Şimdi yükleniyor

Kənan Novruzov: Rusiya – Ukrayna müharibəsinin bitməsi üçün ABŞ və Türkiyənin birgə səylərinə ehtiyac var

Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda cari beynəlxalq hadisələr barədə danışarkən deyib ki, İik dəfədir ki, Rusiya ilə Ukrayna arasında atəşkəs, hətta uzun müddətli atəşkəsin əldə olunması mümkündür.
O bildirib ki, bunun üçün ABŞ ciddi səy göstərməlidir.

Nazir ümid edir ki, davamlı müzakirələr uğurla başa çatacaq: “Prezident Donald Tramp ABŞ-nin Rusiya-Ukrayna müharibəsindəki siyasətini və mövqeyini dəyişdi. Müharibədə aparıcı güc olmaq əvəzinə, neytrallıq siyasətinə üstünlük verdi”.
Əvvəl də dediyimiz kimi, Tramp hakimiyyətə gələndən sonra ABŞ-nin Şərqi Avropa siyasəti ilə bağlı ciddi dəyişiklik müşahidə olundu. Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra ilk aylarda Rusiya ilə bağlı ABŞ-nin ənənəvi siyasətindən uzaq, inanılmaz dərəcədə loyal mövqe tutdu. Çox güman, bu, Rusiyanın “qılığına girmək”, onu danışıqlara razı salmaq üçün idi. Bu, nəticə vermədi. Odur ki, indi Vaşinqton həm Kiyevə, həm də Moskvaya təzyiq göstərir.

H. Fidanın dediklərindən belə çıxır ki, Türkiyə ABŞ-nin bu siyasətindən razıdır. Həm Ankara, həm də Vaşinqton müharibənin bitməsini istəyir. Buna baxmayaraq, tərəflər arasında mümkün ssenari ilə bağlı müəyyən fikir ayrılıqlarının olması da mümkündür.

Sözsüz ki, Ankara ilk gündən bəri olduğu kimi, bundan sonra da proseslərin inkişafında mühüm rol oynayacaq. Ümumiyyətlə, ABŞ və Türkiyə Şərqi Avropadakı müharibənin bitməsi üçün koordinasiyalı işləməlidirlər. Hər iki tərəf başa düşür ki, uzlaşan maraqlar bunu tələb edir.
Türkiyəli nazirin optimist danışmasının arxasında dayanan əsas məqam ABŞ-də Respublikaçıların sələfi Demokratlardan fərqli olaraq müharibəyə fərqli yanaşmasıdır. Belə ki, Tramp keçmiş dövlət başçısı Cozef Baydendən fərqli olaraq müharibənin bitməsi üçün səmimi səylər göstərir. Bu da, əlbəttə, danışıqlar ehtimalını artırır.

Fikrimcə, ABŞ perspektivdə Rusiya və Ukraynaya təzyiqləri artıra bilər. Bu olsa, Ankara, yəqin ki, mənfi reaksiya verməyəcək. Çünki dediyimiz kimi, Türkiyə də müharibənin bitməsində maraqlıdır.
Bütün bunlara baxmayaraq, Türkiyənin baş diplomatının dediklərindən heç də belə qənaətə gəlmək olmaz ki, müharibə yaxın zamanda bitəcək. İndiki situasiyada həm Rusiya, həm də Ukrayna danışıqlardan çox uzundur. Sadəcə olaraq sülh ehtimalı əvvəlki nisbətən daha çoxdur. Bunun baş tutması üçün ABŞ və Türkiyənin koordinasiyalı davranması şərtdir.

Kənan Novruzov

Share this content:

Yorum gönder