Şimdi yükleniyor

Kənan Novruzov: Paşinyandan xalqa mühüm çağırış: Daha müharibə olmayacaq

Baş nazir Nikol Paşinyan parlamentdə büdcə layihəsinə həsr olunmuş çıxışı zamanı deyib ki, Ermənistanın xarici borcu silah alışı səbəbindən artıb.
“Bizi qınayırlar ki, borc niyə 8 milyard dollara qədər artıb, biz bu vəsaitlə nə etmişik? Danışmaq istəmirdim, amma deyəcəyəm: silah aldıq. Kredit vəsaitləri ilə? Bəli, kredit vəsaitləri ilə, çünki bizə dərhal çox silah lazım idi”, – o vurğulayıb.
Bu, əslində kifayət qədər ciddi və məzmunlu açıqlamadır. Çox güman, Paşinyan bununla həm daxili, həm də xarici auditoriyaya mesaj vermək istəyib.

O, bununla sadəcə müxalifətə cavab verməklə kifayətlənməyib. Həm də müharibəyə qarşı olduğunu, dolayısı ilə sülh istədiyini bildirib.
Paşinyan həm daxili, həm də xarici auditoriyaya, o cümlədən onu buna təhrik edənlərə demək istəyir ki, daha müharibə istəmir. Beləliklə, baş nazir həm də öz mövqeyini əsaslandırır. O, revanşist kəsimi də inandırmaq istəyir ki, savaşa ehtiyac yoxdur. Çünki bu, xalqa baha başa gəlir.

Ermənistan iqtidarı, məncə, sülhdə səmimidir. Gələn il yekun sülh sazişinin imzalanması gözlənilir. Bu, Ermənistan konstitusiyasına müvafiq dəyişiklikdən sonra olacaq.

Ermənistanda gələn il parlament seçkiləri keçiriləcək. Yəqin ki, konstitusiya dəyişikliyi seçkilərdən sonra baş verəcək. Seçkilərə qədər olsa, müxalifət bundan istifadə edəcək və Paşinyanın “əli zəifləyəcək”. Fikrimcə, Bakı da bunu anlayır və təmkinli davranır.

Paşinyan o zamana qədər xalqı sülhə hazırlayacaq, ictimai rəydə dəyişiklik etməyə çalışacaq.

Kənan Novruzov

Share this content:

Yorum gönder