KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. AZƏRBAYCAN-TÜRKİYƏ-İRAN FORMATININ ƏSAS 3 BƏNDİ

AZƏRBAYCAN-TÜRKİYƏ-İRAN FORMATININ ƏSAS 3 BƏNDİ

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
501 0

Dekabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirildi. Görüşün yekunu olaraq ortaq bəyanat yayıldı. Bəyanatın üç bəndi daha çox diqqəti cəlb edir.

Birincisi, nazirlər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına çağırış etdilər. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyi xüsusi qeyd edildi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi dekabrın 1-də Ermənistanda rəsmi səfərdə olarkən bu ölkəni bölgədə “sülhün və əmin-amanlığın çarçısı və təminatçısı” adlandırmışdı. Bu ifadə Azərbaycanın siyasi və ekspert dairələrində etirazla qarşılandı. Azərbaycan torpaqlarını işğal edən dövlət bölgədə sülhün təminatçısı ola bilməz. Odur ki, Zərifinin Bakıda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulayan bəyanata imza atması onun İrəvanda dediklərinə zidd idi. İmzalanmış bəyanat deyilmiş sözdən daha dəyərli olmalıdır.

Buna baxmayaraq, İranın xarici işlər naziri Bakıda ortaq mətbuat konfransında Ermənistanın ünvanına tənqid də səsləndirmədi. Məsələn Məhəmməd Cavad Zərifin yanında oturan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ortaq mətbuat konfransında dedi ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. “Xocalı faciəsi ortadadır” – deyən Mövlüd Çavuşoğlu fikrini “münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik” cümləsiylə bitirdi. İranın xarici işlər naziri bu mövzuda fikir bildirmədi.

İkincisi, nazirlər sosial-iqtisadi inkişaf naminə Asiya və Avropa arasında rəqabətli tranzit nəqliyyatının kəmiyyət və keyfiyyətini artırmaq üçün strateji cəhətdən əhəmiyyətli olduğunu vurğuladılar. Nazirlər genişmiqyaslı beynəlxalq nəqliyyat layihələrində üç ölkənin iştirakının vacibliyini xüsusi vurğulayaraq, “Şərq-Qərb”, “Cənub-Qərb”, “Şimal-Cənub” marşrutlarında üç ölkənin tranzit potensialdan istifadəyə əlverişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini alqışladılar, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini qeyd etdilər.

Bu müddəa da Azərbaycan üçün vacibdir. Çünki Azərbaycan qonşu ölkələrin regional layihələrə qarşı çıxmasını və bu layihələrə rəqib gözü ilə baxmasını istəmir. İranın Bakı-Tbilisi-Qars dəmiryolunu dəstəkləməsi o deməkdir ki, Tehran Çindən çıxan malların Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən daşınmasının əleyhinə deyil, tam əksinə bəlkə gələcəkdə öz yüklərini də bu xətt üzrə Avropaya daşımağa başladı.

Üçüncüsü, rəsmi Bakı Qüds məsələsində Ankara və Tehranın mövqeyinə dəstək verir və bu nazirlərin ortaq bəyanatında da əks olundu. Həm Ankara, həm də Tehran ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını sərt tənqid edir, şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıblar. Rəsmi Bakı İsraillə münasibətlərdə problem yaşamaq istəməsə də, islam aləminin tərkib hissəsi kimi, o cümlədən qonşu İran və Türkiyə ilə eyni mövqedən çıxış etmək zərurətindən İslam Əməkdaşlıq Təşkilatının son İstanbul toplantısının bəyannaməsini dəstəkləyir. Rəsmi Bakının başqa alternativi yoxdur. Ancaq bu toplantı ilə eyni gündə prezident İlham Əliyev Bakıya beynəlxalq konfransa gələn ABŞ yəhudi lobbisinin liderləri ilə də görüşür. Bunun özü rəsmi Bakının balansı qorumağa çalışmasına işarədir.

Siyasət qarşılıqlı maraqlar üzərində qurulur. Azərbaycan Dağlıq Qarabağ məsələsində islam aləminin dəstəyinin artırılmasını arzulayır. Rəsmi Bakı isə bunun müqabilində islam aləminin qəbul etdiyi ümumi baxışları bölüşmək məcburiyyətindədir. Doğrudur, bunun da müəyyən sərhədi var. Yəni məsələn heç bir müsəlman ölkəsi İsraillə diplomatik əlaqələri kəsməyi Azərbaycandan tələb etməməlidir. Bu artıq Azərbaycanın daxili işlərinə qarışması olar.

“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir