Kənan Novruzov: Gürcüstan niyə Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışır?- Mühüm ABŞ faktoru
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kopenhagendə azərbaycanlı jurnalistlərə bildirib ki, ölkəsi Azərbaycanla münasibətləri inkişaf etdirməlidir.
“Biz qonşularımızla, o cümlədən Azərbaycanla çox yaxşı münasibətlərimizin olmasından məmnunuq. Biz bunu qoruyub saxlamalı və inkişaf etdirməliyik. Strateji tərəfdaşlıq və gözəl münasibətlər son dərəcə vacibdir”, – o qeyd edib.
Baş nazirin sözlərinə görə, Kopenhagendəki görüş çərçivəsində həmkarları ilə də çox yaxşı danışıqlar aparıb.
“Biz bölgəmizdə sülhün təşviqi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Biz Cənubi Qafqaz regionundakı missiyamızı məhz belə görürük”, – İ.Kobaxidze vurğulayıb.
Bu gün Azərbaycan nəinki Cənubi Qafqazın, dünyanın əsas siyasi oyunçularından biridir. Bu, əlbəttə, bütün dövlətlərin, o cümlədən qonşularımızın diqqətini çəkir.
Avqustun səkkizində Vaşinqtonda əldə olunan razılaşmalar nəticəsində, birincisi, ABŞ- Azərbaycan əlaqələri daha da yeni mərhələyə daxil oldu. İkincisi isə Vaşinqtonun regiondakı təsir imkanları artdı. Bu, həm də regional güc balansının dəyişməsi deməkdir.
Kobaxidze daha əvvəl ABŞ ilə strateji tərəfdaşlığa sıfırdan konkret yol xəritəsi ilə başlamaq istədiklərini bildirmişdi.
Gürcüstan torpaqlarının bir hissəsi – Abxaziya və Osetiya işğal altındadır. Bu, rəsmi Tbilisi ilə Moskva arasındakı ikitərəfli münasibətlərə təsir edən əsas məqamdır.
Rusiyanın başının Ukraynadakı müharibəyə qarışması, həmçinin Qərbin rəsmi Moskvaya artan təzyiqləri Gürcüstanın əlini gücləndirir. Doğrudur, rəsmi Tbilisinin torpaqlarını işğaldan azad etmək yaxın vaxtlarda əməliyyatlara başlaması real görünmür. Gürcüstan hələ buna hazır deyil. Bunun üçün uzun zaman lazımdır. Buna baxmayaraq, Tbilisi mümkün qədər çalışacaq ki, Rusiyanın təsirindən çıxsın. Hərçənd bu, asan başa gəlməyəcək- həm daxildəki müxalifət, həm Rusiyanın müqaviməti olacaq.
Gürcüstanın Azərbaycanla əlaqələri gücləndirməyə çalışmasının iki əsas səbəbi var. Bunlardan birincisi, rəsmi Bakının regionda və dünyada artan roludur. Gürcüstan istəyir ki, belə bir qonşu ilə əlaqələrini yeni səviyyəyə qaldırmaqla həm də təhlükəsizliyini gücləndirsin, xarici siyasətində yeni dividentlər qazansın.
İkinci bir tərəfdən, ABŞ- Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxması, o cümlədən imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Gürcüstan üçün cəlbedicidir. Beləliklə, Tbilisi Bakı ilə münasibətləri inkişaf etdirməklə həm də Vaşinqtonla daha çox yaxınlaşmağa can ata bilər.
Qarşıdakı dövrdə Tbilisinin Ankara ilə də münasibətləri inkişaf etdirməyə çalışması gözləniləndir.
Düşünürəm ki, tədricən Rusiya bölgədən sıxışdırılacaq.
Kənan Novruzov
Share this content:
Yorum gönder