Kənan Novruzov: Pezeşkian Azərbaycana ikitərəfli əlaqələrdə yeni səhifə açıldığını dedi
Zəngəzur dəhlizi açılır?
İran Prezidenti Məsud Pezeşkian Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Azərbaycana səfərinin ikitərəfli əlaqələrdə yeni səhifə açdığını bəyan edib.
Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan M.Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğulayıb, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd edib və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.
İranla Azərbaycan arasında ikitərəfli əlaqələrdən danışarkən son baş verən hadisələrə, xüsusilə Yaxın Şərqdəki hadisələrə xüsusi nəzər salmaq lazımdır. Belə ki, İsraillə İran arasında davam edən 12 günlük müharibə zamanı Azərbaycan özünün balanslı mövqeyini növbəti dəfə qorudu. Bu, Bakı – Tehran ikitərəfli münasibətlərinin möhkəm təməl üzərində olduğunu göstərməklə yanaşı, həm də əməkdaşlığın inkişafı üçün heç bir maneənin olmadığını aydın şəkildə göstərdi.
Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin dinamikasını qoruyan bir neçə məqam var. Bunlardan birincisi, ölkələrin qonşu olmasıdır. İkincisi, həm Azərbaycanın, həm də İranın müsəlman dövləti olmasıdır. Üçüncüsü, İranda 50 milyon azərbaycanlının yaşaması faktıdır. Dördüncüsü, rəsmi Bakı və Tehranın xarici siyasətindəki oxşar prioritetlərdir. Beşincisi, hər iki ölkə müxtəlif təşilatlar daxilində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı daxilində təmsil olunur. Bütün bunlar tərəfləri bir – biri ilə koordinasiyalı hərəkət etməyə vadar edir.
İranda əvvəlki hakimiyyət- İbrahim Rəisi iqtidarı dövründə Azərbaycanla münasibətlərdə reallıqlar nəzərə alınmırdı. Bu, özünü rəsmi Tehranın Bakı və İrəvana olan qeyri – adekvat münasibətinə, həmçinin Zəngəzur dəhlizi ilə bağlı radikal mövqeyində göstərirdi.
Pezaşkian hakimiyyəti isə Azərbaycanla münasibətlərlə bağlı kifayət qədər müsbət mesajlar verir. Bu, belə düşünməyə əsas verir ki, İran Azərbaycanla konstruktiv münasibətlərdə maraqlıdır. Bu isə öz növbəsində o deməkdir ki, rəsmi Tehran Bakının regiondakı və dünyadakı rolunu anlayır və bununla hesablaşır.
Əməkdaşlığın inkişafına olan qarşılıqlı maraq gələcəkdə Cənubi Qafqazda ciddi dinamikaların müşahidə olunmasına, o cümlədən İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin dəyişməsinə səbəb ola bilər.
Kənan Novruzov
Share this content:
Yorum gönder