Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, daha çox şey əldə edəcək.
Kemeronun sözlərində həqiqət olsa da, bütünlüklə reallığı əks etdirmir. Düzdür, Ukraynadakı müharibə kiçik uğurla belə Moskvanın xeyrinə yekunlaşsa, Rusiya bundan cəsarətlənəcək. Lakin Kremlin yenidən dünyaya meydan oxuması, habelə hansısa ölkəyə müdaxiləyə cəhd etməsi asanlıqla və tez baş tutmayacaq. Məsələ ondadır ki, müharibə iki ildən artıqdır davam edir və Rusiya bu savaşda hərbi, iqtisadi-siyasi itkilərə məruz qalıb. Yəni Kremlin ehtimal zəfəri belə “Pir qələbəsi”ndən başqa bir şey olmayacaq. Buna görə də London təklif edir ki, Qərb Putini Ukraynada dayandırsın.
Böyük Britaniya son 300 ildə dünya siyasi sisteminə yön verən supergüc olub. Son 50 il ərzində isə prosesdən kənarda qalıb. Daha doğrusu, proseslərə pərdəarxasından müdaxilə ilə kifayətlənir. Lakin son illərdə rəsmi London dünya siyasi proseslərinə yenidən aktiv şəkildə müdaxilə etməyə başlayıb. Rusiya-Ukrayna müharibəsinə isə xüsusi diqqəti var.
Böyük Britaniya Birinci Dünya müharibəsi nəticəsində siyasi arenadan Osmanlı kimi köklü bir dövləti silsə də, Rusiyada buna nail ola bilmədi. Rusiya İmperiyası özünü SSRİ ilə əvəzlədi, daha da qüdrətli oldu. SSRİ süqut etdikdən sonra özünü onun varisi kimi təqdim edən Rusiya Federasiyası kifayət qədər güclü və qüdrətli idi. Yəni Böyük Britaniya indi yeni nizam qurmaq istəyirsə, Rusiyanı parçalayaraq kiçiltməli, ya da hakimiyyətdəki elitanı dəyişməlidir.
D.Kemeronun dediyi kimi, “Dünyanın əvvəlki vəziyyətinə qayıdacağına ümid etməyin mənası yoxdur”. Yəni rəsmi London Kreml üçün yenilənmə planını aktivləşdirib. Rusiya Ukraynada istədiklərini ala bilməsə də, onu tam məğlub etmək mümkün deyil. Kreml əlindəkiləri qorumaq, müharibəni bu reallıqlarla bitirmək istəyir. Bundan başqa, Moskva Qərb blokunda çat yaratmağı da bacarıb. Belə ki, Qərbdə Rusiya-Ukrayna müharibəsinin gələcəyinə dair yanaşma birmənalı deyil. Müharibənin uzanması Qərb blokunda fikir ayrılıqlarını günbəgün dərinləşdirir.
Bu mənada D.Kemeronun sözügedən ifadələri əslində həm də Kollektiv Qərb üçün xəbərdarlıqdır.
Turan Rzayev