Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13- də Azərbaycana səfər edəcək. Onun bir gün əvvəl, yəni iyunun 12- də Şimali Kiprə gedəcəyi gözlənilir.
Ərdoğanın prezident seçkilərində qalib gəlməsindən və and içməsindən sonra ilk səfər edəcəyi ölkələrdən birinin Azərbaycan olması gözlənilən idi. Bu, Türkiyə siyasətində artıq ənənəyə çevrilib.
Səfər çərçivəsində Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. Liderlerin regional və ikitərəfli məsələləri müzakirə edəcəyi şübhəsizdir. Mümkündür ki, dövlət başçıları həmçinin Cənubi Qafqazdakı durum, o cümlədən Ermənistan- Azərbaycan və Ermənistan – Türkiyə münasibətləri barədə fikir mübadiləsi aparacaqlar.
Ermənistan son vaxtlar təxribatlarını intensivləşdirib. Bu, artıq yetişməkdə olan sülh prosesinə zərbə vurur. Yəqin ki, ölkə rəhbərləri son durum və bundan sonra atılacaq addımlar barədə də danışacaqlar.
Dediyimiz kimi, ikitərəfli əlaqələrin daha da inkişafı da gündəlikdə olacaq. Qarşıdakı 5 il ərzində həyata keçirilə biləcək layihələr haqqında planların masaya qoyulması gözləniləndir.
Güman ki, səfər çərçivəsində Ərdoğanı bəzi yeni nazirlər də müşayət edəcək. Onların tanışlıq məqsədilə həmkarları ilə görüşməsi istisna deyil.
Bütün hallarda Ərdoğanın Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Türkiyə yüz ilinin qurulmasında və ikitərəfli əlaqələrin daha yüksək səviyyəyə qalxmasında bu səfərin mühüm rolu ola bilər.
Kənan Novruzov