Hasan Oktay: Üçtərəfli sülh sazişinin imzalanması Cənubi Qafqaza dayanıqlı sabitlik gətirəcək
Vətən müharibəsindən sonra imzalanan atəşkəs razılaşmasının sülh sazişinə çevrilməsi Cənubi Qafqazda davamlı sabitliyin əsas təminatçısı ola bilər.
Bu fikri türk politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay səsləndirib.
Politoloqun sözlərinə görə, 2020-ci il 10 noyabr bəyanatı Ukrayna böhranından əvvəl imzalandığı üçün Rusiya bölgədəki proseslərə fərqli prizmadan yanaşırdı. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri gərginləşdirməsi mühüm dönüş nöqtəsi olub: “Paşinyanın Moskva ilə məsafəli siyasəti Cənubi Qafqazda yeni reallıqların formalaşmasına şərait yaratdı. Regionda dayanıqlı sülhün təmin olunması üçün Türkiyə, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmanın imzalanması zəruridir. Belə bir saziş olmadan istənilən kommunikasiya xəttinin və ya dəhlizin açılması real görünmür.
Hasan Oktay xatırladıb ki, Türkiyə 1991-ci ildə Cənubi Qafqaz respublikalarını tanısa da, Ermənistanla diplomatik münasibətlər qurmayıb. “Ermənistan tərəfindən işğal edilən Kəlbəcər rayonu Türkiyənin sərhədləri bağlamasına səbəb oldu. 2020-ci il 10 noyabr Bəyanatından sonra Kəlbəcər işğaldan azad edildiyi üçün sərhədlərin açılması üçün hüquqi maneə qalmayıb. Lakin Ankara bu məsələni Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması istiqamətində diplomatik vasitə kimi istifadə edir”, – deyə politoloq vurğulayıb.
KAFKASSAM rəhbəri əlavə edib ki, 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərdən əvvəl sülh sazişinin imzalanması bölgədə əhəmiyyətli geosiyasi nəticələr doğura bilər. “Paşinyanın hakimiyyətdə qalması sülh prosesinin davamlılığı baxımından mühümdür. Əks təqdirdə, revanşist qüvvələrin hakimiyyətə gəlməsi bölgədə terror və qeyri-sabitlik riskini artıra bilər”, – deyə o əlavə edib.
Hasan Oktayın sözlərinə görə, bölgədə yeni aktorların müdaxiləsi əvəzinə, güclü və ədalətli sülhün bərqərar olması daha real perspektivdir. “Donald Trampın vasitəçiliyi ilə imzalanan sənəd bölgədə yeni geosiyasi tarazlıq yaradıb.
Ekspert vurğulayıb ki, sülh sazişinin imzalanmasından sonra Azərbaycan Cənubi Qafqazın ən güclü və dinamik inkişaf edən ölkəsinə çevriləcək. “Sazişin reallaşması ilə bölgədə Azərbaycanın iştirakı olmadan heç bir regional təşəbbüs həyata keçirilə bilməz. Türkiyə də bu reallığı nəzərə alaraq, heç bir ilkin şərt qoymadan üçtərəfli sülh sazişinin imzalanmasını dəstəkləyir. Türk Dövlətləri Təşkilatı baxımından da bu sülh prosesi strateji əhəmiyyət daşıyır. Ermənistan ərazisindən keçəcək nəqliyyat xətləri türk dünyasını Türkiyə ilə birləşdirəcək böyük strateji marşruta çevriləcək”, – deyə Hasan Oktay qeyd edib.
Politoloq sonda bildirib ki, bundan sonrakı mərhələdə Cənubi Qafqaz üçün əsas müzakirə mövzusu Xəzər dənizindən keçəcək marşrut layihələrinin reallaşdırılması olmalıdır.
Səbinə Əlizadə
https://azertag.az/xeber/turk_politoloq_uchterefli_sulh_sazisinin_imzalanmasi_cenubi_qafqaza_dayaniqli_sabitlik_getirecek-3840239?fbclid=IwRlRTSAN13kJleHRuA2FlbQIxMQABHjHPQhE9oXoQCGeb9kjyz-q6pgoVrYZIg-D90mGIM7gVkS4snZTXP_VWxlty_aem_ChYJj1rgbKIfOXvjoDHyHg
Share this content:
								


                                    
                                    
                                    
                                    
Yorum gönder