Şimdi yükleniyor

Turan Rzayev: Nobel Sülh Mükafatına kim aday gösterildi

Nobel Sülh Mükafatına Venesuela siyasətçisi Mariya Korina Maçado layiq görüldü. Mükafat Maçadoya Venesuela xalqının demokratik hüquqlarının inkişafı və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün yorulmaz fəaliyyətinə görə təqdim edilib. ABŞ Prezidenti Donad Trampın çox istədiyi Nobel Sülh Mükafatının Venesuelalı bir siyasətçiyə verilməsi diqqət çəkir.

Qərardan sonra səslənən reaksiyalar da kifayət qədər diqqət çəkicidir. Məsələn, Rusiya Prezidenti Vladimir Putin Düşənbədə çıxışında bildirib ki, Nobel Sülh Mükafatı Komitəsinin bu qərarı mükafatın etibarına ciddi zərbə vurub.

Ağ Evin sözçüsü Stiven Çeunq isə X sosial şəbəkəsində yazıb ki, Nobel Komitəsi açıq şəkildə nümayiş etdirdi onun üçün siyasət sülhdən daha vacibdir.

“Prezident Tramp sülh sazişləri bağlamağa, müharibələri sona çatdırmağa və həyatları xilas etməyə davam edəcək. Onun ürəyi humanistdir və onun kimi, iradəsinin gücü ilə dağları yerindən tərpədə biləcək başqa heç kim yoxdur”, – o qeyd edib.

Donald Trampın Nobel Sülh Mükafatını almaq arzusu heç kimə sirr deyil. Lakin sirr olmayan başqa bir məsələ də var: Trampın siyasi davranışının qeyri-müəyyənliyi. O, çox rahat şəkildə sağ göstərib sol vura biləcək qədər çevik və strateji düşüncəyə malik bir siyasətçidir. Bu mənada onun Nobel Mükafatına olan marağının fonunda məhz Venesuela siyasətçisi Mariya Korina Maçadonun mükafata layiq görülməsi təsadüfi təsir bağışlamır.

Məsələ təkcə Venesuelada demokratiya ideyalarının təşviqi ilə məhdudlaşmır. Mənə görə bu addım ABŞ-ın, daha konkret desək, Donald Trampın regiondakı strateji oyun planının bir hissəsidir.

Tramp çox zaman öz siyasi məqsədlərinə “sülh təşəbbüsləri” pərdəsi altında nail olmağa çalışan mürəkkəb fiqurdur. Misal üçün Ukrayna müharibəsinin, Yaxın Şərqdə İsrail–İran qarşıdurmasının və s siyasi proseslərin getdiyi bir zamanda Tramp qəfildən Venesuela sahillərində “kartellərlə mübarizə”yə başladı.

Məlum olduğu kimi, bir müddətdir ki, həm ABŞ daxilində, həm də Venesuelanın etirazlarına baxmayaraq bu ölkənin sularına yaxın ərazilərdə “anti-kartel” adı altında əməliyyatlar aparılır. Heç kimə sirr deyil ki, Maduro hökumətinin əsas maliyyə dayaqlarından biri məhz həmin kartellərdir. Yəni Tramp bir tərəfdən Maduronun maliyyə kanallarını kəsir, digər tərəfdən isə onun ən böyük rəqiblərindən biri olan Mariya Korina Maçadonu gücləndirir.

Misal üçün 2025-ci ilin yanvarında ABŞ Prezidenti Donald Tramp Mariya Korina Maçado barədə öz sosial şəbəkə səhifəsində bunları yazmışdı:

Sitat:

“Venesuelalı demokratiya fəalı Mariya Korina Maçado və seçilmiş prezident Qonsales Venesuela xalqının səsini və iradəsini dinc şəkildə ifadə edirlər, rejimə qarşı yüz minlərlə insan etiraz edir.

ABŞ-da yaşayan böyük Venesuela-Amerika icması azad Venesuelanı tam şəkildə dəstəkləyir və məni də güclü şəkildə dəstəkləyib. Bu azadlıq uğrunda mübarizə aparan insanlara ziyan verilməməlidir və onların təhlükəsizliyi, həyatda qalması təmin olunmalıdır” – Tramp vurğulayıb.

İndiki məqamda Maçadonun Nobel Sülh Mükafatına layiq görülməsi Trampın oyununa mükəmməl ideoloji fon yaradır. Nobel Komitəsinin qərarı onu beynəlxalq arenada “ədalət və azadlıq” simvoluna çevirir, həm daxildə, həm də xaricdə legitimlik qazandırır. Beləcə, ABŞ-ın dəstəklədiyi qadın fiqur tədricən Venesuelada hakimiyyət dəyişikliyinin simvoluna çevrilə bilər. Son zamanlar dünyanın diqqət mərkəzindən uzaq bir çox regionda məsələn, Nepalda və Madaqaskarda Z nəslinin inqilablar etdiyi nəzərə alınsa, belə bir tendensiyanın Venesuelada da təkrarlanması istisna deyil.

Putin və digər tənqidçilərin reaksiyası da təsadüfi deyil. Rusiya üçün bu, Qərbin “yumşaq çevriliş diplomatiyası”nın yeni formasıdır. Ağ Evin Tramp yönümlü bəyanatları isə bunu gizlətmir, əksinə, mükafatın “sülh deyil, siyasət” üzərindən verildiyini açıq şəkildə təsdiqləyir.

Subyektiv fikrim budur ki, bu, sadəcə bir mükafat qərarı deyil, geopolitik teatrın yeni pərdəsidir. Aydın məsələdir ki, Maçadonun ipi Vaşinqtonun əlindədir. Tramp isə sadəcə bir il fərqlə Nobel Sülh Mükafatdan ayrı qaldı. Amma planı işləsə çox daha ciddi uğur qaza bilər.

Turan Rzayev

Share this content:

Yorum gönder