Hasan Oktay: “Rusiya 24 noyabrda təyyarəsinin vurulmasına bir mənada cavab olaraq növbəti dəfə Türkiyə hava sərhədlərini pozdu”; “ABŞ və İran bloku Rusiya ilə Türkiyəni savaşın sərhədinə gətirə bilərlər”
Yanvarın 30-da Türkiyə rəsmi qurumları Rusiyaya məxsus daha bir hərbi təyyarənin ölkənin hava sərhədlərini pozduğunu elan etdi. Yayılan rəsmi açıqlamada deyilirdi ki, yanvarın 29-da yerli vaxtla saat 11.46 radələrində Rusiyaya məxsus “Su-34” döyüş təyyarəsi Suriya ərazisindən Türkiyənin hava sərhədlərini 20-25 saniyə ərzində pozaraq, Qaziantep vilayəti istiqamətindən Türkiyənin ərazilərinə daxil olub.
Hadisədən sonra Rusiyanın Türkiyədəki səfiri XİN-ə dəvət edilib. Açıqlamada sərhədi pozan Rusiya təyyarəsinə NATO və Türkiyə hərbi hava qüvvələri tərəfindən xəbərdarlıq edildiyi, lakin qarşı tərəfin buna əhəmiyyət vermədiyi qeyd olunur. Daha sonra prezident Rəcəb Tayyib Ərdoğan Rusiya ordusunun bu hərəkətini sərt şəkildə qınayıb.
Türkiyənin üzv olduğu NATO da ən yüksək səviyyədə bəyanat verərək Türkiyənin yanında olduğunu bəyan edib. Şimal Alyansının baş katibi bildirib ki, Rusiya məsuliyyətli davranıb NATO-nun hava sərhədlərinə hörmətlə yanaşmalıdır. Məlum olduğu kimi, Türkiyə NATO üzvü olduğu üçün Türkiyənin sərhədləri NATO sərhədləri hesab olunur. NATO baş katibi “daha əvvəlki bu cür davranışın nə qədər təhlükəli olduğunu”, qeyd edib.
Rusiya Müdafiə Nazirliyi hərbi təyyarənin Türkiyə sərhədlərini pozması faktını təkzib edib. Ən son olaraq gələn bilgilərə görə, Türkiyə ordu komandanlığı hərbi hava qüvvələrinə sərhədi pozan xarici ölkəyə məxsus təyyarələri vurmağı əmr edib. Artıq bölgəyə əlavə olaraq hərbi təyyarələr göndərilib. Maraqlıdır ki, bu dəfə Türkiyənin əsas siyasi qüvvələri, ana müxalifət lideri Kamal Kılıçdaroğlu da daxil olmaqla, hökumətin addımını dəstəkləyib, sərhədi pozan yad ölkəyə məxsus hərbi obyektlərin vurulmasını müdafiə edib.
Bu vəziyyət davam edərsə nə baş verə bilər? Türkiyə daha bir Rusiya təyyarəsini vuracaqmı? Vurarsa, Türkiyəni və bölgəni nə gözləyir?
“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Hasan Oktay deyir ki, Rusiya hərbi təyyarəsinin yenidən Türkiyə sərhədlərini pozması bir növ təyyarənin vurulmasına cavab idi: “Cümə günü Suriyada əməliyyatlara qatılan Rusiya təyyarəsinin Türkiyə hava sərhədlərini pozması dünya gündəminin əsas hadisəsi oldu. Noyabrın 24-də də belə olmuşdu. İndi də nə olacaq deyə hər kəs diqqət kəsildi. Rusiya 24 noyabrda təyyarəsinin vurulmasına bir mənada cavab olaraq növbəti dəfə Türkiyə hava sərhədlərini pozdu. Türkiyə istər-istəməz təpki verdi. Amma məncə burda əsas məsələ Türkiyənin hava sərhədinin əslində NATO-nun hava sərhədi olması, ancaq NATO-nun haradasa sakit dayanması oldu. NATO zamanında Türkiyə və Rusiyanın qarşı-qarşıya savaşında müşahidəçi olaraq dayanmışdı. Bu səbəbdən də düşünürəm ki, Rusiya və Türkiyə bir an öncədə bu gərginliyi bir kənara buraxıb, ən ciddi səviyyədə danışıqlara başlamalıdır. Son olay əslində danışıqların başlanmasına səbəb olmalıdır”.
H.Oktayın fikrincə, əgər növbəti dəfə sərhəd pozuculuğu baş verərsə, Türkiyə Rusiyanın daha bir təyyarəsini vura bilər. Bu səbəbdən də ekspertə görə, tərəflər böhranın daha da böyüyük qanlı toqquşmaya səbəb olmamış diplomatik danışıqlar başladılmalıdır. Ekspertə görə, Türkiyənin Rusiya ilə qarşıdurmaya girməsi Qərb ölkələrinin marağına uyğundur: “ABŞ-da seçkilərə qədər ABŞ və İran bloku Rusiya ilə Türkiyəni savaşın sərhədinə gətirə bilərlər. Bunun qarşısını almaq üçün hər iki ölkə tez bir zamanda bir araya gəlməlidirlər, əgər gələ bilmirlərsə, ən azından diplomatlar səviyyəsində danışıqlar başlamalıdır. Əks halda bu qarşıdurmada Rusiya və Türkiyə böyük bir fəlakətlə qarşı-qarşıya qala bilərlər”.
Kənan,
musavat.com