ŞEYH EFENDİ’NİN RÜYASINDAKİ TÜRKİYE

Rus televizyonuna konuşan ABD’li akademisyen: Arap ülkeleri İsrail ile tartışmak istemez

Akıllara Zarar bir Coğrafya ve Türklerin Bağımsızlık Mücadelesi

Makedonya’ya İngiliz çengeli!

Kürd referendumu dünyaya “Kərkük savaşı” vəd edir

Gündem 10 Eylül 2017
219

İraq kürdlərinin liderinin referendum inadının səbəbləri barədə qeydlər

İndi Yaxın Şərqin əsas mövzusu kürd məsələsidir, daha dəqiqi Şimali İraqda kürd muxtariyyətinin keçirtməyə hazırlaşdığı referendumdur. Muxtariyyətin media qurumları, xüsusən də iqtidardakı Barzanilərə yaxın media gecə-gündüz referendum hazırlıqları, prosesə dəstək verən yerli və xarici ictimai-siyasi fiqurların açıqlamalarını tirajlayır. Görünən odur ki, sentyabrın 25-ə təyin olunmuş referendum baş tutacaq.
Ötən həftə kürd referendumu ilə bağlı iki mühüm açıqlama oldu. Birinci açıqlama İraqın baş naziri Heydər Abadidən gəldi. Xalqa həftəlik telemüraciətində Abadi kürd referendumu mövzusuna da toxundu və iki maraqlı detalı qeyd etdi. Birincisi, Abadi dedi ki, referendum İraq Konstitusiyasına ziddir. Yəni baş nazir artıq bəri başdan referendumun nəticələrinin tanınmasını şübhə altına aldı. Çünki istənilən halda referendumun nəticələrini İraq parlamenti də təsdiqləməlidir. Yalnız bundan sonra kürd dövləti BMT-yə müraciət edib müstəqilliyini rəsmən elan edə bilər. Lakin Abadinin açqılamasından belə məlum olur ki, İraq parlamenti və hökuməti kürd dövlətinin rəsmiləşməsini imkan verməyəcək.

Abadinin açıqladığı ikinci mühüm detal, Kərkük bölgəsindəki neftin hələ də İraq dövlətindən oğurlanaraq qara bazarda satılması ilə bağlı idi. Məsələ ondadır ki, İraq neftinin kürd administrasiyası tərəfindən qara bazarda satılması məsələsi 3 il əvvəl də gündəmə gəlmişdi. Həmin vaxt İraq hökuməti dünya ölkələrinə müraciət edərək Bağdadın təsdiqləmədiyi İraq neftini almamağa çağırmışdı. Bundan sonra Barzaniyə məxsus neft tankerləri uzun müddət dünya limanlarında gözləməli oldu. Yalnız bundan sonra Ərbil və Bağdad anlaşdılar. Ancaq görünür ki, hələ də Ərbil gizli neft satışı həyata keçirir. Məsələ ondadır ki, hazırda Ərbil və Bağdad arasında əsas düyünlü məsələlərdən biri də Kərkük şəhərinin statusudur. Doğrudur, İraq Konstitusiyasında göstərilən kürd muxtariyyəti ərazilərinə Kərkük daxil deyil. Ancaq, xüsusən də İraqın işğalından sonra, mövqeləri güclənən kürdlər Kərkükdə möhkəmləniblər və hazırda kürd əhalinin sayı orada sürətlə artır. Bu səbəbdən də Barzani Kərkükdə də (eləcə də son illərdə kürdlərin ələ keçirdiyi bir neçə mübahisəli bölgədə – K.R.) referendum keçirilməsində israr edir. Məsələ ondadır ki, Kərkük əyalətində İraq neftinin 20 faizi yerləşir. Rəqəmlərlə ifadə etsək, son olaraq 2010-cu ildə açıqlanan məlumata əsasən İraq 505 milyrd barrel ümumi və 130 milyard barreldən artıq istehsalı mümkün olan neft ehtiyatına sahibdir. Yəni hazırkı rəqəmlərə əsasən İraq Səudiyyə Ərəbistanı və Venesueladan sonra 3-cü neft ölkəsi hesab olunur. Bu neftin 70 faizi cənubda Bəsrə əyalətində, 9 faizi mərkəzi İraqda, 20 faizi isə Kərkük və ətrafında yerləşir. Təxmini olaraq 30 milyard barrelə yaxın neft ehtiyatından söhbət gedir. Bu isə ABŞ-ın neft ehtiyatlarına barəbərdir. Azərbaycanın ehtiyatlarından isə bir neçə dəfə çoxdur. Barzaninin və kürdləri dəstəkləyən qüvvələrin Kərkükə marağını enerji tərəfinə də diqqət etmək lazımdır.

Abadinin çıxışından iki gün sonra İraq kürd muxtariyyətinin lideri Barzaninin BBC fars dili xidmətinə müsahibəsi yayıldı. Brzani müsahibədə referendum mövzusuna toxunub və həmçinin Kərkük məsələsinə də diqqət ayırıb. Kərkükdə “yerli xalqın iradəsi” ilə referendum keçirilməsini və bundan sonra nəticəyə uyğun qərar veriləcəyini deyib. Hətta silahlı toqquşma olarsa “hər bir kürdün Kərkük üçün əlinə silah almağa hazır olduğunu” iddia edib.

Lakin Barzaninin İraqda mərkəzi hökumətlə savaşa girməsi indki halda real görünmür. Birincisi, indi 10 il əvvəlki zaman deyil, İraq ordusu və könüllü silahlı qüvvələr formalaşıb, üstəlik bu ordu İŞİD-lə savaşda böyük təcrübə toplayıb. Təkcə könüllü “Həşdi Şabi” birliklərinin 135 min nəfərə yaxın aktiv canlı döyüşçü qüvvəsi var ki, Barzani bunlara qarşı güc göstərə bilməz. İkinci tərəfdən, hər nə qədər açıq və gizli dəstəkçiləri olsa da, İraq hökuməti ilə qarşıdurmada Barzanini, bəzi istisnalar xaric, hansısa ölkənin açıq şəkildə müdafiə etməsi mümkün deyil. Təbii ki, Barzani özü də bunu bilməmiş deyil. O zaman İraq kürdlərinin lideri nədən bu qədər inad edir?

Məsələ ondadır ki, Barzani üçün indi referendum hər baxımdan vacibdir. Hüquqi baxımdan kürd dövləti tanımasa belə, referendumun nəticəsi kürdlər üçün hüquqi sənəd olacaq və bir növbəti etapda kürdlər bundan müstəqillik üçün, ya da mərkəzi hökumətlə hansısa siyasi müzakirələrdə kart olaraq istifadə edəcəklər. İkinci tərəfdən, hazırda kürd muxtariyyətində Barzaninin güclü siyasi rəqibləri var. Doğrudur, silahlı qüvvələr hələ də Barzan aşirətinin təsir dairəsindədir, ancaq parlamentdə və siyasi hakimiyyətdə ciddi müxaliflər var. Muxtariyyət ətrafında gərginliyin artması istər-istəməz Barzaninin əhəmiyyətini artırır və onu daxili siyasi mübarizədə rəqiblərin təzyiqindən qoruyur. Və nəhayət, referendum üçün indi ən uyğun zamanlardan biridir. Çünki İraq və Suriyada İŞİD-ə qarşı savaş başa çatdıqdan sonra kürdlərin indiki qədər fürsəti olmayacaq. Üstəlik, indi Barzaniyə qarşı çıxa biləcək ölkələrin (Türkiyə, İran, İraq, Suriya – K.R.) öz aralarında və eləcə də Qərb ölkələri ilə ciddi problemləri var. Yəni hazırkı böhranlı və qarışıq dövr bir daha təkrarlanmaya bilər. Ancaq keçirilmiş referendumun nəticəsi kürd dövlətinin qurulması yolunda çox mühüm və siyasi-hüquqi bir sənəd ola bilər. Bu səbəbdən Barzani geri çəkilmək fikrində deyil.
Mələsə ondadır ki, İraqda kürdlərə muxtariyyət ilk dəfə 1970-ci ildə verilib. Daha sonra ləğv olunsa da, yenidən bərpa edilib və Amerika işğalından sonra kürdlər bu dəfə de-fakto müstəqil bir idarəçilik əldə ediblər. Hətta ordu, polis qüvvələri yaradıblar. Faktiki olaraq son 10 ildən çoxdur kürdlər İraqın şimalında müstəqil hərəkət edirlər, Bağdada bağlılıqlarını formal olaraq saxlayırlar.

Ancaq hüquqi müstəqillik sadəcə İraq üçün deyil, həm də kürdlərin kompakt yaşadığı və təşkilatlandığı Türkiyə, İran və Suirya üçün də ciddi təhdiddir. Artıq Suriyada faktiki bir kürd muxtariyyəti mövcuddur. İraqda kürdlərin referendumu və ya müstəqillik elan etmələri sözsüz ki, İran və Türkiyəni ciddi narahat edir. Çünki bu ölkələrdəki kürd qrupları hərəkətlənəcəklər. Bu səbəbdən də uzun illər Barzani ilə müttəfiqlik münasibətləri olan Ankara və Tehran indi referendum qərarından narahatdırlar və sərt şəkildə buna qarşı çıxırlar. Ancaq Barzani də hələlik çox rahatdır. Çünki bir tərəfdən İsrail və bəzi Avropa dövlətləri tərəfindən açıq şəkildə, bir sıra region dövlətləri tərəfindən isə gizli şəkildə dəstəkləndiyini bilir. İstənilən halda bu referendum Barzaninin siyasi məqsədilərinə xidmət edir, necə deyərlər, onun əlinə işləyir. Yeganə riskli mövzu Kərkükdür. Kərkük inadı Barzani üçün baha başa gələ və qanlı müharibəyə səbəb ola bilər. Çünki Kərkük sadəcə Bağdad üçün deyil, həm də Türkiyə və türkmənlər üçün də qırmızı xətdir. 3 xalqın – türkmənlər, ərəblər və kürdlər – iddia etdiyi Kərkük Yaxın şərqdə yeni savaşın adı ola bilər.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar