Şimdi yükleniyor

Fuad Gahramanlı: Ramiz Mehdiyevin çevriliş planı adı ilə təqdim edilən sənəd nə qədər realdır?

Fuad gahramanlı

 

Belə çevriliş planı olurmu və əslində əsil çevriliş planı necə olur?

Ramiz Mehdiyevin çevriliş planı adı ilə yayılan mətnə baxdım. Bu çevriliş planından daha çox idarəetmə modelinin dəyişdirilməsi ilə bağlı alternativ siyasi konsepsiyadır. Belə çevriliş planı olmur. Görünür bu sənədi hazırlayanların yazdıqları mətnin xarakteri, mahiyyəti barədə heç bir təsəvvürləri olmayıb, ya da ki…

Gülməli və son dərəcə qeyri ciddi görünən odur ki, “çevriliş planının” son hissəsində yazıya belə yekun vurulur ki, ” ..bu cür model demokratik seçkilərin keçirilməsinə şərait yaradacaq, ölkənin beynəlxalq imicini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və müxtəlif siyasi qüvvələrin geniş fəaliyyət imkanlarını açacaq ki, bu da öz növbəsində vətəndaş cəmiyyəti institutlarını möhkəmləndirəcək”. Ramiz Mehdiyev hakimiyyətdə olduğu dövrdə özü bu yazılanların pozulmasına, irtca rejiminin möhkəmlənməsinə birbaşa rəhbərlik edib və bu səbəbdən də onun öz memarı olduğu idarəetmə sisteminə qarşı belə əks mövqedən yanaşması məntiqlə inandırıcı görünmür.

Digər tərəfdən də, məsələnin ən absurd tərəfi odur ki, Ramiz Mehdiyev bu planı hansısa demokratik Qərb dövlətinə deyil, Azərbaycandakı korrupsioner və avtoritar rejimi məhz eyni mürtəce dəyərləri bölüşdükləri üçün uzun müddət dəstəkləmiş diktatura rejiminin mövcud olduğu Rusiyaya göndərib. Və bu yolla da Putin rejimindən İlham Əliyev hakimiyyətinin avtoritar mahiyyətini dəyişmək, demokratik seçkilər keçirmək, vətəndaş cəmiyyətini möhkəmlətmək və. s. kimi tezislərlə öz planına dəstək istəyib. Ramiz Mehdiyev hara, bu cür sözlər, niyyətlər hara, çox gülməlidir, deyilmi? O biri tərəfdən də kim inanar ki, bütün şüurlu həyatı boyu demokratik dəyərlərə qarşı düşmənçilik edən Ramiz Mehdiyev kimi birisi o qədər sadəlövh və ağılsız oldu ki, durub bütün zorakılığın və irticanın məbədi sayılan Putin hakimiyyətinə Azərbaycanda demokratik seçkilər keçirmək, vətəndaş cəmiyyətini möhkəmləndirmək, dövlətin beynəlxalq imicini yaxşılaşdırmaq kimi tezislər olan bir plan göndərib. Yəqin razılaşarsınız ki, hətta o Moskvaya nəsə göndərmiş olsa belə, bu cür sərsəm bir şey göndərməzdi . Bir o qalıb ki, bu paylaşılan mətnə Avrointeqrasiya tezisini yazıb Putinin könülünü daha da “xoş” etsinlər..

İnsanlarda aydın təsəvvür yaranması üçün dövlət çevriliş planının nə olduğunu da ayrıca dəqiqləşdirmək lazımdır. Bunu aydın təsəvvür etdikdən sonra onu Ramiz Mehdiyevin planını ilə müqayisə edib bu sənədi daha dəqiq dəyərləndirmək olar.
Əvvəla çevriliş planı Ramizin adından yayılan mətndə olduğu kimi siyasi konsepsiya formasında hazırlanmır, o özündə hakimiyyətin zorla ələ keçirilməsi üçün həyata keçirilməsi nəzərdə tutulan məxfi tədbirləri ehtiva edir. Dövlət çevrilişi hazırlayan şəxslər bir qayda olaraq bu işi güc yolu ilə, hərbi vasitələrlə həyata keçirməyi nəzərdə tuturlar. Ancaq Ramiz Mehdiyevin adından yayilan mətndə isə belə bir məsələdən bəhs edilmir.

Çevriliş planı istər şifahi, istərsə də yazılı olmasından asılı olmayaraq aşağıdakıları mütləq nəzərdə tutmalıdır :
1. Çevrilişin rəhbəri, əsas təşkilatçıları və icraçılarının tərkibi və onlar arasında iş bölgüsü.
2. Hakimiyyətin zorla ələ keçirməsində iştirak edəcək qüvvələrin dəqiq hərəkət planı və istifadə edəcəkləri vasitələr.
3. Çevriliş üçün siyasi və sosial zəmin hazırlanması, ictimai rəyə ötürüləcək lazım olan mesajların müəyyən olunması.
4. Dövlət çevrilişinə cəlb edilən hərbi birliklərin, güc vasitələrinin hədəfləri və koordinasiyalı fəaliyyəti.
5. Hakimiyyəti ələ keçirmək üçün zərərsizləsdirilməsi lazım olan şəxslərin adlı siyahısı.
6. Çevrilişin baş tutması üçün nəzarətə götürüləcək strateji obyektlərin və nəqliyyat xətlərinin dəqiq siyahısı..
7. Çevriliş planını həyata keçirəcək şəxslər arasında etibarlı məxfi rabitə vasitələrinin və parolların müəyyən edilməsi.
8. Hər hansı fors -major halında alternativ tədbirlərin və plana rəhbərlik edəcən şəxslərin əvəzedici tərkibinin müəyyən edilməsi.
9. Çevrilişin başlama və bitmə müddəti, eləcə də ayrı -ayrı istiqamətlər üzrə planın qısa müddətdə həyata keçirilmə mərhələlərinin vaxtının müəyyən edilməsi.
10. Çevriliş baş tutacağı təqdirdə, bu işə rəhbərlik edən şəxsin adından yayımlanacaq bəyanat və əsas təbliğat tezisləri.
11. Hakimiyyət ələ keçirildikdən sonra onu əldə saxlamaq, mümkün təhdidləri aradan qaldırmaq və cəmiyyətdə sabitliyi təmin etmək üçün təcili görüləcək işlərin siyahısı.

Bu yazdıqlarımız ən ümumi qaydalardır və dövlət çevrilişi planının yazılı və şifahi hazırlanmasından asılı olmayaraq, bütün hallarda bu məsələlər öncədən nəzərə alınır. Ancaq bir qayda olaraq ölkə daxilində bu cür niyyətləri olanlar öncədən hec vaxt yazılı şəkildə vahid plan hazırlanmırlar. Çünki bu elə təhlükəli və son dərəcə məxfilik tələb edən bir işdir ki, hər hansı yazılı mətn hazırlamaq planı və onu həyata keçirmək istəyənləri deşifrə edərək ələ verə bilər. Praktikada bu iş belə olur ki, çevrilişə rəhbərlik edəcək şəxslər öz aralarında razılaşdırılmış məsələlərlə bağlı öz tabeçiliklərində olan icraçılara onların görəcəyi hansısa işlər barədə məxfi tapşırıqlar verə bilərlər. Bu qədər.

Ramiz Mehdiyevin adından yayılan iki səhifəlik mətn isə daha çox hansısa yeni yaranacaq bir siyasi qüvvənin siyasi islahatlar və dövlət idarəçiliyi ilə bağlı cəmiyyətə təqdim edə biləcəyi bir bildiriş, yığcam konsepsiyadır. Bu yayilan sənədə əsasən Ramiz Mehdiyev durub dövlət çevrilişinə cəhdə görə deyil, məhz fərqli siyasi baxışlarına görə təzyiqlərə məruz qaldığını iddia edə bilər))
Fuad Gahramanlı 

Share this content:

Yorum gönder