KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
306 0

2018-ci il Azərbaycan üçün digər vacib məqamlarla yanaşı həm də Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ili deməkdir. Təxminən 1 il əvvəl, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”16 may 2017-ci il tarixli sərəncamda qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin gəldiyi, 1918-ci il may ayının 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdiyi, Azərbaycanın ilk parlamentinin və hökumətinin, dövlət aparatının təşkil edildiyi, ölkənin sərhədlərinin müəyyənləşdirildiyi, bayrağının, himnini və gerbinin yaradıldığı, ana dilinin dövlət dili elan edildiyi, dövlət quruculuğu sahəsində ciddi tədbirlərin həyata keçirildiyi, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edildiyi, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulduğu qeyd edilmişdir. 10 yanvar 2018-ci il tarixdə isə Prezident İlham Əliyev2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam da imzalamışdır. Bu sərəncamda da Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi dəyər vurğulanmaqla yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Şübhəsiz ki, bu baxımdanən aktual mövzulardan biri kimiAzərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə nəzər salmaq zəruridir. Azərbaycan Xalq Cümhuriyyəti kifayət qədər mürəkkəb regional və qlobal bir şəraitdə, Birinci Dünya müharibəsinin sonlarında, Azərbaycana potensial olaraq ən yaxın görünən Osmanlı dövlətinin çətin günlər yaşadığı bir dövrdə, eləcə də Rusiyada yaşanan inqilab və daha sonra bu dövlətin yaşadığı daxili və xarici problemlər fonunda qurulmuşdu. Azərbaycan Xalq Cümhuriyyətini quranlar Azərbaycan adını, Azərbaycanın varlığını, Azərbaycanın müstəqilliyini və Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq aləmdə qəbul etdirməyə, bu fonda həm də ümumi təhlükəsizliyi təmin etməyə çalışmışdır. Cümhuriyyəti quranlar hansısa xüsusi bir mirasdan faydalana bilmədikləri üçün ən böyük yük xarici siyasəti formalaşdıranların, xarici əlaqələri qurmağa və xarici dəstək cəlb etməyə çalışanların üstünə düşmüşdür. Bu çərçivədə Azərbaycanın tanınmış dövlət və siyasi xadimlərindən M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, N.Usubbəyov, M.H.Hacınski, M.Y.Cəfərov, Ə.Şeyxülislamov, C.Hacıbəyovvə digərləri həm xarici siyasətin formalaşdırılması, həm də xarici dövlətlərlə əlaqələrin qurulması üçün əllərindən gələni etmişdir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından ki gün sonra, mayın 30-da Nazirlər Şurasının sədri F.X.XoyskiTürkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərmişdir. Azərbaycanın imzaladığı ilk beynəlxalq sənəd isə Osmanlı dövləti ilə 4 iyunda imzalanmış Batum müqaviləsi olmuşdur. Qeyd edək ki, Osmanlı dövləti ilə danışıqlar hələ Azərbaycan Zaqafqaziya Konfederasiyasının bir parçası ikən 14 mart 1918-ci il tarixdə başlayan və daha sonra Batumidə davam etdirilən danışıqların nəticəsi kimi imzalanmışdır. Bu saziş həm Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, həm Azərbaycanın maliyyə vəziyyətini düzəltməsi, həm də suverenliyin bütün ölkə ərazisində təmin edilməsi (xüsusilə də Bakının azad edilməsi) üçün imkanlar yaratmşdır.

İkinci vacib addım kimi 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayəndə heyəti göndərilməsini qeyd etmək mümkündür. Bu konfrans keçirilməsə də, Azərbaycan nümayəndə heyyətinin üzvləri iyun ayının sonlarından oktyabr ayının sonlarınadək İstanbulda həm Osmanlı dövlətinin, həm də digər dövlətlərin nümayəndələriylə danışıqlar aparmışdır.

Bu mərhələdə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olması və daha sonrakı mərhələ üçün regionda ciddi söz sahibi olmaması, eləcə də böyük güclərin demək olar ki, heç birinin Azərbaycan Xalq Cümhuriyyətinə xoş yanaşmasının olmaması Azərbaycan üçün ciddi çətinliklər yaratmağa başlamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi bu mərhələdə Birinci Dünya müharibəsinin iştirakçısı olan dövlətlərin öz aralarında apardıqları müzakirələrdə, imzaladıqları sənədlərdə və yürütdükləri siyasətlərdə Azərbaycanın suverenliyini pozan addımlarına dəfələrlə qəti etirazını bildirmiş, Azərbaycan adını və müstəqil cümhuriyyəti qorumaq üçün xüsusi fəaliyyət yürütmək məcburiyyətində qalmışdır. Bu istiqamətdə Paris Sülh konfransındakı nümayəndələrin fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz onların xüsusi səyləri nəticəsində Paris Sülh konfransının Versal Ali Şurası 11 yanvar 1920-ci il tarixdə Azərbaycanın müstəqilliyini de-fakto tanımışdır. Beləcə Azərbaycan Xalq Cümhuriyyətiböyük dövlətlər tərəfindən rəsmi şəkildə tanınan, Qərb ictimai fikrində qəbul edilən ilk türk və müsəlman respublikası olmuşdur.Bundan sonra Azərbaycan nümayəndələri müttəfiqlərin Ali Şurasının London və San-Remo konfranslarında iştirak etmiş, Millətlər Cəmiyyətinə və digər beynəlxalq təşkilatlara üzv olmağa cəhd göstərmiş, Bakıda iyirmidən artıq dövlətin diplomatik nümayəndəlikləri təsis edilmişdir. 1920-ci ilin aprelində isə Azərbaycan Parlamenti London, Paris, Cenevrə, Roma, Varşava və Vaşinqtondadiplomatik nümayəndəlik təsis etmək haqqında hökumətin təqdim etdiyi qanun layihəsini qəbul etmişdir. Amma Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi və cümhuriyyətin süqutu bu addımların atılmasına imkan verməmişdir.

Azərbaycan qonşuları ilə münasibətləri dinc qaydaya salmaq və regionda əməkdaşlıq mühitinin formalaşdırılması üçün əlindən gələni etmişdir. Bu çərçivədə 1919-cu il iyunun 16-da Gürcüstan ilə ittifaq bağlamış, Dağlılar Respublikasıilə əməkdaşlığı dərinləşdirmiş, hətta ümumi “Qafqaz evi” ideyasını reallaşdırmağa çalışmışdır. Lakin Ermənistan tərəfinin pozuculuq mövqeyində dayanması “Qafqaz evi” ideyasının reallaşmasına imkan verməmişdir.

Rusiya tərəfindən işğal edildikdən sonra da Azərbaycan Xalq Cümhuriyyətinin liderləri xarici siyasəti davam etdirməyə çalışmışdır. Məsələn, Azərbaycan parlamentinin sədri kimi Ə.M.Topçubaşov 1920-1923-cü illərdə Millətlər Cəmiyyətinin Cenevrədə keçirilən toplantılarında iştirak etmiş, eləcə də Azərbaycanın Paris Sülh konfransındakı nümayəndə heyətinin başçısı kimi o, 1920-1921-ci illərdə Versal Ali Şurasının rəhbərliyinə dəfələrlə müraciətlər ünvanlamışdır. M.Ə.Rəsulzadə və digərləri Azərbaycan adının, cümhuriyyət ruhunun və müstəqilliyə qovuşmaq arzusunun canlı qalması üçün əllərindən gələni etmişdir. Həm də bu addımlar nəticəsində 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dünya siyasətində yenidən öz yerini tutmağa başlamışdır.

Araz Aslanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi

Turküstan Media Group

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir