KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ABŞ kürdləri Afrində niyə tək buraxdı? – İkinci aldadılmanın hekayəsi

ABŞ kürdləri Afrində niyə tək buraxdı? – İkinci aldadılmanın hekayəsi

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
324 0


Türkiyə ordusu müttəfiq silahlılarla birlikdə martın 18-də Afrin şəhərini YPG-dən aldı. Doğrudur, kürdlər bunu “planlı çəkilmə” adlandırır. Amma istənilən halda yanvarın 20-dən başlayan “Zeytun budağı” əməliyyatının kulminasiya hadisəsi Afrin idi. Ancaq gözlənilənin, yəni kürdlərin elan etdiyinin əksinə olaraq YPG silahlıları 48 saatdan sonra şəhəri təhvil verdilər.

Halbuki bir gün əvvəl YPG-nin sözçüsü Türkiyə ordusunun Afrini alacağı xəbərlərini istehza ilə qarşılayırdı. Kürdlər Afrində dirənəcəkləri mesajını verirdilər, səngərlər, barrikadalar, şəhər kənarında düzülmüş silahlı qadınlar və sair nümayiş etdirdilər. Amma heç biri olmadı, Türkiyə ordusu Afrini mühasirəyə aldıqdan 48 saat keçməmiş YPG şəhəri səssiz-səmirsiz qoyub qaçdı.

Afrin əməliyyatı bir mənada Kərkük əməliyyatına bənzədi. Son iki ildə kürdlər İraq və Suriyada iki ağır zərbə aldılar. Doğrudur, kimsə deyə bilər ki, Kərkük kürd şəhəri deyildi, işğal edilmişdi, sonra da işğalçılar qovuldular. Amma əslində elə Afrin də kürd muxtariyyəti deyildi, kürdlər Suriyadakı xaosdan istifadə edərək şəhəri və eyni adlı vilayəti nəzarətə götürmüşdülər. Amma Afrin və Kərkük əməliyyatının bir mühüm ortaq cəhəti var: kürdlər növbəti dəfə aldadıldılar.
Əslində buna aldadılmaq da demək olmaz. Kürd siyasətçilər daha çox şeyə iddia edirdilər və müttəfiqlərindən bütün istəklərini reallaşdıracaqlarını düşünürdülər. Halbuki, 100 il əvvəl də belə olmuşdu. PYD liderləri 4 ildir birgə savaşdıqları və hər cür dəstəyi gördükləri Amerikadan daha çox şey gözlədilər. Buna özlərinə görə haqları da vardı. Regionda hər kəs amerikalılardan üz döndərəndə kürdlər onların yanında oldu. İŞİD-ə qarşı amerikalı generalların əmri altında savşdılar, Pentaqonun İraq və Suriyada döyüş gücləri rolunu öz üzərlərinə götürdülər. Əslində baxsan Suriya və İraqdakı hadisələr kürdlər üçün 100 ilin fürsətini gətirmişdi. Dünyanın bir nömrəli supergücü olan ABŞ İraq və Suriyada kürdlərlə ittifaq qurmuşdu, onları silahlandırır, birgə savaşırdılar.

Kobani şəhəri 5 ay məhz ABŞ silahı və hərbi aviasiyasının dəstəyi nəticəsində İŞİD-in əlinə keçmədi. Və amerikalıların sayəsində kürdlər etnik çərçivəli bir koalisiya qurdular. Ərəb, kürd, türkmən, suryani kimi etnik qrupları bri araya gətirib Suriya Demokratik Qüvvələri adlı hərbi-siyasi ittifaq qurdular. Suriyanın şimalında ölkə ərazisinin 25 faizdən çoxuna nəzarət YPG-yə verildi. İŞİD-in “paytaxtı” Raqqa Pentaqon-YPG əməkdaşlığı nəticəsində İŞİD-dən alındı. Tam da qalibiyyətin eşiyinə gələndə Afrin hadisəsi baş verdi.

Afrindən əvvəl isə Kərkükün təmzilənməsi baş vermişdi. İraqda ABŞ-ın sadiq müttəfiqi yenə Vaşinqtona güvənərək müstəqillik eşqinə düşmüşdü. Doğrudur, son ana qədər Vaşinqton Bərzanini müstəqillik referendumundan çəkindirməyə çalışdı. Amma Bərzani geri çəkilmədi, çünki haradasa ümid edirdi ki, Səddamdan bu yana müttəfiqlik etdiyi, hər sözünü, əmrini icra etdiyi amerikalılar onu ərəblərin, türklərin və farsların qarşısında köməksiz qoymaz, ən sonda yardımına gələr. Amma olmadı, 100 il əvvəl olduğu kimi, region ölkələri birləşərək İraq kürdlərinə yerini göstərdi.

Afrində də təxminən belə oldu. Son ana qədər kürdlər okeanın o tayından kömək gözlədilər. Əlbəttə, Pentaqonun Afrində kürdlərə açıq dəstək verməsi mümkün deyildi, amma kürdlər Qərbin Türkiyəyə təzyiq göstərəcəyinə, Afrin mərkəzinin tutulmasına mane olacağına ümid edirdilər. Amma olmadı. YPG Suriyadakı 3 kürd vilayətindən birini itirdi. Vaşinqton isə səssiz qaldı, Kərkükdə olduğu kimi.

İndi isə hər kəs “bundan sonra nə olacaq”, deyə düşünür. Amerika Menbicdə kürdləri qoruyacaqmı, qoruya biləcəkmi? Bu suala indi cavab vermək, fal açmaq kimidir. Amma yaşanmış təcrübə var, o bizə bəzi şeyləri deyir. Afrini itirsələr də PYD hələ də Suriyanın şimalında ən böyük əraziyə sahib müxalif gücdür. Təbii ki, kürdlərin Suriyada muxtariyyət əldə etməsi, İraqda olduğu kimi yarımmüstəqil güc kimi çıxış etməsi Vaşinqtonun maraqlarına cavab verir. Çünki kürd muxtariyyəti Dəməşq hakimiyyəti və Türkiyəyə qarşı təzyiq rıçaqı ola bilər. Ancaq burada bir incə detal var. Suriyada kürd muxtariyyətinin yaradılması həm də Suriya mərkəzi hökuməti və Türkiyənin razılığına bağlıdır. Daha doğrusu, əgər Dəməşq və Ankara, eləcə də Bağdad və Tehran qarşı çıxsa, kürdlərin muxtariyyət planı alınmaya bilər. Bu səbəbdən də indi kürdlərin muxtariyyət arzusu həm də region ölkələrinin nə qədər birləşə bilməsi və İraqda olduğu kimi, ittifaq qura biləcəyinə bağlıdır.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir