KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türk dünyagörüşündə turançılıq və irançılıq

Türk dünyagörüşündə turançılıq və irançılıq

Kafkassam Editör Kafkassam Editör - - 16 dk okuma süresi
445 0

(I YAZI)

“Azərbaycan tarixi” adını daşıyan kitablara, özəlliklə də 7 cildlik “Azərbaycan tarixi”nə inansaq Azərbaycan türk xalqı əsrlərboyu demək olar ki, daima başqa dövlətlərin və millətlərin əsarət altında olmuşdur. Bu anlamda yalnız yunanlar, romalılar, ərəblər, ruslar, farslar deyil, eyni zamanda Oğuz-Türk soylu Kimmerlər, İskitlər-İşquzlar, Midiyalılar, Hunlar, Xəzərlər, Sacilər, Səlcuqlar, Atabəylər, Baharlılar, Bayandurlular, Elxanilər, Səfəvilər, Əfşarlar, Qacarlar da işğalçı olublar. “Azərbaycan tarixçiləri”nin əksəriyyətinin Sovet-Rus-Avropa tarix metodologiyasından qurtula bilməməsinin nəticəsidir ki, hələ də Oğuz-Türk dövlətlərinə yad, düşmən, bir sözlə ögey münasibət bəslənir.

Hər halda bu günün özündə bəzi Azərbaycan tarixçiləri, hətta onların arasında akademik tarixçilər var ki, çox uzaq deyil yaxın Oğuz-Türk tariximizdə mövcud olmuş Səfəvilərin, Əfşarların, Qacarların dövlət başçılarına, hökmdarlarına yadelli işğalçı kimi yanaşırlar. Sovet-Rus-Avropa başlı tarixçilərə görə Səfəvilərə, Əfşarlara, Qacarlara qarşı çıxan “Azərbaycan feodalları”, o cümlədən “Azərbaycan xanlıqları” böyük qəhrəmanlıqlar ediblər. Guya, “Azərbaycan xanlıqları” Şimali Azərbaycanın müstəqilliyi ugrunda, “İran hökmranlğı”na qarşı mübarizə aparıblar. Halbuki, “Azərbaycan tarixi”ndə yer alan “İran hökmranlığı” birincisi, geniş anlamda Səfəvilər, Əfşarlar və Qacarlar üçün o zaman rəmzi bir məsələ idi. Onların əsas işi Oğuz-Türk dövlətləri yaratmaq və ərazilərini genişləndirmək idi. Həmin dövlətin ərazisinə Azərbaycan, Xorasan, Mazandaran, Təbəristan, İraqi-Əcəm və başqa yerlərin birləşdirilməsi Oğuz-Türk sülalərinin böyüklüyü idi. İkincisi, əsasən Azərbaycanda yaşayan Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar kimi Oğuz-Türk tayfalarının yalnız Azərbaycana deyil, digər ərazilərə (Xorasan, Təbəristan, Farsistan, Luristan, Mazandaran vəb.), daha çox da Turan və İran adlanan coğrafiyalara sahib çıxmağa çalışmaları qürurvericidir. Yəni türkləri öz hakimiyyətlərini daha geniş ərazilərdə tuta biliblərsə, bunu indi yalnız “İran hökmranlığı” kimi qələmə vermək məntiqsizlikdir. Hətta, əgər “İran hökmranlığı”ndan bəhs olunursa, o zaman “Turan hökmranlığı”da keçərli olmalıdır.

Çünki ən azı Qəznəlilərdən (10-cu əsrdən) 1925-ci ilə qədər, yəni Qacarlar İngilis-Amerikan-Masson birliyi tərəfindən devrilənə qədər, indi “İran İslam Cümhuryyəti” adlanan ölkənin ərazisində “Oğuz-Türk dövlətləri” mövcud olmuşdur ki, bu dövlətlər də “Turan hökmranlığı”nda doğmadırlar, “İran hökmranlığına” yox.

Bizcə, bugünkü “Azərbaycan tarixi”ndə Sovetlər Birliyində yazılmış “Azərbaycan tarixi”ndə olduğu kimi, Oğuz-Türk dövlətllərinin Azərbaycan ərazilərində möhkəmlənmək istəməsini işğalçılıq kimi qələmə verib, hətta onları qaçaq-quldur adlandırması müstəmləkəçilik xüsusiyyətindən irəli gəlir. Özü də bunu, hansısa tanınmış akademiklər yazırlar. Axı necə ola bilər ki, Azərbaycanda və digər ərazilərdə əsrlərlə hakimiyyət sürmüş, özü də qurucuları Türklər, Azərbaycan türkləri olmuş Oğuz-Türk dövlətlərinə öz tarixində yad münasibət olsun. Hətta, yad münasibətdən də ötəyə gedərək düşmənçilik ortaya qoyulsun və onlar aşağılansınlar. Çoz yazıqlar olsun ki, bu yalnız Əfşarlar, Qacarlar və onların dövlət başçılarıyla bağlı deyil.

Hər halda acınacaqlı haldır ki, 7 cildlik “Azərbaycan tarixi”ndə Türk Səfəvilər imperiyası da öncə Azərbaycan Səfəvilər, daha sonra isə İran Səfəvilər dövləti olaraq verilir. Buna səbəb kimi də Səfəvi hökmdarı Şah Abbasın dövlətin paytaxtını Qəzvindən İsfahana köçürməsi, eyni zamanda Türk Qızılbaşlara qarşı etimadsızlığı, bir sözlə Şahsevənlik siyasəti göstərilir. Bizcə, “Azərbaycan tarixi”ni yazanlar və yaxud da uyduranlar, bir şeyi anlamaq istəmirlər ki, Oğuz-Türk dövlətləri olan Səfəvilərin, Əfşarların, Qacarların daha çox əfsanələşdirilmiş Turanda ya da “İran”da hakimiyyətdə olması əsasən, heç nəyi dəyişmir. Çünki Turan, İran, İraq, Xorasan, Azərbaycan və başqa ərazilər Oğuz-Türk sülaləri üçün neçə min illərdir hakimiyyət əraziləri idi. Bu anlamda Şah Abbasın mərkəzi hakimiyyəti gücləndirmək üçün paytaxtı Türk Qəzvindən Farsistan bölgəsinə yaxın İsfahana köçürməsi, ya da Türk Qızılbaş xanlarının saraydakı nüfuzuna ciddi zərbə vurması bütövlükdə Səfəvilərin türklüyünü və dövlətin türk dövləti olmasını inkar edə bilməz. O başqa məsələdir ki, Şah Abbasın dövründə dövlətin türklük, Türk Qızılbaşlıq ideyası xeyli dərəcədə sarsıdılaraq, onun yerinə türklərlə farslar arasında balanslaşdırılmış ideya kimi Şahsevənlik ideologiyası ortaya atıldı.

Türk Qızılbaşlıqla Şahsevənlik ideyaları arasındakı ziddiyyətləri inkar etmədən, “Azərbaycan tarixi” kitablarında Səfəvilər, Əfşarlar və Qacarlar dövlətlərinə “İran hökmranlığı” adı verilərək düşmən kimi baxılması son dərəcə yanlışdır. Çünki, o zaman dövlətçilik anlamında bu dərəcədə ideologiyalaşdırılmış nə Turan, nə də İran var idi. Sadəcə, “İran” və “Turan” Azərbaycan, Xorasan, İraq, Mazandaran, Mərv və başqa anlayışlardan fərli olaraq daha geniş mahiyyətli idi. Amma Orta çağda bu ərazilərdə qurulan dövlətlərdə Azərbaycan çox önəmli yer tutmuşdur. Bütün Oğuz-Türk sülalələri (Səfəvilər, Əfşarlar, Qacarlar vəb.) hesab edirdilər ki, Azərbaycanın tamamına sahib olmadan böyük və müstəqil dövlətdən danışmaq mənasızdır. Bunu, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Əfşarlar və Qacarlar da yaxşı anlayırdılar. Bu baxımdan diqqətçəkizi məqamdır ki, Oğuz-Türk mərkəzli Səfəvilər, Əfşarlar və Qacarların dayağı da, məhvəri də, özəyi də Turanın mərkəzi hesab olunan Azərbaycan olmuşdur.

Ona görə də “Azərbaycan tarixi”ndə Səfəvilərin, Əfşarların, Qacarların hakimiyyətini yalnız “İran hökmranlığı” kimi qələmə verib, onlardan “yadelli hökmranlıq” kimi bəhs etmək doğru deyildir. Özəlliklə də, Nadir şah Əfşar ya da Ağa Məhəmməd şah Qacar necə “yadelli hökmran” ola bilər ki, onlar Azərbaycanı hər şeydən üstün tutur, hakimiyyətlərini Turanın mərkəzi Azərbaycanda bəyan edir, dövlətin iki mühüm paytaxtını – Təbrizi və Tehranı Azərbaycan ərazisində tuturdular. Yoxsa, kimlərsə xəyal edirlər ki, Əfşarlar ya da Qacarlar bu dövləti ingilis-amerikan-masson birliyinin əliylə hakimiyyətə gətirilən Pəhləvilər, ya da indiki “İran İslam Respublikası” üçün qurmuşlar? Əgər yalnız buna istinad edərək Əfşarlar və Qacarları “yadelli” hesab edənlər varsa böyük yanlışlıq edirlər. Əgər bu gün türklər ən azı min ilə yaxın bir tarixdə hakimiyyət sürdükləri əfsanəvi ya da gerçək Turan coğrafiyasının böyük bir qismində qurulmuş “İran İslam Respublikası”nda haqsız duruma düşüblərsə, bu fars ya da farsdillilərin qəhrəmanlığı ilə deyil, ingilis-amerikan-rus qüvvələrinin işbirliyi nəticəsində baş vermişdir.

Ona görə də, bu gün əfsanəvi Turan və İran coğrafiyasında mövcud olan “İran İslam Respublikası”nın varlığını göz önündə tutaraq, üstəlik türklərin burada əsasən söz sahibi olmamasından çıxış edərək Səfəvilər, Əfşarlar və Qacarlardan imtina etməyimiz doğru deyildir. Çünki xarici qüvvələrin əliylə sonuncu Oğuz-Türk dövləti Qacarların yerinə hakimiyətə gətirilmiş farsdilli Pəhləvilərlə Mollalar türklər olmadan heç nədirlər, heç nə!!! Hər halda bugünkü “İran İslam Respublikası” adlı dövlətin hakimiyyətində türklər, özəlliklə Azərbaycan türkləri mühüm yer tutmaqdadır. Bir sözlə, Türklər, o cümlədən Azərbaycan türkləri olmadan Pəhləvilər dönəmində olduğu kimi, “İran İslam Respublikası” böyük ölçüdə əhəmiyyətini itirir. Bunu, “İran İslam Respublikası”nda hakim qüvvə olan farsdilli rejimdə, onları vaxtilə Türk Qacarların yerinə hakimiyyətə gətirmiş xarici qüvvələr də yaxşı bilirlər. Əgər bu gün türklər, o cümlədən bu millətin ana qolu olan Azərbaycan türkləri “İran İslam Respublikası”ndan ayrılıb müstəqilliyini elan edərsə, “İran İslam Respublikası” demək olar ki, bitər.

Ona görə də, indiki farsdilli molla rejimi da yaxşı anlayır ki, “İran İslam Respublikası”nın hakimiyyətini, onun parlamentini, dini rəhbərliyini Azərbaycan türklərindən tamamilə kənarda tutmaq ağılsızlıq, məntiqsizlikdir. Heç bunu, ingilis-amerikan qüvvələrinin əliylə hakimiyyətə gətirilmiş farsdilli Pəhləvilər bacara bilmədilər. Sadəcə, Pəhləvilər dövründə də yüksək, məsul vəzifə tutan türk məmurlarının, türk millət vəkillərinin, türk dini rəhbərlərinin əksəriyyətinin şüurunda “İran”ın bütövlüyü, “İrançılıq” əsas yer tuturdu. Doğrudur, Azərbaycandan olan türk məmurlar, dini rəhbərlər, millət vəkilləri arasında da Azərbaycan türklərinin “İran İslam Respublikası”ndakı mövcud durumuyla razılaşmayanlar var. Özəlliklə, Türk dilinin orta məktəblərdə tədris olunmaması, Türk dilində mətbuatın azlığı, Urmiya gölünün quruması, Azərbaycan türk torpaqlarının digər ostanlar arasında bölüşdürülməsi, Oğuz-Türk mədəniyyətinə biganə münasibət və digər məsələlər buraya aiddir. Bütün bular isə, “İran”, “İrançılıq” eyni zamanda şiəçilik ideologiyaları adə altında istismar olunan türkləri, o cümlədən Azərbaycan türklərini yeni qollar aramağa məcbur edir. Bunu, son günlərdə yaradılmış Türk fraksiyası da bir daha ortaya qoymuş oldu. “İran” parlamentinin az qala yarısını təşkil edən Türk Fraksiyasının yaradılması da göstərdi ki, son yüz ildə “İran”, “irançılıq” ideologiyasının Türklərin ya da Azərbaycan türklərinin varlığını inkarı üzərində qurulması əsasən, heç nəyi dəyişdirməmişdir.

Təbii ki, bu günə qədər türklərin, o cümlədən Azərbaycan türklərinin indiki “İran İslam Respublikası”nda tamamilə təsirsiz hala gətirilə bilməməsində yaxın 10 yüzyılda Azərbaycan Türk sülalələrinin (Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar vəb.) burada hakimiyyət sürməsi faktı əsas rol oynayır. Əslində məhz Oğuz-Türk sülalə dövlətlərinin sayəsində indiki farsdilli “İran İslam Respublikası” mövcuddur, dünyada müəyyən bir nüfuzu vardır. Halbuki indi “İran”da hakim qüvvə olan farslar, farsdillilər son on (10) əsrdə demək olar ki, Türklər, o cümlədən Azərbaycan Türkləri qədər bu ərazilər üçün savaş verməmiş, onun böyüməsində və mövcudluğunda həlledici rol oynamamışlar. Oğuz-Türk boylarının gücü və idrakıyla qurulmuş Səfəvilər, Əfşarlar və Qacarlar dövründə bu torpaqlar üçün onlarla, bəlkə yüzlərlə savaşlar aparmış, yüzminlərlə, milyonlarla övladlarını bu yolda qurban vermişlər. Belə olduğu təqdirdə, Türklər, Azərbaycan türkləri necə ola bilər ki, Səfəvilərdən, Əfşarlardan, Qacarlardan imtina etsinlər?! Onlar bu savaşları apararkən Fars milləti, ya da Farsistanla deyil, Oğuzluqları, Türklükləri, Azərbaycanlıqlarıyla öyünmüşlər.

Bu anlamda Səlcuqlar, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlarının hakimiyyətlərinin “İran hökmranlığı”, “İran tarixi” adı altında ögeyləşdirilməsi doğru deyildir. Bu dünənin, özəlliklə də Avropa alimlərinin uydurduğu tarixdir. Əgər bir qədər də əski dövrə baş vursaq görərik ki, Elam, Midiya, Azərbaycan tarixi adları olanda, “İran” anlayışnın izi-tozu belə olmayıb. Doğrudur, “İran”la bağlı Avropa və fars tarixçilərinin bir çox uydurmaları var. Amma hətta, “İran” əskidə “Ariyan” formasında olubsa, bu zaman “Ariyan”ı da Turansız təsəvvür etmək mümkün deyil. Əslində Avropa və fars tarixçilərinin “İran”a farsçılıq ruhu geyindirməkdə əsas məqsədləri də onu Türklüyə-Turana qarşı qoymaq olmuşdur. Etiraf etməliyik ki, son iki əsrdə aparılan təbliğat xeyli dərcədə öz təsirini göstərmişdir. Amma nə olursa olsun ən azı “İran”ın və “Turan”ın yaxın on əsrlik tarixində Türk damğası vardır. Avropa və fars tarixçiləri nə qədər çalışırlarsa çalışsınlar on əsrlik Türk damğasını “İran” və “Turan” adlı coğrafiyanın tarixindən silə bilməzlər. Bu anlamda Səfəviləri, Qacarların dövlətlərini “İran”, ya da “Persiya” kimi qələmə verməklə, onu Türk-Turan tarixindən uzaq tuta bilməz. Bütün bunlar Avropa tarixçilərinin dünən, ya da sırağagün uydurduqlarıdır.

Ona görə də, təklif edirik ki, Azərbaycan tarixçiləri tarix yazarkən “İran”, “Turan”, “Persiya”, “Azərbaycan”, “Mazandaran”, “Xorasan” anlayışlarını əsas tutmaqdan ələ çəkərək, bu ərazilərdə əsrlərboyu hakimiyyət sürən, eyni zamanda mədəniyyət, ədəbiyyat, fəlsəfə yaradan Oğuz-Türk ulusunun tarixini yazsınlar. Yəni konkret olaraq Türk Mannanın, Türk İskitlərin, Türk Parfların, Türk Xəzərlərin, Türk Sacilərin, Türk Səlcuqların, Türk-Turan Elxanilərin, Türk Qaraqoyunluların, Türk Ağqoyunluların, Türk Səfəvilərin, Türk Əfşarların, Türk Qacarların tarixini yazsınlar. Bu əsil və bütöv Oğuz-Türk tarixidir!!!

Dos., Dr. Faiq Qəzənfəroğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir