KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Seymur Hezi: Rusiyayla irəli!” amma hansı bataqlığa?

Seymur Hezi: Rusiyayla irəli!” amma hansı bataqlığa?

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
117 0


Azərbaycan ordusu Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı irəlilədiyi günlərdə Ukrayna cəbhəsində başqa xəbərlər gəldi. Azərbaycandakı sülh göyərçini Ukrayna ordusunun hədəfində bir quzğun kimi ağır zərbələr almaqdaydı. Qara Dəniz donanmasının qərargahının komandanı ilə birlikdə məhv edilməsinə dair xəbərləri oxuyarkən biz həm də sosial şəbəkənin Azərbaycan seqmentində Rusiyanın Azərbaycanın xeyrinə hansısa addımlar atdığına dair yazıları oxuyurduq. Ukraynada Rusiyanın əzildiyinə sevinənlərin bir çoxu həm də anlaşılmaz şəkildə Rusiyanın Qarabağ istiqamətində Azərbaycanın xeyrinə loyal davranışına görə də sevindiklərini gizlədə bilmirdilər. Əslində isə bizə loyallıq kimi görünən bu addımların fonunda biz Putinin Ermənistanın baş nazirini Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqda ittiham etdiyini görürdük. Bunun ardınca Medvedev deyirdi ki, Paşinyan erməni torpaqlarından (tekstə görə Qarabağdan) imtina edib. Əslində isə bu acıqlı bir ifşa tərzi idi. Ancaq biz niyəsə bu “loyallıq”la bəyanatları tutuşdurub nəticə çıxarmaq istəmədik.
Dostlar düşmən, düşmənlər dost oldu? Necə?
Bir balaca əziyyət çəkib, başımızı qaldırıb baxsaq görəcəkdik ki, ortada bir qarışıqlıq, anlaşmazlıq var. Necə oldu ki, 44 günlük müharibədə bizim yanımızda olan Ukraynanı indi biz yox Ermənistan daha açıq müdafiə edir? Necə oldu ki, elə həmin müharibədə Ermənistanı silahlandıran, Azərbaycana “İsgəndər M” raketi atan Rusiya indi Ermənistanın yox bizim yanımızdadır? Necə olur ki, 44 günlük müharibənin gedişində bizim əleyhimizə Fransa ilə birlikdə qətnamə layihəsi hazırlayıb BMT TŞ-na təqdim edən Rusiya indi bizim əleyhimizə hazırlanan qətnamənin qarşısını alır və bu zaman kimin yerini tutur? Strateji müttəfiqimiz Böyük Britaniyanın. Bu sualların cavabını axtarmağa heç bir hacət görmədən məsələyə urapatriotik eyforiya ilə yanaşmaq bizi başqa suallar verməkdən də yayındırır. Məsələn, 44 hünlük müharibənin tam bitməsinə imkan verməyən Rusiya niyə bizi oraya qarış-qarış buraxır? Yaxud dünən Laçın sərhəd keçid məntəqində ucalan bayrağımıza dözməyib, onu endirən Rusiyaya biz nə verdik ki, O, indi Ağdərənin girişinə bayraq asmağımıza imkan verir? Cavab varmı? Yoxdursa, pis. Varsa, ondan da pis.
Rusiya ilə hara gedirik?
Məsələnin bu yerində belə fikirlər səslənir ki, Rusiya onsuz da məhv olur, sıradan çıxır, amma bizə qalan torpaqlarımız olacaq. İlk baxışdan ağıllı fikirdir, amma “necə bizim olacaq?” sualına cavab axtaranda vəziyyət yenidən dəyişir. Niyəsə bəzi analitiklər düşünürlər ki, Rusiya ilə birlikdə addımlayacağıq, amma onun düşdüyü quyuya düşməyəcəyik. Əslində isə burada görünən odur ki, biz indiyədək batan gəminin yedəyində gedirdik, indi onun göyərtəsinə qalxmışıq. İlham Əliyevin 2022-ci ilin 22 fevralında Putinlə imzaladığı sənəd bizi siyasi baxımdan Rusiyaya bağlasa da hüquqi baxımdan təsiri olmayan akt kimi qalırdı. Ancaq Azərbaycanın kritik bir bölgədə Qərbin təklif etdiyi sülh modelini bir tərəfə atıb Rusiya ilə birlikdə “hərakat planı” cızması bizi faktiki bu qlobal prosesdə Rusiya tərəfə atmaqla qalmadı, həm də Rusiyanın batan gəmisinə mindirdi. Bu əslində İlham Əliyevlə Putinin birgəliyini Azərbaycan Rusiya birgəliyinə çevirdi.
İnancda dilemma- Rusiya dağılırmı? Dağılmırsa,…?
Mövzu Ukrayna cəbhəsindən düşəndə “Rusiyanın hələ dirəniş gücü var, Rusiya asan loxma deyil, hələ uzun müddət müqavimət göstərəcək, 3-5 il az vaxt deyil” deyən analitiklər indi əsaslandırmağa çalışırlar ki, Rusiya bitib və onunla birlikdə addımlamağın bir ziyanı yoxdur, hətta az qala iddia edirlər ki, prosesin gedişində görəcəyik ki, “rus ayısı” yerə sərilib. Əcaba, necə? Ukraynada hələ nəfəsi olan Kreml burada necə çökəcək? Bəlkə, biz Ukraynadan güclüyük? Ya ayrı hansısa mexanizm var?- bu sual da açıq və cavabının intizarında. Əslində isə Rusyanın Azərbaycandan çıxmazdan öncə Ukraynada yerlə bir olub, Moskvada param-parça olması lazımdır. Başqa halda Kremlin Cənubi Qafqazdan belə asanlıqla imtina edəcəyini gözləmək sadəlöhvlük olardı. Ancaq Azərbaycanda “Rusiya dağılırmı?” sualını siyasət analitiklərinə versək, əksəriyyəti “gözlənilmir” proqnozu verər, çünki bunu ifadə etməkdən də çəkinmirlər. Belə olan halda yenidən sualımız aktuallaşır; Rusiya bölgəmizdən necə gedəcək və ya bölgəmizdə necə öləcək? Bu suallar son dərəcə aktualdır, amma bir sual daha önəmlidir.
Diqqət: Rusiya Qarabağda nə edir?
Görünən odur ki, Rusiya Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması prosesini çox düzgün oxuyub. Kremldə anlayırlar ki, bu bir ərazi münaqişəsi kimi sona çatsa və sülh yaransa, Rusiya üçün bu bölgədə ov mövsümü birdəfəlik bitəcək. Ona görə də bu məsələni iki millətin qan davasına çevirmək üçün növbəti cəhdini edir. Qarabağdan İrəvana köçürülən ermənilər sabahkı sülh üçün açıq maneədir. O ermənilər Qarabağda qalsaydılar və reiinteqrasiya prosesi baş tutsaydı sülh üçün heç bir maneə qalmırdı. Amma indi Rusiya on minlərlə “didərgin” yaradır ki, onlar Ermənistana hökumətin yaxasından tutub onu silkələmək, gücləri çatsa, aşırmaq üçün gedirlər. Bu, həm də o deməkdir ki, gələcəkdə iki ölkə arasında müharibə riski qalır. Niyə? Çünki həmin əl çantası ilə Ermənistana keçən gənc və gümrah “didərgin”lər Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun qarşısında, yəni ermənilərin “Sünik” dediyi Qərbi Zəngəzurda məskunlaşdırılırlar. Biz bir azdan sonra nəyə hazır olmalıyıq- sərhəd basqınlarına. Bu readırmı? Rusiyanın planı sona kimi işləsə, əlbəttə.
Azərbaycan üçün daha bir risk
Azərbaycan ordusunun Rusiyanın nəzarətində olan yaşayış məntəqələrini tutduğuna dair xəbərlər yayılır və bir çox hallarda bunu rəsmi qurumlar yox, vətənpərvər qruplar yayır. Bu xəbərlərin içərisində yatan müəmma isə başqadır. Birincisi, bu ərazilər Rusiyanın nəzarətində idisə, biz Rusiya ilə döyüşmədən onu necə ələ keçirmişik? Yox, əgər orada başqa bir ordu var idisə, onu kim və nə vaxt qurub, silahlandırıb? Xəbərlərin keçmişinə baxsaq. Azərbaycan Müdafiə Nazirliynin Rusiya sülhməramlılarını erməni separatçılarına silah daşımaqda yüngül desək giley-güzar elədiyini görərik. O zaman ortaya başqa sual çıxır. Rusiya qurduğu ordunu niyə dağıdır? Özü də ilin günün bu vaxtında. Deməli, onu başqa yerdə başqalarına qarşı istifadə edəcək. Biz sərhəddi bir çanta ilə keçənlərin kimliyinə dair suala cavabla daha dəqiq qənaətə gələ bilirik. Belə görünür ki, Rusiya bu ordu vasitəsiylə Ermənistanda istədiyinə nail olsa, Paşinyanı devirsə, üzünü yenidən Qarabağa- Azərbaycana tutacaq. Kremlin bunda marağı nədir? Sadəcə, qan, sadəcə, müharibə və bunun vasitəsiylə bölgədə qalmaq. “Kim öləcək?”, “kimi öldürəcək?”, bu, Moskvanı heç düşündürmür.
Əliyev niyə elan etmir?
“Nə edək, imkan var ikən torpaqlarımızı geri almayaq?” sualını verirlər. O zaman biz bu “imkan”ın mənbəyini və məqsədini araşdırmağı təklif edirik. Çünki bir çoxlarında belə fikir var ki, əgər sən bütün hallarda yumruğunu büküb, ölümə gedənləri alqışlamırsansa vətənpərvər deyilsən. Onu da vurğulamaq lazımdır ki, dövlət və hakimiyyət, bu mənada hakimiyyətə iddia edən siyasi qüvvə mahiyyətcə pasifist ola bilməz. Çünki onun müdafiə etmək öhdəliyi var- malı, canı, ləyaqəti, azadlığı. Amma hər bir siyasətçinin iki müharibədən birinin tərəfində olmaq seçimi ola bilər. Misal üçün bu sətirlərin müəllifi 44 günlük müharibəni adekvat fürsət kimi qiymətləndirdiyi halda, son əməliyyatlar haqqında eyni fikridə deyil. Çünki burada nəyinsə, düz getmədiyini görür. Düşünürəm ki, İlham Əliyevin “ələ keçiridiyimiz” kəndlər, rayonlar haqqında heç bir açqılama verməməsi də bir indikator olmaldır. Əgər, ortada hansısa sabit bir uğur olsaydı, İlham Əliyev onun dividentini sosial şəbəkədəki “döyüşçü vətənpərvərlər”lə qəti bölüşməzdi.
Qarabağ Azərbaycandır, Azərbaycanındır
Biz heç bir halda bir qarış torpağımızı kiməsə güzəştə gedə bilmərik, getmərik də. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Məhz elə bu baxımdan da biz Qarabağı bizə əbədi bağlayan yolun nə olduğunu aydın bilməliyik. Hesab edirəm ki, bu Ermənistanla Azərbaycanın maraqlarına uyğun olan sülh sazişinə getməkdir. Əgər, Ermənistanın Azərbaycan ərazi bütövlüyünü tanıdığını rəsmiləşdirə bilsək, ortada heç bir risk qalmır. Bu indi hansısa səbəbdən mümkün olmursa, sadəcə, səbr etmək lazımdır. Siyasi mövqeyi qoruyaraq, Kremlin oyunlarının bir fürsət olmayacağını düşünərək səbr etmək. Bir də belə bir praqmatik variant düşünmək; birdən biz sabah Paşinyanın devrilməsinə şərik olduq, amma o biri gün Rusiya Ukraynada və bölgədə tam məğlub oldu. O zaman kimə nə deyəcəyik?
Seymur Hezi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir