Aqşin Kərimov: Rusiya-Ukrayna müharibəsinin döyüş meydanında baş verən yeni hadisələr
Rusiya-Ukrayna müharibəsinin döyüş meydanında baş verən yeni hadisələr və onların mümkün nəticələri haqqında fikirlərimi bölüşürəm.
1. ABŞ Müharibə Tədqiqatlar İnstitutu geolokoasiya görüntülərinə istinadən bildirir ki, Rusiya Pokrovskun mərkəzinə doğru və şəhərin cənub-şərqində irəliləyib. Rusiya qoşunları şəhəri ələ keçirmək və “Ukrayna cibini” çökdürmək üçün Pokrovsk və onun ətrafında yüksək intensivli hücumlar həyata keçirir. Bu, Rusiya qoşunlarının böyük itkisi ilə müşayiət olunur. Pokrovskda Rusiyanın ərazi nailiyyəti onun qoşunlarının bütün Donetsk bölgəsini tam tutmağa yaxınlaşdırır.
Pokrovsk şərqdə Ukrayna qoşunlarının təchizat açarı olan və şərqdə Ukraynanın müdafiəsinin əsasını təşkil edən digər şəhərlərlə bağlı olan “qala kəməri”dir.
Rusiya böyük itki hesabına olsa da, Pokrovsku ələ keçirməyə nail ola bilər. Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiya qoşunlarının irəliləmə tempi qarşısında müdafiə mexanizmlərinin qurulmasının çətinliklərini etiraf etməsi də bu proqnozu çıxarmağa əsas yaradır.
2. Ukraynanın öz ərazilərində güclü əks-hücum kampaniyası reallaşdırması mürəkkəb və çətindir. Ən azından ona görə ki, Ukrayna qoşunlarında canlı qüvvə qıtlığı şəxsi heyətin hücum əməliyyatları üçün komplektləşdirilməsinə maneə yaradır. Bununla belə, Ukrayna müharibənin gedişatında qərarverici səviyyədə əks-balans yaradılması üçün Rusiyanın təhlükəsizlik boşluqlarına və kəşfiyyat orqanlarındakı zəifliklərə nəzər salır.
Bu baxımdan Rusiya Ukrayna ərazilərində nailiyyətlərə fokuslansa da, Kiyevin missiyası Moskvanı daxildən müharibə şəraiti ilə üzləşdirməyi prioritetləşdirir.
Gümanla Ukrayna Böyük Britaniya, ABŞ kəşfiyyat subyektlərinin əməliyyat planı ilə Rusiya daxilində yeni hücum modeli hazırlayır. Bu əsasda Ukrayna Rusiya hüdudlarında “ən yaxın müttəfiqlər” və faydalı alətlər axtarır. Ukrayna Rusiya təhlükəsizlik və kəşfiyyat xidmətləri arasındakı rəqabətdən faydalanaraq prosesi Vladimir Putinə qarşı qüvvələrin fəallaşması ilə nəticələndirməyi hədəfləmiş ola bilər. Məqsəd kəşfiyyat və təhlükəsizlik subyektlərini Putinin qərarlarına qarşı siyasi status səviyyəsinə qaldıracaq proseslərin hazırlanmasıdır.
3. Ukraynanın bu prosesdə aqressiv hərəkat başlatması üçün onun Qərbin kəşfiyyat dəstəyi ilə paralel, hərbi texnikalarına, silahlarına ehtiyac var. Çünki Rusiyanın arxa cəbhə dərinliklərinə effektiv zərbə endirmədən Ukraynanın anti-Putin prosesi başlatması çətindir. Buna görə də, Ukraynanın Rusiyanı müharibə məqsədlərindən çəkindirmək, onun dövlət aparatını istədiyi nöqtəyə qədər parçalamaq planının nə qədər məhsuldar olacağı suallar yaradır.
4. Rusiya ərazi uğurlarını Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla mümkün razılaşmalarına təkan verəcək mühüm təfərrüat kimi strukturlaşdırır.
ABŞ və Rusiyanın ikitərəfli münasibətləri təhdid ritorikasından əməkdaşlıq prioritetlərinə çevirmək iki dövlətin gündəliyində əhəmiyyətli yer tutur. Putinlə Tramp hər iki ölkənin gərginliyi artıracaq növbəti addımlardan qaçmaqla Ukrayna ərazilərində güzəşt üçün strateji sahə axtaran model tərtib edirlər.
Bu tərtibat hələlik uğurlu deyil. Üstəlik Ukrayna ilə əlaqədar Ağ Evlə Kremlin əsas dinamikaları əvvəldən mərkəzləşmiş strategiyaya əsaslanır. Buna görə də, ABŞ ilə Rusiya arasında ən mühüm ikitərəfli münasibətlər belə münaqişələrin eskalasiyası dövrlərinə və bundan irəli gələn qeyri-sabitliyə qarşı həssaslıq riskini aradan qaldırmır…
Aqşin Kərimov,
Siyasi məsələlər üzrə tədqiqatçı
Share this content:
								


                                    
                                    
                                    
                                    
                                    
Yorum gönder