Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Putin Merkel görüşmesi

Azərbaycanda din sahəsində yeni mərhələ

Azerbaycan 2 Haziran 2018
55

Dini fəaliyyəti öz əlində cəmləşdirən hökumət Bakını İslam mərkəzinə çevirməyə çalışır, amma mümkün olacaqmı?
Mayın 31-də yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

İlahiyyat İnstitutu bir qədər əvvəl yaradılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcək. İnstitut Bakı Dövlət Universitetinin İlahiyyat Fakültəsinin bazasında fəaliyyət göstərəcək. Fakültə ləğv olunur. Bakıda 20 yanvar dairəsi yaxınlığında artıq yeni institut üçün bina ayrılıb.

Yeni İnstitutun rektoru dini icmaların tanıdığı bir şəxsdir. Ceyhun Məmmədov Suriyada, Liviyada İslam dini və ərəb dili üzrə ali təhsil alıb, Bakıda doktorluq disertasiyası müdafiə edib. Uzun illər DQİDK-da ekspertiza şöbəsinə rəhbərlik edib, son illərdə isə Kamal Abdullahın rəhbərlik etdiyi müşavirlikdə çalışıb, eyni zamanda son bir ildə Dillər Universitetində dərs deyib, pedoqoji fəaliyyətlə məşğul olub. Yəni, sahəyə yad adam deyil.

Qeyd edək ki, hökumətin dini təhsil sahəsində ciddi addımlar atacağı, ölkədə vahid İslam dini təhsil mərkəzinin qurulacağı ilə bağlı məlumatları hələ illər öncə informasiya şəklində yazmışdıq. Azərbaycan hakimiyyəti yerli savadlı dini kadrlar hazırlamaq, xarici dini mərkəzlərdən kadr hazırlığı sahəsində, eləcə də dini fətva və ideoloji baxımdan asılılığı azaltmaq üçün Azərbaycanda yüksək səviyyədə təhsil mərkəzi qurmağı planlayırdı. Bir sıra səbəblərdən bu iş uzandı. Ancaq görünür ki, son illərdə İslamla bağlı hökumətin bir sıra addımları İlahiyyat İnstitutu layihəsini də aktuallaşdırıb.

Aydın məsələdir ki, İlahiyyat İnstitutunun qarşısında ciddi, hətta bu günə qədər olmamış bir vəzifə var: Azərbaycanda yüksək səviyyədə, xaricdən asılı olmayan, güclü ilahiyyat kadrlarının hazırlanması və dini təhsil mərkəzinin formalaşması. Məsələ ondadır ki, bir ölkənin İslam dini mərkəzi statusu alması üçün ilk növbədə güclü, böyük dini təhsil mərkəzi olması lazımdır. Özbəkistanda Buxara Mir Ərəb mədrəsəsi, İraqda Nəcəf, İranda Qum, Misirdə əl-Əzhər, Ərəbistanda Mədinə dini təhsil kompleksləri məhz dini mərkəz sözünün sinonimi kimi istifadə olunur. Azərbaycanın bu sahədə nailiyyət əldə etməsi, dini mərkəzlərdən birinə çevrilməsi üçün çox işlər görülməlidir. Sağlam təməllər üzərində kompleks fəaliyyət qurulmalıdır. Yalnız bu halda ilklər sırasında olmasa da, müəyyən bir nailiyyət əldə etmək mümkün ola bilər. Bunu isə yaxın zamanlarda görəcəyik. İndi bu sahədə C.Məmmədovun üzərinə böyük iş və şərəfli missiya düşür. Təbii ki, imkan yaradılsa. Çünki hazırkı DQİDK rəhbərliyi, eləcə də PA-nın müvafiq qurumlarında bu sahədə təcrübəsi olan şəxslər çox azdır, xüsusən də qərar verənlər sırasında. Əgər İlahiyat İnstitutu rəsmi bürokratiyanın nəzarəti altında formalaşacaqsa, ciddi uğur qazanmaq ehtimalı sual altına düşəcək.

İlahiyyat İnstitutunun formalaşması Azərbaycanda necə deyərlər, “alternativ” dini qurumların formalaşması prosesinin son akkordu oldu. Bundan əvvəl isə ötən il oktyabrın 10-da Azərbaycanda prezident fərmanı ilə DQİDK tərkibində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. DQİDK yanında fəaliyyət göstərəcək bu qurum mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərəcək. O cümlədən, Fond dini təhsil müəssisələri yardacaq, maarifçilik fəaliyyətini həyata keçirəcək. Artıq Mehman Hüseynov qurumun sədri təyin olunub. Fondun ilk işi isə din xadimlərinə əməkhaqqı olaraq yardımların verilməsidir.

Qısacası, DQİDK dövlət qurumu olduğu üçün konstitusiyaya əsasən dini fəaliyyət, təbliğat, dini təhsil fəaliyyətləri həyata keçirə bilmirdi. Ancaq indi DQİDK-nin yanında humanitar, maarifçilik fəaliyyətlərini həyata keçirəcək Mənəvi Dəyərlərin Təbliği Fondu və ali dini təhsil verəcək kadrları hazırlayan İlahiyyat İnstitutu var. Yəni, artıq Dövlət Komitəsi ölkədəki bütün dini sahələrə birbaşa və dolayısı ilə təsir imkanlarına malikdir.

Maraqlıdır ki, daha əvvəl dini təhsil, təbliğat, dini maarifçilik fəaliyyətləri Qafqaz Müsəlmanları İdarəsində idi. QMİ dövlət tərəfindən ayrılan büdcə ilə din xadimlərinə maaş verir, dini təbliğat, maarifçilik fəaliyyəti həyata keçirir, eyni zamanda 1989-cu ildən yaranmış Bakı İslam Universiteti və mədrəsələr vasitəsilə dini təhsil verirdi. Ancaq son illərdə tədricən bu fəaliyyət istiqamətləri QMİ-yə paralel olaraq DQİDK-də də yaradılıb. Dini fəaliyyət bir mənada tədricən dövlətin əlində cəmlənib. Əslində bu tendensiya son bir neçə ildə qabarıq görünür. Çünki dövlət dinlərarası dialoq, multikulturalizm kimi layihələri irəli sürüb və dünyada müsəlman həmrəyliyinin yaradılmasını xarici siyasət kursuna daxil edib. Təbii ki, daxildə də bu istiqamətləri gücləndirən fəaliyyətlərə ehtiyac vardı, bu səbəbdən də indi QMİ necə deyərlər, kənarda qoyularaq birbaşa dövlətin xətti ilə dini fəaliyyətlər həyata keçirilir. Bir mənada Türkiyə modelli dünyəvilik və dövlət-din münasibətləri modeli Azərbaycanda nümunə olaraq tətbiq olunur. Son addımlar onu deməyə əsas verir ki, paralel olaraq QMİ və dövlət qurumları dini sahədə eyni funksiya ilə fəaliyyət göstərəcək. Təbii ki, zamanla birinin meydandan sıxışdırılıb çıxarılmasını müşahidə edəcəyik. Dini hakimiyyət dualizmi sevmir.


Kənan RÖVŞƏNOĞLU

Yorumlar