Görüşmələr müsbət nəticə isə bitərsə önümüzdəki həftələrdə Türkiyədə dollar ajiotajına son qoyula bilər

صراحتا میگویم “ما گوشت نذری شما مرکزگرایان پان ایرانیست نیستیم”.

Merkel: Türkiye’de ekonomik istikrarsızlık kimsenin çıkarına değil

Dolar operasyonunu ABD merkezli Morgan Stanley yürütüyor Londra çanak tutuyor!

Azərbaycanda sələfiliyin müxtəsər tarixi

Azerbaycan 8 Ağustos 2018
39

“Oksford İslam Araşdırmaları Onlayn” Ensiklopediyası Sələfiliyi 20-ci əsrin əvvəllərində Şeyx Cəmaləddin Əfqani və onun tələbəsi Məhəmməd Abduh tərəfindən əsası qoyulan, Peyğəmbər dövrü İslamının bərpasına, dinin sonrakı izah, interpretasiyalardan təmizlənməsinə çağıran islahatçı, modernist, intellektual hərəkat adlandırır. Bu şəxslərin ideyalarından ruhlanmış ictimai-siyasi cərəyanlar Misirdəki Müsəlman qardaşları (İxvan-ul Muslimin) və Pakistandakı Camaat-i-İslami hərəkatları hesab olunur.[1]

19-cu əsrin sonlarında meydana çıxmış və şərti olaraq modernist sələfilik adlandırılan bu cərəyanın istər ideyaları, istər ilk lideri Cəmaləddin Əfqani Azərbaycanda həmin əsrin ikinci yarısından başlayan müasir millət quruculuğu, modernləşmə hərəkatının rəhbərlərinə kifayət qədər tanış idi. Hətta Azərbaycanda bu prosesin öndərlərindən olan Əhməd Bəy Ağayevin Seyid Cəmaləddin Əfqani ilə şəxsən görüşdüyü haqqında da iddialar mövcuddur.[2]

Ümumiyyətlə, modernist sələfiliyin qaldırdığı problemlər, o cümlədən ictihada, təqlidə yeni baxış və sairə kimi çağırışlar həmin dövrün Azərbaycan mətbuatında geniş müzakirə olunan mövzular idi.[3] Panislamizmlə assosiasiya olunan bu ideologiya sovetləşməyə qədər Azərbaycanda kifayət qədər populyar olmuş, Müsavat, İttihad kimi partiyaların ideoloji formalaşmasına ciddi təsir göstərmişdi. İttihad Partiyası Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu panislamist-ittihadçı ideyaların aparıcı təşkilatına çevrilmişdi.[4] Lakin Azərbaycanın sovetləşməsi bu ölkəni İslam dünyasında və ərəb ölkələrində gedən ideoloji proseslərdən kənarda qoymuşdu.

20-ci əsrin son dövrlərindən etibarən isə“sələfi” termini ona qədər daha çox vəhhabi adı ilə tanıdılmış fərqli mühafizəkar dini cərəyana aid edilməyə başlayır. Bu – əsasən Körfəz ölkələrində təşəkkül tapmış sələfilik cərəyanı, “sələfiyyə” termininin 19-cu əsrdə meydana çıxmış və yuxarıda haqqında danışılan modernist cərəyana aid edilməsinə qətiyyətlə etiraz edərək, məfhumun İslam ümmətinin Peyğəmbərdən sonrakı ilk nəsillərindən etbarən artıq mövcud olduğunu iddia edir.

Bu mühafizəkar sələfilik 18-ci əsrdə Məhəmməd ibn Əbdül Vəhhab tərəfindən strukturlaşmış bir dini görüş kimi formalaşdırılan cərəyanla eynilik təşkil edir. Mühafizəkar sələfilik 1744-cü ildə Səud ailəsi ilə Əbd-ül-Vəhhab ailəsi arasında əldə olunan razılaşmaya əsasən əvvəl ilk Səudiyyə dövləti olan Diriyyəh əmirliyində, sonra isə Səudiyyə Ərəbistanı krallığında hakim dini ideologiyaya çevrilmişdir. İdeoloji bazis kimi isə bu mühafizəkar sələfilik cərəyanı 13-cü əsrdə yaşamış İbn Teymiyyənin görüşlərinə istinad edir.

Ərəb dünyasında da 1940-50-ci illərdə müstəqil dövlətlər qurulanda siyasi İslam deyil, sekulyar sol, millətçilik ideyaları daha populyar cərəyanlara çevrilir və hakimiyyəti ələ keçirirlər. Fəqət bir çox problemlər və ilk növbədə İsrailə sarsıdıcı məğlubiyyət bu ideyaların iflasa uğramasına, siyasi İslamın isə yenidən populyarlaşmasına gətirib çıxarır.

Nəhayət, 1979-ci ildə dalbadal baş verən hadisələr: sovetlərin Əfqanıstana müdaxiləsi, həmin ildə İran İslam İnqilabı, Məkkənin radikallaşmış sələfilər tərəfindən girov götürülməsi, son damla kimi isə Hafiz Əsədin 1982-ci ildə Hamada törətdiyi qırğın həm siyasi İslamın, həm də sələfiliyin yeni dirçəlişinin təkanına çevrilir.[5] Beləliklə, 1980-ci illərdə bu mühafizəkar sələfilik müsəlman dünyasında yeni, sürətli yüksəliş dövrünə qədəm qoyur. Həmin illərin sonunda sovetlərdə dağılma prosesinin başlaması cəmi 10 il fərqlə yeni yüksəliş dövrünə qədəm qoymuş bu mühafizəkar sələfiliyin Azərbaycana da daxil olmasına şərait yaradır, 90-cı illərdə o, ölkədə ən sürətlə inkişaf edən və ən çox nəzərə çarpan dini cərəyana çevrilir.

Bu araşdırma da sələfiliyin məhz postsovet dövründə Azərbaycanda yayılmasının başlanğıcından günümüzə qədər olan əsas prosesləri təsvir edir.

Sələfiliyin Azərbaycanda yayılması, yüksəliş dövrü

Sovetlər zamanında Azərbaycanda din ciddi şəkildə məhdudlaşdırldığından xaricdən dini cərəyanların ölkədə açıq şəkildə təbliğ olunub yayılması mümkünsüz idi. Düzdür, sovetlər zamanı Azərbaycandan Həcc ziyarətinə gedən azsaylı insanlar, o cümlədən SSRİ xətti ilə ərəb ölkələrində diplomat və tərcüməçi kimi çalışan azərbaycanlılar bu cərəyanla tanış ola bilmişdilər.

Belə azərbaycanlılardan məşhur ictimai şəxslər Rafiq Əliyev, Rafiq İsmayıl, Vəfa Quluzadənin sələfiliklə bağlı bu məqalə müəlliflərinə söylədiyi fikirlər onların ərəb ölkələrində bu cərəyanla tanış olduğunu sübut edirdi. Sələfiliyin Azərbaycana gəlib yayılmasının başlanğıc mərhələsini isə Bakıda təhsil alan ərəb ölkələrindən olan tələbələrin fəaliyyəti təşkil edir.

1980-ci illərin sonlarında Bakıda, əsasən də Neft Akademiyasında (o zamankı Azərbaycan Neft və Kimya İnstitutu – müəlliflər.) və tibb sahəsində[6] təhsil alan ərəb tələbələr arasında sələfi cərəyanına mənsub olanları “yenidənqurma” dövründə SSRİ-dəki anti-din siyasətinin yumşalmasından istifadə edərək dini təbliğatlara başlayır. Müsahiblərimiz 1980-ci illərin sonları 1990-cı illərin əvvəllərində ilk sələfi təbliğatçılar içində Azərbaycanda təhsil alan Sudan, Əlcəzair və Yəmənli tələbələri xatırlayırlar.[7].

Bu təbliğatçılar içərisində ən uğurlusu isə Azərbaycanda sələfiliyin ilk nüfuzlu lideri hesab olunan, əslən Fələstindən olduğu guman edilən Səlim Zaxarna Qazzavi idi. Ərəb tələbələr əvvəl təbliğatlarını gizli şəkildə aparsalar da, SSRİ-nin dağılması ilə onlar üçün daha münbit şərait yaranmış və 1993-cü ildə Neft İnstitutunun yataqxanasında onlar dini kurslar belə təşkil etməyə müvəffəq olmuşlar. Bundan bir il əvvəl isə müstəqil Azərbaycanda din və vicdan azadlığını təmin edən ilk liberal qanun qəbul edilmişdi.[8]

İlk dönəmdə Azərbaycanda sələfi təbliğatı tələbələr içərisində aparılsa da, daha sonra əhalinin digər təbəqələrinə də xitab olunmağa başlanmış, ilk kitab və broşürlər çap olunmuşdur.

Müsahiblərimizin iddialarına görə, sovet dövründə Azərbaycana gələn xarici tələbələrə rus dili öyrədildiyindən onlar da təbliğatlalarını məhz bu dildə aparırdılar. Həmçinin Azərbaycandakı ilk sələfi ədəbiyyatları də əksərən məhz rus dilində olmuşdu.

Bu araşdırmanın müəllifləri Qarabağ müharibəsində iştirak üçün gəlmiş Əfqanıstan mücahidlərinin Azərbaycanda sələfi təbliğatı ilə bağlı ciddi təsirini müəyyən edə bilməmişlər. Bununla belə, müsahiblərimiz ölkədə sələfi təbliğatında vaxtilə Əfqanıstanda mücahidlər tərəfində vuruşduğu iddia edilən, haqqında aşağıda geniş danışılacaq İslam Dirçəlişi İrsi Cəmiyyətinin aktivistlərindən olmuş, bir neçə il əvvələ kimi Bakıda yaşamış əslən Tunisli Əbu Tariq adlı şəxsin müstəsna xidmətləri olduğunu deyir.[9]

Azərbaycana gələn ilk islamçı ərəb tələbələr içində ənənəvi sələfiliyi yayanlarla yanaşı, “Müsəlman qardaşları”nın (İxvan) təbliğatı ilə məşğul olanlar da olmuşdur ki, bunlar əsasən iordaniyalılar idi. Onlara qarşı dayanan isə ənənəvi sələfi qrupunun ilk lideri Səlim Zaxarna sayılırdı. Ümumiyyətlə, Səudiyyə rəsmi ənənəsinə sadiq qalaraq sonrakı illərdə də Azərbaycanın ənənəvi sələfiləri kəskin vokal anti-ixvan mövqeyi nümayiş etdirir, bu barədə kitablar yazır, bir sözlə, aktiv və kəskin anti-İxvan təbliğatı aparırdılar.

Lakin hər halda, sələfi təbliğatının Azərbaycanda sürətlə genişlənib-yayılması müxtəlif ərəb fondlarının buraya gəlməsindən sonra baş vermişdir.

1993-cü ildə Moskvada rəsmi səfərdə olan prezident Əli­yev ərəb xeyriyyə təşkilatlarının nümayəndələri qarşısında çıxış edərkən onları Qarabağ müharibəsindən əziyyət çəkən köçkün və qaçqınlara yardım göstərməyə çağırmış və bu məqsəd üçün ölkəyə dəvət etmişdir.­ Sözsüz ki, bu dəvətə İranın şiə təbliğatını sünni təsirini yaymaqla məhdudlaşdırmaq niyyəti də təsir göstərmişdir (Hələ Azərbaycanda hakimiyyət başına keçməmişdən əvvəl, Naxçıvan Muxtar Respublikasında olarkən Heydər Əliyev 1992-ci ildə, o vaxt Türkiyə dövləti tərəfindən də dəstəklənən Fəthullah Gülən qrupunun Azərbaycana daxil olmasına və sonrakı illərdə də ölkənin bütün bölgələrində yayılmasına şərait yaratmışdı.). Ümumilikdə, o illərdə Azərbaycana 15 ərəb təşkilatının gəldiyi iddia olunur.[10]

Beləliklə, sələfiliyin ilk təşkilatlanmış rəsmi təbliğatı 1993-94-cü illərdən Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin (Cəmaiyya İhya Əl-Turas əl İslami) (İİDC) fəaliyyəti ilə başlamışdır. Küveyt sələfiliyinin tədqiqatçılarından Zoltan Pall bu cəmiyyəti belə xarakterizə edir: “Cəmiyyət 1981-ci ildə sələfi ideologiyasını qəbul etmiş Küveyt dövlət məmurları və zəngin iş adamlarının dəstəyi ilə yaradılmışdır. Digər ölkələrdəki sələfilər sekulyar və parlamentar sistemlərdə heç bir siyasi fəaliyyəti dəstəkləmirdilər. Çünki Səudiyyə dini xəttinin güclü təsiri altında idilər. Küveytin əksər sələfiləri isə əsas dini avtoritetləri, 1960-cı illərdən Küveytə köçmüş misirli alim Əbdürəhman Əbdülxaliqin təbliğ etdiyi inqilabi ideologiyanın təsiri ilə fərqli mövqe tutmuşdular. 1990-cı illərin ikinci yarısına qədər Əbdürəhman Küveyt sələfilərinin izlədiyi əsas dini avtoritet idi. O, dövrünün siyasi təcridçilik xətti tutan digər tipik sələfi din xadimlərindən fərqlənirdi…. Əbdürəhman siyasət haqqında çoxlu kitab, məqalələr yazan ilk sələfi idi və siyasət, sosial etirazlarda iştirak, yeni media vasitələrindən istifadə barədə sələfilərin dini qanunlarla çərçivələnmiş baxışlarını dəyişdirmək niyyətində idi”.[11]

Küveyt sələfiliyinin bu təsviri həmçinin İİDC-nin Azərbaycanda təbliğ etdiyi aktivist sələfilik profilinə də uyğun gəlirdi.

Fond yuxarıda adı çəkilən Səlim Zaxarnanı Azərbaycandakı əsas təmsilçisi təyin etmişdi. Məhz sələfiliyin bu aktivist qoluna mənsub, Küveytin millət vəkili Valid əl-Təbatəbai təşkilatın Bakıdakı ofisinin açılışında iştirak etmişdir. İİDC-nin Bakı ofisi o illərdə Əbdürəhman Əbdülxaliqin bir çox kitablarını da azərbaycan dilinə tərcümə və nəşr etmişdir. Artıq 2000-ci illərin əvvəllərində bu fondun nəzarətində xeylisini özünün tikdirdyi və ya bərpa etdirdiyi 62 məscid fəaliyyət göstərdiyi iddia olunur.[12] 1996-cı ildən etibarən Azərbaycan hökumətinin xarici dini təbliğatçılara qarşı başlatdığı məhdudlaşdırma siyasəti İİDC-nin Azərbaycandakı fəaliyyətindən də yan keçmir. Əvvəl 1998-ci ildə, onun rəhbərliyini edib, Azərbaycandakı işini qurmuş Şeyx Səlim ölkədən çıxarılmış (hal-hazırda bəzi müsahiblərimizin dediyinə görə, o, BƏƏ-də yaşayır) və 2001-ci ildə ABŞ-da 11 sentyabr terrorundan sonra isə ümumiyyətlə, təşkilatın Azərbaycandakı fəaliyyəti dayandırılmışdır. 2002-ci ilin yanvar ayında BMT İİDC-ni Əl Qaidə ilə əlaqəli qruplar sırasına aid etmişdir.[13] 2008-ci ildə isə İİDC ABŞ hökuməti tərəfindən də terrorçu təşkilatları dəstəkləyənlər siyahısına daxil edilmişdir. Siyahıda İİDC-nin Bakı ofisinin də adı var.[14]

Lakin Azərbaycanın xarici fondların İslami təbliğatından əndişələnərək, 1996-cı ildən etibarən xarici dini dəvətçilərin fəaliyyətinə müxtəlif maneələr yaratmağa başlaması və nəhayət, 2001-ci ildə ABŞ-da 11 sentyabr terrorundan sonra ərəb əsilli təşkilatların bir-ikisini çıxmaq şərtilə, əksəriyyətini ölkədən çıxartması qətiyyən Sələfiliyin yayılmasını zəiflətməmişdir. Çünki 1990-cı illərin əvvəllərində xarici ölkələrə İslami təhsil almağa göndərilən azərbaycanlılar artıq geri dönməyə başlamış və əslində sələfiliyin populyarlığını daha da artırmağa müvəffəq olmuşlar.

Sələfi təhsili üçün ilk azərbaycanlı tələbələr yuxarıda adı çəkilən ərəb prozetilistlər və təşkilatlar tərəfindən Sudana göndəriliblər. Lakin Sudanda həyat şərtlərinin aşağı olması, yaşayışın çətinliyi və təhlükəli olması ilə əlaqədar bir qədər sonra əsas təhsil ünvanı kimi Səudiyyə Ərəbistanındakı Mədinə İslam Universiteti seçilir və öz aralarında “elm tələbələri” adlandırılan yerli sələfi dəvətçilərin onurğa sütünunu da uzun müddət məhz Mədinə İslam Universitetinin məzunları təşkil edir. Mədinə məzunlari içərisində ən məşhuru isə Qamət Süleymanovd olur. O, hələ tələbə olan zaman yay tətillərinə gələrkən, öz çıxışları ilə Azərbaycan sələfiləri arasında nüfuz qazanıb, liderlik potensialını nümayiş etdirə bilmişdir. 1997-ci ildə Qamət Süleymanov təhsilini bitirərək Bakıya gəlir və az sonra, tikintisi başa çatdırılmış Əbu Bəkr məscidində fəaliyyətə başlayır. O, bu dövrdən son zamanlara qədər Azərbaycanda sələfiliyin ən populyar lideri idi. Q.Süleymanovla yanaşı sələfi icmasının digər aparıcı ruhaniləri Əlixan Musayev, Adil Rəcəbov, Ramil Sultanov, Əbdürəhim Muradlı və sairləri də Səudiyyə Ərəbistanının Mədinə İslam Universitetinin məzunlarıdır. Bu universitetin azərbaycanlı tələbə və məzunların ümumi sayı 86 nəfərdir.[15]

Bütün 1990-cı illər boyu ərəblərin və bu tələbələrin rəhbərliyi altında sələfilik, xüsusən ölkənin Bakı ilə Sumqayıt kimi iri şəhərlərində ən dinamik, sürətlə inkişaf edən dini cərəyana çevrilmişdir. İİDC-nin tikdirdiyi və Mədinə tələbəsi Qamət Süleymanovun rəhbərlik etdiyi Əbu-Bəkr məscidi 2008-ci ildə bağlanana kimi Qafqazın ən nəzərəçarpan sələfi mərkəzi olmuşdur desək, yəqin ki, yanılmarıq. 2006-cı ildə yerli mətbuat orqanlarından birinə verdiyi müsahibəsində Qamət Süleymanov bayram namazlarında Əbu Bəkr məscidinə 12 min dindarın ibadətə gəldiyini iddia edirdi.[16]

Qeyd etmək lazımıdır ki, 1990-ların son illərindən etibarən yerli aktorlar xariciləri sələfi təbliğatında üstələsə də, bu dini cərəyanın dinamikası ciddi şəkildə xarici faktorlarla müəyyənləşməkdə, onlardan asılı qalmaqda davam etmişdir. Yəni ərəb dünyası sələfiliyində baş vermiş bütün proseslər Azərbaycanda da əks-səda doğurmuş və yerli sələfi icması daxilindəki hadisələrə, həmçinin parçalanmalara həlledici təsirini göstərmişdir. Düzdür, bu hal, aşağı-yuxarı Azərbaycandakı digər dini cərəyanlara da aid edilə bilər.

İdeoloji klassifikasiyaya cəhd

Həsən Mniemneh özünün “Yeni siyasi sələfiliyin baharı?” adlı məqaləsində sələfiliyi dörd əsas qrupa ayırır. Bunlardan birincisi, onun “əl-sələfiyyə əl-ilmiyyə” (elmi sələfilik) adlandırdığı ənənəvi sxolastik sələfilik; ikincisi, “əl-salafiyyah əl daaviyyah” (dəvət sələfiliyi) adlandırdığı və sosial-siyasi həyatda iştiraka meylli olan aktivist sələfilik; üçüncüsü, “əl-sələfiyyə əl cihadiyyə” adlandırdığı cihadçı sələfilik; və nəhayət, dördüncüsü, “sələfiyyə əhl al vaalə” (valinin sələfiliyi) adlandırdığı hökumətlərə qeyd-şərtsiz tabeçiliyi təşviq edən itaətçi sələfilikdir.[17]

Amma biz yuxarıdan bildik ki, Azərbaycan sələfiliyinin kökləri Küveyt sələfiliyi ilə sıx surətdə əlaqədardır və sonuncunun dindarların siyasi fəaliyyətinə baxışları bir qədər fərqlidir.

Zoltan Pall ümimilikdə İslam İrsinin Dirçəlişi Cəmiyyəti (İİDC) daxilindəki Küveyt sələfiliyini ənənəvi-sxolastik və aktivist qruplarına bölür. Onun bu barədə dediklərinə əsasən, “ənənəvi sxolostik sələfilər hökmdara mütləq itaətin əhəmiyyətli olduğuna inanırlar və yalnız inanc, ibadət məsələləri üzərinə fokuslanırlar.” Bununla belə, “ənənəvi sxolastik sələfilərin əksəriyyəti düşünür ki, əgər hökmdar öz təbəələrinə hədsiz və əsassız şiddətdən istifadə edirsə, bir müsəlman ona itaətdən imtina edib, müxalif ola bilər”. Lakin Pall ənənəvi sxolastikləri də iki fərqli qrupa bölür. O yazır ki, bəzi ənənəvi sxolastik sələfilər İİDC-yə qarşı çıxır və onu parlament seçkilərində iştirak etdiyinə, həmçinin təşkilatlandığına görə sələfiliyin prinsiplərinə xəyanətdə ittiham edirlər. Bu cür ənənəvi sxolastiklər məşhur dini avtoritet, Səudiyyə şeyxlərindən Rabi əl Mədxalinin adı ilə “mədxaliçi” adlandırılır. “Mədxaliçilərin siyasi proseslərə mənfi münasibətinə baxmayaraq, onların moizələrinin əsas sütunlarından biri hökmdarlara qeyd-şərtsiz itaət göstərməkdir.”

Digər təfədən, Pallın iddiasına görə, aktivistlər isə “daha geniş siyasi görüşə sahibdirlər”. Onlar dəvətdən əlavə, lazım gəldikə şiddətdən də istifadə edərək dövlət təsisatlarının transformasiyası yolu ilə cəmiyyəti islamlaşdırmaq məqsədi güdürlər.[18]

Azərbaycandakı sələfiliyin ideoloji axınlarını və qruplaşmalarını izah etmək üçün bu təsnifatların hər ikisindən istifadə etməyi məqsədəuyğun sayırıq.

Nəhayət, qeyd etmək lazımdır ki, ictimaiyyətə açıq olaraq azərbaycanlı sələfi qruplar əsasən dini avtoritet kimi Səudiyyə Ərəbistanındakı iki başlıca qurumu: Daimi Fətvalar Komitəsini (Al-Lajnah ad-Dâ’imah lil-Buhûts al-‘Ilmiyyah wal-Iftâ) və Böyük Alimlər Şurasını (Məclisi Hayat Kibar al –Ulama) qəbul edirlər, onların fətva və çıxışlarına istinada üstünlük verirlər.

İlk əvvəl ondan başlayaq ki, Azərbaycanda 1980-ci illərin sonları, 1990-cı illərdə sələfiliyin yayılmasının pioneri və bu cərəyanın ölkəmizdəki sonrakı inkişafına həlledici təsiri olmuş, Azərbaycan sələfilərinin indi də adını ehtiramla yad etdiyi, onların bir növ mənəvi atasında çevrilmiş, yuxarıda adı çəkilən Şeyx Səlim Zaxarna ən azı buradakı dəvət dövründə məhz sxolastik sələfiliyin ən məşhur nümayəndəsi və müəyyən mənada banisi kimi anılan Məhəmməd Nəsir əd-din Albaninin (1999-cu ildə vəfat etmişdir) davamçısı hesab edilirdi.

Azərbaycanlı sələfilər qeyd edirlər ki, onlar ilk əvvəl Səlim Zaxarnanın təşviqi ilə məhz Şeyx Albani tərəfdarlarına çevrilsələr də, yerli tələbələr Mədinə təhsili alandan sonra Azərbaycan sələfiləri içərisində sxolastik sələfiliyin digər avtoritetləri olan Əbdül Əziz ibn Bəz (1999-cu ildə vəfat etmişdir) və Məhəmməd ibn Saleh əl Üseyminin də (2001-ci ildə vəfat etmişdir) ardıcılları yaranmağa başlayır. Sabiq ərəb əsilli tələbələrin sələfi təbliğatında aparıcı olduğu dövrdə, yəni təxminən 1996-cı ilə qədər Albaninin təbliğatı və fikirləri üstünlük təşkil edir. Azərbaycanlı tələbələrin Mədinədən geri dönməsindən sonra isə ibn Bəz və əl Üseyminə xitablar daha çox yer almağa başlayır. Bu o dövrdə baş verir ki, Küveytdəki İİDC-də də, Zoltan Pallın iddia etdiyi kimi, təşkilatın rəhbərliyi aktivistlərdən ənənəvi-sxolastiklərə keçir. “İİDC xaricdəki bütün sələfi aktivist qruplardan maddi dəstəyini geri çəkir və yalnız ənənəvi sxolastik qupların fəaliyyətini dəstəkləyir”.[19] Beləliklə, azərbaycanlı Mədinə tələbələrinin qayıtmasından sonra sələfi təbliğatının tədricən aktivist formadan ənənəvi sxolastik formaya ideoloji keçidi baş verir və növbəti dekada ərzində Azərbaycanda sələfi təbliğatında böyük üstünlük ənənəvi sxolastiklərin əlində olur.

Mneimneh qeyd edir ki, sxolastik sələfilik birbaşa siyasətə müdaxilə etməsə də, hakimiyyətə qeydsiz-şərtsiz loyal bir cərəyan da deyil. Hətta hakimiyyət siyasətini dəstəklədiyi bəyanatlarda belə sözlərini ehtiyatla seçməyə meyl edəndir. Məhz buna görə də opponentləri sxolastik sələfiliyi “sultanın (hakimin) sələfiliyi” adlandırsalar da, bəzi tərəfdarları cərəyanın alimlərinin ikibaşlı sözlərini siyasi aktivliyin səssiz təşviq edilməsi kimi qiymətləndirmişlər.[20]

Qeyd etmək lazımdır ki, bu ikibaşlılıq Azərbaycanda sələfiliyin eyni qolunun tərəfdarlarında da, xüsusən 1990-2000-ci illərin əvvəllərinədək hiss edilmişdir. Daxili siyasətdə bir tərəfdən itaətçi sələfilərə xas şəkildə açıq tekstlə “əmirə qeydsiz-şərtsiz itaəti” təşviq etsələr də və hətta Qamət Süleymanov dövlət başçılarına sadiqlik barədə kitab yazsa da[21], potensial siyasi sekulyar müxalifətlə təmaslarını müxtəlif dövrlərdə davam etdirmişlər, demokratik müxalifəti hər hansı şəkildə pisləməmişlər. Lakin tədricən “rəhbərə itaət” mövzusu Süleymanovun diskursunun əsas hissəsinə çevrilməyə başladı və bu, onun rəhbərlik etdiyi sələfi qrupunun addım-addım tam mədxaliçiliyə transformasiyasına gətirib çıxartdı.

Haşiyə çıxaraq, oxucunun yazıda çox rast gələcəyi səbəbilə, Azərbaycanda sələfidaxili çəkişmələrdə geniş istifadə olunan daha üç termin haqqında qısaca izah verməyə lüzum görürük. Bu terminlərin teoloji mənaları dərin və çox mübahisəli məsələ olduğundan, burada yalnız bəsit şəkildə onu qeyd edə bilərik ki, ittihamların ədalətli olub-olmamasından asılı olmayaraq bizim kontekstdə adətən “xəvaric” kimi hökuməti müsəlman kimi qəbul etməyənlər, yaxud kafir hesab edənlər, “təkfirçi” kimi hökumətlə yanaşı özləri kimi olmayan cəmiyyət üzvlərini də müsəlman saymayanlar nəzərdə tutulur. Bunların tam əksi olan “murciə” isə İslam tarixində, kobud desək, digər müsəlmanları dini qaydaları-filanı yerinə yetirmədiyinə görə günahlandırmayıb, hökmü qiyamətdə Allahın ixtiyarına buraxmağı tövsiyə edənlərə deyilib.

Bir daha təkrar edək ki, bunlar yuxarıdakı terminlərin, təbii ki, dindarlar tərəfindən birmənalı qarşılanmayacaq çox bəsit izahıdır, lakin yaranmış reallığı ümumi şəkildə əks etdirir. Əlavə olaraq onu deyək ki, hər bir sələfi digər sələfilər tərəfindən bu ittihamlarla üzləşdikdə onları qətiyyətlə rədd edir, əksinə, məhz öz görüşünü sələfiliyin ən düzgün interpretasiyası hesab edir.

Cihadçı sələfiliyin yüksəlişi və ilk icmadaxili münaqişələr

Beləliklə, cihadçı sələfilik Azərbaycanda 1990-cı illərdən özünü adda-budda hallarda göstərməyə başlasa da, əsasən İkinci Çeçenistan müharibəsinə münasibət, o müharibənin təsiri altında genişlənmiş, Azərbaycan sələfi icması daxilində ilk dərin parçalanmaya səbəb olmuşdur. Sonradan bu parçalanma ABŞ-ın Əfqanıstan və İraqa müdaxiləsinin doğurduğu sələfidaxili mübahisələr zəminində daha da dərinləşmişdir.

Yerli sələfi icması daxilində cihad diskursu ətrafında gedən bu mübahisələrdə Q.Süleymanov və ətrafındakılarla daha çox gəlmələrdən ibarət cihadçı sələfilər arasında münaqişə başlamışdır. Qamət Süleymanovla Əlixan Musayev kimi yerli sələfi liderlər gəlmə cihadçı təbliğatçılara qarşı birgə fəaliyyət göstərmişdir. Məhz bu zaman da Çeçenistan cihadına qoşulmağa çağıranlara qarşı əvvəl “xəvaric”, Əfqanıstan və İraq müharibələri əsnasında isə “təkfirçi” epitetlərindən geniş istifadə olunmağa başlanmışdır. Əks tərəf isə Qamət tərəfdarlarını “irca”da, yəni “murciə”likdə ittiham etmişdir.

Müsahiblərimizin iddialarına görə, Azərbaycana yerlilər tərəfindən ilk təkfirçilik ideyalarını 2001-2002-ci illərdə Dağıstan və Çeçenistan təsirində olan sələfilərdən Suriyadakı “Əl-Fəth” mədrəsəsinə oxumağa getmiş bir qrup gətirmişdir. Bununla belə, sələfi icmasının nümayəndələrindən bəziləri iddia edir ki, bunlardan bir qrupun təkfirçi olmalarına baxmayaraq, Qamət Süleymanovun Suriyadan gələn bütün tələbələrə təkfirçi adı qoyması icmada ciddi narazılığa səbəb olmuşdur.

Müsahiblərimiz deyir ki, Qamət Süleymanova qarşı iki fərqli irca ittihamı irəli sürülmüşdür. Birincisi siyasidir ki, bunu doğrudan da cihadçı, təkfirçi və digər radikal qruplaşmalar irəli sürmüşlər və bunu əsassız da hesab etmək olar. Lakin ikinci bir irca ittihamı da vardır ki, bu da sırf teolojidir[22] və sxolastik sələfiliyin davamçıları tərəfindən qaldırılır.

Bu ikincilər iddia edirlər ki, Qamət və tərəfdarları üzdə yuxarıda adı çəkilən iki mötəbər sələfi qurumundan olan sələfi alimlərinin, misal üçün Saleh bin Fıvzan əl Fəvzanın fikirlərini avtoritet kimi qəbul etdiklərini desələr də, reallıqda həmin alimlər tərəfindən ircada ittiham edilmiş Əli Həsən əl Hələbi, Xalid əl Ənbəri və başqalarının görüşlərini təbliğ edirlər. Bundan əlavə, Süleymanovun tərəfdarları Saleh ibn Fəvzan tərəfindən irca yaymaqda ittiham olunmuş Rəşid ibn Əhməd Üveyş əl Məqribinin kitabını tərcümə və tədris etmişlər.[23] Qamət və tərəfdarları isə kontr-arqument kimi iddia edirlər ki, onların bəzi icma üzvləri tərəfindən bu ittihamla qarşılaşması sufilərə, şiələrə kafir deməmələri, yəni onları təkfir etməmələri səbəbi ilə baş vermişdir.[24] Amma qeyd etmək lazımdır ki, ümumən Süleymanov və digər sələfilərin diskurslarında yerli şiə və sufi ənənələrinin sərt tənqidi həmişə xüsusi yer tutub.

Dəyişən dinamika

2000-ci illərin əvvəllərində sələfi camaatı arasında bölünmənin digər təbii səbəbləri də yaranmışdı. Ümumiyyətlə, 1990-cı illərin sonu, 2000-ci illərdən etibarən Azərbaycanda İslamın yeni, açıq siyasi İslam mərhələsinə daxil olduğunu qeyd etmək olar. Bu özünü həm sələfilərdə, həm də şiələrdə büruzə verdi. Lakin fərq onda idi ki, əgər 1990-cı illərdə sələfilik qeyd edildiyi kimi, inkişafı digərlərindən daha çox sezilən, daha sürətlə böyüyən dini cərəyan idisə, siyasi relslərə keçmə nəticəsində şiəlik bir renessans dövrünə qədəm qoymuş və siyasi arenada daha uğurlu olmuşdu. Siyasətə birbaşa müdaxilə isə əksinə, sələfilik üçün mənfi nəticələrə gətirmişdir. Əlbəttə, bunun səbəblərinin araşdırılması xüsusi tədqiqat tələb edir. Biz burada sadəcə, səbəblər haqqında ilkin təəssüratlarımızı bölüşə bilərik. Məsələ burasındadır ki, siyasi şiəlik özünü daha çox insan haqları uğrunda mübarizə (İçərişəhər Cümə icması), yerli sosial problemlər ətrafında səfərbər olunma (Nardaran), seçkilərdə müxtəlif muxalif qruplara aşıq dəstəklə (İçərişəhər Cümə icması, “İkmal” gənclər təşkilatı) avtoritarizmə qarşı sekulyar müxalifətlə yaxınlaşıb, demokratik dəyişikliklər tələb etmək şəklində büruzə vermişdisə, sələfiliyin siyasi forması əsasən silahlı münaqişələrə fokuslanmış cihadçılıq, silahlı mübarizə şəklində meydana çıxmışdı. Bu da sələfiliyin radikal imicinin daha da dərinləşməsinə ciddi təsir göstərmişdir.

Sözsüz ki, sələfilərin içində də 2000-ci illərdə sekulyar müxalifətə yaxınlaşmaq cəhdləri olmuşdu, lakin ortodoks sələfi teologiyasının bu mənada birmənalı sərtliyi belə bir transformasiyanın və sələfilər içində demokratik mübarizəyə qoşula biləcək, şiələrdəki Cümə icması kimi mütəşəkkil qrupun yaranmasına imkan verməmişdi. Bununla belə, qeyd etmək lazımdır ki, sekulyar müxalifət içərisində individual şəkildə partiyalara qoşulmuş sələfi dindarlara da rast gəlinmişdir.

2000-ci illərin ikinci yarısından sonra baş verən bir dəyişikliyin də rolunu xüsusi qeyd etməyə ehtiyac var. Yuxarıda danışıldığı kimi, əgər 1990-cı illərdə sələfi təbliğatında ərəb tələbələr, fondlar, xaricdə oxumuş azərbaycanlı tələbələr, Rusiya təsiri əsas rol oynayırdısa, internetin ölkədə yayılması, xüsusən dial-up internetindən, əvvəl DSL-ə və sonra daha inkişaf etmiş qoşulma texnologiyalarına keçid, mobil internetin geniş yayılması, üstəgəl, bu keçidin təxminən Əbu-Bəkr məscidinin bağlanması ilə üst-üstə düşməsi sələfi təbliğatında internetin rolunu xeyli artırmışdır (əlavə-2). Azərbaycan sələfiliyinə təsir nöqteyi-nəzrindən internetin rusdilli, türkdilli və ərəbdilli seqmentləri əsas rol oynamışdır.

Maraqlıdır ki, bu zaman rusdilli və türkdilli seqmentlər sələfiliyin daha radikal formalarının genişlənməsinə təsir göstərmişdir. Misal olaraq, Qusarda sələfiliyin təkrar, daha radikal, bəzən cihadçı formalarda dirçəlişini, həmçinin türkiyəli, hazırda həbs olunmuş Əbu Hunzala ləqəbli Halis Bayancukun Azərbaycanda xeyli tərəfdar toplaya bilməsini misal göstərmək olar.[25]Şəbəkənin ərəb dilli seqmenti isə mənbələrlə, ənənəvi sələfi mərkəzlərə birbaşa təmas imkanı yaratmış, sıravi icma üzvlərində ərəb dili biliklərinin artması ilə internet imkanlarının genişlənməsinin birgə təsiri nəticəsində sxolastik sələfiliyin yeni, Mədinə tələbələrindən ayrı qolunun təşəkkülünə yol açmışdır. Nəticədə proses Mədinə tələbələrinin şəksiz bilik, xitab avtoriteti kimi rollarının zəifləməsinə və hətta icma daxilində daha bir parçalanmaya gətirib çıxarmışdır.

Nüfuz davası səbəbilə baş verən parçalanmalar

Vaxtilə radikallara qarşı birgə mübarizə aparmış Qamət Süleymanovla Əlixan Musayevin bir müddət sonra öz aralarında nüfuz münaqişəsinə başlaması isə sürətlə sayı çoxalan sələfi camaatının böyüməsi, liderlik iddiası, ərəb ölkələrində öz aralarında rəqabətdə olan müxtəlif sələfi cərəyanlara qoşulmaları, bununla ideoloji fərqlərin meydana çıxması, daxildə toplanan, həmçinin xaricdən gələn maliyyə vəsaitlərinə nəzarət uğrunda mübarizə kimi faktorlarla izah oluna bilər.

Bəzi müsahiblərimizin fikrincə, bu münaqişənin qızışdırılmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin o vaxtkı sədri Rafiq Əliyevlə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülsilam Paşazadə arasında qarşıdurmanın da əlahiddə rolu olmuşdur. Şeyxülislam 2001-ci ildə yeni yaranmış dövlət qurumuna qısqanclıqla yanaşmış, bunu səlahiyyətlərinə təhdid kimi qəbul etmiş, hər vasitə ilə bu sahədə aparıcı söz sahibi olduğunu nümayiş etdirməyə çalışmışdır. Həmçinin ölkənin o dövrdə ən aktiv dini icmasını nəzarətə almaq uğrunda da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin rəhbərləri arasında rəqabət yaranmışdır. Şeyxülsilamın Qamət Süleymanovu özünə yaxınlaşdılrmaq cəhdi sələfi icmasını öz nəzarətinə götürmək istəyən Rafiq Əliyevin icmanın alternativ lideri kimi Əlixan Musayevə dəstək verməsinə gətirib çıxartmışdır və bu münaqişə getdikcə dərinləşərək kəskinləşmişdir.

Qeyd edək ki, hazırda mediada çox da görünməyən Əlixan Musayev Azərbaycanda mənfi mənada xeyli məşhur olan din xadimi Ələsgər Musayevin qardaşı oğludur. Ələsgər Musayev ərəb təşkilatları ilə əməkdaşlıq edib, sələfi təbliğat qruplarında çalışıb, bir müddət Səlim Zaxarnanın təşkilatında da işləyib və ərəblərin təşkil etdiyi yay kamplarında iştirak edib. 1990-cı illərin ortalarında əsasən paytaxt ətrafındakı Əmircan qəsəbəsində qərarlaşmış Ələsgər Musayevin qrupu Bakıda çox populyar idi.[26] Lakin sonradan o, ərəblərlə əlaqələri kəsmiş, özünü peyğəmbər elan etmiş, bununla da gözdən düşmüş və sonradan hətta həbs edilmişdir. Əlixan Musayev həmçinin ölkədə radikal sələfiliyin əsas bazalarından biri kimi tanınmış, yaxud təqdim olunmuş, 2016-ci ildə bağlanmış və dəfələrlə mətbuatda Suriyaya mücahid göndərməkdə ittiham edilən Ləzgi (Aşur) məscidinin imamı Mübariz Qarayevin də yaxın qohumudur..

Əlixan Musayev 1980-ci illərin sonlarında Özbəkistana gedərək orda təhsil alıb. Sələfilik içindəki opponentləri onun orada “Hizbu-t-Təhrir” qruplaşmasına qoşulduğunu iddia edirlər. Guman edilir ki, Əlixan Musayev Özbəkistanda, sonradan özbək hökuməti tərəfindən qətlə yetirilmiş Əbdül Vəli adlanan bir nəfərin Namanqan şəhərində açdığı və ərəblər tərəfindən maliyyələşən mədrəsəsində oxuyub. Nəhayət, o, Mədinə İslam Universitetinin ilk beş azərbaycanlı məzunundan biridir.[27]

Rafiq Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılması bu məqamda Əlixan Musayevi məğlub duruma salır. Fəqət qeyd etmək lazımdır ki, münaqişə Əlixan Musayevin məğlubiyyəti ilə nəticələnsə də, Qamət Süleymanovun da nüfuzuna ciddi zərbə vurmuşdur. Şeyxülislamın sələfi icmasına nəzarət etdiyini nümayiş etdirmək üçün israrla Qamət Süleymanovdan onu dini lider kimi qəbul etdiyini səsləndirməyi tələb etməsi və sonuncunun bunu etməsi onu icma daxilində ciddi nüfuz itkisinə məruz qoyub, xeyli tərəfdarını itirməsi ilə nəticələnmişdir.

Bundan əlavə, 2003-cü ildə vəfat edən ölkənin üçüncü prezidenti H.Əliyev üçün məsciddə Şeyxülsilamın təkidi ilə cənazə namazı qıldırması[28] icma daxilində ən müxtəlif sələfi qruplar tərəfindən Qamət Süleymanova qarşı iradların tutulmasına gətirib çıxarmışdır ki, bu da həmçinin onun icma daxilində nüfuzuna ciddi şəkildə mənfi təsir göstərmişdir. Qamət Süleymanovun tərəfdarları iddia edirlər ki, onun üzərinə bu hücumlara Əlixan Musayev də dəstək vermişdir, baxmayaraq ki, özü də həmin cənazə namazında iştirak etmişdir. Lakin Əlixan Musayev müsahibələrinin birində Qamət Süleymanovun onu 2003-cü ildən Çeçenistana adam göndərməkdə ittiham etdiyini deyir. Həmçinin 2008-ci ildə də Qamət Süleymanovun ətrafı tərəfindən Əfqanıstana mücahid göndərməkdə günahlandırıldığını iddia edir.[29]

Əlixan Musayevlə Qamət Süleymanov və tərəfdarları arasında son iri münaqişə Ərəb baharından, xüsusilə də Suriya konfliktindən sonra baş vermişdir. 2014-cü ilin əvvəllərində Qamət və tərəfdarları Əlixan Musayevi və Mübariz Qarayevi Suriya cihadçılarına dəstək verməkdə, xəvariclikdə günahlandırmışlar.[30] Musayevin yayılmış bir səs yazısında onun Suriyadakı cihadçıları dəstəklədiyi iddia olnur. [31] Digər bir yayılmış səs yazısı isə rəqiblərinin onu həmçinin təkfirçilikdə günahlandırmasına səbəb olur.[32] Cavab bəyanatında Əlixan Musayev bu iddiaları rədd edərək əksinə, Qamət Süleymanovun özünün Suriya cihadçılarına rəğbət bəslədiyini iddia edir.[33] Bununla əlaqədar Qamət üzərinə qarayaxma tipli video da hazırlanır.[34]

Qamət və tərəfdarlarının sxolastisizmdən mədxaliçiliyə transformasiyası

Zoltan Pall qeyd edir ki, “Ərəb baharından sonra ənənəvi sxolastik sələfilər yenidən üzə çıxan aktivist sələfilərə bütün Yaxın Şərqdə məğlub oldu. Bunun əsas səbəbi isə ənənəvi sxolastik sələfi şeyxlərinin etirazlar vaxtı avtoritar ərəb rejimlərini müdafiə etməsi və etirazçıların əleyhinə fətvalar vermələri idi.”[35]

Azərbaycanda da vəziyyət eyni idi. Sxolastik sələfiliyin əsas simvolu və ibadətgahı olan Əbu-Bəkr məscidinin 2008-ci ildə bağlanmasına qədər bizim özünü “ənənəvi sələfilik” adlandıran qrup Mneimnehin klassifikasiyasındakı Səudiyyə sxolastiklərinə oxşar davranırdılar. Lakin məscidin qapadılmasından, ən əsası Ərəb inqilablarından sonra daha çox itaətçi sələfilik (mədxaliçilik, camiyəçilik, vali sələfiliyi) xətti götürmüşlər. Qamət və tərəfdarlarına bağlı “Sələfxəbər” adında internet xəbər portalında ölkə başçısnın adı çəkilərkən xarakterik dualarla müşayiət olunmağa başlaması bu transformasiyanı qabarıq şəkildə nəzərə çatdırırdı.

Qənaətimizcə, etiraf olunmasa da, məhz belə açıq transformasiya sələfiliyin Mədinə tələbələri tərəfindən təmsil olunan bu qolunun icmada tədricən nüfuzdan düşməsinə təsir göstərmişdir. Lakin həm Mədinə tələbələri belə bir keçidi inkar edir, həm də opponentlər məsələnin mədxaliçiliklə əlaqələndirilməsini düzgün saymırlar. Dini-teoloji mübarizə yenə də yuxarıda sadaladığımız epitetlər, yəni xəvaric, təkfirçi, murciə kimi ittihamlar üzərində qurulur.

Qamət və tərəfdarları Mneimnehin yuxarıda təsvir etdiyimiz bölgüsü ilə razılaşmayaraq, yerli opponentlərini xəvaric, təkfirçilik və hizbçilikdə ittiham edir. Mədinə tələbələrindən ayrılmış sıravi icma üzvlərindən ibarət qrup isə məsələni belə qoyur ki, sıravi sələfilər arasında ərəb dili bilənlərin artması, ölkədə internetə çıxışın yayılması ilə özlərinin birbaşa mənbə və xütbələrlə maraqlana bilməsi nəticəsində Qamət və tərəfdarlarının sxolastik sələfilik alimlərinin deyil, məhz Səudiyyə Ərəbistanının fətva komitəsinin ircada ittiham etdiklərinin əsərlərini icma üzvlərinə tövsiyə, tərcümə, tədris etməsinin aşkara çıxması Mədinə tələbələrinə murciə deyilməsi üçün əsas yaratmışdır Nəticədə vaxtilə sələfiliyin siması sayılan və Qamətlə simvolizə olunan Mədinə tələbələrinin əsas hissəsinin tədricən icma içərisində nüfuzdan düşməsi baş vermişdir.

İstənilən halda əlaqənin olub-olmamasından asılı olmayaraq, bir şey aydındır ki, Əbu-Bəkrin bağlanmasından, xüsusilə Ərəb inqilablarından sonra Qamət və tərəfdarlarının itaətçi-loyalist mövqeyi daha qabarıq şəkildə özünü büruzə vermiş (bəlkə də bu, məscidin açılmasını təmin etmək üçün taktiki mövqe olmuşdur) və məhz o dövrdə də icma üzvləri arasında narazılıq daha da artmağa başlamışdır. Hər halda, Əbu-Bəkr məscidinin bağlanması qətiyyən ümumən sələfiliyin tənəzzülü ilə nəticələnməmişdir. Əksinə, bu addım bir tərəfdən cihadçı düşüncə tərəfdarlarının artmasına, digər tərəfdən sələfiliyin bütün ölkə boyu yayılmasına səbəb olmuşdur.

“Loyal müxalifət”, akitivist-hizbçilik

Həmçinin sxolatsik sələfiliyin əsas liderlərinin loyalist-itaətçi mövqeyə keçidi, xüsusən ərəb inqilablarından sonra onlar üçün mənfi nəticələrə gətirib çıxartmışdır. Ümumən ərəb inqilablarının mədxaliçiliyin tənəzzülü və aktivist sələfiliyin artmasına göstərdiyi təsir azərbaycanlı Mədinə məzunlarının öz arasında da növbəti parçalanmaya səbəb olmuş, tədircən Qamət Süleymanov tərəfdarlarının sələfi icması içərisində say üstünlüyünü itirməsi ilə nəticələnmişdir. Nəticədə Mədinə tələbələri içərisindən Qamət Süleymanovdan ayrılmış yeni bir qrup bu tənəzzüldən yaxa qurtara bilmiş, məhz aktivist sələfiliyə keçməklə nisbi nüfuzunu qoruya bilmişdir. Mədinə tələbələrindən Adil Rəcəbov bu qrupun lideri olmuşdur. Yerli, mədxaliçiliyə keçmiş sələfilərin, yəni Qamət Süleymanov tərəfdarlarının “hizbçı” (partiyaçı) adlandırdığı Adil Rəcəbov qrupunun məhz bundan sonra Azərbaycanda ayrıca sələfi cərəyanı kimi formalaşmağa başladığını iddia etmək olar. Qamət Süleymanovun Adil Rəcəbov barədə dedikləri əslində parçalanmanın ən azı teoloji mənada məhz loyalist və aktivist qarşıdurması kontekstində əsaslandırıldığını sübut edir. [36] Bununla belə, Qamət Süleymanov israrla Adil Rəcəbovu təkfirçilərlə, yəni qatı radikallarla əlaqələndirməməyi tövsiyə edir.[37]

Bizə belə gəlir ki, bir çox oxşar xüsusiyyətlətinə görə Adil Rəcəbov qrupu daha çox Zoltan Pallın yuxarıdakı klassifikasiyasında izah olunan İhya əl Turas (İİDC) tərkibindəki siyasi fəaliyyətdə iştirak edən ənənəvi sxolastik sələfilərə bənzəyir. Ona görə də Qamət Süleymanov və Adil Rəcəbov tərəfdarları arasındakı bölünmə də daha çox mədxaliçilərin İhya əl Turasa bağlı sxolastiklərlə qarşıdurmasına oxşayır. Fəqət Qamət Süleymanov tərəfdarları və bir sıra digər ənənəvi sələfilər İhya əl Turas içində aktivist-sxolastik bölgüsünün olmadığını iddia edir, hamısını hizbçi adlandırırlar. Qeyd olunmalıdır ki, Adil Rəcəbov tərəfdarları da öz növbəsində hizbçi adlandırılmaqları ilə qətiyyən razılaşmırlar.

Bununla belə, Adil Rəcəbovun aktivist sələfiliyin alimləri, həmçinin İİDC ilə əlaqələri onu Səudiyyə dini establişmentinin “hizbçi” kimi tanıtdrmağa cəhd etdiyi qruplaşmaya aid etməyə əsas yaradır. Həmçinin Səudiyyə Ərəbistanından Əl Mədxaliyə yaxın olan din xadimi Şeyx Abdullah Buxari Adil Rəcəbovu hizbçilikdə günahlandırır, onun Mədxalinin hizbçi adlandırdığı Şeyx Əbu-l-Həsən Məribinin[38] adamlarına qoşulduğunu iddia edir.[39] Əlavə olaraq onu deyək ki, Adil Rəcəbov yayılmış audio yazılardan birində Suriyadakı müharibəni əvvəl Şeyx Ludeidan kimi sələfi alimlərinin rəyinə əsaslanaraq cihad adlandırdığını etiraf edir. Fəqət alimlərin o müharibəni fitnə adlandırmasından sonra əvvəlki mövqeyindən imtina etdiyini bildirir.[40]

İstənilən halda Adil Rəcəbovun rəhbərliyi altında bu aktivist qrup getdikcə güclənmiş və bütün müsahiblərimizin təsdiq etdiyi kimi, hal-hazırda nüfuz və təsir dairəsinə görə Qamət və tərəfədarlarını üstələmişdir.[41] Üstəgəl, deyilənə görə Adil Rəcəbov tərəfdarlarının Əlixan Musayev tərəfdarları ilə yaxınlaşması prosesi də müşahidə olunmaqdadır.

Beləliklə, çoxlu sayda müsahiblərimizin fikirlərinə əsaslanaraq Azərbaycan sələfilərini sayına görə aşağıdakı kimi sıralamaq mümkündür:

Adil Rəcəbov tərəfdarları
Qamət Süleymanov tərəfdarları
Əlixan Musayev tərəfdarları;
Müxtəlif xəvaric, təkfirçi, cihadçı qruplaşmalar;
Mədinə tələbələrindən ayrılmış icma üzvləri. Bunları Mneimnehin klassifikasiyasına uyğun olaraq müasir sxolastik də adlandırmaq olar ki, birbaşa Səudiyyə fətva komitəsinin aparıcı alimlərinin fikirlərinə uyğun mövqe nümayiş etdirirlər.
Heterodoks sələfi qruplar
Bunlardan başqa heç bir qruplaşmaya aid olmayan, sadəcə sələfi üsulu ilə ibadət edən individual dindarların da sayı kifayət qədər çoxdur.

Təbəqələr, vasitələr, məscidlər, regionlar

Sələfilərin Azərbaycanda istər coğrafi yayılma arealı, istərsə də əhatə etdiyi sosial təbəqələr məsələsi də kifayət qədər maraqlı mövzudur.

Bakı və Sumqayıt kimi iri şəhərlər, Qobustan, Ceyranbatan, Müşfiqabad kimi bu iri şəhərlərin yaxın ətrafları, etnik sünni azlıqların sıx konsentrasiya olunduğu Zaqatala, Balakən, Quba, Qusar, Xaçmaz kimi şimal rayonları, ərəb fondlarının fəaliyyəti nəticəsində qaçqın və məcburi köçkünlərin yerləşdiyi Bərdə, Yevlax, Ağcabədi bölgələrindəki çadır düşərgələrində sələfiliyin yayılması xüsusilə uğurlu olmuşdur. Sələfilik bir sıra ənənəvi şiə bölgələrinə daxil ola bilsə də və hətta Tərtər kimi yerlərdə xüsusilə güclənsə də, ümumən şiə bölgələrində müqayisədə nisbətən zəifdir.

Əgər Qarabağ qaçqınları arasında sələfiliyin yayılması sırf Körfəz əsilli fondların xeyriyyə fəaliyyəti ilə bağlıdırsa, şimal etnik azlıqları arasında sələfi təbliğatının uğuru onların sünni olması, rusdilli sələfi ədəbiyyatının onların etnik tarixi tellərlə bağlı olduğu Dağıstandan gəlməsi, Qusar kmi rusdilli təhsilin geniş yayıldığı bölgədə internetin rolu kimi səbəblər daxildir.

Sələfi təbliğatında gözlənilməz uğurlu nəticəsinə görə xüsusi maraq doğuran hal isə Bakının azərbaycanlı rusdilli əhalisi arasında onun populyarlığı idi. Bizim fikrimizcə, bunun bir sıra səbəbləri vardır. Rusdilli təhsil 1970-1980-ci illərin əvvəllərində nəinki Bakıda daha sürətlə genişlənmə fazasına daxil omuş, artıq regionlarda da populyarlaşmağa başlamışdı. Rusdilli azərbaycanlılar əhalinin elitar təbəqəsi idi. Bakının mərkəzində azərbaycanca danışmaq açıq-aşkar geridəqalmışlıq nişanəsinə çevrilirdi. Birdən SSRİ-nin dağılması ilə isə rusdilliləşmiş elita ciddi problemlə üz-üzə qalmışdı. Rus dilinin dominant dil kimi arxa plana keçməsi, türk əsilli Azərbaycan dili bilgilərinin prioritetləşməsi paytaxtın yuxarı təbəqəsi sayılan rusdilliləri faktiki ictimai həyatın kənarına itələyir, ciddi kimlik böhranı ilə üz-üzə qoyurdu. Azərbaycan dilini kifayət qədər zəif bilən, yaxud ümumiyyətlə bilməyən rusdillilərdə bu durum ciddi stiqmanın yaranmasına səbəb olurdu. Bu şəraitdə yerli kimliyə sədaqətin nümayişi üçün İslami sələfi kimlik üzərinə konsentrasiya sanki bir çıxış yolu oldu. Sələfilik nə tarixən din xadimi yerli sekulyar intelligensiya tərəfindən gözdən salınmış, sovet dövründə bisavadlığı ucbatı ilə “bozbaş mollası” adlandırılmış, Qarabağ müharibəsi dövründə isə Ermənistanın müttəfiqi kimi ictimai rəydə yer tutmuş İranla assosiasiya olunan şiəlik ilə, nə də rusdillilərin yerli türk millətçiliyin artması ilə elitadan uzaqlaşdırılmalarına baiskar gördükləri Türlkiyə ilə əlaqəsi var idi. Tam əksinə, sələfi dəvətində bu ikisinin tənqidi xüsusi yer tuturdu.

Həmçinin mahiyyəti etibarilə elitist olan sələfilik[42] yerli, özünü daha intellektual görən bəzi rusdillilərin elitist eqolarını da müəyyən dərəcədə oxşayırdı. Çünki ilk baxışda dinə intellektual yanaşmaya təşviq edirdi. Digər dini cərəyanları tənqid edə bilmək üçün sələfi “əsl İslamı öyrənməli”, mənbələrlə bilavasitə tanışlıq məqsədilə ərəb dilini mənimsəməyə səy göstərməli, “dəlil” üçün çoxlu oxumalı, araşdırmalı idi. Üstəlik, ilk sələfi ədəbiyyatı da məhz rus dilində gəlirdi.

Nəhayət, sələfi prozelitistlər də (əvvəl ərəb, sonra yerli) Bakının imkanlı elitasını xüsusi olaraq hədəfə alırdılar. Məhz bunun nəticəsidir ki, yerli elitanın, o cümlədən bir sıra hətta yüksək çinli məmurların da övladları sələfi cərəyanına qoşulub, müxtəlif maliyyə, logistik dəstək göstərənlər sırasında idi. Görünür, sələfiliyin idmançılar arasında da uğur qazanmasının səbəbi məhz belə məqsədli təbliğatın nəticəsi olmuşdur.

Maraqlıdır ki, sonradan rusdilli sələfilərdən bir nüfuzlu qrupunun Qərdavi ixvanları ilə yaxınlaşması prosesi baş verir. Küveyt Vəqflər Nazirliyinin patronajı ilə yaradılmış, ixvançıların ideoloji nəzarətində olan “İslamda orta yol” (Vasatiyyə) adlı beynəlxalq mərkəz var idi ki, bu mərkəzin Bakıda 2006-cl ildə “İdrak” adlanan ictimai birliyi yaradılır. Müsahiblərimiz rusdilli sələfilərin bu qrupda aktivliyini xüsusi qeyd edirlər. “İdrak”ın saytında iddia edilir ki, bu təşkilat siyasətə müdaxilə etməməklə, milli, etnik və dini ixtilaflara zəmin yaratmamaqla, başqa fikirli insanlara, əqidə fərqləri olsa belə, dözümlə yanaşmaqla, İslamofobiyanın qarşısını almaqla “İslamın mötədillik prinsipləri” əsasında fəaliyyət göstərir.[43] Təşkilat Azərbaycanın rəsmi qurumları ilə ortaq layihələr həyata keçirmişdir.

“Vəsatiyyə”nin Küveytli rəhbərlərindən birinin Azərbaycanın hökumətyönlü saytlarından birinə verdiyi müsahibədən belə anlaşılır ki, təşkilatın məqsədləri içərisində sələfi-vəhhabiliyə qarşı mübarizə də xüsusi yerlərdən birini tutur.[44] Lakin qeyd etmək lazımdır ki, Küveytdə Vəqflər Nazirliyinin ixvanın əlindən sələfilərin əlinə keçməsindən sonra[45] Bakıdakı təşkilatın da maliyyələşdirilməsində problemlər yaranmışdır.[46].

Küveyt İxvanı ilə Azərbaycan hökumətinin münasibətləri özü də maraqlı mövzudur. Birincilərin Asiya Müsəlmanları Komitəsi Bakıda 1990-cı illərdə açılmış və indi də fəaliyyət göstərməkdədir. Bu münasibətlər iki əsas reallıqla müəyyən olunurdu. Birincisi, Azərbaycanın şiə dini avtoritetləri, görünür kənar məsləhətlə, İxvana sələfiliyin sünnilər içərişində nisbi uğurunun qarşısını almaq üçün istifadə edilə biləcək mümkün vasitələrdən biri kimi baxırdılar. Həmçinin İxvanla İranın Yaxın Şərqdə, ən azı Əsədə münasibət məsələsindəki parçalanmaya qədər yaxşı münasibətləri QMİ-nin Kuveyt İxvanı ilə yaxın əlaqələrinin qurulmasına səbəb olmuşdur. Azərbaycandakı digər şiə qruplar da bu yaxınlaşmaya isti yanaşmışlar.

Quran və ərəb dili kursları, yay məktəbləri, ehtiyacı olan ailələrə sosial yardımlar, ümumiyyətlə, sosial yardımlaşma işinin xüsusi təşkili, müxtəlif cür kiçik məişət, xırdavat dükanları, nəhayət, məscid tikinti və bərpası sələfi dəvətinin əsas komponentləri olmuşdur.

Yeni məscidlərin tikintisi və sovet dövründə baxımsız vəziyyətə düşmüş köhnə məscidlərin bərpası sələfiliyin yayılmasında xüsusi rol oynamışdır. Bəzi mənbələr, misal üçün, təkcə Küveyt dövlətinə bağlı təşkilatlar tərəfindən Azərbaycanda 90-cı illərdə ümumilikdə 73 məscidin ya tikilib, ya da bərpa edildiyini yazırlar.[47] O cümlədən, yuxarıda deyildiyi kimi, 1990-cı illərin ikinci yarısından Azərbaycan sələfiliyinin qeyri-rəsmi mərkəzinə çevrilmiş Əbu-Bəkr məscidinin də tikintisi Küveytin İslam İrsinin Dirçəlişi cəmiyyəti tərəfindən maliyyələşdirilmişdir. Qamət Süleymanovun rəhbərliyi altında fəaliyyət göstərən bu məscid 2008-ci ildə ora terror hücumundan sonra bağlanmışdır. Əbu-Bəkr məscidində terror hadisəsi 2008-ci il avqustun 17-də baş verir. Namaz vaxtı atılan qumbaranın partlaması nəticəsində 2 nəfər həlak olur, Qamət Süleymanov da daxil olmaqla 18 nəfər yaralanır. Bir neçə gün sonra hüquq-mühafizə orqanları birgə bəyanatla əsas şübhəlilərin “Meşə qardaşları” adlandırılan Şimali Qafqazda hərbi birləşmələrdə iştirak etmiş cihadçı sələfilər, Azərbaycan vətəndaşları İlqar Mollaçiyev və Samir Mehdiyev olduğunu bildirir. Qamət Süleymanov və tərəfdarları da bu versiyanın həqiqiliyini təsdiq edir. Lakin Azərbaycanda məhkəmə hakimiyyətinin qeyri-müstəqilliyi xeyli insanı istintaqın və ittihamın obyektivliyinə şübhə ilə yanaşmağa vadar edir. Daha bir neçə gün sonra isə İlqar Mollaçiyevin Dağıstanda Rusiya xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində öldürüldüyü məlumatı yayılır. Bu hadisədən sonra hökumət istintaq prosesində Əbu-Bəkr məscidini qapadır.

Əbu-Bəkr məscidinin bağlanmasından sonra sələfilərin böyük qismi Bakıda əsasən Türkiyə Diyanət Başkanlığının inşa etdiyi ibadət evlərinə yığışırlar. Bu, təxminən o dövr idi ki, Azərbaycan hökuməti xarici vətəndaşların ölkədə dini təbliğatı aparmasını, ruhani fəaliyyətini qadağan edən qanunlar qəbul edirdi və bu vaxta kimi hökumətin tolerantlıq nümayiş etdirdiyi Türkiyə vətəndaşlarının da imamlıqdan getməsi onlar tərəfindən tikilmiş, idarə olunan məscidlərinin idarəçiliyində bir boşluq yaradırdı. Əsas məscidlərinin bağlanmasından sonra bu məscidlərə axan sələfilər isə demək olar ki, bütün bu məscidlərdə kəmiyyət üstünlüyünə malik olurlar. Nəticədə bu məscidlərdəki sələfi prozetilizmi Bakıda yerli və Türkiyə təsirli sünni icmaların üzvlərinin də bir çoxunun sələfiləşməsinə nail olur. Çox tezliklə Bakıda “İlahiyyat”, (BDU-nun İlahiyyat fakültəsinin məscidi), Qaraçuxur, Müşfiqabad, Ceyranbatan kimi qəsəbələrdə yerləşən məscidlərin ibadət əhli əksərən sələfilərdən ibarət olur, bəzi hallarda bu ibadətgahlarda xütbə və mərasimlərin də öz görüşlərinə uyğunlaşdırılmasına müvəffəq olurlar.

Qeyd etmək lazımdır ki, məscidlərin sələfilərdən alınması prosesi Əbu-Bəkrlə də dayanmır. Düzdür, növbəti il Türkiyə hökumətinin tikdirdiyi Şəhidlər məscidinin bağlanmasından sonra bu proses nisbətən səngisə də, İraqda və xüsusən Süriyada İŞİD-in meydana çıxmasından sonra sələfi məscidlərinin onların əlindən alınmasının yeni dalğası başlayır.

Vaxtilə Türkiyə prozelitizminin nəticəsi olaraq hənəfi sünnilərin məscidi hesab olunan Müşfiqabad məhz yuxarıda göstərilən mexanizmlə sələfi icmasının nəzarətinə keçmişdi. 2014-cü ildə isə Müşfiqabad məscidinin[48] radikallarla bağlı olması iddiası ilə hökumətyönümlü mediada mütəmadi yazılar çıxmağa başlayır. Təxminən eyni dövrdə Qamət Süleymanov tərəfindən radikalları dəstəkləməkdə günahlandırılan Əlixan Musayev Müşfiqabad məscidində yerli sələfi icmasını öz təsiri altına almaq üçün orada dərslər aparmağa cəhd edir.[49] Qamət tərəfdarları Əlixan Musayevin ora dini komitə tərəfindən, məscidi nəzarətə götürmək üçün yönləndirildiyini iddia edirdilər. Bu məlumat hətta bəzi online mediaya da yol tapır.[50] Lakin istənilən halda Əlixan Musayevin məsciddə möhkəmlənmək cəhdi nəticə vermir. İcma üzvləri Əlixan Musayevin oraya gəlməsini isti qarşılamır. Bir müddət sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təzyiqi ilə icma özünü buraxır[51] və oraya yenidən bu dəfə rəsmi şəkildə hənəfi məzhəbli imam təyin olunur.[52]

Həmçinin Bakının mərkəzində yerləşən, tez-tez yerli, hökumətyönmülü mediada İraq və Suriyaya cihadçı göndərməkdə ittiham olunan[53] Ləzgi (Aşur) məscidi də bir neçə il davam edən təzyiqlərlə üzləşir. Ləzgi məscidində imamlığı yuxarıda adı çəkilən Əlixan Musayevin qohumu, həmçinin Mədinə tələbəsi, fəaliyyəti dövründə bir neçə dəfə həbsə məruz qalan Mübariz Qarayev[54] edirdi. Qamət Süleymanov Əlixan Musayevlə yanaşı Mübariz Qaryevi də radikallıqda ittiham edirdi.[55]

2013-cü ildə Qamət Süleymanovla münasibətləri hələ tamamilə korlanmamış Adil Rəcəbov öz qrupu ilə Ləzgi məscidini nəzarətə götürməyə cəhd edib.[56] Hətta bir müddətlik buna nail olub. Lakin qısa müddət sonra Adil Rəcəbov və tərəfdarları Əlixan Musyaev[57] və tərəfdarlarının təzyiqi ilə məsciddən uzaqlaşmaq məcburiyyətində qalıb. Yeri gəlmişkən, təxminən danışılan dövrdə Adil Rəcəbov da hüquq mühafizə orqanları tərəfindən həbs edilir.[58] Fəqət Əlixan Musayev özü də Adil Rəcəbovun ardınca daha radikal sələfilər tərəfindən məsciddən kənarlaşdırılır. Nəhayət, 2016-ci ildə hökumət vaxtilə yanındakı şiə Cümə məscidi nümunəsində etdiyi kimi təmirə bağlamaq adı ilə sələfi icmasını Ləzgi məscidindən çıxardır.[59]

Bakı ətrafındakı Qobustan qəsəbəsi də sələfi təbliğatının xüsusi olaraq uğur qazandığı məkanlardan biri hesab olunur. Bu işə orada Üzeyir Simirovun yaratdığı mədrəsənin böyük təsiri olub. Hökumətyönümlü mətbuatda radikallıqda günahlandırılan Qobustan qəsəbə məscidi[60] 2016-cı ilin iyulun sonunda hökumət tərəfindən qapadılıb.

Sələfi ibadət yerlərinin bağlanması dalğasında maraqlı hadisələrdən biri Sumqayıt ətrafındakı Corat qəsəbəsində baş verir. Bu qəsəbədə Zöhrab Şıxəliev adlı sələfi öz evində ibadət yeri təşkil etmişdi. Lakin 2014-cü ildə bu ibadətgaha polislər tərəfindən reyd olunur, silah tapılması iddiası ilə ora bağlanır, Zöhrab Şıxəliyev isə həbs olunur[61] və Sumqayıt polis idarəsində həbs olunanlar, dediklərinə görə, fiziki təzyiqə məruz qalırlar.[62] Bu həbsi qəribə edən səbəb isə o idi ki, Zöhrab Şıxəliyev əslində loyalist sələfilərin üzvü kimi tanınırdı.[63] Qamət Süleymanov isə mətbuat vasitəsilə bu həbsdən narazılığını ifadə etmişdi.[64] Bir müddət sonra ağır ittihamlara rəğmən Zöhrab Şıxəliyev azadlığa çıxır.

Hal-hazırda sələfilərin Bakı və ətrafında ən çox yığıldıqları məscidlər İlahiyyat, Ceyranbatan, Qaraçuxur, Mehdiabad məscdilərdir. Yaranan durum isə belədir ki, sünni məscidlərinin heç birində rəsmi sələfi imamlar olmasa da, demək olar ki, hamısında ibadətə gələnlərin əksəriyyəti yuxarıda sadalanan müxtəlif sələfi qruplarına aid dindarlardır və ümumilikdə, bütün Bakı, Abşeron, Sumqayıt bölgəsindəki əksər sünni məscidlərdə çoxluğu təşkil edirlər.

Maraqlı hadisələrdən biri yeni tikilimiş Heydər məscidində baş vermişdir. Sübh nazmazında ibadətə gələnlərin əksəriyyətinin sələfi olduğunu görən məscid rəhbərliyi bu ibadət evində sübh namazlarını dayandırmışdır.

Guman etmək olar ki, Bakıda məscidlərin bağlanması prosesini də hökumət davam etdirəcəkdir. Bu sırada ən gözləniləni İlahiyyat məscididir. Hərçənd bir müddətdir ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Əbu-Bəkr məscidinin təkrarən ibadətə açılacağını da bəyan edir.

Sələfi ibadət yerlərinin bağlanması təkcə Bakıda deyil, regionlarda da baş verirdi və zaman etibarilə daha əvvəl həyata keçirilməyə başlamışdı.

Azərbaycanda hələ 1990-cı illərdən sələfiliyin geniş yayıldığı digər bir yer isə ölkənin əhali sayına görə ikinci böyük yaşayış məskəni olan Sumqayıt şəhəri idi. Sumqayıtda sələfilik ilk əvvəl bu şəhərdəki qaçqın və məcburi köçkünlərə yardım edən ərəb fondları tərəfindən yayılmağa başlamışdı. Sumqayıtın ilk sələfilərindən olan, hazırda Qamətin qrupunda yer alan Dağlıq Qarabağ ətrafı rayonların birindən olan məcburi köçkün deyir ki, onlara ilk olaraq sələfiliyi 1990-cı illərdə misirli bir müəllim öyrədib.[65] 1993-94-cü illərdə Sumqayıtda əsasən qaçqınlara yardımların paylandığı Nərimanov klubunun arxasında ərəblər məscid tikib. Ənənəvi qaydada ərəblər yardım paylayır, din tədris edirdilər. Ancaq bu məscid 2001-ci ildə hökumət tərəfindən qapadılır və bundan sonra Sumqayıt sələfiləri Əbu-Bəkr məscidinə getməyə başlayılar. Hal-hazırda isə sumqayıtlı sələfilərin ibadət üçün ən çox yığışdığı məkan Ceyranbatan məscidi hesab olunur.

Gəncədə, şəhərin Bakı və Sumqayıtdan fərqli olaraq ənənəvi mühitə daha bağlı olması sələfilərin burada yayılmasını nisbətən daha çətin edib. İlk əvvəl sələfilərin Gəncənin mərkəzindəki məsciddə möhkəmlənmək cəhdi yerli şiə əhalinin ciddi müqaviməti ilə rastlaşıb. Bununla belə, nə qədər maraqlı olsa da, sələfilər tədricən əhali arasında “Alban kilsəsi”adlandırılan tarixi ibadət yerini özlərinin ibadət məkanına çevriməyə müvəffəq olublar. Lakin 2009-cu ildə bu ibadət yeri də hökumət tərəfindən qapadılıb.[66] Hal-hazırda Gəncədə bir qrup sələfinin Qazaxlar məscidində ibadət etdiyi deyilir.

Sələfiliyin xüsusi uğur qazandığı bölgələrdən biri də ölkənin şimalındakı Zaqatala olmuşdur. Kuveytin aktivist-hizbçilərə yaxın, yuxarıda haqqında danışılan İhya Əl-Turas təşkilatı bir çox təşəbbüsləri ilə yanaşı, İkinci Tala kəndində mədrəsə də tikmişdir. Hətta sovet quruluşu zamanında belə sünni sufi İslamın nüfuzunu qoruya bildiyi Muxax kəndində də postsovet dövründə sələfilik seziləcək uğur qazanmışdır. Adil Rəcəbov əslən bu kənddəndir.

Etnik azlıqların sıx məskunlaşdığı və sələfi təbliğatının aktiv olduğu regionlardan biri də Qusar rayonudur. Qusarda sələfiliyi ilk əvvəl ərəblər yaysa da, sonradan coğrafi səbəblərdən Dağıstanın və oradan gələn rusdilli ədəbiyyatın təsiri güclü olub. Lakin burada radikallaşma və buna cavab olaraq hökumətin inzibati tədbirləri sələfiliyin ilk dalğasının zəiflədilməsinə gətirib çıxarıb. Bununla belə, Suriya və İraq hadisləri əsnasında aktivləşmə burada yeni internet nəsli sələfiliyinin formalaşdığını da ciddi şəkildə nəzərə çarpdırmışdır. Qusardakı bu yeni internet nəsli sələfiliyi də özünü daha mühafizəkar formalarda büruzə vermişdir.

Sələfiliyin ciddi nəzərə çarpdığı və mütəmadi olaraq müxtəlif səbəblərdən ictimaiyyətin diqqətini özünü çəkən bölgələrdən biri də ənənəvi şiə regionu olan Tərtər rayonu idi. Əsasən Çeçenistan müharibəsində iştirak etmiş yerli azərbaycanlıların təsiri ilə formalaşmış və böyümüş bu sələfi icmasından artıq məhkum olunmuş “Qarabağ partizanları” adlı cihadçı qrup da çıxmışdır.

Sələfilər getdiyi məscidlər ətrafında yaşayışı dünyagörüşlərinə uyğun olaraq dini nöqteyi-nəzərdən rahat etmək üçün eyni zamanda buralarda icmalar şəklində məskunlaşır, ictimai iaşə obyektləri və xırda dükanlar açırdılar. Misal üçün, Ceyranbatanda, Qaraçuxurda, Müşfiqabadda belə olmuşdu. Bakıdakı Əbu-Bəkr məscidi ətrafında eyni hal isə mətbuatda ciddi müzakirəyə səbəb olmuş və hökumətin prosesin qarşısını almaq üçün müxtəlif rəsmi və qeyri-rəsmi resursları ilə müdaxiləsinə gətirib çıxartmışdı.

Sələfilərin sayı

Hazırda belə bir statistika olmadığı üçün ölkədə nə qədər sələfinin olduğunu hətta təxmin etmək belə olduqca çətindir. Sadəcə, bəzi iddialar və təxmini rəqəmlər var. Məsələn, 4 il əvvəl azərbaycanlı araşdırmaçı Aydın Əlizadə Azərbaycanda 70 min sələfinin olduğunu[67] iddia edib. Ancaq eyni zamanda iki ildən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini “vəhhabilərin sayında azalma olduğunu” bildirib.[68] Lakin Komitə rəsmisi rəqəm söyləməyib. ABŞ-da çıxan məqalələrdən birində, bu ölkədə araşdırmaçı və doktorluq tələbəsi olan, buna qədər hökumətyönümlü Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Kamal Qasımov Azərbaycanda sələfilərinin sayının 50 mindən çox olmadığını iddia edir.[69] Bizə müsahibə verən sələfi icması aktivistləri isə bu rəqəmin heç cür 80 mindən aşağı olmadığını deyir (buraya həm qadın, həm kişi sələfilər daxildir) və komitə rəsmisinin azalma haqqında dedikləri ilə razılaşmırlar.

DQİDK sədri Mübariz Qurbanlı müsahibələrinin birində bildirib ki, Azərbaycanda əhalinin 5 faizi məscidlərə gedir, digərləri isə ev şəraitində ibadət edir.[70] Ümumən, Azərbaycan hökumətinin statistikası siyasi konyukturdan asılı olaraq ictimaiyyətə ötürülən rəqəmləri məqsədə uyğunlaşdırmağa meyllidir və bu mənada həm etibarsızdır, həm də xeyli ziddiyətlidir.[71] Lakin biz əgər sələfilərin böyük əksəriyyətinin Bakı və Sumqayıtda konsentrasiya olduğunu, bu şəhərlərdə mütəmadi ibadət edənlər arasında sünni və şiələrdə böyük fərq olmadığını, bir çox sələfilərin hətta mümkün təzyiqlərə görə məscidə getməkdən yayındıqları halda yenə də sünni məscidlərində gözlə görünən əksəriyyət təşkil etdiyini nəzərə alsaq, yalnız bu iki böyük şəhər, üstəgəl Abşeron rayonunda sələfilərin sayının bir neçə on mindən az olmadığı şübhə doğurmaz. Bəzilərində hətta aktiv sələfilərin bir neçə min olduğu respublikanın digər rayonları da hesaba alındıqda kişi və qadın sələfilərin ümumi sayının 80-100 min olması iddiası heç də şişirtmə təsiri bağışlamır (əlavə 3).

Nəticə

Beləliklə, Azərbaycanda sələfilik 1980-ci illərin sonlarından etibarən əvvəl ərəb tələbələr, sonra ərəb təşkilatlar, Rusiyadan gələn təsirlər vasitəsilə yayılmağa başlamış, 1990-cı illərin sonlarından isə xaricdə oxumuş yerli sələfilər bu təbliğatın önünə keçmiş, daha da inkişaf etdirmişlər. 1990-cı illərdə sələfilik birmənalı şəkildə ölkədə ən sürətlə inkişaf edən dini cərəyan olmuş. 1990-2000-ci illərdə özünün yüksəliş dövrünü yaşamışdır.

Təxminən 1990-cı illərin sonlarından etibarən cihadçı və siyasi sələfiliyin meydana çıxması bu icma içində ilk ciddi münaqişlərə səbəb olmuşdur. Sonradan digər, çoxsaylı səbəblərin də təsiri altında sələfi icması daxilində parçalanmalar və münaqişələr dərinləşmiş, yekcins sələfi icması müxtəlif qruplara bölünmüşdür.

Artıq 1996-cı ildən xarici prozelitistlərin ölkədən çıxartması ilə Azərbaycan hökuməti getdikcə sərtləşən metodlarla sələfiliyin yayılmasının qarşısını almağa çalışmışdır. 2008-ci ildə Bakıda sələfilərin ən böyük mərkəzi olan Əbu-Bəkr məscidi burada baş verən terror aktından sonra bağlanmış və bir sıra digər məscidlər də eyni aqibəti yaşamışdır. Lakin guman etmək olar ki, bu sərt siyasət gözlənilən nəticəni verməmişdir. Əsas məscidin bağlanması ənənəvi-sxolastik sələfiliyin zəifləməsi və siyasi sələfiliyin bütün ölkəyə yayılması ilə nəticələnmişdir. İcma daxilində radikallşmaya da həmçinin hökumətin bu sərt siyasəti öz mənfi təsirini göstərmişdir. Üstəgəl, ölkədə internetə qoşulmanın texnoloji inkişafının baş verdiyi şəraitdə Əbu-Bəkr icmasının təsir dairəsinin zəiflədilməsi də radikallara əlavə avantaj vermişdir .

Nəticədə İraq və Suriyada radikal “İslam dövləti” cihadçılığının gücləndiyi vaxt Azərbaycandan ora, hökumətin özünün də etiraf etdiyi kimi, minlərlə insanın, hətta ailə qarışıq getməsi, iqtidarın son 10 ildə radikalizmlə apardığı sərt mübarizənin gözlənilən effekti vermədiyini sübut etmişdir. Ölkədə cihadçı sələfiliyin səfərbərlik imkanları üçün münbit şəraitin formalaşdığı məlum olmuşdur. Cihadçı təbliğatçılar ölkədə hökumət tərəfindən dindar sələfilər üzərinə edilən bir çox hallarda qanunsuz təzyiqlərdən öz xeyirlərinə yararlana bilmişlər. Gedənlər yalnız əqidə etibarilə qatı cihadçı sələfilər olmamışlar. Hökumətin təzyiqlərindən yaxa qurtarmaq istəyən, bu vəziyyətdə, əqidəyə uyğun rahat yaşayış və ibadət vəd edən cihadçıların çağırışlarının toruna düşənlər də, görünür, az olmamışdır. Xüsusən artıq beynəlxalq mediada geniş əks-səda doğurmuş cihadçılara qoşulan çoxsaylı Azərbaycanlı qadınlar məsələsi bu istiqamətdə təhlili vacib edən amildir. Lakin bu barədə Azərbaycanda cihadçı sələfiliyə həsr etdiyimiz növbəti araşdırmada geniş danışacağıq.

2000-ci illərdən etibarən sivil metodlarla açıq müxalif siyasi fəaliyyətə keçmiş şiəlik özünün renessans dövrünə qədəm qoymuşdur. Dini doktrinləri səbəbilə, radikallaşma və itaət seçimlərindən kənara çıxa bilməyən sələfilik isə ictimai rəyin bunların hər ikisinə mənfi münasibəti səbəbilə sanki çıxılmaza düşmüş, inkişafı şiəliklə müqayisədə səngimişdir. Ərəb inqilablarından sonra Adil Rəcəbov qrupunun meydana çıxaraq güclənməsini də sələfiliyin bu çətin durumdan çıxış cəhdi kimi qiymətləndirmək mümkündür.

Altay Göyüşov, Kənan Rövşənoğlu

————————————————

Əlavə 1

Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətindən əlavə ölkəyə onlarla digər sələfi təbliğatı aparan fondlar da gəlmişdir. Bunlar içərisində Azərbaycanda dini görüşlərin yayılmasında xüsusi fərqlənmiş təşkilatllardan bəziləri bunlardır:

Əl-Harameyn Xeyriyyə Təşkilatı –1988-ci ildə Pakistanda qurulan təşkilat 1992-ci ildə Səudiyyə Ərəbistanına daşınaraq fəaliyyətini ordan davam etdirməyə çalışdı. Riyad mərkəzli təşkilat 2004-cü ildə ABŞ-ın təzyiqləri ilə Səudiyyə krallığı tərəfindən rəsmi şəkildə ləğv edildi. Təşkilatın Azərbaycandakı fəaliyyətləri isə 2000-ci ilin yanvar ayından dövlət tərəfindən dayandırıldı. Bu təşkilatın Azərbaycandakı rəhbərlərindən biri hələ 1980-ci illərin sonlarından Dağıstanda və Azərbaycanda sələfi təbliğatı aparan Məhəmməd Əli adlı iordaniyalı idi. Əl-Harameynin tərkibində ayrıca Qafqaz təşkilatı da fəaliyyət göstərirdi.

Beynəlxalq İslam Nicat təşkilatı– Səudiyə Ərəbistanı dövlətinin Azərbaycan Respublikası ilə rəsmi razılığı əsasında fəaliyyət göstərirdi.[i] Təşkilat Qarabağ müharibəsi illərində qaçqın düşərgələrinin qurulması və humanitar yardımın təminində böyük rolu olmuşdu. Sələfi və ixvan yönümlü insanların çalışdığı humanitar təşkilat Azərbaycanda yerli sələfilərin ən məşhurlarından Qamət Süleymanov, Əlixan Musayev və bir çox gəncin Səudiyyə Ərəbistanda təhsil alıb geri qayıtmasına vasitəçilik etmişdir. Təşklatın Bakıdan Kanadaya getmiş əməkdaşlarından biri orada terrorizm ittihamı ilə həbs edilmişdi.[ii] Təşkilatın Bakı ofisi 2010-cu ilə qədər fəaliyyət göstərmişdir[iii]. Bakı ofisinin rəhbəri Saad əl-Almar isə dövlət orqanları ilə problemlərinin yaranmasından sonra Azərbaycandan çıxarılmışdır.

Dünya Müsəlman Gənclər Assambleyası – 1972-ci ildə Səudiyyə Ərəbistanın Ciddə şəhərində qurulan təşkilat dünyanın 56 ölkəsində fəaliyyət göstərir. Humanitar yardım, təhsil, Quran təbliği və müsəlman olmayanlara İslami tanıtmaq kimi məqsədləri olan təşkilatın Səudiyyə Krallığı[iv] və krallığa bağlı dini siyasi qurumlarla sıx əlaqəsi mövcuddur. Təşkilat bəzi qərb ölkələri tərəfindən terrrorizmi dəstəkləməkdə ittiham olunur.

Küveyt Asiya Müsəlmanları Komitəsi – Küveyt Vəqflər Nazirliyinə bağlı humanitar təşkilat[v]. Bu təşkilat əsasən İxvan-il Müslimin qrupunun nəzarətində olan müəssisədir və rəhbəri Adil Felahın Azərbaycanda yerli bürokratiya ilə uyğun dil tapa bilməsinə görə fəaliyyətini hələ də davam etdirməkdədir.

Qətər Xeyriyyə Cəmiyyəti– Qatar dövlətinin humanitar təşkilatı. 2002-ci ildə Ədliyyə Nazirliyinin qərarı ilə terrorçu qurumlarla əməkdaşlıq etməklə radikal təriqətçilik, dini ədavət və fanatizm oyadan təbliğat ittihamı ilə fəaliyyəti dayandırılan cəmiyyət Azərbaycanda məscidlərin, islam mərkəzlərinin, elm və səhiyyə ocaqlarının tikintilərinə yardım edirdi.

“Dar əl Bir”– Bu xeyriyyə Cəmiyyəti 1979-cu ildə, Birləşmiş Ərəb Əmirliklərində Əmək və Sosial Məsələləri Nazirliyinin sərəncamı ilə təsis edilib. Təşkilatın rəsmi rəhbəri Birləşmiş Ərəb Əmirlikləri dövlətinin vitse-prezidenti, eyni zamanda baş nazir və Dubay şəhərinin meri olan Şeyx Muhəmməd ibn Raşid əl-Məktum olmuşdur. 1994-cü ildən etibarən təşkilat Azərbaycanda həm sələfi prozelitizmi, həm də xeyriyyəçilik sahəsində fəaliyyət göstərib. 2014-cü ildə Azərbaycan hökuməti təşkilata qəfil təzyiqlər başladaraq onu qapatmışdır.[vi]

Danışılan dövrdə körfəzdən gələn qruplarla birlikdə Misir və Sudandan da çox az sayda təşkilat Bakıda sələfi təbliğatının aparılması sahəsində fəaliyyət göstərmişdir.

[i] http://qmkdk.gov.az/images/all/file/TESHKILATLAR%20Siyahi%202010.pdf

[ii] https://d2071andvip0wj.cloudfront.net/191-azerbaijan-independent-islam-and-the-state.pdf

[iii] http://qmkdk.gov.az/images/all/file/TESHKILATLAR%20Siyahi%202010.pdf

[iv][iv] http://qmkdk.gov.az/images/all/file/TESHKILATLAR%20Siyahi%202010.pdf

[v] http://newtimes.az/en/diplomatik/4958/

[vi] http://musavat.com/news/g%C3%BCnd%C9%99m/Bak%C4%B1dak%C4%B1-v%C9%99hhabi-fondunda-q%C9%99fil-yoxlama-v%C9%99-h%C9%99bsl%C9%99r_210795.html?fb_locale=ru_RU

—————————————————-

Əlavə 2 – Sələfilərin bəzi onlayn mediası

Adil Rəcəbov tərəfdarları

ixlasla.com
Azərbaycan dilində elm tələbələrinin xütbə və dərsləri

ixlasla.com – Ən son Səsli Dərslər

ixlasla.com (Youtube kanalı)
https://www.youtube.com/user/ixlasla

Fəqih.com
http://www.feqih.com/

Azərislam.com
http://www.azerislam.com/

Tovhid.info
http://tovhid.info/

Feqihtube (Youtube kanalı)
https://www.youtube.com/user/feqihtube?sub_confirmation=1

Sən Xatırlat (Youtube kanalı)

https://www.youtube.com/channel/UC0Ekc_EF2ksm_1DOj4K9rxw

Muslih Tv
https://www.youtube.com/channel/UCZ44ZEvZFm49jWCZibQ-P4w

Qamət Süleymanov tərfədarları

Əbu Bəkr məscidi
https://abubakr-mescidi.com/

Əbu Bəkr məscidi (youtube səhifəsi)
https://www.youtube.com/channel/UCr5T4t-3PetpQ1BJ-VqNJsw

Sələfin Fəhmi ilə (Youtube səhifəsi)
https://www.youtube.com/channel/UClSqdMbs6itErCvTZ-IFhog/featured

Sələf Xəbər
Azərbaycan İslami Araşdırmalar və Xəbər Portalı
http://selefxeber.az/ və https://www.youtube.com/user/selefxeber

as-Sahih.com
Əhli Sünnə vəl-Camaat
http://as-sahih.com

As-Sahih Dini paylaşımlar kanalı (Telegram)
https://t.me/AsSahih

As-Sahih
Sələfi elm tələbələrin dərsləri (Youtube kanalı))
https://www.youtube.com/channel/UCFcni7NGJS9aitV7_ftsoXA

Yaşar Süleymanlının youtube kanalı
https://www.youtube.com/user/yasharsuleymanli

Əlixan Musayev tərəfdarları

Burhan.az
https://www.youtube.com/user/burhanaznet/feed

Fecr TV
https://www.youtube.com/channel/UCiOEY2q1Aj7POtZ9BTlP2ew

Digərləri

Fatvalar.com
http://fatvalar.com/

Fatvalar.com (Youtube səhifəsi)
https://www.youtube.com/user/fatvalar

———————————————————

[1] “Salafi.” Oksford İslam lüğəti. Red. John L. Esposito. Oksford Online İslam Araşdırmaları. 04-Avq-2018. http://www.oxfordislamicstudies.com/article/opr/t125/e2072 , 20 iyun 2018-ci ildə baxılmışdır

[2] Quliyev, Vilayət, “Əhməd Ağoğlu: Paris illəri”, “525-ci qəzet”, 18 iyun 2011 http://www.anl.az/down/meqale/525/2011/iyun/cm92.htm , 20 iyun 2018-ci ildə baxılmışdır

[3]. Bax: Musatafayev, Qədim, XX əsrin əvvəllərində Azərbaycanda İslam ideologiyası və onun tənqidi, Bakı, Maarif, 1973, 296 s.

[4] Bax: Göyüşov, Altay, Azərbaycanda İttihadçılıq. (Goyushov, Altay, Ittihadism in Azerbaijan) Bakı, İrshad, 1997, 131 s.

[5] Mneimneh, Hassan, The Spring of a New Political Salafism?, Current Trends in Islamist Ideology, t. 12, s.- 21-36, (25) https://www.hudson.org/research/9896-the-spring-of-a-new-political-salafism- , 20 iyun 2018-ci ildə baxılmışdır

[6] Gasimov, Kamal, Multimodal Salafi Engagement with Digital Media in Azerbaijan, CAP Papers 195, İyul 2017, s.- 23 ( p.3) , http://centralasiaprogram.org/wp-content/uploads/2017/08/CAP-Papers-195-July-2017-Kamal-Gasimov.pdf , 20 iyun 2018-ci ildə baxılmışdır

[7] Yerli sələfi əqidəli dindarlarla müsahibə, 2015-2018-ci illər

[8] Sonrakı illərdə 1992-cı il qanuna çoxlu sayda məhdudlaşdırıcı əlavə və dəyişikliklər edilmişdir. http://www.e-qanun.az/framework/7649

[9] Yerli sələfi əqidəli dindarlarla müsahibə, 2015-2018-ci illər

[10] Ərəb təşkilatlarının əksəriyyəti prezident Heydər Əliyev ABŞ-da 11 sentyabr hadisələrindən sonra çıxratmış, hazırkı prezident İlham Əliyev isə Türkiyədə 2016-cı il çevriliş çəhdindən sonra Ərdoğan hökumətinin təzyiqi ilə Gulən institutlarının da Azərbaycandakı fəaliyyətini dayandırmışdır.

[11] Pall, Zoltan, Kuwaiti Salafism and its Growing Influence in the Levant, Carnegie Endowment for International Peace (Carnegie Middle East Papers), May, 2014, https://carnegieendowment.org/files/kuwaiti_salafists.pdf, 20 iyun 2018-ci ildə baxılmışdır

[12] International Crisis Group (ICG), Azerbaijan: Independent Islam and the State, 25 March 2008, Europe Report N°191, https://d2071andvip0wj.cloudfront.net/191-azerbaijan-independent-islam-and-the-state.pdf , 20 iyun 2018-ci ildə baxılmışdır

[13] https://www.un.org/sc/suborg/en/sanctions/1267/aq_sanctions_list/summaries/entity/revival-of-islamic-heritage-society , 20 iyun 2018-ci ildə baxılmışdır

[14] https://www.treasury.gov/press-center/press-releases/Pages/hp1023.aspx , 20 iyun 2018-ci ildə baxılmışdır

[15] http://enweb.iu.edu.sa/ , 20 iyun 2018-ci ildə baxılmışdır

[16] https://news.day.az/society/57685.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[17] Mneimneh, The Spring of a New Political Salafism?, p.p. 30-32, https://www.hudson.org/research/9896-the-spring-of-a-new-political-salafism- , 20 iyun 2018-ci ildə baxılmışdır

[18] Pall, Kuwaiti Salafism and its Growing Influence in the Levant, https://carnegieendowment.org/files/kuwaiti_salafists.pdf, , 20 iyun 2018-ci ildə baxılmışdır

[19] Pall, Kuwaiti Salafism and its Growing Influence in the Levant, https://carnegieendowment.org/files/kuwaiti_salafists.pdf, , 20 iyun 2018-ci ildə baxılmışdır

[20] Mneimneh, The Spring of a New Political Salafism?, p.p. 30-32, https://www.hudson.org/research/9896-the-spring-of-a-new-political-salafism- , 20 iyun 2018-ci ildə baxılmışdır

[21] Süleymanov, Qamət. Sünnə əhlinin etiqadına görə rəhbərlərə münasibət. Bakı : Adiloğlu, 2001

[22] Yerli sələfi əqidəli dindarlarla müsahibə, 2015-2018-ci illər

[23] https://www.youtube.com/watch?v=KDme8wYvYzs , 20 iyun 2018-ci ildə baxılmışdır

[24] Yerli sələfi əqidəli dindarlarla müsahibə, 2015-2018-ci illər ; həmçinin: https://www.youtube.com/watch?time_continue=191&v=xDELNlwwUiU , 20 iyun 2018-ci ildə baxılmışdır

[25] https://www.haberturk.com/son-dakika-ebu-hanzala-kod-adli-halis-bayancuk-a-14-yil-hapis-2034982 , 20 iyun 2018-ci ildə baxılmışdır

[26] МОТИКА, Раул, Исламские сети в Азербайджане 90-х годов, Азербайджан и Россия: общества и государства Мoscow, Letniy sad, 2001). Buradan baxmaq mümkündür: http://old.sakharov-center.ru/publications/azrus/az_010.htm , 20 iyun 2018-ci ildə baxılmışdır

[27] https://publika.az/news/nida/1372.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[28] https://www.youtube.com/watch?v=ZD7art6xHRw , 20 iyun 2018-ci ildə baxılmışdır

[29] https://publika.az/news/nida/1372.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[30] http://news.lent.az/news/151967 , 20 iyun 2018-ci ildə baxılmışdır

[31] https://www.youtube.com/watch?time_continue=238&v=BJqjjKoTDdc , 20 iyun 2018-ci ildə baxılmışdır

[32] https://www.youtube.com/watch?v=u3LcDVHcHUc&feature=youtu.be , 20 iyun 2018-ci ildə baxılmışdır

[33] http://apa.az/xeber-az/dini-xeberler/elixan-musayev-qamet-suleymanovun-ittihamlarina-cavab-verib.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[34] https://www.youtube.com/watch?time_continue=15&v=CDE0e9nP-ws , 20 iyun 2018-ci ildə baxılmışdır

[35] Pall, Kuwaiti Salafism and its Growing Influence in the Levant, https://carnegieendowment.org/files/kuwaiti_salafists.pdf, , 20 iyun 2018-ci ildə baxılmışdır

[36] https://www.youtube.com/watch?v=_HTSlvnFJDg&feature=youtu.be , 20 iyun 2018-ci ildə baxılmışdır

[37] https://axar.az/news/gundem/69204.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[38] http://www.themadkhalis.com/md/articles/nvskb-why-shaykh-rabee-was-correct-and-shaykh-abdul-muhsin-al-abbaad-was-wrong-yet-both-are-rewarded.cfm , 20 iyun 2018-ci ildə baxılmışdır

[39] https://www.youtube.com/watch?v=iihlNVnyZnU&feature=youtu.be , 20 iyun 2018-ci ildə baxılmışdır

[40] https://www.youtube.com/watch?v=p2EBmRlYUPQ&feature=youtu.be , 20 iyun 2018-ci ildə baxılmışdır

[41] Yerli sələfi əqidəli dindarlarla müsahibə, 2015-2018-ci illər

[42] Mneimneh, The Spring of a New Political Salafism?, p.p. 30-32, https://www.hudson.org/research/9896-the-spring-of-a-new-political-salafism- , 20 iyun 2018-ci ildə baxılmışdır

[43] http://idrak.org.az/new/orta-yol-haqqinda/ , 20 iyun 2018-ci ildə baxılmışdır

[44] https://az.trend.az/azerbaijan/society/1101798.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[45] Pall, Zoltan, The Emir’s Gift: Given a Greater Role, Kuwait’s Salafis Face the Costs, (Carnegie Middle East Papers), Aprel, 2018, https://carnegie-mec.org/2018/04/23/emir-s-gift-given-greater-role-kuwait-s-salafis-face-costs-pub-7613, 20 iyun 2018-ci ildə baxılmışdır

[46] Yerli sələfi əqidəli dindarlarla müsahibə, 2015-2018-ci illər

[47] Məmmədli, Nicat, Azərbaycanda Islam və Gənclik, Bakı Araşdırmalar İnstitutu: https://bakuresearchinstitute.org/az/islam-and-youth-in-azerbaijan/ , 20 iyun 2018-ci ildə baxılmışdır

[48] https://www.youtube.com/watch?v=3Kuqc4L8z9A , 20 iyun 2018-ci ildə baxılmışdır

[49] http://musavat.com/news/xevaric-ve-tekfirciler-elixan-musayevi-mescide-buraxmadilar_179321.html ; http://az.islam.az/news/a-12744.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[50] https://qazeta.club/2014/02/18/elsad-isg%C9%99nd%C9%99rov-%C9%99lixan-musayevi-aramiza-agent-kimi-soxmaga-calisir/ , 20 iyun 2018-ci ildə baxılmışdır

[51] http://www.pia.az/_-20280-xeber.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[52] http://olaylar.az/news/sosial/72698 , 20 iyun 2018-ci ildə baxılmışdır

[53] https://axar.az/news/toplum/41161.html ; http://hafta.az/index2.php?m=yazi&id=175144 , 20 iyun 2018-ci ildə baxılmışdır

[54] https://www.azadliq.org/a/26904933.html ; http://vaxt.az/?name=xeber&xeber_id=5360 , 20 iyun 2018-ci ildə baxılmışdır

[55] http://az.islam.az/news/a-12639.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[56] https://www.youtube.com/watch?v=glsORKxuyZ8&app=desktop , 20 iyun 2018-ci ildə baxılmışdır

[57] https://www.youtube.com/watch?v=Igpl2JgwJbg , 20 iyun 2018-ci ildə baxılmışdır

[58] https://525.az/site/?name=xeber&news_id=18251#gsc.tab=0 ; http://apa.tv/video/23865 , 20 iyun 2018-ci ildə baxılmışdır

[59] https://news.milli.az/society/455413.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[60] http://www.moderator.az/news/146328.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[61] https://www.amerikaninsesi.org/a/zohrab_sixaliyev/2518834.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[62] https://www.bbc.com/azeri/azerbaijan/2014/11/141118_sumgayit_muslims , 20 iyun 2018-ci ildə baxılmışdır

[63] http://selefxeber.az/ , 20 iyun 2018-ci ildə baxılmışdır

[64] http://virtualaz.org/bugun/35929 , 20 iyun 2018-ci ildə baxılmışdır

[65] Yerli sələfi əqidəli dindarlarla müsahibə, 2015-2018-ci illər

[66] http://apa.az/xeber-az/dini-xeberler/azerbaycanda-daha-bir-mescid-baglanib-yenilenib.html 20 iyun 2018-ci ildə baxılmışdır

[67] http://qaynarinfo.az/az/azerbaycanda-ne-qeder-vehabi-var-resmi-aiqlama/ 20 iyun 2018-ci ildə baxılmışdır

[68][68] http://femida.az/az/news/37410/Az%C9%99rbaycanda-v%C9%99habil%C9%99rin-say%C4%B1-azal%C4%B1b—A%C3%A7%C4%B1qlama 20 iyun 2018-ci ildə baxılmışdır

[69] Gasimov, Kamal, Multimodal Salafi Engagement with Digital Media in Azerbaijan, CAP Papers 195, İyul 2017, s.- 23 ( p.3) , http://centralasiaprogram.org/wp-content/uploads/2017/08/CAP-Papers-195-July-2017-Kamal-Gasimov.pdf , 20 iyun 2018-ci ildə baxılmışdır

[70] https://azvision.az/news/52352/ehalinin-5-i-mescidlere-gedir.html , 20 iyun 2018-ci ildə baxılmışdır

[71] ; http://musavat.com/news/din-amilinden-istifade-ederek-texribat-yaratmaq-isteyen-qruplar-var-mubariz-qurbanli_541634.html ; https://azvision.az/news/52352/ehalinin-5-i-mescidlere-gedir.html ; http://www.azadliq.az/xeber/245055/gencede-dini-durumla-bagli-hec-bir-problem-yoxdur-mubariz-qurbanli/ , 20 iyun 2018-ci ildə baxılmışdır

Yorumlar