KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Əliyev-Rəisi danışıqları

Aqşin Kərimov: Əliyev-Rəisi danışıqları

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
115 0

“Ortaq düşmən” mənzərəsində Ermənistan cizgiləri

Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Seyid İbrahim Rəisi arasında İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Daşkənddə görüş keçirildi.

Müzakirələrlə əlaqədar ictimaiyyət üçün açıqlanan hissədən görünür ki, prezidentlərin görüşü xoş atmosferdə baş tutub. Çünki prezidentlərin açıqlamalarındakı iqtisadi sfera ilə əlaqədar bəndlərlə yanaşı, təhlükəsizlik hissələri ilə bağlı müddəalar da müsbət təsir bağışlayır.

Qeyd edim ki, Azərbaycanla İranın regional təhlükəsizlik platformasındakı maraqlarını birləşdirə biləcək “ideoloji” baza müştərək iqtisadi layihələrdir.

Buna görədir ki, Əliyevlə Rəisi Araz çayı üzərindən keçən Ağbənd marşrutu ilə əlaqədar həyata keçirilən layihələrin ikitərəfli münasibətlərdə pozitiv auranın qalması üçün vasitəçiliyinə işarə etdilər.

Rəisi dedi ki, bu, Azərbaycan, İran və Naxçıvan arasında nəqliyyat əlaqələrinə zəmanət verir və bu sahədəki qayğıları aradan qaldırır.
Əliyev isə qeyd etdi ki, iki dövlətin birgə işi nəticəsində Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsi razılaşdırılıb və bu Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcək.

Dövlət başçılarının xoşniyyəti ifadə edən bəyanatları onların iki mühüm tezisi fonunda əhəmiyyətlidir.

Məsələn, Əliyev Ermənistanın Zəngəzur dəhlizi layihəsindən imtinasını nəzərdə tutaraq “Bu, onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər” sitatını səsləndirməsi İrəvanın regional izolyasiyasının fərqli fazada davam edəcəyini göstərə bilər.

Çünki Azərbaycanla İranın gərgin münasibətlər dövrünü arxada buraxıb gələcəyə baxmaq niyyətlərini bəyan etməsi Ermənistanın bədxassəli fəaliyyəti üçün olan-qalan barmaq yerlərini də bağlayır.
Yəni Ermənistanın İranın qucağına sıxılması artıq Tehran üçün də şübhəli elementləri özündə ehtiva edir.

Müəyyən etmək olar ki, Əliyevlə Rəisinin regiondankənar qüvvələrin Azərbaycan-İran münasibətlərinə zərbə vurmaq cəhdlərini elan etmələrinin Ermənistanla bağlı narrativləri var.

Nəzərdə tutmaq lazımdır ki, Azərbaycan öz ərazilərindən böyük güclərin anti-İran fəaliyyəti üçün istifadə edilməsinə razılıq verməyib.

Ermənistan isə İranın Qərbdəki rəqiblərinin regiondakı mandatını genişləndirməyə xidmət etməklə özünə simpatiya qazanmağa çalışır.

İran ilk vaxtlar Qərbin regional maraqları kontekstində Avropa İttifaqının Ermənistana yerləşdirilmiş missiyasına qarşı çıxmasa da, sonrakı zamanlarda bunun əksi olan bəyanatlara üstünlük verdi.

Bu, Azərbaycanla İranın regiondakı təhlükəsizlik mühiti ilə əlaqədar ziddiyyətli mövqelərini bir-birinə doğru uyğunlaşdırmasını stimullaşdırdı.

Əliyevlə Rəisinin “kənar oyunçuların” dəqiqləşdirilməsi barədəki mövqeləri üst-üstə düşməyə bilər, amma bu qətidir ki, hər ikisi Ermənistan üzərindən qurulan regional oyunlar haqqında ortaq fikri bölüşür.

Regional təhlüləkəsizlik aspektində Azərbaycanla İranın müştərək mövqeyə yaxınlaşması onu proqnozlaşdırmağa imkan verir ki, iki ölkə gərginlik xəttindən maksimal uzaq durmaq formullarına üstünlük verəcək.

Hərçənd ki, İranın xarici siyasə doktrinası təkcə prezidentlik institutundan asılı deyil, onu yönləndirən və idarə edən daha üst səviyyəli qurumlar var. İranın daxilindəki çoxtirəlik Yaxın Şərq cəbhəsindəki hərbi toqquşmaların Cənubi Qafqaza mümkün təsirləri fonunda yenidən qabarıqlaşa bilər.

Ancaq Azərbaycanla İran arasında münasibətlərdə fikir ayrılıqları yenidən gündəmə gəlsə belə, bunun iqtisadi-ticari əlaqələrin tempinin zəifləyəcəyini ehtimal etmək çətindir. Əksinə bunun daha da yüksək həcmi əhatə edəcəyi gözləniləndir.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir