KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Elçin Xalidbəyli: Ararat Mirzoyanın ABŞ səfərinin pərdəarxası

Elçin Xalidbəyli: Ararat Mirzoyanın ABŞ səfərinin pərdəarxası

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
437 0

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a səfər edəcək. Səfərin mayın 2-dən 6-dək davam edəcəyi bildirilir.

Xarici işlər nazirinin Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer, ABŞ Prezidentinin xüsusi köməkçisi Amanda Slott və digər yüksək vəzifəli rəsmilərlə görüşü planlaşdırılır.

Məlum səfərin məqsədi barədə Gundem.az-a danışan politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, Elçin Xalidbəyli bildirib ki, hazırda ABŞ və Qərb Cənubi Qafqazda Rusiya ilə yenidən mübarizəyə başlayıb.

Onun sözlərinə görə, ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmağa çalışır. Ona görə də, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesini də dəstəkləyir:

“Ancaq ABŞ və Qərb Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesinin Rusiyanın iştirakı olmadan, yəni tərəflərin birbaşa, ikitərəfli təmasları ilə irəliləməsinə üstünlük verir. ABŞ-dan verilən açıqlamalarda da Azərbaycan və Ermənistana ikitərəfli təmasların davam etdirilməsi məsləhət görülür. Yəni, Ağ Ev Rusiyanın bu prosesdə vasitəçi kimi iştirakını qəbul etmir. Əlindən gələni edir ki, Rusiya Cənubi Qafqazda cərəyan edən bütün proseslərdə oyundankənar vəziyyətə düşsün. Son nəticədə isə Rusiyanın Cənubi Qafqazdan tamamilə kənarlaşdırılması mümkün olsun.

Ermənistan baş naziri Nikol Paşinyanın Moskva səfərindən və Kremldə təzyiqlərə məruz qalmasından sonra Rusiya Cənubi Qafqazda yenidən fəallaşmağa başlayıb. Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində Rusiyanın vasitəçiliyi yenidən ön plana keçmək üzrədir. Rəsmi İrəvan hazırda Brüssel anlaşmalarının icrası ilə bağlı tərəddüdlü mövqe tutmaqdadır. Rusiyaya bağlı revanşist erməni müxalifətinin Paşinyan hakimiyyətini devirmək məqsədilə kütləvi etiraz aksiyalarına başlaması isə rəsmi İrəvanı daha da çətin vəziyyətə salıb.
Ola bilsin ki, belə vəziyyətdə Ağ Ev Mirzoyanı ABŞ-a çağırmaqla, Paşinyan hakimiyyətinə dəstək mesajı verməyə çalışır. Bu, bir tərəfdən Rusiyanın təlimatları ilə Paşinyan hakimiyyətini devirmək niyyətində olan revanşist erməni müxalifətinə xəbərdarlıq xarakteri daşıyan addım da ola bilər. Yəni, Paşinyan hakimiyyəti devriləcəyi təqdirdə, ABŞ və Qərbin Ermənistana heç dəstək verməyəcəyini də anlatmağa çalışırlar.

Digər tərəfdən isə Rusiyanın sərt təzyiqləri altında olan Paşinyan hakimiyyətinə müəyyən təlimatların və məsləhətlərin veriləcəyi də qətiyyən istisna deyil. Bu baxımdan, Mirzoyanın ABŞ-a çağırılması Ağ Evin Rusiyaya qarşı cavab reaksiyası da sayıla bilər. ABŞ dövlət katibi Entoni Blinkenin “Biz Azərbaycanın və Ermənistan ilə regionda gərginlik yarada biləcək addımların atılmaması məqsədilə danışıqlar aparırıq” məzmunlu açıqlamasından sonra bu, tamamilə inandırıcı görünür”.

Analitikin fikrincə, belə anlaşılır ki, Ağ Ev Paşinyan hakimiyyətini Rusiyanın Ermənistanda çevriliş planları qarşısında dəstəkləmək niyyətindədir:

“Ona görə də, Mirzoyanın ABŞ-a səfərinə daha çox Ağ Evin Cənubi Qafqazda Kreml ilə rəqabəti kontekstində baxmaq olar. Cənubi Qafqaz ABŞ və Qərbə indi daha çox lazımdır. Ona görə də bu regionu Rusiyanın nəzarətindən çıxartmağa çalışırlar. Bu məqsədlə də regionda Rusiyanın forpostu kimi həm də “zəif bənd” olan Ermənistanı sülh sazişinin imzalanmasına yönəltməyə cəhd göstərirlər. Çünki Rusiyanın Cənubi Qafqazdan çıxarılması üçün regional münaqişələrin mütləq nizamlanması vacib şərtdir. Rusiya məhz regional münaqişələrin sayəsində regionda öz mövqeyini qoruya bilir”.

Yeganə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir