KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ: TARİXDƏ II DÜNYA MÜHARİBƏSİ YOXDUR!

ATİF İSLAMZADƏ: TARİXDƏ II DÜNYA MÜHARİBƏSİ YOXDUR!

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
243 0

Biz, dilimizdə müəyyən anlam və qavramları mexaniki olaraq müəyyən səviyyədə kontekst məzmununa uyğun işlədirik. Ancaq diqqətlə araşdırıldıqda və nəzər yetirildikdə aydın olur ki, bu kimi anlayışlar yanlış şəkildə işlədilir. Tutuquşu kimi eyni sözü təkrarlamaq kütləvi psixoza səbəb olur. Dərketmə zəifləyir, analitik baxışlar əvəzinə yalnız təsviri təkrar sözlüklər meydana çıxır ki, bu da normal düşüncə tərzinin, orijinal baxışlar sisteminin formalaşmasına mane olur. Bir sözlə, zombi düşüncəsi, manqurt baxışı yalnız tənəzzülə səbəb olur. Təəssüf ki, bunu bilməyənlər hətta bu təkrarlamanı çox böyük savad və qabiliyyət hesab edir. Halbuki hələ XVI əsrdə böyük mütəfəkkir M.Füzuli bir qitəsində bu kimi davranış kompleksinə aid olaraq yazır:
Edəsən tutiyə təlimi-ədayi-kəlimat,
Nitqi insan olur, əmma özü insan olmaz.
( Tutuquşuya nə qədər kəlmələr öyrətsən də, insan kimi danışacaq, kəlmələri təkrar edəcək, sözləri olduğu kimi təqlid edəcək, ancaq insan kimi müstəqil düşünmə qabiliyyəti olmayacaq).
Bu kimi təkrarçılıq, hətta epiqon səviyyədə nitqimizdə işlək olan terminlərdən biri də təbiidir ki, “II Dünya müharibəsi” qavramıdır. Halbuki II dünya müharibəsi deyilməsi doğru deyil, çünki bu kimi müharibə yoxdur. II dünya müharibəsi olaraq düşündüyümüz ən dəhşətli müharibə isə elə I Dünya müharibəsinin 20 ildən sonra yenidən davam etməsidir ki, indiyə qədər bu istiqamətdə yalnız bir Dünya müharibəsi mövcud olmuşdur. Tarix bu barədə konkret arqumentləri meydana qoyur. Belə ki, 1918-ci il nоyаbrın 11-də sübh çаğı Kоmpyеn mеşəsində, mаrşаl Fоşun ştаb-vаqоnundа Аlmаniyа ilə оnun rəqibləri аrаsındа bаrışıq bаğlаndı. Birinci dünyа mühаribəsi qurtаrdı ( 1, 97).
Əslində II dünya müharibəsi adlanan müharibə I Dünya müharibəsində məğlub olan Almaniyanın 20 ildən sonra üstünlüyü ələ alaraq yenidən müharibəyə davam etməsindən ibarət idi. II Kompyen sülh sazişi bunu aydın ifadə edir: “II Kompyen sülh sazişi. 1940-cı il iyunun 22-də də Fransada alman qoşunlarının müvəffəqiyyətli döyüş kampaniyasını tamamlayan (may – iyun 1940) Nasist Almaniyası və Fransa arasında Kоmpyеn meşəsində bağlanmış barışıq. Sülh sazişi Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi. Hitler qəsdən israrla barışığın Kоmpyеn meşəsində imzalanmağını tələb etdi. Çünki, burada 1918-ci ildə Almaniya üçün əlverişsiz şərtlərlə Birinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən Almaniya ilə Antanta ölkələri arasında Kоmpyеn sülh sazişi imzalanmışdı (2).
Göründüyü kimi müharibə eyni səviyyədə II dünya müharibəsinin əvvəlində elə eyni yerdə məğlub Almaniyanın qələbəsini təmin edirdi. Bu hadisələr aydın göstərir ki, II Dünya müharibəsi elə I Dünya müharibəsinin davamı idi. Yəni dünyada yalnız dünya müharibəsi olmuşdur ki, iki dünya müharibəsinin olması kimi fikirlər həqiqətə uyğun deyil.
Qeyd etmək vacibdir ki, göz qabağında baş verən tarixi prosesləri dəyişib ona başqa şəkil vermək cəhdi dünya güclərinin marağında olan ciddi məsələdir. O zaman toplum mahiyyətdən məhrum qalıb əvvəlki davasını aparmaq üçün heç bir cəhd göstərmir. Çünki məsələnin fərqinə vara bilmir. İnformasiyalar qarışdırılır ki, məntiqi silsilə informasiya çoxluğunda itib-batsın. Bu baxımdan I və II Dünya müharibəsi anlayışı doğru deyil, Dünya müharibəsinin I-II mərhələsi daha doğru və məqbuldur.
Biz eyni zamanda onu da qeyd etmək istəyirik ki, Dünya gücləri məlumatları istədiyi istiqamətə zaman-zaman yönəltmiş və bundan öz maraqları üçün istifadə etmişdir. Təsəvvür edin ki, Napoleon müharibələri də dünya müharibəsi arealına uyğun müharibələr olmasına baxmayaraq Dünya müharibəsi adlanmamışdır.
Biz artıq əsl II dünya müharibəsinin içindəyik. III dünya müharibəsi də demək olar. Çünki II Dünya müharibəsi istilahını artıq kütləvi səviyyədə qəbul etdirmişlər. Ən müasir silahların istifadə olunduğu, nüvə təhlükəsinin heç zaman indiki qədər real olmadığı bir dövrdə Dünya dövlətlərinin kəskin qarşıdurması bunu aydın göstərir. Bəli, etiraf edirik ki, bu faciələrin yüz illərlə təcavüzkarlıqdan başqa heç bir siyasi xətti olmayan Rusiyadan başlandığı aydındır. Çünki Rusiya dünyada ən böyük dövlət olmasına baxmayaraq dünyanı iqtisadi gücü ilə özündən asılı etmək əvəzinə kiçik dövlətləri işğal etmək rolu seçir. Əgər Rusiyanın intellektual siyasi hissəsi indiki hakimiyyəti dəyişməsə, artıq dünyada nüfuzunu və vahiməsini itirən bu dövlətin parçalanacağı aydındır. Ancaq nüvə təhlükəsi hər zaman gündəmdə qalır. Biz bu yazını bu kontekstdə işləmədiyimiz üçün indiki proseslərin gedişatına anlam və qavram baxımından yanaşmaq istəyirik. Diqqət edirsinizsə, yenə də Dünya güclərinin zombi versiyası qüvvədədir və heç bir halda Napoleon müharibələri kimi indiki müharibələri III dünya müharibəsi adlandırmaq istəmir. Sadəcə olaraq Rusiya-Ukrayna müharibəsi istilahı işlətməkdə davam edir. Elə bu səbəbdən də anlayışları tutuquşu kimi təkrarlamaq deyil, insan kimi düşünmək və doğru dərk etmək vacibdir. II və yaxud III dünya müharibəsində bir dövlət olaraq yerimizin hansı tərəfdə olması bizim gələcəyimizi müəyyən edir. Maraqlar üzərində qurulan terminoloji oyunlar, cərəyan və teorilər deyil, əsl gerçəkliyi dərk etmək və ona uyğun addımlar ata bilmək bizim daha da əhəmiyyətli dövlət olaraq dünya dövlətləri arasında boy göstərməyimizə səbəb olacaqdır. Bunun üçün leksik-semantik anlamların şərhini həyata keçirən humanitar sahələr hər zaman diqqət mərkəzində olmalı, maarifçiliyin ən müxtəlif təzahürlərini meydana qoymalıdır.

QAYNAQLAR
1. S.Mustafayeva, Z.Cavadova. Birinci dünya müharibəsi dövründə beynəlxalq münasibətlər. Dərs vəsaiti. Bakı: ADPU nəşriyyatı, 216 s.
2. https://az.wikipedia.org/wiki/K%D0%BEmpy%D0%B5n_s%C3%BClh_sazi%C5%9Fi_(1940)
3
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir