KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Qərbin və rusların sevdiyi kürdlər – bu sevginin arxasında nə durur?

Qərbin və rusların sevdiyi kürdlər – bu sevginin arxasında nə durur?

Hasan Oktay Hasan Oktay - - 7 dk okuma süresi
405 0

Qərbin və rusların sevdiyi kürdlər – bu sevginin arxasında nə durur?
pydamd
Yaxın Şərqdəki mürəkkəb durum kürd qruplaşmalarını böyük güclərin müttəfiqinə çevirib, ancaq…

ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Con Kirbi Vaşinqtonun Suriyanın şimalında fəaliyyət göstərən kürd hərbi-siyasi təşkilatı PYD-ni terrorçu kimi tanımadığını bəyan edib. Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat vasitəsilə ABŞ rəhbərliyinə mesaj göndərərək, onu Türkiyə və PYD arasında seçim etməyə çağırmışdı. Prezident ABŞ-PYD əlaqələrinə toxunaraq “sənin müttəfiqin mənəm, yoxsa Kobanidəki terrorçular”, – deyə ABŞ rəhbərliyinə mesaj ünvanlamışdı.

Jurnalistlər Türkiyə prezidentinin bu çağırışını Con Kirbiyə xatırladıblar. ABŞ xarici siyasət idarəsinin sözçüsü isə Türkiyənin mövqeyini anladıqlarını, müttəfiq olduqlarını, ancaq PYD-yə münasibətdə Ankara ilə Vaşinqton arasında fikir ayrılığı olduğunu söyləyib. ABŞ hökumətinin PYD-ni terror təşkilatı olaraq tanımadığını vurğulayan Kirbi bu qruplaşmanın Suriyada İŞİD-ə qarşı ABŞ-la əməkdaşlıq etdiyini və o üzdən Ankara ilə də bu mövzuda məsələhətləşmələrin davam edəcəyini deyib. Eyni zamanda əlavə edib ki, Türkiyə hökumətinin Amerikanın PYD-yə verdiyi silahların Türkiyəyə keçirildiyi ilə bağlı iddiaları araşdırırılar və hələlik bu yöndə təsdiqləyici məlumatlar əldə etməyiblər.

Xatırladaq ki, keçən həftə ABŞ prezidenti Barak Obamanın İŞİD-ə qarşı beynəlxalq koalisiyadakı rəsmi təmsilçisi Brett McGurk PYD təmsilçilərini yerində ziyarət edərək onlara açıq dəstək verib və Suriyanın kürd bölgələrini idarə etməyin onların təbii haqqı olduğunu vurğulayıb. “Suriya gələcəkdə demokratik olacaq və kürdlərin də haqlarına hörmət edəcək. Bu məsələ yeni konstitusiyada yer alacaq”, – deyə Obamanın təmsilçisi kürd liderlərə bildirib. Con Kirbi deyib ki, McGurkun Kobaniyə səfəri bu şəhərin İŞİD-in əlindən qurtarılmasının ildönümü ilə bağlıdır. Səfər zamanı amerikalı nümayəndənin keçmiş PKK üzvləri ilə görüşməsinin planlı olmadığını da deyib.

Onu da xatırladaq ki, kürd məsələsi, xüsusən də PYD-yə münasibət bir müddətdir ABŞ və Türkiyə arasında soyuq küləklərə səbəb olub. Amerika regionda kürd qruplarla, o cümlədən PYD və onun hərbi qanadı YPG ilə yaxından əməkdaşlıq edir. Bu qrupların silahlandırır, onlara təlim keçir, birbaşa hərbi və kəşfiyyat dəstəyi verir. Xüsusən də Kobaninin İŞİD-dən müdafiəsi məhz ABŞ hərbi aviasiyası vasitəsilə mümkün olmuşdu.
Türkiyə isə PYD-ni PKK-nın Suriya qolu olaraq qəbul edir və bu qruplaşma ilə əməkdaşlığa soyuq baxır.

Ancaq məsələ ondadır ki, hazırda bölgədə kürd qrupları, o cümlədən PYD-ni yalnız amerikalılar deyil, regionda maraqları olan bütün dünya dövlətləri dəstəkləyir. Avropa ölkələri hər həftə PYD-yə silah və sursat yardımı edir, o sırada ABŞ və onun müttəfiqləri ilə yanaşı, hazırda Vaşinqtonla kəskin münasibətlərdə olan Rusiya da kürdləri açıq şəkildə dəstəkləyir.
Bu gün məlum olub ki, Rusiya xarici işlər nazirinin müavini, prezident Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi təmsilçisi Mixail Boqdanov PYD-nin həmsədri Saleh Müslümlə görüşərək danışıqlar aparıb. Maraqlıdır ki, iki gün öncə Suriya hökuməti PYD-nin mərkəzi olan Qamışlı vilayətinə 4 təyyarə dolu silah və sursat göndərib. Bu günə olan məlumata görə, ABŞ, Avstraliya, Kanada, Britaniya, Çexiya, digər Avropa ölkələri, o cümlədən İran, Suriya, Rusiya kimi ölkələr kürdlərə silah və sursat yardımı edir, dəstəkləyir.

Kürdlərə olan bu diqqət və dostluğun səbəbi sübhisiz ki, qarşılıqlı marağa əsaslanır. Kürdlər indi Yaxın Şərqdə İŞİD və onun kimi radikal qruplar, “ipə-sapa yatmayan” liderlərlə müqayisədə daha çox etibar edilən etnik hərbi-siyasi qrupdur. Kürd təşkilatları əsasən dünyəvi qruplardır və dini mərkəzlərə bağları yoxdur.

Üstəlik, son illərin təcrübəsi də göstərdi ki, regionun 3 böyük xalqı – ərəblər, türklər və farslarla rəqabətdə olan və onlara qarşı torpaq iddiasında olan kürdlər hər zaman dəstəyi kənarda axtarıblar. İndi isə vəziyyət elə gətirib ki, böyük dövlətlərin, o cümlədən Avropanın nə İrana və Türkiyəyə, nə də ərəblərə yetərincə güvəni yoxdur. Bunun qarşılığında kürdlər daha etibarlı, səmimi şəkildə savaşır. Üstəlik, şərtlər elədir ki, Qərb ölkələri bölgəyə canlı qüvvə göndərə bilmir və bu səbəbdən də silahlı kürd birlikləri Qərb ölkələri əvəzindən İŞİD-ə qarşı savaşan silahlı qüvvə kimi çıxış edirlər.

Sadalanan amillər hazırkı regional şərtlərdə kürdləri Qərb, eləcə də Rusiya üçün əsas müttəfiqə çevirib. Əlbəttə ki, siyasətdə daimi deyilən bir anlayış yoxdur, sabah bölgədə tamam fərqli şərait və şərtlər də yarana bilər. Necə ki, daha öncə elə kürdlərin özü ilə bağlı olub, onlara dəstək verən böyük dövlətlər kürdlərə istədikləri əsas yardımı etməyib, bəzən də yarı-yolda qoyublar.

Amma hələlik şərait və şərtlər kürdlərin lehinədir və onlar da bunu bildikləri üçün 100 ildə ələ düşən fürsətdən faydalanmağa çalışırlar.

Kənan Rövşənoğlu
Musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir