KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Qarabağdan Mosula qədər uzanan müharibə

Qarabağdan Mosula qədər uzanan müharibə

Kafkassam Editör Kafkassam Editör - - 30 dk okuma süresi
397 0

İki onillikdən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın “dəstəyi” hesab oluna bilər. Bu “dəstək” kimin əlindədirsə, bölgə onun istəyinə uyğun dizayn ediləcək. Bunu iki düşmən cəbhə – Rusiya və ABŞ yaxşı anlayır. Amerika rusların “Axilles dabanı” olaraq gördüyü Cənubi Qafqazda lövbər atmaq üçün əlləşir, ruslar isə səbirlə “Amerika gəmisi”nin altına sal qayalar düzürlər.

Aprel müharibəsinə qədər “poker” oyununu xatırladan bu səbirli mübarizə davam edirdi. “Dördgünlük müharibə” isə təkcə münaqişə ətrafında hörülən daşları yerindən oynatmadı. Bu, bölgənin reallığının dəyişməsi demək idi. Buna qədər ABŞ münaqişəni “tərəflərin öhdəsinə buraxmaq” prinsipindən çıxış edir, Rusiya illərdir yeritdiyi “dondurulmuş münaqişələr” ssenarisini israrla tətbiq edirdi. Tərəflər illər sonra Vyanada bir araya gəldilər. Bu, müharibədən çıxan qalibin (Azərbaycan) və məğlubun (Ermənistan) da masada son kozırlarını oynaması idi. Artıq lokal müharibə, xüsusilə Azərbaycan Ordusunun irəliləməsi maraqlardan tutmuş siyasi lobbilərə qədər hər şeyi alt-üst etmişdi. Yaxud ən azından maraqlar və lobbilər kənara qoyulmağa məcbur edilmişdi.

16 may Vyana: Amerika sakitliyi təmin etmək və Donetskdə olduğu kimi “sülhməramlı” missiyasını oynayacaq atəşkəsə nəzarət mexanizmini tətbiq etmək istəyirdi. Bu, münaqişənin hərbi yolla həll edilməməsi, yəni gücün tətbiq olunmaması baxımından Ermənistanın maraqlarına uyğun idi.
Rusiya ABŞ-ın “Donetsk planını” pozmaq və Abxaziya və Dnestryanıda olduğu kimi Qarabağa sülhməramlılarını yerləşdirmək istəyirdi. Bu, Azərbaycanın maraqlarına zidd idi.
Yaranmış qarışıq siyasi mənzərədə Bakı daha çox ehtiyatlı və gözləmə mövqeyini nümayiş etdirdi. Həmin görüşdə “sabitliyin bərpası və atəşkəsə nəzarət mexanizminin yaradılması” kimi ümumi və Bakının lehinə olmayan bəyanat qəbul edildi. Lakin hər şey qabaqda idi. Çünki nə Bakı buna imkan verəcəkdi, nə də Rusiya illərdir əlində tutduğu bölgənin “dəstəyini” buraxmaq istəyirdi.

20 iyun Sankt-Peterburq: Bu dəfə nə Amerika, nə də Fransa var idi. Bu dəfə oyunda sadəcə Putinin kartları oynanılırdı. Və Neva sahillərində masaya rusların planları qoyulmuşdu. Putinin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra səslənən bəyanatda “atəşkəsə nəzarət mexanizminin tətbiqi” məsələsinin, yəni ABŞ-ın istədiyinin yer alması fikirləri qarışdırdı. “Putin Amerikanın əlinə oynayır?” sualının cavabı az sonra bəlli oldu. Məlum oldu ki, bu bəyanat sadəcə görüntü xarakteri daşıyır və görüşdə ciddi razılıqlar əldə olunub. Novruz Məmmədovun “Münaqişənin həlli “mərhələli həll” planına uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda statusla bağlı referendum keçirilir” deyə rəsmi Bakının mövqeyini açıqlaması da bunu sübut etdi. Bu bəyanatdan sonra İrəvanın bütün təkziblərinə rəğmən hər şey olmasa da, çox şey artıq həll olunmuşdu.

Qarabağın qaytarılması prosesi başlandı – TƏHLİL

Amerika susurdu. Və Vyanada görüşündən sonra bir ay müddətində qurulmalı olan atəşkəsə nəzarət mexanizmi unuduldu. ATƏT-i fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin “Təmas xəttində atəşkəsə nəzarət mexanizminin quraşdırılması üçün lazım olan vəsait yoxdur” açıqlaması da ABŞ və Rusiyanın münaqişənin həllində Moskvanın hökmranlığı üzərində razılığa gəldiyi versiyasını ortaya çıxartdı.

Vaşinqton və Moskva Suriya və Qarabağ məsələsində qarşılıqlı güzəştə getmişdi. ABŞ Qarabağ məsələsinə müdaxilə etmir, Rusiya da Suriyada ABŞ-ın maraqlarına toxunmur. Lakin bu razılaşma olduqca “kövrək” idi. Nə Ağ Ev Cənubi Qafqazı Rusiyaya tamamilə tərk etmək, nə də Kreml Suriyanı ABŞ-ın ağuşuna atmaq niyyətində idi. Razılaşma sadəcə müvəqqəti idi və hər iki tərəf vaxt qazanmaq naminə buna getmişdi. Bu vaxt xüsusilə Rusiyaya hava-su kimi vacib idi.

Çünki; Suriyada müharibəyə daxil olmuşdu və Amerika hər-an ona qarşı ikinci cəbhəni açaraq qüvvələrini parçalaya bilərdi. Rusların zəif ayağı olan Cənubi Qafqaz ən yaxşı variant, Qarabağ kimi hər an partlamağa hazır münaqişə isə ən yaxşı vasitədir.
Amerika da öz növbəsində Cənubi Qafqazda müvəqqəti güzəştə gedərək, Suriyada itirdiyi xalları geri qaytarmağı düşünürdü.
Çünki; Suriya Vaşinqton üçün Qarabağdan daha önəmlidir. (Bu Vyana görüşündən 4 ay sonra dövlət katibi Con Kerrinin bəyanatında daha aydın şəkildə görünəcəkdi).

Sankt-Peterburq görüşündən sonra danışıqlara süstlük çökdü. 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd gündəmi də dəyişdirdi. Lakin danışıqlara birbaşa təsir edən məsələ iyulun 17-də İrəvanda başlanan qiyam oldu. İki həftə davam edən qiyam Ermənistana müəyyən mənada vaxt da qazandırdı. Daha doğrusu, Sarkisyana daxili problemi həll edərək masada əyləşməsi üçün vaxt verilmişdi. Nəhayət, bu problem də geridə qaldı və avqustun ilk ongünlüyündə Qarabağ probleminin həllini də özündə birləşdirəcək regional proseslər müşahidə edilməyə başlandı.

8 avqust: Vladimir Putin Azərbaycan torpaqlarına səfərə gəldi. Prezident İlham Əliyev və Bakıda səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüşlər keçirdi. Kifayət qədər maraqlı keçən görüşün məqsədi iqtisadi sferada Şimal-Cənub nəqliyyat dəhlizinin müzakirəsi idisə, siyasi spektirdə regionun mənzərəsinin dəyişdirilməsinin ilk addımları atılırdı.

Kreml regionda Azərbaycan, Türkiyə və İranın da olduğu yeni birliyin mümkünlüyünü müzakirə masasına yatırmışdı. Bu, Qərblə mübarizədə Rusiyaya çox lazımlıdır. Xüsusilə 15 iyul dövlət çevrilişinə cəhdlə qarşılaşan Türkiyənin də dəstəyini almaqla Putin yüzilliyin qələbəsinə imza ata bilərdi.
Tehran üçün Suriya məsələsində müttəfiq olduğu Rusiya ilə bir yerdə olmaq mümkün görünür. Tehran ABŞ-la nüvə məsələsində anlaşan liberalların hakimiyyəti altında olsa da, bu ölkədə ali dini liderin çətiri altındakı mühafizəkarların hələ də söz sahibi olması Rusiyanın əlini gücləndirir. Lakin İran bu məsələdə bir qədər gözləmə mövqeyində dayanır və qapıdan ən sonuncu daxil olmaq istəyir.
Bakı strateji müttəfiqi olan Türkiyə ilə Rusiyanın əl tutuşmasından sonra bölgədəki geosiyasi dəyişikliklərdən yanadır. Xüsusilə bu dəyişiklik ərazi bütövlüyü məsələsində onun xeyrinədirsə…

9 avqust: Bakıdan ümidlə qayıdan Putin Neva sahillərində bu dəfə köhnə və incimiş olduğu dostunu – Ərdoğanı qəbul etdi. Hansı ki, bu görüş hələ iyun ayından planlaşdırılırdı. Türkiyə Rusiya və İsraillə problemlərini kənara qoyaraq, Yaxın Şərqdə, xüsusilə Suriyada ona qarşı tələlər quran “müttəfiqlərinə” qarşı revanşa başlayırdı.

Qərbin planlarına qarşı Türkiyə-Rusiya-İsrail birliyi – TƏHLİL

15 iyul çevriliş cəhdi də bu revanşa qarşı revanş idi, lakin planlar baş tutmadı və Rusiya təyyarəsinin vurulmasından sonra Ərdoğanla Putin ilk təması Sankt-Peterburqda qurdular. Rus torpaqlarında “Azərbaycan-Türkiyə-Rusiya” formatı gündəmə gəldi və bununla bir gün öncə Bakı görüşünün konturları göründü. Qeyd etdiyimiz kimi, İran “suların durulmasını” və region siyasətindəki bu kəskin dəyişiklikdə daşların yerinə oturmasını görmək üçün gözləmə mövqeyindədir.

10 avqust: Kremldəki iş otağını tərk edən Putin yenidən qalın divarlar arxasına qayıtdı və Serj Sarkisyanı qəbul etdi. Çoxlarına görə, bu, baş verən qiyamın aydınlaşdırılması məqsədi daşıyırdı. Lakin Ermənistanda rus agentura şəbəkəsinin yetərincə güclü olduğunu nəzərə alsaq, Kreml sahibinin yaxşı bildiyi məlumatları yenidən dinləməyə nə həvəsi, nə də vaxtı var idi. Qarşıda daha vacib məsələ – yeni formatın inşa edilməsi dayanırdı. Və burada Qarabağ münaqişəsinin həlli məsələsi aydın şəkildə görünürdü.

Rusiya: yeni formatda Ermənistanı da görmək istəyir; Ermənistanın giriş biletini almaq üçün Azərbaycanın razılığı lazımdır; Bakı ərazilərin işğaldan azad olunması müqabilində razıdır və bircə Ermənistanın “hə” deməsi qalıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün müxtəlif vasitələrlə təmaslar qurulurdu. Bu məsələdə Bakı ilə də intensiv məsləhətləşmələr aparılırdı. Lakin 15 iyulda ortaya çıxan xain planlar bu prosesi bir qədər ləngitdi” deyə bildirməsi də proseslərin görünməyən tərəfində Ankaranın da iştirakı ilə müəyyən addımların atıldığını ortaya çıxartdı.

***

“Avqust trafiki”ndən sonra siyasi atmosfer sakit mərhələyə keçdi və gündəlik diplomatiya Qarabağ məsələsini geridə qoydu. Burada əsas səbəb Suriyada döyüşlərin yenidən intensiv mərhələyə keçməsi idi.

Türkiyə “Fərat qalxanı” əməliyyatına başladı və Amerikanın planları qarşısına sədd çəkdi. ABŞ Suriya məsələsinə diqqəti artıraraq həm Türkiyənin bölgədə möhkəmlənməsinin qarşısını almaq, həm də daxili siyasətə hesablanmış planların yolunu açmaq üçün ruslarla atəşkəs sazişinə getdilər. Demokratların rəhbərlik etdiyi Vaşinqtonun burada Amerikada prezident seçkilərinə hesablanmış hədəfləri də olmamış deyildi. Obama Suriya məsələsində irəliləyişə nail olmaqla xələfi Klintonun seçilməsinə dəstək vermək istəyir.

– Suriyada irəliləyişə nail olmaqla Klintonun opponentinin “demokratlar 5 ildir problemi həll edə bilməyiblər” ittihamlarının qarşısını müəyyən qədər almaq.
– Demokratların mümkün xanım prezidentinin zərif çiyinlərinə Suriyanı daha yüngülləşdirilmiş formada buraxmaq.

Kerrinin Lavrovla saatlarla çəkən görüşünün hədəfi bu idi. Lakin Pentaqonun bu məsələyə qarşı çıxması ilə yanaşı, Kremlin sevmədiyi Klintonun xeyrinə olacaq ən kiçik addıma getməyəcəyi də Obama administrasiyasını uğursuzluğa düçar etdi və atəşkəs başlamamış bitdi.

Bütün bunların fonunda Dağlıq Qarabağ məsələsi yada düşmürmüş kimi görünürdü. Lakin Prezident İlham Əliyevin MDB dövlət başçılarının Bişkekdə keçirilən iclasında Sarkisyanı susdurarkən, “bu məsələ ilə bağlı beynəlxalq səviyyədə ciddi iş aparıldığı üçün mən burada çox danışmaq istəmirəm” deyərək, Qarabağ probleminə toxunması arxa planda işin dayandırılmadığı ehtimalını gücləndirdi.

Arxa planda baş verənlər

Ermənistan daxilində baş verən kadr dəyişikliyi arxa plandakı işin bir parçası ola bilər. Sentyabrın 8-də Sarkisyan baş nazir Ovik Abramyanı istefaya göndərdi. Onun yerinə Karen Karapetyan təyin edildi. Karapetyan “Qazprom”da işləyib və Kremlin sınanmış adamı hesab olunur.

Bu dəyişikliyin arxasında Rusiyanın iki planı ola bilər.

İrəvandakı boşluqları doldurmaq: Ovik Abramyan biznesmen Qaqik Sarukyanın kürəkənidir. Sarukyan hazırki hakimiyyətdən fərqli olaraq, Qərb və Rusiyaya eyni məsafədə yanaşır. Həmçinin, o, vaxtilə Sarkisyan hakimiyyətinə (məhz Kremlin dəstəklədiyi iqtidara) qarşı müxalif olan “dördlər ittifaqı”nın əsas banisidir. Hesab etmək olar ki, Kreml Karapetyanı baş nazir postuna gətirməklə Sarukyanın Sarkisyan kabinetindəki “Troya atı”nı zərərsizlədirmək və İrəvandakı mövqelərini möhkəmləndirmək gedişi etdi. Bu, həm də aprel müharibəsindən sonra “mərkəzdənqaçma” siyasəti yürüdərək Moskvaya “kiçik buynuzlar” göstərən Sarkisyana nəzarətin gücləndirilməsi, uzaq perspektivdə isə Sarkisyanın yerinə alternativin hazırlanması gedişi idi.

Qarabağ faktoru: Karapetyanın gəlişində bu amil də görünür.
Birincisi, Sarkisyanın komandası ilə Moskva arasında fikir ayrılığı məhz Qarabağ məsələsində yaranır. Yəni Sarkisyanın gedişi də məhz bu amilə görə ola bilər.
İkincisi, nə qədər kiçik ehtimal kimi görünsə də, Karapetyanın erməni ictimaiyyətini münaqişənin Rusiya planı çərçivəsində həllinə hazırlaşdırmaq missiyasını daşıdığını deyə bilərik. Xüsusilə onun erməni ictimaiyyəti arasında hətta Sarkisyandan da çox nüfuza sahib olduğu haqda deyilənləri nəzərə alsaq, bu ehtimal özünü biruzə verir.

Sentyanrın 16-da İrəvan küçələrində “İsgəndər” raket komplekslərinin görünməsinə də bu iki plan kontekstində baxa bilərik. Ermənistan müstəqilliyinin 25 illiyi münasibətilə keçirdiyi paradda Rusiya istehsalı olan “İsgəndər”ləri nümayiş etdirdi. Bu, Bakıya doğru böyük “əzələ nümayişi” idi və Rusiyanın bu kompleksi ermənilərə verməsi də suallar yaradırdı.

– Müharibəni rəfə qaldır.
– Sən də kifayət qədər bahalı olan silahdan sifariş ver.

Moskva ermənilərə raket kompleksini verməklə Azərbaycana bu iki mesajı verə bilərdi. (Əslində vermiş oldu da).

Lakin “İsgəndər”in bahalı silah olması, həmçinin, Rusiya hərbi-sənaye kompleksinin siyasəti fonunda onun ermənilərə verilməsi qeyri-real görünürdü. Ortaya çıxan informasiyalar da bu raket komplekslərinin Gümrüdəki Rusiya bazasına məxsus olduğuna işarə edirdi.

Rusların silah oyunu və arxasındakı mesajlar – TƏHLİL

Rusiyanın özünə məxsus raketləri İrəvan küçələrinə çıxarması daha çox erməni ictimaiyyətindəki anti-Rusiya əhval-ruhiyyəsinin aradan qaldırılmasına hesablanmışdı. Moskvaya simpatiyanın yenidən qaytarılması Qarabağ məsələsində Rusiyanın planlarının reallaşmasındakı əngəli aradan götürməyə yardım edə bilər, bununla da Kreml Türkiyə ilə birlikdə regiona dair hədəflərinə doğru addım ata bilər. “İsgəndər”lər həmçinin, rusların inanılmış adamı – Karapetyanın da yeni daxil olduğu hakimiyyətin aprel hadisələrindən sonra ictimaiyyət üzərində nüfuzunu yenidən bərpa etməsinə hesablanmış addım idi.

Bu raket komplekslərinin Ermənistana verilmədiyi, sadəcə olaraq, rusların planlarına xidmət etdiyi ehtimalını İrəvandakı paraddan dörd gün sonra keçirilən Bişkek sammiti də artırır.
Sentyabrın 20-də Prezident İlham Əliyev uzun müddət qatılmadığı MDB sammitində iştirak etmək üçün Bişkekə getdi. Görünür, Bakı əsas prinsipi olan “ərazi bütövlüyünün bərpası” məsələsində Moskvada işartılar hiss etdiyi üçün bu gedişi edib. Əgər “İsgəndər” faktoru tamamilə Bakının əleyhinə atılmış addım olsaydı, Azərbaycan liderinin Bişkekə getməyəcəyi şübhəsiz idi. Vaxtilə məhz Qarabağ məsələsinə görə Barak Obamanın görüşündən imtina edən İlham Əliyev üçün bunu etmək o qədər də çətin deyil.

Bişkek sammitindən 10 gün sonra ABŞ dövlət katibi Con Kerrinin qəfil “Liderlər güzəştə hazır deyil. Bu, hətta Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” deyə Qarabağdan bəhs etməsi də nə dərəcədə təsadüf ola bilərdi?!

Amerika Rusiyanın Qarabağ münaqişəsində təşəbbüslərini sıradan çıxarmaq və regionda Azərbaycan-Türkiyə-Rusiya (daha sonra Ermənistan) formatının yaradılması planını pozmaq istəyir.

***

Oktyabrın 10-da bu formatın liderləri İstanbulda görüşdü. 23-cü Dünya Enerji Konqresi çərçivəsində baş tutan görüşü regionun yeni mənzərəsinin nümayişi hesab etmək olardı.

Üç liderin İstanbul görüşündə iki mühüm məsələnin olması ehtimal olunandır.

1. Azərbaycan-Türkiyə-Rusiya formatının yaradılması istiqamətində addımları intensivləşdirmək.
2. Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olaraq, Ermənistanı bu format daxilinə salmaq.

İstanbulda Əliyev-Putin-Ərdoğan zirvəsi: gələcəyin konturları cızılır – TƏHLİL
Azərbaycan prezidenti İlham Əliyev 23-cü Dünya Enerji Konfransında iştirak üçün İstanbula səfər edib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşən Azərbaycan prezidentinin müxtəlif görüşlər keçirəcəyi gözlənilir.

Vladimir Putinin İstanbuldan sonra İrəvana səfəri də bu kontekstdə diqqət çəkdi. Bu, avqustun 8-də Bakıya səfər, 9-da Ərdoğanla görüş, 10-da isə Sarkisyanı qəbul etmək gedişinə çox bənzəyir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitində iki mühüm məqam xüsusi diqqət çəkdi.

Birinci: Sergey Lavrov İrəvanda “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas olacaq” deyə açıqlama verməklə Ermənistanın qarşısına şərt qoydu. Rusiyanın baş diplomatı “Ermənistan Qarabağ münaqişəsinin hazırki plana uyğun, yəni ərazilərin qaytarılması çərçivəsində həllinə razı olacaqsa, o zaman, Türkiyə ilə münasibətlərin normallaşması mümkün olacaq” deyirdi.

İkinci: “İrəvanda Dağlıq Qarabağla bağlı kompromislər müzakirə olunub”. Vladimir Putin səfərdən sonra bu açıqlamanı verdi. Söhbət hansı kompromislərdən gedir? Putin bunu dilə gətirməsə də ehtimal ki, məhz münaqişənin həlli ilə Ermənistanın Bakı-Ankara-Moskva üçbucağına yan alması planı ermənilərə diktə edilib.

Bu proseslərin ardından Azərbaycan prezidenti İlham Əliyev Rusiya mediasına geniş müsahibə verdi. Müsahibədəki fikirlərdən öncə, Rusiya mediasının məhz Azərbaycan liderindən müsahibə alması və bu vəzifəni Kremlə yaxın olan Dmitri Kiselyovun üzərinə qoyması diqqət çəkdi.

– Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi İttifaqına daxil olmasını istisna etmək olmaz.

Azərbaycan liderinin müsahibədə birinci mesajı belə idi. Bu, hər şeydən öncə Rusiyaya ünvanlanmışdı. Yəni Moskvanın müəllifi olduğu ittifaqla əməkdaşlıq istisna edilmir, lakin…

“Avrasiya İqtisadi İttifaqına daxil olmaq üçün həm iqtisadi, həm də siyasi motivasiya olmalıdır”, – Prezident İlham Əliyev bununla şərtlərini açıqlayır.

Xüsusilə siyasi motivasiya Bakı üçün vacibdir və dövlət başçısı çox güman ki, bununla birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutur.

– Əlverişli güzəşt mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların həyat fəaliyyətinin, özünüidarəetmənin, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsinin təmin edilməsi, Dağlıq Qarabağ muxtar vilayətinin ətrafındakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında sülh şəraitində qarşılıqlı əlaqə – münaqişənin həlli bizə belə görünür. Azərbaycanın ərazi bütövlüyünə dair məsələlərdə güzəşt mümkün deyil. Lakin yerli özünüidarəetmə məsələləri üzrə güzəşt ola bilər. Gələcəkdə isə, razılığa gələ bilsək, bu, muxtar respublika ola bilər.

Azərbaycan lideri son şərtini açıqladı və ən yaxşı halda muxtariyyət statusu verilə biləcəyini bəyan etdi.

Bu, həm də Ermənistanı Qarabağın müstəqilliyi haqda xəyallar qurmaq əziyyətindən qurtarmaqdır.

***

Bütün daşlar yerinə oturur. Yalnız Rusiyanın planlarında sülhməramlı məsələsi açıq qalır. Hesab etmək olar ki, rəsmi Bakı sülhməramlıların tərkibində türk əsgərlərinin olması şərti ilə buna razıdır. Əslində bunun mümkün olması, uzun zamandır davam edən status-kvonu yerindən oynadacaq və Azərbaycanın zərərinə işləyən zamanın axını dəyişdiriləcək.

İşğal altındakı rayonlar qaytarılacaq; Qarabağa rus və türk hərbiçilərindən ibarət sülhməramlılar yerləşdiriləcək; qaçqınları qayıdışı təmin olunacaq; Qarabağa Azərbaycanın tərkibində yüksək statusa malik muxtariyyət hüququ veriləcək; Ermənistanın təcrid olunmasına son qoyulacaq; Azərbaycan-Türkiyə-Rusiya birliyində ermənilərə də müəyyən yer veriləcək.

Hədəfdə son nəticə belədir. İllərdir “Rusiya niyə Qarabağ münaqişəsini həll etsin ki?” sualı burada da haqlı olaraq önə çıxır. Laki proseslərin analizi və Moskvanın gələcək hədəfləri bunu mümkün edir. Digər tərəfdən, Rusiya onsuz da münaqişəni öz planları çərçivəsində – sülhməramlıları bölgəyə daxil etmək – həll etmək niyyətindədir. Bu, bölgədə daha da möhkəmlənmək və Cənubi Qafqazdan onun sərhədlərinə doğru irəliləyən NATO-ya qarşı qalxan yaratmaq üçün vacibdir. Münaqişənin həll olunmaması isə Rusiyanın cənub sərhədlərində daim təhlükə mənbəyi olaraq qalır. Qlobal güclərin açıq müstəvidə üz-üzə gəldiyi məqamda bu, ruslara lazım deyil.

Plan içində planlar quran Amerika: Okeanın o tayından boylananların nə edəcəyi də maraqlıdır. Hər-halda indi sadə amerikalılardan fərqli olaraq, Vaşinqtonu təkcə Ağ Evdə Klintonun, yoxsa Trampın oturacağı maraqlandırmır. Böyük ehtimalla Vaşinqton regiondakı planları pozacaq addımlar atacaq.

a) Vaşinqton Ankara və Moskvanın planını poza biləcəyi ilk zəif nöqtə Ermənistan ola bilər. Oktyabrın 10-da İlham Əliyev, Putin və Ərdoğan İstanbulda görüşərkən, Serj Sarkisyanın ABŞ-a səfəri də təsadüfi deyildi. Qeyri-rəsmi, işgüzar səfər zamanı Sarkisyanın vitse-prezident Co Baydenlə fotokameraların obyektinə tuş gəlməsi də təsadüfi deyildi. Bayden Sarkisyanla yəqin ki, təkcə investisiyalardan yox, böyük ehtimalla məhz regiondakı planlardan danışıb. Sarkisyanın bundan sonra atacağı addımlar onun Amerikada nələri müzakirə etdiyinə də işıq tutacaq.
Hesab etmək olar ki, Amerika Sarkisyana lazımi anda müharibə başlamağı tövsiyə edib. Lakin İrəvanda silahların Rusiyanın icazəsi olmadan qınından çıxmayacağını nəzərə alsaq, bu, mümkünsüz görünür. Bunu Amerika da yaxşı anlayır. Deməli Sarkisyan razılaşmamaq üçün əlindən gələni edəcək, yaxud danışıqlar prosesini uzatmaqla vaxt qazanacaq. Onun qazanacağı vaxt Vaşinqtona da lazımdır.

b) Amerika bu planları pozmaq üçün Rusiyaya qarşı ikinci cəbhəni aça bilər. Ən real görünən cəbhə Ukraynadır. Avqustun 10-da Putin Sarkisyanı Moskvada qəbul edərkən, Ukrayna xüsusi təyinatlılarının Krıma hücumu da bu variantın mümkünlüyünü, hətta sınaqdan çıxarıldığını deməyə əsas verir.

Qarabağ görüşündə qəfil dönüş: Putindən “təhlükəli oyun” açıqlaması

Ukrayna cəbhəsində yeni müharibə ilə Rusiyanın qüvvələrini parçalamaq ssenarisi gündəmdən düşməyib.

c) Lakin Ukrayna cəbhəsi təkcə Rusiyanı zəiflədəcək, bəs Türkiyə? Amerika bunu düşünməmiş deyil. Və oktyabrın 17-də qəfil Mosul əməliyyatına start verildi. Bu əməliyyatın Yaxın Şərq planında yeri və hədəfi ayrıdır. Lakin bu əməliyyatda Türkiyə və Rusiyaya qarşı yeni cəbhənin açılması detalı da son 6 ayda müşahidə olunan geosiyasi proseslər fonunda diqqətdən qaçmır. Faktiki olaraq, Türkiyə hazırda bütün diqqətini Mosula yönəldib. Lakin bu planın başlanğıcıdır.
Mosuldan çıxarılan İŞİD döyüşçülərinin Suriyaya getməsi üçün lazım olan dəhliz açıq saxlanılır. Bu, əsas məqsədin İŞİD-i məhv etmək yox, Suriyaya yönləndirmək olduğunu göstərir. Hazırda Suriya Rusiyanın nəzarəti altındadır və Türkiyə “Fərat qalxanı” əməliyyatını uğurla yerinə yetirir.

Mosuldakı İŞİD qüvvələri Suriyaya gedərsə: “Fərat qalxanı” əməliyyatına təhlükə yaranır; Suriyada əlavə qüvvə ilə güclənən terror qruplaşması Rusiya üçün yeni problemlər yaradır;

Bu planın birinci hissəsidir.

Rusiya baş diplomatı Sergey Lavrov İraqdakı İŞİD qüvvələrinin Suriyaya gələcəyi təqdirdə, Moskvanın Mosul əməliyyatına müdaxilə edəcəyini açıqlayıb.

Belə olarsa, planın birinci hissəsi baş tutmur və avtomatik olaraq, B planı işə düşür. Amerika B planında Rusiyanın Suriya ilə yanaşı, Mosulda da müharibəyə cəlb edilməsidir. Bu müharibə əvvəlcə şiə gücləri ilə olacaqsa, sonrada İranın oyuna daxil olması, alovu daha da böyüdə bilər. Bununla yanaşı, Türkiyə də Mosulda Rusiya ilə eyni cəbhəni paylaşacaq.

Beləliklə; Türkiyə-Rusiya və İran-İraq qarşıdurması başlayır; İranın Azərbaycan-Türkiyə-Rusiya-İran-Ermənistan formatında təmsil olunması perspektivi sıradan çıxır; İran Rusiya və Türkiyəyə qarşı Cənubi Qafqazda Ermənistanı dəstəkləyir; Tehrandan güc alan İrəvan Putinin Qarabağ üzərindən başlanan regional planına qarşı çıxır; regionda yaranan siyasi xaos Amerikaya ən azından vaxt qazandır; Bu, mümkün olmasa belə, Rusiya və Türkiyə Mosulda vaxt itirir və regional plan təxirə salınır.

Bütün bunlar, böyük geosiyasi prosesin tərkib hissəsi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə aparan ssenarini alt-üst edir.

İndi Qarabağdan Mosula qədər uzanan müharibənin nəticəsinin necə olacağı Mosul əməliyyatına bağlıdır. Mosulda həm də Cənubi Qafqaz daxil olmaqla bütöv regionun gələcəyi həll olunur.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir