Şimdi yükleniyor

Kənan Novruzov: Zelenski ABŞ-nin planına “hə” deyə, Avropa təxribata əl ata bilər

“Bloomberg” nəşrinin məlumatına görə, Prezident Volodimir Zelenski Avropa liderləri ilə birlikdə noyabrın 27-nə qədər ABŞ-nin sülh planının maddələrinə düzəlişlər etməyə çalışırlar.
Agentliyin iddiasına görə, Avropa liderləri Rusiya ilə atəşkəsə dair yeni sazişin hazırlanması üzrə son müddətə – 27 noyabra qədər Ukrayna üçün daha çox vaxt qazanmağa çalışırlar.

ABŞ Prezidenti Donald Tramp 28 maddədən ibarət sülh planı təklif edir ki, buna əsasən Ukrayna Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalıdır. Bu plana görə, Kiyev NATO-ya üzvlük kursundan imtina edir. Lakin Aİ ilə potensial yaxınlaşma daxil olmaqla, daha sıx iqtisadi inteqrasiyaya ümid edə bilər. Əvəzində Moskva sanksiyaların qismən aradan qaldırılmasını və G8 formatına qayıtmaq imkanını əldə edir.
Plan, həmçinin “Zaporojye” Atom Elektrik Stansiyasının beynəlxalq nəzarətə keçirilməsini, istehsal olunan enerjinin Rusiya və Ukrayna arasında bölüşdürülməsini və Ukrayna ordusunun azaldılmasını nəzərdə tutur. Ölkənin bərpası, digər mənbələrlə yanaşı, dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsi planlaşdırılır, lakin konkret detallar hələ də aydın deyil. Tənqidçilər sənədi Moskvanın xeyrinə olan və Kiyevin suverenliyini sarsıdan güzəştlər toplusu kimi görürlər.

Aydındır ki, sözügedən sülh planı Ukraynanın xeyrinə deyil və açıq – aydın məğlubiyyətidir. Bunu rəsmi Kiyev özü də başa düşür. Ukrayna Prezidenti Volodimir Zelenski də bir neçə gün əvvəl xalqa müraciətində səsləndirdiyi “Biz ya ləyaqətimizi, ya da ən yaxın tərəfdaşımızı itirməliyik” fikirləri ilə əslində buna işarə vurmuşdu.
Ukraynanın işi kifayət qədər çətindir və onu ağrılı gələcək gözləyir.

Rəsmi Kiyev, yəqin ki, şərtləri yüngülləşdirməyə çalışacaq. Bu, Ukraynaya öz teleyi və gələcəyi üçün lazımdır. Avropa isə sadəcə “suları bulandırmaq”, mümkün sülh sazişinin qarşısını almaq üçün “düzəliş” təşəbbüsü ilə çıxış edə bilər. Yəni Avropanı maraqlandıran Ukraynanın taleyi yox, öz maraqlıdır. Və bu maraqlar savaşın davam etməsini zəruri edir.

Düşünürəm ki, Ukrayna yaxın zamanda ABŞ-nin planına razı ola və beləliklə, müharibə bitə bilər. Hər halda bunun üçün real imkanlar var. Amma Avropanın “sürprizləri” də istisna deyil. Avropa hər an təxribata cəhd edə bilər. Uktaynanın sülh planına razılığı isə faktiki olaraq məğlubiyyət olacaq və ölkə daxilində ciddi siyasi böhranla nəticələnəcək.

Kənan Novruzov

Share this content:

Yorum gönder