KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: ABŞ İlham Əliyevlə nədə anlaşdı ?

Fuad Gahramanlı: ABŞ İlham Əliyevlə nədə anlaşdı ?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
107 0

Prezident seçkisi ilə sülh müqaviləsi arasında əlaqə varmı?

ABŞ İlham Əliyevlə nədə anlaşdı ?

Dünən günün axırına doğru ABŞ-la Azərbaycanın arsında gizli saxlanılan danışıqların nəticəsi ortaya çıxmağa başladı. Belə görünür ki, bu danışıqların nəticəsi olaraq ABŞ Cənubi Qafqazda təşəbbüsü ələ alır. Dövlət katibinin köməkçisi Obrayanın Azərbaycana səfərinin nəticəsi olaraq Bakı Ermənistanla sülh danışıqlarına dönməyə razılıq verib. Bildirilir ki, tərəflər sülh müzakirələri üçün Vaşinqton və Brüsseldə görüşmək barədə anlaşıblar. Eyni zamanda Azərbaycan 32, Ermənistan isə 2 əsirin qaytarılmasına razılaşıb. Hətta Ermənistan öz namizədliyini geri götürərək BMT-ni iqlim dəyişikliyi üzrə tədbirinin Bakıda keçiriməsinə razılaşıb.

Bəs birdən birə nə baş verdi ki, Azərbaycan imtina etdiyi Qərb masasına geri dönməyə razılıq verdi ? Qərbə qarşı ən sərt ritorikanı seçən Azərbaycan hakimiyyəti eyni zamanda həm Qərbin əsas tələbi sayılan Ermənistanla sülh danışıqlarında iştiraka razılıq verdi, həm də növbədənkənar prezident seçkiləri elan etdi. O zaman sual yaranır, bu iki məsələ arasında bir bağlantı varmı? Olmasaydı niyə onlar məhz Obraynla görüşdən dərhal sonra elan edilirdi ki?

Ola bilər ki, İlham Əliyev ABŞ – la bazarlığa gedərək sülh danışıqlarına dönmək, Ermənistanla sülh müqaviləsi imzalamaq qarşılığında Qərbdən öz hakimiyyətini daha bir müddət uzatmaq üçün növbədənkənar prezident seçkilərinə loyal yanaşmağı istəyib. Yəni, “mən sənin istəyinlə sülh müqaviləsinə imza atıram, sən də mənim növbədənkənar seçki ilə hakimiyyətimi uzatmağıma etiraz etmə”. Ona görə də, məhz Ermənistanla sülh danışıqları ilə eyni gündə Azərbaycanda növbədən kənar prezident seçkiləri təyin edildi.

Əgər bizim bu ehtimalımız doğrudursa, o zaman Azərbaycan Rusiyadan uzaqlaşmalı olacaq. Çünki Bakının Qərbin moderatorluğu ilə sülh danışıqlarına qayıtması Moskvanın ciddi narazılığına səbəb olacaq. Moskva gözəl bilir ki, Azərbaycan və Ermənistan arasında sülh razılaşması Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına hesablanıb. Qərb bu prosesdə həm də buna görə belə maraqlıdır.
Hər kəsə aydın idi ki, Azərbaycan iqtidarı öz hakimiyyət maraqlarına görə Rusiyaya yaxınlaşmışdı. İndi isə Vaşinqton buna gərək olmadığını deyərək sülh müqaviləsi imzalanması qarşılığında Qərbdən İlham Əliyevin hakimiyyətinə təhlükə olmayacağı mesajını verib, bu vədlə də onu Moskvadan ayırmağı hədəfləyir. Dünənki danışıqların nəticəsi bu hədəfin gerçəkləşməsi üzrə olduğunu göstərir. İndi gözləyək görək Moskvanın reaksiyası necə olur.

Bəs demokratiya? Doğurdan da İlham Əliyev Obraynla danışığında sülh müqaviləsi qarşılığında ənənəvi üsulla saxtalaşdırılacaq növbədənkənar prezident seçkisinə razılıq alıbsa, bu, o anlama gəlirmi ki, hazırkı mərhələ
üçün ABŞ demokratiyanı ertələdi ?
Görünür ABŞ hesab edib ki, İlham Əliyevin təklif etdiyi varianta razılaşmasa, o, Azərbaycanı Belarusa çevirməyə çalışacaq və son həbslərin məqsədi elə əslində Qərbə bu mesajı vermək idi. Ona görə də ABŞ üçün indiki halda ölkədə çətin durumda olan demokratik institutların varlığını qoruyub saxlamaq, repressiyaları durdurmaq və demokratiya ilə bağlı daha qəti mövqeyi Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamasından sonrakı dövrə saxlamaq daha praqmatik yanaşma sayılır . Əks təqdirdə nə demokratiya olasıdır, nə də ki, sülh müqaviləsi. Bütün bunları nəzərə aldıqda və Azərbaycan cəmiyyətinin daxili müqavimət potensialının yetərsizliyini də hesaba qatdıqda ABŞ-n nədən belə bir qərar verdiyini anlamaq olar.

Əslində etiraf etmək lazımdır ki, geosiyasi baxımdan Azərbaycan Rusiyadan qoparılmayınca, onsuz da burada demokratik dəyişikliklər real sayıla bilməz. Geosiyasət bu mərhələdə təəsüf ki, daha əhəmiyyətli sayılmaqdadır və hələlik indiki şərtlərdə bunsuz alınmır. Ona görə də regionumuza sülh gələndən sonra növbəti mərhələdə demokratik proseslərin önünün də açılacağına heç bir şübhə yoxdur. Əgər biz öz daxili gücümüz hesabına demokratik dəyişiklikləri gerçəkləşdirə bilmiriksə, o halda aydındır ki, xarici faktor bunu öz bildiyi kimi sıralayacaq. Bu baxımdan cəmiyyətimiz demokratiya arzusunu növbədənkənar şəkildə gerçəkləşdirmək istəyinə düşməsə, hər şey indiki axarla getsə, demokratiyaya keçid böyük ehtimalla növbəti parlament seçkilərində müxalifətin təmsilçiliyi ilə gerçəkləşə bilər.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir