Şimdi yükleniyor

Əliyev Türk şəhidliyinə gələn ziyarətçiləri polislə qovdu!

Sentyabrın 15-i Azərbaycan tarixinin çox mühüm günlərindən biri kimi qeyd edilir. 1918- ci ildə yenicə yaranmış Azərbaycan Demokratik Respublikası Türk ordusunun yardımı ilə ölkənin paytaxtı olan Bakı şəhərini bolşevik- daşnak hərbi birliklərinin işğalından azad edərək orda dövlət bayrağını ucaltdı və paytaxt müvəqqəti olaraq yerləşdiyi Gəncədən Bakıya köçürüldü.
Hər il sentyabrın 15-də Azərbaycan cəmiyyətinin fəal kəsimi, siyasi partiyalar, vətəndaş cəmiyyətinin nümayəndələri 1918- ci ildə həlak olmuş əsgərlərin şərəfinə ucaldılan abidəni ziyarət edir, əklillər qoyurlar.
Baxmayaraq ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı çoxdan, təqribən 6 ildir ki, tamamilə ləğv edilib, bu ilə qədər hökumət bu abidəni ziyarət edənlərə mane olmurdu. Bu il isə ilk dəfə olaraq paytaxt polisinin seçmə qrupları bu abidəni ziyarət üün gələn minlərlə AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyası) üzvünü ordan kənarlaşdırmaq üçün hərəkətə keçdi. Milli Şuranın sədri, professor Cəmil Həsənli çıxışına başlayan kimi polis hərəkətə keçib dağılışımaq tələb etdi.
Xüsusi qeyd edilməlidir ki, bu abidə yalnız Bakının azad edilməsini yox, həm də Azərbaycan- Türkiyə dostluğunun və qardaşlığını simvollaşdırır və belə də qəbul edilir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Azərbaycan hakimiyyətinin bu qaba davranışını öz sosial şəbəkə hesabında belə qiymətləndirib:

“Azərbaycan-Türkiyə dostluğuna sadiq olan, Türkiyəni doğrudan da qardaş ölkə hesab edən hakimiyyət Türk şəhidliyində polis əməliyyatı keçirməz, türk şəhidlərinin ziyarətinə gələn minlərlə cəbhəçini şəhidlikdən polis gücünə uzaqlaşdırmazdı.
Milli olan hakimiyyət Şəhidlər Xiyabanına ziyarəti qadağan edib, şəhid ruhlarını incitməzdi!
Özgüvəni olan, xalq tərəfindən dəstəkləndiyinə inanan hakimiyyət müxalifət liderlərinin 3-5 dəqiqəlik çıxışlarını özünə təhlükə görməzdi.
Bu gün Türkiyə şəhidlərinin kütləvi ziyarətini təşkil edən, Azərbaycan şəhidlərini də ziyarət etməyə cəhd edən Azərbaycan müxalifəti dövlətimizə və millətimizə bağlı olduğunu, qədirbilən olduğunu, Azərbaycan – Türkiyə qardaşlığına etibarlı olduğunu nümayiş etdirdi. Şəhidliyə AXCP və Milli Şuranın bugünki ziyarətini polis gücünə pozan hakimiyyət isə Bakını işğaldan azad edərkən canından keçmiş türk şəhidlərinə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş azərbaycanlı şəhidlərə açıq -aşkar hörmətsizlik nümayiş etdirdi.
Türk Şəhidliyində müxalifətin ziyarətinə yaradılan polis qadağası bir tərəfdən Azərbaycan hakimiyyətinin qardaş Türkiyəyə də münasibətinin qeyri – səmimi olduğunu ortaya qoydu, digər tərəfdən isə indiki mühitdə belə müxalifətlə yarışa hazır olmadığını, ədalətli yarışdan qorxduğunu göstərdi.
Beləliklə, Şəhidlər Xiyabanında bugünkü polis əməliyyatı hakimiyyətin özünü tamamilə ifşa etdi. Bumeranq effektilə özünə zərbə vurdu.
P.S. Bakının işğaldan azad edildiyi gün 15 sentyabrdır. Sabah tədris ilinin başlanacağını və hökumətin də hər il olduğu kimi, çoxsaylı təxribatlar planlayacağını nəzərə alaraq biz ziyarətə bu gün getmişdik.
Bu gün də yağışlı bir gün idi. Yağışa və ölkədəki repressiv mühitə baxmayaraq bugünkü ziyarətə qatılmış minlərlə AXCP fəalına təşəkkür edirəm. Sizin bu əzminiz və qətiyyətiniz, xalqımızın haqdan, ədalətdən və dəyişiklikdən yana olması şəxsən məndə əminlik yaradır ki, bütün maneələri aşaraq ölkəmizdə demokratik cümhuriyyəti yenidən bərpa edə biləcəyik ».

Share this content:

Yorum gönder