KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Azərbaycanın İraq Kürdüstanı ilə əlaqələri nə üçün əhəmiyyətlidir?

Elhan Şahinoğlu: Azərbaycanın İraq Kürdüstanı ilə əlaqələri nə üçün əhəmiyyətlidir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
163 0

İraq Kürdüstan bölgəsinin başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycana səfər edib. Azərbaycan prezidenti İlham Əliyev daha əvvəl Bərzani ilə fevralın 18-də Münhendə keçirilən konfransda görüşmüşdü. İlham Əliyev həmin görüşdə Bərzanini Azərbaycana səfərə dəvət etmişdi.

Bakıda İlham Əliyevlə Neçirvan Bərzani arasında görüşdə Azərbaycanın İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması məsələri müzakirə edilib.

Azərbaycanın İraq Kürdüstanı ilə əlaqələri genişləndirməkdə əhəmiyyətli maraqları var.

Birincisi, Kürdüstan bölgəsi İraqın tərkibində böyük səlahiyyətlərə malikdir. İraqın mərkəzi hakimiyyəti müxtəlif ölkələrin Kürdüstan bölgəsiylə əlaqələrinin əleyhinə deyil. Kürdüstanda 2017-ci ildə İraqdan ayrılmaq məqsədilə referendum keçirmişdi. Ancaq referendumun nəticəsini heç bir ölkə tanımadı və bu İraqın mərkəzi hakimiyyəti, o cümlədən bölgəyə qonşu olan dövlətlərlə vəziyyətin gərginləşməsinə səbəb oldu. Kürdüstan bölgəsinin rəhbərliyi yanlışını anladı və İraqdan ayrılmaq qərarından imtina etdi. Əks halda bu bölgə təcrid halda varlığını davam etdirə bilməyəcəkdi. Bundan sonra İraqın Kürdüstan bölgəsi yenidən qonşu ölkələrlə əlaqələrini bərpa etdi və iqtisadi maraqlarını ön plana çıxartdı. Bir çox ölkə, o cümlədən Türkiyə İraqın mərkəzi hakimiyyəti ilə yanaşı Kürdüstan bölgəsiylə də sıx əlaqələrə malikdir. Azərbaycan da Türkiyə kimi Kürdüstan bölgəsiylə əlaqələr qurmağa başlayıb. İraq Kürdüstanı həssas çoğrafi ərazi olduğundan bu bölgə ilə əlaqələr bir çox dövlətin təhlükəsizlik maraqlarına cavab verir. ABŞ, Avropa ölkələləri, Rusiya və Çin İraq Kürdüstanı ilə əlaqələri genişləndiriblər. Çin şirkətləri İraqda, o cümlədən Kürdüstanda məktəb tikintilərini həyata keçirirlər. Bu səbəbsiz deyil. Pekin Kürdüstanda tikdiyi məktəblərdə Çin dilinin tədrisini təşkil edib. Çin dilinin dünyada geniş yayılması Pekinin tətbiq etdiyi yumşaq güclərindən biridir. Çin, Türkiyə və İran İraq Kürdüstanının bazarı uğrunda rəqabət aparırlar. Çin İraq Kürdüstanında Qərb şirkətlərini sıxışdırmağa çalışır. Beləliklə, bir çox dövlət İraq Kürdüstanında iqtisadi payının olmasına çalışır. Bölgə Cənubi Qafqaza yaxın olduğundan Azərbaycan da pay bölgüsündə kənarda qalmamalıdır.

İkincisi, İraqın Kürdüstan bölgəsində zəngin neft və qaz yataqları var. Azərbaycan bu yataqların işlənilməsinə investisiyalar qoya bilər. Azərbaycan Dövlət Neft Şirkətinin İraq Kürdüstanı ilə ortaq layihələr reallaşdırılması mümkündür. Digər tərəfdən Azərbaycanla İraq Kürdüstanı qazının Türkiyə üzərindən birlikdə Avropa bazarlarına nəqli mümkündür. İraq Kürdüstanı öz qazını Azərbaycandan Avropaya uzanan boru xətləri ilə nəql edə bilər. Bu TANAP və TAP boru xətlərinin ötürücülük imkanlarını artıracaq. Bununla Azərbaycanın, İraq Kürdüstanının və Türkiyənin bölgədə rolunu artacaq.

Üçüncüsü, İraq Kürdüstanı Azərbaycanın bölgənin başqa sahələrinə də investisiya qoyulmasını istəyir. Türkiyə şitkərləri də İraq Kürdüstanının iqtisadiyyatının müxtəlif sahələrinə investisiyalar yatırırlar. Azərbaycan şirkətləri İraq Kürdüstanının tikinti sahəsinə və yolların çəkilməsinə investisiyalar yatıra bilərlər.

Dördüncüsü, Azərbaycanla İraq Kürdüstanı arasında əlaqələrin inkişafı Türkiyənin də maraqlarına xidmət edir. Türkiyə İraq Kürdüstanı ərazisində radikal qrupların fəaliyyətlərinin qarşısını almağa çalışır. Türkiyəyə qarşı terror planlaşdıranlar bəzən İraq Kürdüstanı ərazisindən də istifadə edirlər. Bunun qarşısının alınması yollarından biri İraq Kürdüstanı rəhbərliyi ilə siyasi və iqtisadi əlaqələrin genişlənməsidir. Türkiyə və İraq Kürdüstanı bölgədə terrorçu fəaliyyətlərin qarşısı almaq məqsədilə əməkdaşlıq edirlər.

Beşincisi, İraq Kürdüstanında türkdilli türkmənlər yaşayır. Türkiyə və Azərbaycan İraq Kürdüstanı ərazisində yaşayan türkmənlərin siyasi və iqtisadi imkanlarının artmasında maraqlıdır. İlham Əliyevin Azərbaycanın İraqın Kürdüstan regionunda baş konsulluğunu açacağını bəyan etməsi əlaqələri daha da gücləndirməyə xidmət edir. Bu, bölgədə yaşayan türkmənlər üçün də faydalı olacaq.

Altıncısı, Ermənistan da digər dövlətlər kimi İraq Kürdüstanı ilə əlaqələri gücləndirməyə çalışır. Ermənistan İraq Kürdüstanında baş konsulluğu iki əl əvvəl açıb. Konsulluğun açılmasında Ermənistan xarici işlər nazirinin müavini iştirak etmişdi. Ermənistanın Ərbil şəhərində mədəniyyət mərkəzi də mövcuddur. Ermənistanın baş naziri Nikol Paşinyan İraq Kürdüstan bölgəsinin başçısı Neçirvan Bərzani ilə bu il Münhendə görüşərək ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu söyləmişdi. Bunları nəzərə alaraq Azərbaycanın İraq Kürdüstanında konsulluğunun qısa müddətdə fəaliyyətə başlamasına ehtiyac var.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir