KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Vaşinqtona qarşı Brüsselin Qarabağ planı

Vaşinqtona qarşı Brüsselin Qarabağ planı

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
313 0

Vaşinqtona qarşı Brüsselin Qarabağ planı – TƏHLİL
Fransa ATƏT-in Minsk qrupundakı həmsədrini dəyişdirdi. Bundan sonra fransız diplomat Stefan Viskonti öz həmkarı Pyer Andriunu əvəzləyəcək. Andriunu həmsədrlik fəaliyyəti dövründə o qədər də yadda qalan olmadı. Bunu diplomatın şəxsi keyfiyyətləri ilə izah edə bilərik. Lakin böyük tabloda Fransanın özünün həmsədr dövlət olaraq Minsk qrupunda aktiv olmadığı görünür. Bu baxımdan, Yeliseyin həmsədri dəyişdirməsi “Fransa Qarabağ məsələsində aktivləşirmi?” sualını gündəmə gətirir.

Paris sonuncu dəfə prezidentlərin görüşünə 2014-cü ilin 27 oktyabrında ev sahibliyi etdi. Həmin görüşdən üç ay öncə – avqustun ilk günlərində cəbhədə erməni təxribatı nəticəsində vəziyyət müharibə həddinə çatmışdı. Avqustun 10-da Rusiya prezidenti Vladimir Putin prezidentlərin Soçi görüşünü təşkil etdi. Soçi görüşü fonunda Paris görüşü Qərb-Rusiya qarşıdurması və Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında inhisarçılıq mübarizəsindən irəli gəlirdi. Paris görüşü də ABŞ və Avropa Birliyinin birlikdə Rusiyaya qarşı müharibəsindən yaranan addım idi. Parisdə sonuncu dəfə iki il öncə masa ətrafında əyləşən Azərbaycan və Ermənistan prezidentlərinin yolu indiyə qədər Fransa torpaqlarına düşməyib. 2015-ci ildə yalnız bir dəfə İsveçrənin Bern şəhərində görüş keçirildi. Bu görüş daha çox Minsk qrupunun hesabatı xarakteri daşıyırdı, nəticə etibarilə yalnız böyük bir sıfır ortaya çıxdı.

2016-cı ildə aprel döyüşləri Qarabağ ətrafında da vəziyyət dəyişdi. Vyana və Sankt-Peterburq görüşündən sonra prezidentlərin növbəti görüşü keçirilmədi. Halbuki, bununla bağlı müzakirələr davam edirdi. Prezidentlərin avqust ayında Paris görüşünün keçiriləcəyinə dair məlumatlar yayıldı. Bu təkliflə Fransa tərəfi çıxış edirdi. Amma o, bu təklifdən əyani işə keçmədi.

Prezidentlərin sonuncu görüşünün rus torpaqlarında (Sankt-Peterburq) keçirildiyini nəzərə alanda, fransızların təklifini “Qarabağ məsələsində Qərb-Rusiya qarşıdurması” olaraq qəbul etmək olardı. Hansı ki, 2014-cü ildə bu, əyani şəkildə özünü göstərirdi. Avropada dəyişən siyasi mənzərə isə fərqli ehtimalları önə çıxarır. Fransız həmsədrin dəyişməsinə də bu kontekstdə baxmaq olar.

Avropa Birliyi-Amerika mübarizəsi

Brüssel-Vaşinqton müttəfiq olduğu qədər də rəqib hesab oluna bilər. Əslində uzaq Şərqdə Çin, Asiyada Rusiya təhlükəsi bu iki qitənin birgə hərəkət etməsini şərtləndirir. Lakin məsələnin alt qatında ABŞ-ın Avropa Birliyinə Şərqə doğru irəliləməsində maneə kimi baxdığı, Avropa Birliyinin də Amerikanı böyüməsindəki əngəl olaraq gördüyü mövcuddur. Vaşinqton və Brüsselin maraq mübarizəsinə təsir edən “gündüzün dostluğu, gecənin düşmənçiliyi” “Brexit”dən sonra aşkar müstəviyə keçdi. Artıq dünya Rusiya-Çin və Qərb yox, ABŞ-İngiltərə, Almaniya-Fransa, Rusiya-Çin cəbhələrinə ayrılır. ABŞ-la bütün cəbhələrdə fərqli yanaşma sərgiləməyə başlayan Almaniya-Fransa tandeminin Dağlıq Qarabağ məsələsində də əvvəlki kimi Vaşinqtonla eyni mövqedən çıxış etmədiyi məlumdur. Fransanın aktivləşməsini Avropa Birliyinin Qarabağ məsələsində ABŞ-ın rolunu üzərinə götürmək istəyi hesab oluna bilər.

2015-ci ildə Azərbaycan prezidenti Almaniyaya səfəri zamanı Angela Merkel Brüsselin prosesdə daha aktiv iştirak etmək istədiyi mesajını vermişdi. Həmin vaxt Minsk qrupunun tərkibinin dəyişdirilməsi, Avropa Birliyi və Türkiyəyə aktiv missiyanın verilməsi təklifi gündəmi zəbt etdi. Bu təkliflər reallaşmasa da, Avropa Birliyi hər an alternativ ola bilmək istəyini ortaya qoydu.

Fransanın həmsədr dəyişikliyinə məhz indi getməsinin arxasında iki səbəb ola bilər.

a) Avropa Birliyi Amerikada prezident seçkilərindən istifadə edərək, münaqişədə Vaşinqtonun rolunu üzərinə götürmək gedişi edir.

b) Bu dəyişikliyin oktyabrın 19-da Fransa, Almaniya və Rusiya liderlərinin Berlində Ukrayna və Suriya münaqişəsini müzakirə etməsindən iki gün sonra edilməsi də diqqətdən yayınmır. Görünür, Paris və Berlin Moskva ilə eyni masada əyləşib, “dondurulmuş münaqişələri” incələmək qərarına gəliblər. ABŞ-ın seçkiyə getməsi onun payını mənimsəmək üçün əla fürsətdir. Qarabağ münaqişəsində aktiv mərhələyə keçidin də arxasında bu hədəflərin dayandığını deyə bilərik.

Avropa Birliyi ABŞ-ın münaqişədə təsirini azaltmaqla nəyə nail olmaq istəyir?

1. Amerikanın Qarabağ da daxil olmaqla digər münaqişələrdə təsirinin azaldılması Qərbdə Almaniya-Fransa cəbhəsinin önə keçməsi deməkdir.
2. Bununla Avropa Birliyi həm də ABŞ-ın öz üzərindəki təsirlərindən qurtulmaq istəyir.
3. Rusiya ilə konstruktiv mövqedən çıxış edərək “dondurulmuş münaqişələr”i həll etməklə, Avropa Birliyinin nüfuzu iki qat artır, həmçinin, bu münaqişələrin mövcud olduğu bölgələrdə Brüsselin öz maraqlarını təmin etmək imkanı yaranır.

Konkret, Qarabağ münaqişəsinə gəldikdə, Avropa Birliyinin Cənubi Qafqazda öz marağını təmin etmək hədəfinə doğru addım atdığını demək mümkündür.

Enerji: Cənubi Qafqazdan Avropaya təbii qaz daşıyacaq layihələrdə Amerika əsas təşəbbüskar kimi çıxış edir. Bu isə Avropa Birliyinin ABŞ-dan asılılığını gücləndirir. Amerika ilə yolları ayırmaq qərarına gələn Avropa Birliyi enerji tələbatını ödəmək siyasətinə özü yiyəlik etmək istəyir. Məhz Qarabağ münaqişəsində aktiv rol oynamaqla bu enerjinin mənbəyi olan Azərbaycanla yaxınlaşmaq mümkündür. Brüsselin Qarabağ siyasətində bu faktor açıq görünür.

İqtisadi: Almaniya və Fransanın Azərbaycanla iqtisadi əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycanın “Azərspace” peykinin hazırlanması və orbitə çıxarılması işini Fransa şirkətləri həyata keçirib. İqtisadi sferada əməkdaşlığı gücləndirmək üçün siyasi sahədə aktivlik tələb olunur. Məsələyə bu kontekstdən də yanaşmaq mümkündür.

Berlin-Paris liderliyində irəliləyən Avropa Birliyinin Cənubi Qafqazda daha aktiv olması üçün Qarabağ münaqişəsinin həlli prosesində təşəbbüsü ələ almaq istəyi bütün bunların fonunda başadüşüləndir.

Bu, Azərbaycana nə verə bilər?

Bu sualın bir-birinin əksi olan iki cavabı var.

Birinci: Avropa Birliyinin bu prosesdə məhz ABŞ-ın yerini tutmaq istəməsi müsbətə doğru irəliləyişə gətirib çıxara bilər. Fransa və Almaniya Amerikaya alternativ yaratmaq üçün bu məsələdə Rusiya ilə yaxınlıq siyasətini izləyəcəklər. ABŞ-ı əvəz edən Avropa ilə Rusiyanın razılığı münaqişədə irəliləyişə nail olmağa kömək edə bilər. Çünki indiyə qədər Qarabağ məsələsinə regionda Amerika-Rusiya müharibəsi olaraq baxılıb.

İkinci: Fransanın aktivləşməsi bu ölkədə güclü olan erməni diasporunun də danışıqlar prosesinə təsirinin güclənməsi ilə nəticələnə bilər. Bu,ehtimal kiçikdir, lakin mövcud olduğu da danılmazdır.

Lakin qlobal güclərin mübarizəsi çərçivəsində bu amilin uğurlu ola bilmək şansının yoxluğu da önə çıxır. Hazırda Almaniya-Fransa cəbhəsinin ABŞ-İngiltərə cəbhəsinə qarşı mübarizəsi və bu mübarizədə “mehriban düşmən” olduğu Rusiya ilə yaxınlaşması prosesi müşahidə olunur. Bu prosesin Qarabağ məsələsinə təsirini aydınlaşdırmaq üçün isə bir qədər gözləmək lazımdır.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir