KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Yeni dönəm Amerikası Yaxın Şərqə nə vəd edir?

Yeni dönəm Amerikası Yaxın Şərqə nə vəd edir?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
346 0

Türklər ümidli, israillilər ümidsiz, Suriya və İraqda barışıq, İranla yeni düşmənçilik qayıdır.

Hazırda dünya mediasının əsas gündəmini ABŞ prezidenti seçilmiş Donald Tramp mövzusu təşkil edir. Baxmayaraq ki, seçkinin iki əsas namizədindən biri idi, ancaq görünən odur ki, nə Amerika, nə də dünya ictimai rəyi bu nəticəyə hazır deyilmiş. Bunun ilk əlaməti ABŞ-da başlayan etiraz aksiyalarıdır.

Ancaq seçkilər həm də Amerika demokratiyasının növbəti təntənəsi oldu. Seçkidən bir gün sonra yeni seçilmiş prezident Vaşinqtona gedərək Ağ Evdə sələfi, hazırda ABŞ prezidenti vəzifəsini icra edən Barak Obama ilə görüşdü. Hər iki prezident əl sıxışdılar, media qarşısında birgə poz verdilər.

Donald Tramp ABŞ prezidenti kimi vəzifəsinin icrasına 2017-ci il yanvarın 20-də başlayacaq, lakin artıq indidən yeni prezidentin daxili və xarici siyasəti müzakirə mövzusu olub. D.Trampın seçkilərdən sonra ən yaddaqalan “icraatlarından” biri də seçki kampaniyası zamanı etdiyi çıxışları rəsmi saytından silmək olub. Belə ki, ABŞ mediasının xəbərinə görə, Trampın seçki kampaniyası zamanı müsəlmanların ABŞ-a girişinə qadağa qoyması haqda söylədiyi fikirlər artıq onun rəsmi saytından silinib. Bu isə onu deməyə əsas verir ki, prezidentliyə namizəd Tramp ilə prezident Tramp arasında fərq olacaq.

Məlum olduğu kimi, hazırda ABŞ dünyanın müxtəlif nöqtələri ilə yanaşı planetin “qanayan yarası” olan Yaxın Şərqdə aktiv fəaliyyət göstərir. ABŞ aviasiyası Suriya və İraqda terror təşkilatlarını bombalayır, antiterror koalisiyasının lideridir. Bundan başqa Əfqanıstan, Pakistan və Yəmən kimi ölkələrdə antiterror əməliyyatları aparır. Bu mənada yeni prezidentin siyasi kursu ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də Yaxın Şərqdə və ümumilikdə müsəlman dünyasına yanaşmasıdır.

Donald Trampın zamanında ABŞ-ın Yaxın Şərq siyasəti necə olacaq?

Yeri gəlmişkən, ötən gün İsrail XİN mütəxəssislərinin ABŞ-ın yeni prezident dönəmindəki Yaxın Şərq siyasəti ilə bağlı analizi yayılıb. Analiz İsrailin xaricdəki səfirliklərinə göndərilib və nüfuzlu “Haaretz” qəzetində də yayılıb. Sputnik agentliyinin məlumatına görə, analizdə Trampın prezidentliyi dönəmində ABŞ-ın Yaxın Şərq siyasətində dəyişiklik olacağı, aktiv müdaxiləçi siyasi kursun dəyişəcəyi qeyd olunur. Eyni zamanda israilli analitiklər Trampın seçki kampaniyasında səsləndirdiyi ifadələrin onun İsrail-Fələstin münaqişəsi mövzusunda ciddi bir siyasi xətt yürütməyəcək. Ümumiyyətlə isə Fələstin-İsrail münaqişəsi ABŞ-ın yeni prezidentinin siyasi kursunda ön yerlərdə dayanmır.

Ancaq eyni zamanda Trampın seçki vədlərinin yerinə yetirməsinin də şübhə altına alındığı qeyd edilən analizdə Trampın bir tərəfdən Qüdsün İsrailin paytaxtı olaraq gördüyü, yəhudi yaşayış məskənlərinin tikintisinə dəstək verdiyi, digər tərəfdən isə “israil və fələstinlilərin öz problemlərinin özləri həll etməli olduğunu” deyərək bu məsələdə tərəfsiz olacağına işarə edir. Bundan başqa Tramp Yaxın Şərqi yatırım üçün münasib bölgə olaraq görmür. Bu səbəbdən də onun hakimiyyəti dönəmində dünyanın bu qaynar regionuna ABŞ-ın diqqətinin azalacağı ehtimal olunur.

Trampın yalnız İŞİD-lə və terror təşkilatları ilə mübarizəni davam etdirəcəyini birmənalı olaraq qeyd edib.

İsrailli ekspertlərə görə, Tramp Qüdsün İsrailin paytaxtı olmasını dəstəkləyəcək. Eyni zamanda Yaxın Şərqdə Suriya münaqişəsində Rusiya ilə əməkdaşlıq edəcək, lakin Çini Amerikanın düşməni olaraq qəbul edəcək.

Yeri gəlmişkən, Yaxın Şərqin əsas ölkələrindən olan Türkiyədə də hakimiyyət Trampın seçkiləri qazanmasından razı qalıb. Hələlik bunun yeganə səbəbi Trampın seçki kampaniyası dövründə Türkiyə barəsində söylədiyi müsbət fikirlər və demokratların Türkiyə ilə münasibətləri soyuqlaşdırmasını tənqid edən çıxışları olaraq göstərilir. Həqiqətən də Obama hakimiyyətinin son illərində Ankara-Vaşinqton münasibətlərində ciddi soyuqluq müşahidə olunub. 15 iyul qıymam olayından sonra isə iki ölkə münasibətlərində soyuqluq nazir səviyyəsində ittihamlara gətirib. Baxmayaraq ki, Türkiyə və ABŞ arasında strateji sahədə əməkdaşlıq davam edir, ancaq həm Suriya münaqişəsi, həm də Türkiyədəki siyasi vəziyyət, kürd məsələsi, eləcə də Fətullah Gülənin Türkiyəyə verilməsi məsələsində Ankara ilə Vaşinqton arasında ciddi anlaşmazlıq mövcuddur. Görünən odur ki, Anklara Tramp dönəmində bu vəziyyətin dəyişəcəyinə ümid edir. Ancaq hələlik bununla bağlı dəqiq nəsə demək mümkün deyil, ən azı yanvardan sonra, yəni Tramp and içib fəaliyyətə başladıqdan sonra hər şey məlum olacaq.

Trampın İŞİD və islamçı terror təşkilatlarına qarşı sərt mövqe tutduğu məlumdur. Siyasət mütəxəssislərinə görə, yeni prezident bu sahədə əvvəlki hakimiyyətdən fərqli olaraq daha qətiyyətli ola bilər. Bu mənada Tramp zamanında İŞİD-in məhv edilməsi və Yaxın Şərqdə Rusiya ilə əməkdaşlıq mümkün kimi görünür. Bu isə bölgədə status-kvonun bərpası, Suriya və İraqda münaqişənin yatırılması ilə bağlı ümid verir. Ancaq əgər ənənəvi respublikaçı xətti davam edəcəksə, Yaxın Şərqdə Trampın yenidən İranla kəskin rəqabətə girəcəyi və beləliklə, Suriya və İraqda olmasa da digər bölgələrdə savaşların davam etməsi mümkün ehtimaldır.

Kənan Rövşənoğlu
Musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir