KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Əliyev-Paşinyan görüşü planlaşdırılır

Aqşin Kərimov: Əliyev-Paşinyan görüşü planlaşdırılır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
231 0

ABŞ ümid bəsləyir, bəs Rusiya nə edəcək?

ABŞ Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə bir araya gələcəklərinə ümid edir.

Bununla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın keçirdiyi mətbuat konfransında dediklərini qısa formada belə təqdim edə bilərik:

– ABŞ ilə Avropa İttifaqının diplomatik səyləri nəticəsində Azərbaycan və Ermənistan nümayəndələrinin Brüsseldə bir araya gələcəklərinə ümid edilir;

– Bu, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə keçirilən Əliyev-Paşinyan danışıqlarında əldə edilən tərəqqinin davamı ola bilər.

Hərçənd ki, tərəqqinin mahiyyəti, sərhədləri barədə aydın təsəvvürlər yoxdur. Bununla belə, güman etmək üçün əsaslar var ki, bu, daha çox Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində yaşayan ermənilər üzərindən manipulyasiyaları azaltmağa kömək edir.

ABŞ-nin təşəbbüsü ələ almaq cəhdlərində Avropa İttifaqının rıçaqlarından istifadə etməsi iki riski ortaya qoyur:

Birincisi, Rusiya Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarını, eləcə də İttifaqın Ermənistana göndərdiyi missiyasının etibarlılığını şübhə altına alan addımları itiləşdirəcək.

İkincisi, Rusiya Azərbaycan-Ermənistan sülh gündəliyinin içərisinə mürəkkəb elementlər qataraq regionda vəziyyətin hərbi gərginlik dərəcəsini artıra bilər.

Kreml bu davranışların mayaklarını artıq yandırıb, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin TASS-a verdiyi müsahibədəki tezislərdən hiss etmək mümkündür.

Cənab Qaluzinin müsahibəsində Kremlin qısqanclıq notları aşağıdakı kimi ifadə olunub:

– Azərbaycanla Ermənistan arasındakı sülhə gedən yolda çoxlu maneələr var;

– Vasitəçilik səylərində rəqabətə yol verməmək və onların sinergiyasına nail olmaq lazımdır.

Moskva qısqanclığını Azərbaycan-Rusiya-Ermənistan liderləri arasında imzalanmış üçtərəfli sənədlər toplusunun icrasına yönəltməklə pərdələməyə çalışacaq.

Hətta ola bilər ki, Rusiya Cənubi Qafqaz səhnəsində fərqli bir oyun qursun və Qərbin diqqətini oraya yönəldərək Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki monopoliya yaratmaq siyasətini davam etdirsin.

Avropa İttifaqının özü ilə bağlı baxışlar fərqli xarakterə malikdir, Moskva üçün İttifaqın təşkil etdiyi görüşlər yox, bunun arxasında hansı böyük oyunçunun dayandığı maraq kəsb edir.

Ona görə də Moskva elə Avropa İttifaqının səylərini kölgə altına alan xor başlatmaqla əsl rəqiblərini oyunda zəiflətməyə çalışa bilər.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir