Hazar’ın Sultanı Mihriban Paşa!

“Muharrem”-“Recep” qovğası – Türk seçicisi iki seçim arasında

Civil service system in Azerbaijan

Հեղափոխություններից հետո կալանավորումներից հնարավոր չէ խուսափել

Avropa Birliyi dağılacaq?

Gündem 5 Haziran 2017
244

Son dövrlərdə Avropa Birliyinin (AB) taleyi ilə bağlı yazı-proqnozların sayı nəzərəçarpacaq qədər artıb. Bu yazı-proqnozların mərkəzində bir fikir dayanır: Avropa Birliyi dağılacaq və ya parçalanacaq.

Bu günlərdə dünyada bütün konspiroloji mövzuların mərkəzində dayanan qalmaqallı milyarder Corc Soros Brüssel İqtisadi Forumunda çıxışı zamanı Avropa Birliyinin mövcudluğunun təhlükə altında olduğunu deyib. Soros deyib ki, ittifaq yenidən qurulmalı, keçmişdə buraxılan səhvlərdən nəticə çıxarılmalıdır. Yeri gəlmişkən, Sorosun özünü də AB-ni dağıtmaqda ittiham ediblər.

Əlbəttə, Avropa Birliyinin parçalanacağı ilə bağlı fikirlər yeni deyil. Avropada maliyyə böhranı, Yunanıstan, İtaliya, Portuqaliyada baş verən iqtisadi tənəzzül hadisələri Birliyin taleyi haqda bədbin proqnozlara səbəb olmuşdu. İndi isə Britaniyanın AB-dən çıxması qərarı verməsindən sonra bir çoxları İttifaqın dağılmağa oğru getdiyini düşünür. Əlbəttə, bu ehtimalı gücləndirən amillər də var.

Bunlar ilk növbədə Birlik ölkələri arasındakı iqtisadi bərabərsizlikdir. Birlik genişləndikdən sonra qoşulan yeni üzvlərin əksəriyyəti iqtisadi baxımdan əsas üzvlərlə müqayisə oluna bilmirdi. Üstəlik, beynəlxalq böhrandan sonra bu ölkələrin bir çoxu daha da zəiflədi və ağır yedəyə çevrildi. Yunanıstan, Şərqi Avropa ölkələri indi Qərbi Avropa üçün ağır yükə çevrilib. Bir sıra ekspertlər bu yükdən qurtulmağa çağırırlar.
İkinci səbəb siyasi-ideolojidir. Avropada sürətlə qatı sağ millətçilik populyarlıq qazanır, antiqlobalist şüarlar daha çox tərəfdar toplayır. Bu tendensiyanın güclənməsi yaxın illərdə Birlik ölkələrində sağçıların aparıcı gücə çevrilməsi və nəticə etibarı ilə İttifaqın parçalanmasına gətirə bilər.

Bundan başqa ABŞ-ın gizli rəqabətdə olduğu Avropa Birliyini parçalamaq istədiyi, eləcə də Rusiyanın Birliyin dağılması üçün gizli diplomatik fəaliyyətlərinin olması haqqında iddialar var. Ancaq bütün bunlar hələlik iddialardır. Ortada olan yeganə “parçalanma” faktı Britaniyanın Birlikdən çıxmasıdır. Britaniya dünyanın ən güclü, demokratik dövlətlərindən biridir. Belə bir güclü dövlətin AB-ni tərk eləməsi təbii ki, təsirsiz olmayacaq. Amma bu hadisənin Birliyin parçalanması kimi yozmaq bir qədər tələskənlik olardı.

Məsələ ondadır ki, bugünkü Avropa ideyası 400 il əvvəl imzalanmış Vestfaliya anlaşmasının “məhsuludur”. Avropa o gündən bu yana çoxlu sayda lokal, beynəlxalq müharibələr, sərhəd dəyişiklikləri yaşasa da, qitənin milli dövlətlərin birgə yaşadığı bir coğrafiya olması fikri o günün məhsuludur. İkinci Dünya savaşından sonra isə bu, bir İttifaqa çevrildi və hər şey birdən olmadı, tədriclə davam etdi.

İndi isə Avropa Birliyi dünyada oturuşmuş demokratik dəyərlərin hakim olduğu, söz, vicdan azadlığının, siyasi mədəniyyətin ən parlaq şəkildə yaşandığı, necə deyərlər, dünya üçün nümunəvi bir bölgədir. Vahid silahlı gücü olmayan, NATO vasitəsilə ABŞ-la möhkəm ittifaqı olan AB-nin həm də dünyada siyasi problemlərin həlli və dialoqun qurulmasında əsas mərkəz olduğunu artıq dünya qəbul edib.

Beynəlxalq terrorizm, qaçqınlar problemi və digər səbəblərdən Avropada sağ sürətlə populyarlıq qazansa da, bu prosesin nə qədər dağıdıcı olduğunu söyləmək çətindir. Fransada baş verən prezident seçkiləri göstərdi ki, hər nə qədər sağ-ifrat təmayül inkişaf etsə də, hələlik liberal Avropa dəyərləri çox güclüdür. Hələlik Almaniya və Fransa kimi mərkəz ölkələrin qalması AB-nin taleyinin davamlı olacağını göstərir.
Əlbəttə ki, Birlik daxilində islahatların olması, bəzi dövlətlərin ayrılması da mümkündür. Amma istənilən halda Avropa Birliyi yalnız bir qitə deyil, bütövlükdə insanlığın əldə etdiyi ən böyük uğurlardan birinin nümunəsi olaraq yaxın zamanlarda arxivə göndərilməyəcək.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar