Şimdi yükleniyor

Kənan Novruzov: Cənubi Qafqazda yeni savaş riski: Bu dəfə Gürcüstan…

 

Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib ki, ölkəsinin məqsədi və vəzifəsi ABŞ ilə strateji tərəfdaşlığa sıfırdan konkret yol xəritəsi ilə başlamaqdır.
Onun sözlərinə görə, Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Nyu-Yorkda amerikalı həmkarı Donald Trampla görüşü strateji tərəfdaşlığın bərpasına töhfə verəcək.

“ABŞ-yə gəlincə, konkret məqsəd və vəzifəmiz var – ABŞ ilə strateji tərəfdaşlığa sıfırdan, konkret yol xəritəsi ilə başlamaq. Ümid edirəm ki, bu görüş də buna töhfə verəcək. Biz buna tam hazırıq. Qalan məsələlərdə amerikalıların mövqeyini gözləyəcəyik”, – o qeyd edib.

Tramp administrasiyası bütün imkanları ilə Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Vaşinqton bunu Moskvanın bölgədəki imkanlarının zəifləməsi fonunda edir və Rusiyanın mövqelərinə getdikcə zərbə vurur.

Avqustun səkkizində Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşma ilə ABŞ-nin Cənubi Qafqazdakı təsir imkanları xeyli artdı. Bununla həm də beş il əvvəl Rusiyanın vasitəçiliyi əldə olunmuş 10 noyabr sazişi qüvvədən düşdü.

Beləliklə, ABŞ Ermənistan- Azərbaycan konfliktinə əsaslı formada töhfə verməklə həm regiondakı güc balansını dəyişdi.

ABŞ bundan sonra regionda güclənmək üçün çalışmağa davam edəcək. Odur ki, növbəti mərhələdə Gürcüstanla əlaqələrin gücləndirilməsi istiqamətində işlər görüləcək. İkitərəfli münasibətlərin inkişafı həm Vaşinqtonun, həm də Tbilisinin maraqlarına cavab verir.
Məlum olduğu kimi, Gürcüstan torpaqlarının bir hissəsi- Abxaziya və Osetiya Rusiyanın işğalı altındadır. Gürcüstan Rusiyaya qarşı əlini gücləndirmək məqsədilə ABŞ ilə strateji tərəfdaşlıqda yeni mərhələyə başlaya bilər. Hərçənd bu, həm də Tbilisi üçün risklidir. ABŞ perspektivdə Gürcüstanı Rusiyaya qarşı qaldırmaqla ikinci cəbhənin açılmasına nail ola bilər.

Təbii ki, ikitərəfli münasibətlərin inkişafı Gürcüstana asan başa gəlməyəcək və ciddi müqavimətlə qarşılanacaq. Bunun iki əsas səbəbi var. Birincisi, Gürcüstan siyasi elitasında hələ də Rusiyaya meyillilik var. Müxalifət isə elə də zəif deyil.

İkincisi, Gürcüstan ABŞ ilə yaxınlaşdıqca Moskvanın Tbilisiyə təzyiqləri artacaq. Rusiya Gürcüstanda müxalifəti ayağa qaldıra, ölkə daxilində “suları bulandırmağa” çalışa bilər. Bu, o deməkdir ki, Cənubi Qafqazda yeni savaş riski var.
Onu da deyək ki, Avropa ilə ABŞ arasında artan gərginlik də müəyyən qədər Gürcüstanın işini çətinləşdirə bilər.

Bütün hallarda Gürcüstanın ABŞ ilə strateji tərəfdaşlığı yeni mərhələyə qaldırmaq cəhdi regionda yeni dinamika ilə müşahidə oluna bilər.

Kənan Novruzov

Share this content:

Yorum gönder