KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: Suriyada “döyüşlər”: İran üçün “Azərbaycan-İraq” bəhanəsi

Aqşin Kərimov: Suriyada “döyüşlər”: İran üçün “Azərbaycan-İraq” bəhanəsi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
177 0

Tehran, Moskva və Dəməşq ABŞ-ni Suriyadan çıxarmaq üçün perspektiv hərbi əməliyyatlar zonasını genişləndirir və bu koordinasiyanı İŞİD-ə qarşı xəfif mübarizə çərçivəsində prioritetləşdirir.

İran, Rusiya və Suriyanın ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin nəzarətində olan hissələrini ayıran nəzarət xəttinə qüvvələr yerləşdirməsi həmin məqsədləri daha da aydınlaşdırır.

İŞİD-ə qarşı “zəiflik” amili isə Rusiya və İran üçün ABŞ-yə qarşı müqavimət oxunda əhəmiyyətlidir:

Yəni həm terrorçularla mübarizə aparılır, həm də onun idarəedilə bilən səviyyədə Vaşinqtona qarşı döyüş potensialı saxlanılır. Ancaq İŞİD də fürsətləri əldən buraxmır, o, 2023-cü ilin əvvəlindən etibarən Deyr-əz-Zor qurşağında hücumlarını və kölgə idarəçiliyi qurmaq səylərini artırır.

Bütün proseslər Yaxın Şərq üzrə strateji maraqlarda barışmaz mövqe nümayiş etdirən aktorların manera sahəsini dəyişdirə bilər.

Proseslər ABŞ-nin Rusiya və Çin əleyhinə rəqabət rejiminə köklənən xəttinin ziddinə doğru əyilir, ona görə də, gedişatlarda Moskva və Pekin üstün, Vaşinqton isə zəif mövqelərə doğru yön alır.

İranla Rusiyanın ABŞ-yə qarşı Suriya cəbhəsini aktivləşdirməsi onların Çin oxu ətrafında dövrə vurmasının nəticəsi kimi ortaya çıxa bilər, çünki:

– Qlobal teatrda yüksələn Çin Yaxın Şərq regionunda ABŞ-ni uğursuzluq zolağına salaraq onu küncə sıxışdırır,

– Rusiya ilə İran Çinlə münasibətlərdə növbəti səhifələr yaradıb Pekinin qalxan qılıncının təsiri altında irəliləmək istəyir.

Düzdür, hələlik Yaxın Şərq cinahında ABŞ-ni hədsiz məyusluğa məruz qoymaq Çinə müyəssər olmayıb, ancaq proseslərin məcrası Vaşinqton üçün xoş strateji gələcək vəd etmir.

Əlqərəz, məntiq nöqteyi-nəzərindən Suriyada Rusiya-İran müttəfiqliyinin Çin kölgəsi altında ABŞ-yə qarşı qabalaşdığı görünür və digər regionlarda rezonans doğurur.
İran və Rusiyanın genişlənən hücum zonası Türkiyənin hansı seçimlər edəcəyini aktuallaşdırır, bir nöqtəyə qədər Ankaraya ABŞ-nin regional zəifləməsi sərf edir. Məsələn, Rusiya-İran cütlüyünün ABŞ planı Türkiyənin PKK-ya qarşı mübarizəsini stimullaşdıra bilər, hərçənd ki, nə Tehran, nə də Moskva birgə hərəkətlərini Ankaranın manevr sahəsini genişləndirən mexanizm kimi nəzərdən keçirmir.

İkinci bir yandan isə ABŞ-nin regiondakı tənəzzül dalğası ilə üzləşməsi, Ankaranın NATO çərçivəsindəki maraqları ilə uyğunluq təşkil etmir. Ona görə də, Türkiyənin son zamanlar Rusiya ilə dərin konfrontasiyaya getmədən Qərblə münasibətlərini redaktə etməsini də nəzərə alsaq, Ankaranın həssas orbitdə necə davranacağını müəyyən etmək lazımdır.

Ehtimal vermək olar ki, Türkiyə İran xaric Rusiya ilə də, Qərblə də, İsraillə də kəşfiyyat mübadilələri apararaq çıxaracağı nəticələrlə yola çıxacaq.

Suriya ilə Cənubi Qafqazdakı əsas oyunçular eynidir, bu mənada baş verənlərin və ya olacaqların Qafqaza təsirləri qaçılmazdır.

İrana Yaxın Şərqdə münaqişələrin olması onun digər regionlara proksi qüvvələri itələməsi üçün münbit şərait yaradır. Həmin sahədəki düyünü açmaq üçün Tehranın son zamanlar özünə qarşı təhlükələri ölkənin şimal-qərb sərhədlərindən gələn təhdid epitetləri altında prioritetləşdirməsinə (Azərbaycan və İraq) diqqət etmək lazımdır.

İranın Azərbaycan və İraq üzərindən hiss etdiyi təhlükəni göstərməsi Tehranın perspektiv ssenarilərə hazırlıq bəhanəsi kimi qeyd oluna bilər.

İran deməli, maraqları əleyhinə müqavimətdə Azərbaycan və İraq arasında korrelyasiya qurur, bu o mənanı verir ki, Tehranın Yaxın Şərq coğrafiyasındakı aktivliyinin ucları Cənubi Qafqaza toxunacaq.

Proksi qüvvələrdən istifadə üzrə təcrübəsi olan İran Cənubi Qafqaza təkcə öz şah əsəri olan “Hizbullah”ı deyil, əfqanlardan ibarət dəstələri də yerləşdirmək istəyəcək. Əfqanıstan vətəndaşının Azərbaycanda İsrail səfirliyinə qarşı terror törətmək cəhdi ciddi siqnal idi, bu baxımdan rəsmi Bakı təhlükəsizlik çağırışlarını icra etməklə ümumilikdə Cənubi Qafqaz üzrə panoramaya töhfə verir.

Ancaq İran özünün yetişdirdiyi kamikadzeləri regiona köçürmək üçün açıq-gizli təmasları davam etdirir, Azərbaycan regional öhdəlikləri yerinə yetirmək üçün həm Qərb, həm Rusiya, həm strateji müttəfiqi Türkiyə, həm də İsraillə məsləhətləşmələri Yaxın Şərqdə baş verənlər fonunda həyata keçirəcək.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir