KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kərkük kürd və ərəblər arasında mübarizə predmetinə çevrilib

Kərkük kürd və ərəblər arasında mübarizə predmetinə çevrilib

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
411 0

Ötən ilin bu zamanlarında İraq Türkmən Cəbhəsinin Türkiyə təmsilçisi Hicran Kzancıdan müsahibə almışdım. O zaman hörmətli Kazancıdan azərbaycanlıların hər zaman, hətta sovet vaxtı, Səddamın ən güclü vaxtında əlaqələrini kəsmədiyi Kərkükün taleyini soruşmuşdum.

Hörmətli Kazancı demişdi ki, onlar, yəni İraq Türkmən Cəbhəsi İraqın parçalanıb kürd dövləti yaradılacağı halda kürdlərlə birgə olmaqda maraqlıdırlar. Bütöv İraqda 3-cü etnik qrup (ərəb və kürdlərdən sonra – K.R.) olmaqdansa, müstəqil Kürdüstanda ikinci etnik qrup (kürdlərdən sonra – K.R.) olmaq daha münasibdir. Üstəlik, cənab Kazancı Bağdaddansa Ərbillə daha yaxşı anlaşıb haqlarını ala biləcəklərini demişdi.

Bu söhbətdən bir il sonra İraq kürd muxtariyyəti Kərkük şəhərində muxtariyyətin bayraqlarını asdı. Bununla da artıq neçə ildir kürdlərin faktiki olaraq nəzarət etdiyi Kərkükdə kürd hakimiyyətinin rəsmiləşdiyini nümayiş etdirirdilər. Bayraq olayı İraq mərkəzi hökuməti, BMT kimi qurumlar tərəfindən qınandı. Amma sadəcə bu qədər. Artıq Kərkükdə kürd hakimiyyətinin möhkəmləndiyini göstərən rəsmlər yayılır, amma dünya sanki barışıb.

3 min il yaşı olan Kərkük tarixən türkmən şəhəri hesab olunub. Kərkük, Təbriz və Bakı Azərbaycan mədəniyyəti və poeziyasının ana xətti olub. Hətta sovet illərində, İraqda amansız repressiv rejimin olduğu dövrdə belə bu xətt qorunub saxlanıb. İraqın şimalında yerləşən Kərkük şəhərinin tarixi şumerlərə qədər gedib çıxır. Ancaq şəhər və onun yerləşdiyi bölgə orta əsrlərdən bu yana türkmənlərin yerləşdiyi bölgə olub. 100 il əvvəlki qeydlərə görə şəhərin əhalisinin böyük qismi türkmənlər olub. Ancaq Birinci Dünya müharibəsindən sonra demoqrafik vəziyyət dəyişib, bölgənin Türkiyə və Britaniya arasında mübarizə meydanına çevrilməsi, aramsız kürd üsyanları, Mosulda baş verən xalq üsyanları nəticəsində türkmənlərin böyük hissəsi köçüb. Eyni zamanda İraqda neft sənayesinin inkişafı ilə əsas neft bölgəsi olan Kərkükə kürd və ərəblərin axını başlayıb.

Qeyd edək ki, İraqda neft və qaz ehtiyatları əsasən iki istiqamətdə, cənubda Bəsrə əyalətində, Şimalda isə Mosul və Kərkük xətti üzərində yerləşir. İraq neftinin təxmini hesablamalara əsasən 40 faizi Kərkük-Mosul xəttində yerləşir.

Kərkükdə daha bir ciddi etnoqrafik dəyişiklik İraqın işğalından sonra yaşandı. İraq türkmənlərinin təşkilatlana bilməməsi, üstəlik, xarici dəstəklərinin demək olar ki, olmaması nəticəsində ABŞ-la yaxından əməkdaşlıq edən kürd muxtariyyəti İraqın şimalında əsas gücə çevrildi və nəticədə türkmən bölgələrini də tədricən nəzarət altına aldılar. Kərkükdə uzun illər, hətta işğaldan sonra belə şəhər şurasında və mühüm postlarda türkmənlərin təmsilçiliyi olsa da (polis rəisi kimi – K.R.) İraqda İŞİD hücumlarından sonra bu vəziyyət daha da dəyişdi. Mərkəzi hökumətin bölgəyə nəzarəti itirməsi, Bərzani administrasiyasının yaranmış boşluqdan istifadə edərək böyük bir ərazini nəzarətə götürməsi ilə nəticələndi.

Amma belə görünür, Kərkükə iddialar yeni deyilmiş. İraqın ilk prezidenti (işğaldan sonra – K.R.) Cəlal Tələbaninin oğlu Qubad Tələbani Kərkükdə kürd bayraqları asılması ilə bağlı yaydığı açıqlamada kürdləri təbrik edib, Cəlal Tələbaninin hələ 1992-ci ildə Kərkükün alınacağı ilə bağlı vədini xatırladıb. Qeyd edək ki, hələ çox illər əvvəl Cəlal Tələbani, indi isə oğlu Kərkükü kürdlərin Qüdsü adlandırıb.

Bayraq qərarını hələlik Kərkük Əyalət Məclisi qəbul edib və ehtimal ki, kürdlər bununla növbəti dəfə ehtiyatlı şəkildə nəbz yoxlaması edirlər. Təpkilər şiddətlənsə, bayraqlar endiriləcək, amma Kərkükün kürdləşməsi prosesi davam edəcək. Hazırda dəyişmiş etnik tərkibinə görə Kərkükün əhalisinin çoxunu ərəblər təşkil edir. İkinci yerdə kürdlər, üçüncü sırada isə türkmənlərdir.

Kərkük mövcud sərhədlərə əsasən İraq kürd muxtariyyəti ərazisinə daxil deyil. Bu səbəbdən də şəhər ətrafında ciddi fikir ayrılığı var. Ərəblər şəhərin hazırkı olduğu vəziyyətdə, yəni mərkəzi hökumətə tabe olmasını istəyir. Kürdlər isə Kərkükün Ərbilə birləşdirilməsini istəyir. Türkmənlər daha əvvəl şəhərə müstəqil status verilməsini istəyirdilər, ancaq indi görünür ki, türkmənlər də bölünüb. Bir qismi Kərkükün kürdlərdə olmasına razılaşır artıq.
Ancaq Bağdadın bu məsələdə kürdlərə güzəştə gedəcəyini düşünmək sadəlövhlük olardı. 2000-ci illərin əvvəllərində Ayətullah Sistaninin “Kərkük mənim əmmaməmdir, onu kimsəyə vermərəm” dediyini də nə kürdlər, nə də ərəblər unutmuş deyil. Üstəlik, şəhərin əhalisinin böyük çoxluğu ərəbdir və onlar istənilən halda kürdləri deyil, Bağdadı seçəcək.

Amma qeyd etdiyim kimi, indi bu bir nəbz yoxlamasıdır. İraq hökumətinin başı Mosula qarışdığı bir vaxtda kürdlər Novruz bayramını bəhanə edərək Kərkükü kürdləşdirməklə bağlı bir addım daha atdılar. Əgər daha inadlı olsalar yəqin ki, Mosuldan və İŞİD-lə hesablaşmadan sonra Bağdad və Ərbil arasında hərbi qarşıdurma qaçılmaz olacaq.

Lakin istənilən halda Kərkük uğrunda ərəblər və kürdlərin mübarizə aparması bu şəhərin əsl sahiblərinin, yəni türkmənlərin oyunda 1-0 geridə olduqlarını göstərir. Amma biz heç qazanan tərəf olmadıq ki…

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir