ziddiyətli mövqeyə malikdir. Tehran bəzi mühüm insan hüquqları müqavilələrinə qoşulub, o cümlədən:
• International Covenant on Civil and Political Rights (Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt)
• International Covenant on Economic, Social and Cultural Rights (İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt)
Lakin bu müqavilələrin tətbiqi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən tez-tez tənqidlər səsləndirilir. Mübahisələr əsasən ölüm cəzasının geniş tətbiqi, ifadə azadlığına qoyulan məhdudiyyətlər, dini azlıqların hüquqları və etiraz aksiyalarına münasibət kimi məsələlər ətrafında cəmləşir.
Bundan əlavə, İran qadın hüquqları ilə bağlı ən mühüm beynəlxalq sənədlərdən biri olan Convention on the Elimination of All Forms of Discrimination against Women (Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya) konvensiyasını ratifikasiya etməyib.
İnsan haqları ilə bağlı bəzi sənədlərə isə İan şah zamanında imza atıb, amma sonrakı rejim həmin imzaları ləğv etməsə də, onları sadəcə görməzdən gəlir.
Diqqət edirsizmi, avtoritar rejimlərin demək olar ki, hamısının beynəlxalq konvensiyalar paradoksu var.
Beynəlxalq münasibətlər üzrə araşdırmalarda bu maraqlı paradoks həmişə qeyd olunur: bir çox avtoritar dövlətlər insan hüquqları konvensiyalarına qoşulurlar, lakin onların tətbiqi məhdud qalır.
Bu fenomen bəzən real siyasi xərc yaratmayan öhdəlik kimi izah olunur. Dövlətlər belə müqavilələrə qoşulmaqla beynəlxalq legitimlik qazanmağa və diplomatik təzyiqləri azaltmağa çalışırlar.
İranın beynəlxalq hüquqa münasibəti bu kontekstdə müəyyən qədər fərqlidir və daha radikaldır. Tehran bəzi beynəlxalq konvensiyalara qoşularkən onların tətbiqini İslam hüququ ilə uyğunluq prinsipi ilə də şərtləndirir.
Bəzi mühüm sənədlərə isə ümumiyyətlə qoşulmur, məsələn:
• Convention against Torture (İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalara qarşı Konvensiya)
• Convention on the Elimination of All Forms of Discrimination against Women (Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya)…
Bu səbəbdən hüquqşünaslar İranın yanaşmasını bəzən “normativ filtr” modeli kimi təsvir edirlər: beynəlxalq hüquq normaları ölkədə tətbiq olunmazdan əvvəl daxili dini-hüquqi sistemdən keçir.
Beynəlxalq hüquqa belə münasibət yalnız İranın məhsulu deyil. İnsafən, elə İlham Əliyev kimi avtoritar liderlərin hamısı eyni yanaşmanı göstərirlər: bu hüquqlara tüpürürlər, sonra da arxayınlıqla deyə bilirlər ki, “beynəlxalq hüquq deyilən nəsnə onsuz da yoxdur”.
Bu uzun arayışı ona görə təqdim etdim ki, indi İrana qarşı hərbi müdaxiləyə azərbaycanlıların həm ictimai münasibətini, həm də real siyası yanaşmalarını anlamaq daha rahat olsun.
Fakt budur ki, İran müstəqil Azərbaycanı özünün varlılğına və daxili sabitliyinə təhlükə kimi qəbul edib və buna uyğun siyasət aparıb. Bütün bunlara görədir ki, İrana qarşı hərbi müdaxiləyə azərbaycanlılar arasında birmənalı münasibət yoxdur. Mühüm arqument budur ki, Azərbaycan qarşı uzun illər ərzində dost olmayan siyasət yürüdən bu qonşu ölkə özünü cəzalandırmaq üçün arqumentlər yaradıb. Bunun əksinə olan münasibət isə dini və emosional təəssübkeşlikdən doğur. Təbii ki, bir də ABŞ və İsrailəı qarşı müəyyənləşmiş neqativ münasibətini İran təəssübkeşliyinə çevirmək istəyən kəsim də mühüm sosial zolaqdır.
Diqqət edirsizsə, İran olaylarına yanaşma Azərbaycan və Türkiyə kimi yaxın müttəfiqlərin belə münasibətlərində çat yaradıb. Hətta oraya qədər ki, İlham Əliyevin administrasiyasına bağlı olan mətbuatda Ərdoğan ailəsi də antiazərbaycan təbliğatında ittiham edilir. Nədən belə fərq yaranıb?
Türkiyə uzun illərdir ki, İran məsələsində daha ehtiyatlı və öz maraqlarına görə daha balanslı siyasət yürüdür. Ankara, açıq-aydın İranpərəst mövqedədir kimi görünür və bu siyasətin arxasında ciddi arqumentlər dayanır. İlk növbədə, Ankara hesab edir ki, İranın ciddi şəkildə zəiflədilməsi və ya hədələnməsi Yaxın Şərqdə yeni xaos və münaqişələrə yol açar, qaçqın axınını artırar və regional güc balansını pozar.
Güc balansı məsələsi Türkiyə üçün kritik əhəmiyyət daşıyır. Ankara, İranın təsirinin azalmasının İsrail və Səudiyyə Ərəbistanı kimi aktorların regionda nüfuzunun həddindən artıq artmasına gətirib çıxara biləcəyini düşünür. Belə bir ssenari həm də Türkiyənin maraqlarına uyğun gəlməz, çünki Ankara özünü həm regionda balans qurucu, həm də vasitəçi kimi görür.
Kürd məsələsi də Türkiyənin yanaşmasında mühüm rol oynayır. Ankara və Tehran uzun illər separatçı kürd silahlı qruplarına qarşı birgə təhlükəsizlik maraqlarına xüsusi diqqətdə saxlayır və bu səbəbdən Türkiyə, İranla münasibətləri tam qarşıdurma səviyyəsinə gətirməməyi üstün tutur.
Bundan əlavə, enerji və iqtisadi maraqlar Türkiyənin ehtiyatlı siyasətində ön plandadır. İranla ticarət əlaqələri, xüsusilə təbii qaz tədarükü, Ankara üçün strateji əhəmiyyət kəsb edir: Türkiyə ümumilikdə təbii qaz idxalının təxminən 13‑14 %-i İran qazı ilə edir. Eyni zamanda, Türkiyə diplomatiyası sərt sanksiyaların problemi həll etməyəcəyini, əksinə dövlətləri daha sərt mövqeyə sürükləyəcəyini hesab edir. Bu səbəbdən Ankara dialoq və diplomatik vasitələri daha effektiv yol kimi görür.
Beləliklə, Türkiyənin İranla bağlı siyasəti yalnız “İranpərəst mövqe” kimi qısa təsvirlə məhdudlaşmır. Bu, həm strateji ehtiyatlılıq, həm iqtisadi maraqlar, həm də regional sabitlik və təhlükəsizlik balansını qorumaq üçün uzunmüddət üçün planlaşdırılan rəsmi düşünülmüş bir siyasətdir. İran məsələsində Türkiyəni narahat edən arqumentlərin demək olar ki, heç biri Azərbaycan üçün aktual deyil. Sərt ictimai və siyasi rəy çatışması da bu səbəbdəndir.
Qayıdaq Azərbaycana və azərbaycanlıların bu konkret məsələyə münasibətinə, bu münasibəti əsaslandıran təbii- zəruri arqumentlərə.
Nəzərə almaq laızmdır ki, Azərbaycanın qonşuluğunda dünyanın böyük güclərinin hərbi intriqalarına səbəb olacaq bir rejimin olması hər zaman təhlükə mənbəyidir. Aqressiv deyil, nisbətən daha açıq daxili və xarici siyasət yürüdən İran faktoru Azərbaycana qarşı xüsusi niyyətlərin mahiyyətini dəyişə və münasibətləri proqnozlaşdırıla bilən hala gətirər. Bu, İlham Əliyevin indiki tərzi ilə bağlı məsələ deyil. Əslində, Əliyev rejimji də elə İran rejimi kimi kaprizlidir, ərköyündür və qapalıdır. Buna görə də Əliyev İranı cəzalandıran müttəfiqlərin mövqeyindən çıxış edir ki, növbənin ona çata biləcəyi kimi qorxulu versiyaları zərərsizləşdirsin və ya mümkün qədər uzaqlaşdırsın. İran proseslərinə azərbaycanlıların böyük kəsimi, nəhayət bu xalqın siyasi və mənəvi taleyini parçalayan qaranlığın aydınlaşa biləcəyinə ümid işığı kimi də baxır, bu isə son dərəcə təbii haqqdır.
Kəsəsi, region ölkələri açıq, vətəndaş haqlarına sayğı göstərən, azadlıqları boğmayan idarəetmə tərzini seçməyənə qədər Yaxın Şərq və elə Güney Qafqaz da siyasi intriqalar zibilliyi kimi qalacaq, dövlətlərin və xalqların başı üzərində qorxulu ssenarilər hər zaman aktuallığını saxlayacaq.
İran nümunəsi həm də onu göstərir kİ, bütün varlığı zamanı insanlara, cəmiyyətə qarşı ağır cinayətlər işlədən rejimlər dar gündə qüruru və layaqəti ilə rəqs etdikləri cəmiyyətləri vətənpərlik melodiyaları altında səfərbər etməkdən başqa çıxış yolu görmürlər. Buna görə də istənilən ölkədə diktatorların (onların hamısının) vətənpərvərlik şüarlarını zəruri edən situasiyalardan daha qorxunc reallığı təsəvvür etməyə heç çalışmayın da…



Yorum gönder