Zeynal Əmrəliyev: ƏLİYEVİN ÖZBƏKİSTAN SƏFƏRİNİN ŞİFRƏLƏRİ AZƏRBAYCAN MƏRKƏZİ ASİYADA NƏ ETMƏK İSTƏYİR?
Prezident İlham Əliyev 15-16 noyabr tarixində Daşkənddə keçirilən 7-ci Mərkəzi Asiya Dövlət Başçıları Konsultativ Görüşündə iştirak etmək üçün Özbəkistana gedib. Bu format “Mərkəzi Asiya + Azərbaycan” modelini təmsil edir. Modelin yaradılmasında məqsəd ölkəmizin Mərkəzi Asiyadakı rolunu gücləndirməkdir. Cənab Əliyev səfər zamanı Azərbaycan – Özbəkistan münasibətlərinin inkişafı üçün də mühüm görüşlər keçirib. Dövlətimizin başçısı Özbəkistan prezidenti Şövkat Mirzoyevlə keçirdiyi görüş zamanı iki ölkə arasında əlaqələrin gələcək inkişafı ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Qlobal güclərin Mərkəzi Asiyaya güclənən marağını nəzərə alan Azərbaycan bu regionda aktivliyini daha da artırmışdır. Son zamanlar region ölkələri ilə aparılan geniş həcmli əməkdaşlıq münasibətləri Azərbaycana Mərkəzi Asiya Konsultativ Görüşlərində tam üzv statusu qazandırmışdır. Özbəkistan qədimdən türk dünyasının İslam dini ilə birləşdiyi əsas dini – mənəvi mərkəz hesab edilir. Təsadüfi deyil ki, Şərqin ən böyük mərkəzi məhz bu ölkədə yerləşirdi. Prezident İlham Əliyev Daşkənddə “İslam Mədəniyyəti Mərkəzi”ni ziyarət edib. Bu mərkəz elmi, mədəni, dini layihələr üçün vacib platformadır və Azərbaycan üçün mədəni diplomatiya baxımından əhəmiyyətli simvolik jestdir. Son zamanlarda regionda baş verən yeni geosiyasi reallıqlar Azərbaycanın Mərkəzi Asiya ilə strateji əlaqələrini daha da gücləndirmişdir. Ölkəmizin Mərkəzi Asiyaya daha sıx inteqrasiyası “Orta Dəhliz” (Middle Corridor) layihələrinin perspektivlərini gücləndirir. Konsultativ görüşdə razılaşdırılan sənədlər regionda nəqliyyat, loqistika, enerji və iqtisadi əməkdaşlığı təşviq edə bilər. Tam üzvlük Azərbaycanın Mərkəzi Asiyada ticarət, tranzit imkanlarını daha da genişləndirə bilər. Bakı və Daşkənd arasında son zamanlar iqtisadi – ticarət əlaqələri inkişaf edir. Əliyev və Mirziyoyev görüşündə iqtisadi əməkdaşlıq məsələləri — xüsusilə sənaye, enerji, turizm sahələri — müzakirə olunub. İki ölkə arasında investisya fondları, birgə layihələr (məsələn, sənaye müəssisələri, infrastruktur lahiyyələri) üçün daha geniş imkanlar var. Bu baxımdan dövlət başçısının bu səfəri yalnız diplomatik jest deyil — uzunmüddətli əməkdaşlıq üçün təməl qoyur, xüsusilə ticarət, nəqliyyat, mədəni və dini layihələr baxımından.
Share this content:



Yorum gönder