KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Araz Aslanlı: Zelenski Ukraynanı bəlaya saldı?

Araz Aslanlı: Zelenski Ukraynanı bəlaya saldı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
25 0

Bizimkilərin sevdiyi və israrla davam etdirdiyi mövzulardan biridir. Əslində isə bəla dediyiniz məsələnin ən az bir neçə yüz illik tarixi var.
Sadəcə SSRİ-nin dağılmasından sonrakı mərhələyə nəzər salsaq, Ukraynanın sığortası ola biləcək nüvə silahlarını Rusiyaya Zelenski təhvil verməyib. Memorandum 1994-cü ildə ABŞ və İngiltərənin də zəmanəti ilə imzalanıb.
Çox yaxın tarixdə Ukrayna cəmiyyətini Qərbyönümlü, Rusiyayönümlü qütblərinə Zelenski bölməyib. Krım Zelenskinin hakimiyyəti dövründə işğal\ilhaq edilməyib. Donbas gərginliyini də Zelenski yaratmayıb. Hamısı Zelenskiyə qədər olub. Zelenski hakimiyyətə gələndə Ukrayna bəlanın içində, bəla Ukraynanın içində idi.
İdeologiyasını, şəxsiyyətini, diplomatik səviyyəsini və üslubunu bəyənə ya da bəyənməyə bilərsiniz. Həqiqətən xalqın adamıdır yoxsa xalqın adamı rolu oynayır, bunu da müzakirə edə bilərsiniz. Amma Zelenskini Ukraynanı bəlaya salmaqla ittiham etmək ən azı tarix, beynəlxalq münasibətlər, siyasətşünaslıq bilməməkdir. Bəla çox uzun müddətdir ki, elə oradadır. Sadəcə olaraq Zelenski Ukraynanı o bəladan çıxara, uzaq tuta bilmədi. Tuta bilərdimi, ümumiyyətlə indiki proseslərdə nə qədər məsuliyyəti var, onu indi demək çətindir. Əlbəttə ki, tənqid olunası məqamlar var. Ukrayna liderlərinin bütün mərhələlərdə Qərblə münasibətlər baxımından ya da Rusiyanın işğalından qorunmaq üçün daha yaxşı edə biləcəyi işlər var idi. Amma indi bundan daha çox tənqid edilməli olan məsələlər var. Ümumiyyətlə işğal zamanı işğala məruz qalmış ölkənin liderini tənqid etmək ilk sıralarda edəcəyimiz işlərdən olmamalıdır. İşğala məruz qalan dövlətin liderini o vaxt ilk məqamda sərt tənqid etmək olar ki, o lider ölkəsinin müdafiəsi üçün çalışmasın, ordu qurmağa, xalqını müdafiə üçün səfərbər etməyə çalışmasın.
İndi isə başqa misallara baxaq: 1939-cu ildə Polşa Almaniya tərəfindən işğal edildi. Pribaltika respublikaları 1940-cı ildə SSRİ, 1941-ci ildə isə Almaniya tərəfindən. Liderləri günahkar olduğu üçün işğal edildi?!?
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti işğal edildi. Liderləri günahkar olduğu üçün? 1920-ci ildə Polşa Vilnüsü işğal etmişdi. Litvanın liderləri günahkar olduğu üçün? ABŞ 1848-ci ildə Meksika ərazilərini işğal edərkən kim idi günahkar: ABŞ-ın Meksikaya ərazi iddialarına mənfi cavab verən, Nyu Meksiko və Kaliforniyanı ABŞ-a vermək istəməyən Meksika hakimiyyəti?
Təbii ki, bu proseslərin hamısında əsas səbəblər güclü olan tərəfin iddiaları, hücuma məruz qalanın özünü qoruması üçün imkanlarının daha az olması, regional və qlobal şəraitin işğala mane olmaq üçün uyğun olmaması idi.
İşğal hər zaman pisdir. İşğal edən hər zaman günahkardır. Sadəcə olaraq bəzən elə məqamlar olur ki, həmin vaxt prosesləri düzgün qiymətləndirmək, təcrübə və əlaqələrinizdən istifadə edərək mənfi prosesləri ləngitmək, tarixi şərait dəyişənə qədər daha az nəticə ilə kifayətlənməyi bacarmaq tələb olunur. Bu isə bir qədər fərqli mövzudur və bu barədə fikirlərimi növbəti statuslarda paylaşacağam…

Araz Aslanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.