KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: CIA direktoru və Avropa İttifaqının ali nümayəndəsi Çini “şişirdirlər”

Aqşin Kərimov: CIA direktoru və Avropa İttifaqının ali nümayəndəsi Çini “şişirdirlər”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
228 0

İ
Qərbin iki platformasının – ABŞ və Avropaİttifaqı – Rusiya-Ukrayna müharibəsi fonunda Çinin qlobal yüksəlişinə vurğu etməsi maraqlı nüansdır.

Texniki cəhətdən fərqli, məna baxımdan eyni məzmunlu iki tezisin müəllifləri ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns və Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borreldir.

CIA direktorunun “Washington Post” qəzetində dərc olunan məqaləsindən, Borrelin isə Dubrovnik Forumundakı panel müzakirədəki mövqeyindən çıxara biləcəyimiz ortaq mövqe budur ki, hər ikisi Çinin yüksəlişi ilə yanaşı, onu müşayiət edən hərəkətlərə diqqət çəkir.

Qısası, Qərb platformasından yüksələn “hayqırtı”lar Çinlə rəqabət rejiminin davam etməsi, lakin əməkdaşlıq üçün daha çox kanalların qalmasına işarələr verir.

Yəni ABŞ də, Avropa İttifaqı da geosiyasi riskləri qiymətləndirərək Çinlə əməkdaşlığın ruhunu yeniləmək niyyətindədirlər, buna səbəb, təbii ki, Pekinə olan xoş münasibət deyil, onun nəzarətdən çıxan maraqlarına əngəl yaratmaqdır.

Çünki Çin ABŞ-nin geosiyasi qütb yaratmaq üçün formalaşdırdığı orbitin içərisinə girərək onun oxunu dəyişdirə bilir.

Qərbin birləşmiş strateji gücü dərk edir ki, eyni anda Çini idarə edə, İranı satın ala və Rusiyanı təkbaşına məğlub edə bilməz.

Buna görə də Qərbdə Asiyadakı tərəfdaş dövlətlərlə konstruktiv işləməyə diqqət yetirmək zərurətləri meydana çıxır.

Bu, Qərb üçün böyük güc rəqabətinin zərərli təsirlərini məhdudlaşdırmaq, Çindən ötrü isə özünə daha parlaq gələcək təmin etmək deməkdir.

Çin mərkəzli canlanma şəbəkəsi geniş regional miqyasa malikdir, Pekin Arktikadan tutmuş, Afrika, Latın Amerikası, Hind-Sakit okean hövzəsi, Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarına qədər ABŞ-nin maraqlarının var olduğu yerlərə sirayət edir.

Üstəgəl, Çin ABŞ üçün geosiyasi, kəşfiyyat və texnologiya rəqibidir, bu, Vaşinqtona uzunmüddətli prioritetlə “Çinə yanaşma” modeli hazırlamağa təhrik edir.
ABŞ indi sakitcə Çinlə kəşfiyyat kanallarını gücləndirməyə, bununla da lazımsız anlaşılmazlıqlardan və təsadüfi “toqquşma”lardan sığortalanmağa çalışır – Börnsün dedikləri belə qənaət yaradır.

Çinin nizam formalaşdırmaq meyilləri və buna verilən dəstəyin Ukrayna münaqişəsinin formasını dəyişə biləcəyi barədə fikir bildirmək tezdir.

Ancaq bircə görünən işıq budur ki, Rusiya-Ukrayna müharibəsi Çinin strateji aktivlərinin artımına səbəb oldu.

Beləliklə, Ukraynadakı döyüşlər Çini qlobal bazarlara bağlayan “Bir kəmər, bir yol” təşəbbüsünün sürətlə irəlilədilməsində Pekini xeyli uğurlu trayektoriyaya salır.

Bunun Çin-Qərb, Qərb-Rusiya, hətta Rusiya-Çin rəqabətində hansı bədxah təsirlər yarada biləcəyini zaman göstərəcək, çünki xoşməramlı mesajlar olsa da, böyük güclər planetin gələcəyinə sahib çıxmaq sevdasından əl çəkməyəcəklər.

Üfüqdə Çinin daha çox “döyüşkən” olacağı görünür, ABŞ də, Avropa İttifaqı da buna görə beynəlxalq nizamı eyni məntiqə kökləyirlər.

Qərb də, Rusiya da Çini öz tərəfində tutmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Qərb və onun müttəfiqləri Çinə qarşı “müharibəni dayandırmaq” görüntüsü ilə diplomatik səylər arasında cəmləməni paralel şəkildə tutacaqlar.

Rusiya da analoji şəkildə Çinlə artan strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirəcək.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir