Hasan Oktay: ABŞ Rusiyanı əsas nüvə təhlükəsi kimi qiymətləndirir
ABŞ Rusiyanı əsas nüvə təhlükəsi kimi qiymətləndirir
ABŞ-nin 2026-cı il üçün Milli Müdafiə Strategiyasında Rusiyanın dünyanın ən böyük nüvə arsenalına sahib ölkə olaraq qalması qeyd olunub. Sənəddə Moskvanın nüvə arsenalını modernləşdirdiyi və şaxələndirdiyi vurğulanır.
Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a bildirib ki, Donald Trampın hakimiyyətə gəlişindən sonra dünya ciddi strateji dəyişikliklərlə üz-üzə qalıb və bu proses davam edir. Tramp administrasiyasının əsas hədəfi Çin olsa da, Avropa İttifaqı və Rusiyanı nəzarətdə saxlamaq üçün Ukrayna böhranından təzyiq aləti kimi istifadə olunub:
“Tramp Ukrayna böhranını həll etdiyini iddia edərkən, faktiki olaraq bu məsələni Avropa İttifaqı ilə Rusiya arasında dərinləşən qarşıdurmaya çevirib və iki blok üzərində təsirini artırıb. İran mövzusunu gündəmə gətirməklə həm Venesuela və Qrenlandiya məsələlərini arxa plana keçirib, həm də İran və İsrail üzərindən ABŞ strategiyasını qlobal miqyasda gücləndirməyə çalışıb. Buna paralel olaraq Rusiya və Çin, eləcə də İsrail ABŞ-nin İrana qarşı uzunmüddətli əməliyyata cəlb olunmasını istəyir və Vaşinqtonu bu prosesdə nəzarət altında saxlamağı planlaşdırır. Kafkassam yanaşmasına əsasən, Çin ABŞ üçün “yüksələn qlobal rəqib” hesab edilsə də, Rusiya “kəskin və dağıdıcı təhlükə” statusunu qoruyur. Rusiyanın nüvə arsenalını şaxələndirməsi ABŞ-nin raketdən müdafiə sistemlərini aşmaq potensialı deməkdir”.
Müsahib qeyd edib ki, sənəddəki vurğular Rusiya ilə strateji balansın pozulmasının qlobal sistem üçün ciddi fəsadlar yarada biləcəyi narahatlığını da əks etdirir:
“Rusiyanın sualtı üstünlüyü Atlantik üzərindən ABŞ qüvvələrinin Avropaya daşınmasını, qlobal internet və enerji xətlərini risk altına alır. Bu vəziyyət NATO-nu Şimal dənizi və Atlantikdə yeni dəniz təhlükəsizlik zolağı yaratmağa məcbur edir. ABŞ-nin Avropadakı qüvvə mövqelərini yenidən tənzimləməsi isə NATO-nun ağırlıq mərkəzinin ‘köhnə Avropa’dan ‘yeni Avropa’ya keçdiyini göstərir. ABŞ qüvvələrinin şərqə yönəldilməsi Polşa, Baltik ölkələri, Finlandiya və İsveçdən ibarət Şimal-Şərq koridorunu əsas müdafiə xəttinə çevirir. Bu proses bir tərəfdən Avropa ölkələrini, xüsusilə Almaniyanı müdafiə xərclərini artırmağa məcbur edir, digər tərəfdən isə ABŞ-nin NATO daxilində liderliyini daha çox logistika və nüvə çətiri səviyyəsində saxlayaraq əməliyyat yükünü yerli qüvvələrə ötürməsi strategiyasını əks etdirir”.
Fatimə Hüseynli
https://informator.az/news_49109.html




Yorum gönder