KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kürd məsələsi Suriya münaqişəsinin sonuncu halqası olacaq

Kürd məsələsi Suriya münaqişəsinin sonuncu halqası olacaq

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
340 0

Ər-Riyadın kürdlərə yardımı Ankaranı qəzəbləndirib, Ərdoğan ABŞ dövlət katibinə xəbərdarlıq edib

Səudiyyə Ərəbistanı hökuməti Suriyada kürdlərin (Suriya Demokratik Qüvvələri – K.R.) nəzarət etdiyi bölgələrin təmiri və yenidən qurulmasına 100 milyon dollar ayırıb. Ər-Riyadın Suriya kürdlərinə yardım ayıracağı ilə bağlı məlumatlar daha əvvəl də yayılıb, ancaq son qərar məhz Qaşıqçı olayları ilə eyni vaxta təsadüf etdiyi üçün ciddi tənqidlərə səbəb olub.

Məlum olduğu kimi, oktyabrın 16-da ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına səfər edib. Burada o, kral Salman bin Əbdüləziz, eləcə də ölkənin əsas adamı olan vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşüb. Krallığın maliyyə yardımı isə məhz bu görüşlərlə eyni təqvimə təsadüf etdiyi üçün ciddi tənqidlərə səbəb olub. Bir çoxları bu yardımı məhz Qaşıqçı cinayətinin ört-basdır edilməsi üçün ər-Riyadın Vaşinqtona rüşvəti adlandırırlar.

“Nyu York Tayms” qəzetinə açıqlama verən amerikalı dövlət rəsmisi 100 milyonun məhz bu ərəfədə ayrılmasının təsadüfi olmadığını bildirib. Prezident Trampın İŞİD-ə qarşı mübarizə üzrə xüsusi təmsilçisi polkovnik Brett Makqurk isə bu ittihamları rədd edib. O deyib ki, Ərəbistan hökuməti Suriyanın şimalında İŞİD tərəfindən dağıdılmış bölgələrin təmiri üçün 100 milyon ayrılması haqda qərarı avqust ayında qəbul edib, ancaq ödəmə payıza təsadüf edib.

Ər-Riyadın bu addımının məhz indiki dövrə təsadüf etməsinin bir neçə alt səbəbləri də var. Məsələ ondadır ki, ötən həftə ABŞ prezidenti açıq şəkildə ərəblərin ABŞ-ın bölgədə hərbi qüvvə saxlamasına görə daha çox ödəməli olduğunu bildirib. Hətta bildirib ki, ABŞ hərbi gücü olmasa ərəblər İran qarşısında çox az müddət davam gətirə bilərlər. Yəni Vaşinqton artıq uzun müddətdir ki, bu pulu tələb edirdi, ancaq ərəblər uzadırdılar. İndi isə yaranmış situasiya ərəbləri, yəni konkret olaraq Səudiyyə Ərəbistanı hakimiyyətini ödəməni etməyə məcbur qoyub. Çünki Qaşıqçı olayı ər-Riyadı Qərb qarşısında xeyli gözükölgəli edib.

Ərəblərin kürdlər üçün pul verməsi aydın məsələdir ki, Türkiyəni qəzəbləndirəcək. Çünki bilindiyi kimi, Ankara Suriyada fəaliyyət göstərən və ABŞ-ın dəstəklədiyi YPG-ni terror təşkilatı hesab edir və onlara qarşı iki dəfə genişmiqyaslı əməliyyat keçirib. Məhz buna görə ABŞ və Türkiyə arasında ciddi soyuqluq başlayıb. Ancaq görünən odur ki, ər-Riyad üçün hazırda əsas məsələ Vaşinqtonla dil tapmaqdır.

Məsələ ondadır ki, Vaşinqton hazırda Suriyada kürdləri açıq şəkildə dəstəkləyir. Vaşinqton kürdlərin Suriyada İraqda olduğu kimi muxtariyyət və silahlı gücə sahib olan siyasi təşkilata çevrilməsinə çalışır. Yeri gəlmişkən, 4 il əvvəl Amerika-kürd ittifaqı İŞİD-in Suriya-Türkiyə sərhədində yerləşən Kobaniyə 5 ay davam edən hücumunun qarşısını almış və ilk dəfə İŞİD-i ciddi məğlubiyyətə uğratmışdı. Bununla da Yaxın Şərqdə ikinci böyük kürd-Amerika ittifaqı faktiki olaraq qurulmuşdu. Kürdlər sonrakı illərdə də Suriyada Pentaqonun quru qüvvələri kimi fəaliyyət göstərərək İŞİD-ə qarşı mübarizədə quru əməliyyatlarını aparıblar. Havadan isə ABŞ təyyarələri onları dəstəkləyib. Məhz bu ittifaq nəticəsində kürdlər İŞİD-in Suriyadakı paytaxtı Raqqanı ötən il ələ keçirib. Vaşinqton da buna görə kürdlərə “borclu qalmayıb”. Ötən illərdə Pentaqon kürdlərə ən müasir silah və quru qoşunları üçün əməliyyat texnikası bağışlayıb.

Kürdlər isə Suriyada Fərat çayının şərq sahillərinə iddia edir. Qərb sahilində qalan yeganə ərazi Menbic bölgəsidir ki, Türkiyə və ABŞ arasında anlaşmaya əsasən bu rayon dekabra qədər kürd qüvvələrindən təmizlənəcək. Ancaq Vaşinqton açıq şəkildə bildirir ki, kürdlərin siyasi status almasına dəstək verəcək. Hələlik Türkiyə, İran və Suriya bu plana razı deyil. Rusiya isə konkret mövqe bildirməsə də, kürd məsələsində o qədər də inadkar görünmür.

Bir neçə gün əvvəl isə Suriyanın xarici işlər naziri bildirib ki, İdlib prosesi başa çatdıqdan sonra növbəti əməliyyat Suriyanın şərqində kürdlərə qarşı olacaq. Çünki Bəşər Əsəd və Suriya iqtidarı ölkə ərazisinin 25 faizdən çox hissəsini kürdlərə güzəştə getməyə hazır deyil. Üstəlik, bu məsələdə Türkiyə və İranın da mövqeyini bilir.

Suriya və kürd mövzusu oktyabrın 17-də Türkiyəyə gələn ABŞ dövlət katibi Pompeo ilə Türkiyə rəsmiləri arasında görüşdə də əsas müzakirə mövzusu olub. Xarici işlər naziri Çavuşoğlu mediaya bildirib ki, Türkiyə prezidenti Pompeoya Amerika etməyəcəyi təqdirdə Türkiyənin Suriyadakı kürd terrorunu təmizləməyə hazır olduğunu deyib.

Belə anlaşılır ki, Türkiyənin İdlibdə atəşkəs və anlaşma olmasında marağının arxasında həm də kürd amili var. Türkiyə prezidenti rusiyalı həmkarı ilə sentyabrda əldə etdiyi razılaşma ilə İdlibdəki müxalif silahlıları qorumaqla yanaşı, Suriya hakimiyyətini kürdlərə doğru yönəltməyi hədəfləyir. Çünki İdlib razılaşması heç bir problemsiz həll olunsa, o zaman Suriya hakimiyyətinin tezliklə kürdlərlə qarşı-qarşıya gəlməsi qaçılmaz olacaq. Suriya hökuməti ilə kürdlərin – SDQ – toqquşması ilk növbədə Türkiyə və onun dəstəklədiyi qüvvələr üçün əlverişlidir. Bu səbəbdən də Ankara İdlibdəki silahlıları hər vəchlə atəşkəsə riayət etməyə məcbur edir. Artıq bilindiyi kimi, razılaşmanın əsas hissəsi yerinə yetirilib. Silahlıların bir hissəsi və ağır texnika atəşkəs bölgəsindən çıxarılıb. Hətta o da məlumdur ki, ən radikal qruplaşma olan HTŞ-dən bəzi qruplar ayrılaraq Suriya hakimiyyəti ilə anlaşmaya getməyə hazır olduğunu bildirirlər.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir